Məhkəmə qərarları › İş №2(104)-1669/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1669/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1669/2024 29.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında pul tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin e-2(015)-139/2024 saylı, 23 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli PME ********** nömrəli icbari sığorta müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobili 1 (bir) il müddətinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalamışdır.

2. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir.

3. Qazax RPŞ-nin BDYP-nin xx.xx.2022-ci il tarixli, TP5034988 saylı qərarının surətindən görünür ki, 18 may 2022-ci il tarixdə “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobilin sahibi Cavabdeh barəsində yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür.

4. 22 iyun 2022-ci il tarixli sığorta ödənişi aktlarının təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən “Mercedes Benz E200” markalı ** XF *** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərə görə 2350 (iki min üç yüz əlli) manat, Qazax şəhər Mənzil İstismar Sahəsinə dəymiş maddi zərərə görə 850 (səkkiz yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

5. Məhkəmə kollegiyasına təqdim edilmiş Qazax Rayon Polis Şöbəsinin xx.xx.2024cü il tarixli, 1/149 saylı arayışdan görünür ki, həqiqətən xx.xx.2022-ci il tarixində Qazax şəhəri H.Əliyev prospektində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Hundai Terracan markalı **-RX-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh sürücülük hüququ olmuşdur.

6. Məhkəmə kollegiyasına təqdim edilmiş Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli, 3-38-2/33-3532/24 saylı arayışdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.

7. Məhkəmə kollegiyasına təqdim edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024cü il tarixli, 3-13-16/2-Ə-177881 saylı arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh xx.xx.2020-ci il tarixədək etibarlı olan AC 572342 nömrəli “ABC” kateqoriyalı sürücülük vəsiqəsi verilib, xx.xx.2022-ci il tarixdə həmin sürücülük vəsiqəsi xx.xx.2030-cu ilədək etibarlı olan BB228814 nömrəli “A1 A B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsinə dəyişdirilib və nəqliyyat vasitələrini idarə etmək hüququnuzun məhdudlaşdırılması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat qeydə alınmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" ASC iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3200 manat sığorta ödənişi və 52,40 manat dövlət rüsumu olmaqla, cəmi 3252,40 manat "xxxx" ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobil Qazax rayonu, H.Əliyev prospekti küçəsi ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə “Mercedes Benz E200” markalı ** XF *** dövlət nömrə nişanlı avtomobilə və Qazax Şəhər Mənzil İstismar Sahəsinə məxsus işıq dirəyinə zərər vurmuşdur. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Qazax rayonu DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2022- ci il tarixli qərarla “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirkar şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yolnəqliyyat hadisələri nəticəsində “Mercedes Benz E200” markalı ** XF *** dövlət nömrə nişanlı avtomobilə 2350 (ik min üç yüz əlli) manat, eyni zamanda Qazax Şəhər Mənzil İstismar Sahəsinə məxsus işıq dirəyinə 850 (səkkiz yüz əlli) cəmi, 3200 (üç min iki yüz) manat maddi zərər dəymişdir. PME********** saylı sığorta şəhadətnaməsinə və İAS221503 saylı xx.xx.2022-ci il tarixli, İAS221504 saylı xx.xx.2022-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən cəmi 3200 (üç min iki yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh hadisə vaxtı «Hyundai Terracan” markalı ** RK *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbyacan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sürücülük vəsiqəsi olmadan yəni, idarəetmə hüququ olmadan idarə etmişdir. Buna görə də “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Ona görə də, iddiaçı təşkilat tərəfindən cavabdehə qarşı hazırki tələblə bağlı Məhkəməyə müraciət edilmişdir

10. Ağstafa Rayon Məhkəməsinin e-2(015)-139/2024 saylı, 23 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Natiq Abbasov) iddianın təmin edilməsi, Cavabdeh 3200 manat sığorta ödənişi, 52 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 3252,40 manat "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hadisə ilə bağlı Qazax rayonu DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Mercedes Benz E200” markalı ** XF *** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərə görə 2350 (iki min üç yüz əlli) manat, Qazax şəhər Mənzil İstismar Sahəsinə dəymiş maddi zərərə görə 850 (səkkiz yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsini törədərkən onun Azərbaycan Respublikası vətəndaşına məxsus sürücülük vəsiqəsi olmamışdır. İddiaçının məhkəmə qaydasında 3200 manat məbləğində vurulmuş zərərin subroqasiya ödənilməsi hüququ yaranmışdır.

12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 936.1, 936.2,-ci maddələrinə,“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4, 25.1.3-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

13. Ağstafa Rayon Məhkəməsinin e-2(015)-139/2024 saylı, 23 aprel 2024-cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin e-2(015)-139/2024 saylı, 23 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən hal – cavabdehin hadisə törədilən zaman sürücülük hüququna malik olub-olmamasını aydınlaşdırmamışdır. Belə ki, cavabdehin hadisə törədilən zamanı sürücülük hüququnun olub-olmaması mübahisəli olduğu üçün, həmin mötəbər məlumatı yalnız müvafiq icra hakimyyəti orqanının verdiyi məlumat əsasında müəyyən edilə bilərdi. Cavabdehin adına verilmiş xx.xx.2022-ci il tarixli sürücülük vəsiqəsi isə onun həmin vaxtdan sürücülük hüququna malik olmamasına dəlalət etmir. Belə ki, şəxs hadisə törədilən vaxtdan sonra sürücülük vəsiqəsini dəyişdirə bilər, sürücülük vəsiqəsini dəyişdirərkən avtomaşını idarə etmək üçün ona müvəqqəti sənəd verilə bilər və sair. Yəni, şəxsin sürücülük hüququ vəsiqəsi ilə yanaşı, həmin hüququn qeydiyyatını aparan orqan tərəfindən verilmiş müvafiq məlumatlarla da yoxlanılmalıdır. Nə qədər ki, iddiaçı cavabdehin belə hüququn olmamasını iddia edir və cavabdeh bu arqumentə əks olaraq müvafiq arayışı məhkəməyə təqdim etmişdir, məhkəmə həmin halın dəqiq aydınlaşdırmalı idi. Lakin göründüyü kimi məhkəmə həqiqətə nail olmaq üçün həmin halı aydınlaşdırmamış və bununla da məhkəmə baxışının prinsiplərini pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirib, apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq isə qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdə ona xx.xx.2020-ci il tarixədək etibarlı olan sürücülük vəsiqəsi verilib, xx.xx.2022-ci il tarixdən isə daimi sürücülük vəsiqəsi verilmişdir.

17. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

20. Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir.

21. Maddə 899.1.1. Sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır.

22. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

23. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

24. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

25. Maddə 936.1. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

26. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

27. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. Maddə 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

31. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

“İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu;

32. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

33. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

42. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

43. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin e-2(015)-139/2024 saylı, 23 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobili 1 (bir) il müddətinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sığortalamışdır. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, 18 may 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobil Qazax rayonu, H.Əliyev prospekti küçəsi ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə, “Mercedes Benz E200” markalı ** XF *** dövlət nömrə nişanlı avtomobilə və Qazax Şəhər Mənzil İstismar Sahəsinə məxsus işıq dirəyinə zərər vurmuşdur. Qeyd olunan hadisə ilə bağlı Qazax rayonu DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarla “Hyundai Terracan” markalı ** RK *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür. Yolnəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E200” markalı ** XF *** dövlət nömrə nişanlı avtomobilə dəymiş maddi zərərə görə PME ********** saylı sığorta şəhadətnaməsinə, 22 iyun 2022-ci il tarixli İAS 221503 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 2350 (iki min üç yüz əlli) manat, Qazax şəhər Mənzil İstismar Sahəsinə dəymiş maddi zərərə görə PME ********** saylı sığorta şəhadətnaməsinə, 22 iyun 2022-ci il tarixli İAS 221504 saylı Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 850 (səkkiz yüz əlli) manat, məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişini həyata keçirikdən sonra sığorta şirkətinin subroqasiya hüququ yarandığından, cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

49. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdehin hadisə törədilən zamanı sürücülük hüququnun olub-olmaması mübahisəli olduğu üçün, həmin mötəbər məlumatı yalnız müvafiq icra hakimyyəti orqanının verdiyi məlumat əsasında müəyyən edilə bilərdi.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə qiymət verərək qeyd edir ki, məhkəmə kollegiyasına təqdim edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16/2-Ə-177881 saylı arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh xx.xx.2020-ci il tarixədək etibarlı olan AC 572342 nömrəli “ABC” kateqoriyalı sürücülük vəsiqəsi verilib, xx.xx.2022-ci il tarixdə həmin sürücülük vəsiqəsi xx.xx.2030-cu ilədək etibarlı olan BB228814 nömrəli “A1 A B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsinə dəyişdirilib və nəqliyyat vasitələrini idarə etmək hüququnuzun məhdudlaşdırılması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat qeydə alınmamışdır. Göründüyü kimi, yol-nəqliyyat hadisəsi baş verən tarixdə, yəni 18 may 2022-ci il tarixdə sürücü Cavabdeh sürücülük hüququ olmamışdır. Odur ki, apellyasiya şikayətinin dəlili əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

51. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Təsadüfü deyil ki, cinayət qanunvericiliyinə də sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri sərtləşdirilərək fərdiləşdirilmişdir.

52. Bu cür əsasın qanunda olması həm də, sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də, qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar.

53. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin e-2(015)-139/2024 saylı, 23 aprel 2024-cü il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

54. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi :

Ağstafa Rayon Məhkəməsinin e-2(015)-139/2024 saylı, 23 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin e-2(015)-139/2024 saylı, 23 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar