Məhkəmə qərarları › İş №2(104)-1668/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1668/2023

28.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1668/2023 28.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(052)-79/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İB-nin Gəncə X3 İdarəsinin Naftalan XS əməkdaşları tərəfindən tərtib olunmuş 29 iyun 2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Naftalan şəhəri “Muğan” bağçılığında yaşayır. Həmin ünvanda yerləşən həyət evini 5 ildən artıq müddətdir ki, almış olmasına baxmayaraq, iki ildir evə köçmüşdür. Yaşadığı ev təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. O da taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. “Azəriqaz” İB-nin Gəncə X3 İdarəsinin Naftalan XS əməkdaşları gələrək ona məxsus olan evə quraşdırılmış sayğacı başqa sayğac ilə əvəz etmişlər. İdarənin əməkdaşları sayğacı apardıqdan sonra akt tərtib etmiş, aktda sayğacın çıxarılma səbəbi kimi kütləvi əzəz etmə ilə əlaqədar olması yazılmışdır. Həmin akt ona “Azəriqaz” İB-nin Gəncə X3 İdarəsinin Naftalan XS-yə müraciət etdikdən sonra verilmişdir. Bir müddət keçdikdən sonra “Azəriqaz” İB-nin Gəncə X3 İdarəsinin Naftalan XS-nin əməkdaşları daha bir qanunsuz akt tərtib etmişlər. xx.xx.2021-ci il tarixli, ******* saylı həmin aktda sayğaca baxışın keçirilməsi, sayğacın klapanının işlək olmaması, yivli birləşmələrin korroziyaya uğraması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üst hissədən deşilməsi, barabanın üzərində kənar təsir izlərinin mövcud olması qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixli tələbnamə ilə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 2160 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Hazırda həmin akt etibarsız hesab olunmalı və 2160 m3 qaz sərfiyyatı silinməlidir. Göründüyü kimi onun yaşadığı evə quraşdırılmış sayğac kütləvi əzəz etmə ilə əlaqədar dəyişdirilmişdir. xx.xx.2021-ci il tarixli, ******* saylı aktda isə sayğaca baxış keçirilməsi və nöqsanların aşkar edilməsi qeyd edilmişdir. Əgər sayğacda hər hansı zədə olmuşsa bu barədə rəy verilməli idi. O, “Azəriqaz” İB-nin qaz sayğaclarına nəzarət komissiyasının rəyini görməmiş, həmin rəy ona verilməmişdir. Həmçinin o, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Birinci qrup əlildir, yoldaşı və o yaşlı insanlardır. Bundan başqa qaz sayğacları bütün şəhər ərazisində küçələrdə quraşdırılmışdır və üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Bu hal da onu sübut edir ki, küçədən keçən istənilən bir şəxs və ya oyun oynayan uşaqlar həmin sayğaca ziyan vura bilər və sayğaca istənilən müdaxiləni edə bilərlər. Odur ki, qeyd edilən hallara görə vətəndaş məsuliyyət daşımamalıdır. Həmçinin sayğaca müdaxilə zamanı artıq qaz sərfiyyatından istifadə edildiyi qeyd edilir. Halbuki qaz idarəsinin işçiləri hər ay qaz sayğacına baxaraq işlətmiş olduğu qazın bildirişini ona verir, bildiriş əsasında da o, qazın pulunu dövlət büdcəsinə ödəyir. Əgər sayğaca müdaxilə olunmuş olsa idi sahə nəzarətçisi bunun dərhal aradan qaldırılması üçün tədbirlər görməli idi. Göründüyü kimi əslində heç bir müdaxilə olmadığı halda ondan artıq məbləğdə işlətmədiyi qazın dəyərini almaq niyyəti ilə haqsız yerə akt tərtib edilmişdir. Odur ki, tərtib olunmuş akt əsassızdır. İdarənin əməkdaşları tərəfindən heç bir çəkiliş aparmadan, hal şahidləri dəvət etmədən əsassız akt yazılmışdır. Odur ki, hazırda həmin aktın etibarsız hesab olunması barədə məhkəməyə müraciət etməli olmuşdur Naftalan Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli,2(052)-79/2023 saylı qətnaməsi ilə (hakim A.Səlimov) iddia tələbinin təmin edilərək, “Azəriqaz” X1 X3 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 29 iyun 2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında 2160 kub/metr qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi qət edilmişdir. İşdə olan sübutlar: “Azəriqaz” İstehsalat Birliyinin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Naftalan şəhəri, Muğan Bağçılıq yaşayış məhəlləsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı kütləvi əvəzetmə ilə əlaqədar çıxarılmış və yenisi ilə əvəz olunmuşdur. “Qaz sayğacının yoxlanılması haqqında” rəydən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacının klapanının işlək olmaması, yivli birləşmələrin korroziyaya uğraması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üst hissədən deşilməsi, barabanın üzərində kənar təsir izlərinin mövcud olması aşkar edilmişdir. “Azəriqaz” İB-nin Gəncə X3 İdarəsinin Naftalan XS tərəfindən təsdiq edilmiş 29 iyun 2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Naftalan şəhəri, Muğan Bağçılıq yaşayış məhəlləsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacının klapanının işlək olmaması, yivli birləşmələrin korroziyaya uğraması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üst hissədən deşilməsi, barabanın üzərində kənar təsir izlərinin mövcud olması aşkar edilmişdir. “Azəriqaz” İB-nin Gəncə X3 İdarəsinin baş mühəndisi Azər Bayramov tərəfindən təsdiq edilmiş 30 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Naftalan şəhəri, Muğan Bağçılıq yaşayış məhəlləsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz işlədicilərinin qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 2160 m3 həcmində itirilmiş qaz hesablanmışdır. Apellyasiya şikayətinin dəlilləri: Naftalan Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli,2(052)-79/2023 nömrəli qətnaməsindən narazı qalan “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Naftalan Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(052)-79/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıvə hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iddiaçıya 2021-ci ilin iyun ayında hesablanmış borc məbləği yalnız qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının abonent hesabına işlənmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləmiş, iş materiallarını səthi araşdıraraq işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki, iş materiallarına əlavə edilmiş ekspertiza rəyini nəzərə almamış, araşdırmamışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Azəriqaz” X2 sayğaclarının yoxlanılması barədə AKT MSK-29/1710-02102-1 nömrəli rəyinə əsasən G-4 markalı qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üst hissəsinin deşici alətlə deşildiyi məlum olmuşdur. Lakin buna baxmayaraq, məhkəmə 2021-ci ilin iyun ayında müəyyən edimiş məbləğin hamısının silinməsini qət eləmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iş materiallarında yer alan sübutlara əsaslanaraq 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmçinin, sayğacların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən sayğaclar müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Lakin, hazırkı mübahisə üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin qaz sayğacının kənar müdaxilədən qorunması üçün sayğac müvafiq örtüklə örtülməmiş, bununla da “Azəriqaz” İstehsalat Birliyi qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməyərək qanunvericiliyin şərtlərini pozmuşdur. Eyni zamanda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları sayğaca müdaxilənin edilməsini müəyyən edərkən hal şahidlərinin iştirakı olmadan, foto və ya digər texniki vasitələrdən istifadə edilmədən mübahisəli aktı tərtib etmişlər. Halbuki, qanunvericiliyin tələbinə əsasən hüquq pozuntusunun olması faktı aşkar olunduğu halda dərhal istehlakçıya məlumat verilməli və həmin pozuntunun kim tərəfindən törədilməsi müəyyən edilməlidir. Lakin, hazırkı mübahisə üzrə sayğaca müdaxilə müəyyən olunsa da, həmin hüquq pozuntusunun kim tərəfindən törədilməsi müəyyən olunmamış və buna dair “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sübutlar təqdim edilməmişdir. Bundan başqa, həmin aktda qeyd olunmuş əməlin bilavasitə abonent və ya onun ailə üzvləri tərəfindən törədilməsi, qaz sayğacının hesablayıcı mexanizminin sıradan çıxması, eləcə də qaz sayğacından keçən qazın sayğac tərəfindən qeydə alınmaması anlamına gələ bilməz. Yuxarıda qeyd olunduğu kimi, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşmaqla yanaşı şikayətin dəlilərinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamışdır. Həmçinin qaz sayğacı əvəzlənməsi üçün çıxarıldığı zaman sayğacada hər hansı bir müdaxilənin olması müəyyən edilməmiş və bu barədə tərtib edilmiş aktda hər hansı bir qeyd aparılmamışdır. Hərçənd ki, qaz sayağacı çıxarıldığı zaman onun keçən qazın həcmini qeydə alıb-almamasını müəyyən etmək mümkün olan hal olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, Naftalan Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(052)-79/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Naftalan Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(052)-79/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naftalan Şəhər Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(052)-79/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar