Məhkəmə qərarları › İş №2(104)-1687/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1687/2024

13.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1687/2024 13.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1737/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan xx.xx.2022–ci il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir rayonu, Abbaslı kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacın çıxış plasmast borusunun deşilməsi aşkarlanmış, bununla da, sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir.

2. İşdə olan abonentin saldosundan görünür ki, qalıq və aktlar üzrə 2022–ci ilin noyabr ayında Şəmkir rayonu, Abbaslı kənd sakini olan abonent İddiaçı adına 1.036,80 manat borc hesablanmışdır.

3. İşdə olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Şəmkir rayonu, Abbaslı kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda quraşdırılmış sayğacın çıxış plasmast borusunun deşilməsi müəyyən edilmiş, qaz sayğacının maksimal qaz sərfi 4m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın dəyəri 8640 m3 müəyyən edilmişdir (4x24x90=8640m3 ).

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ARDNŞ Cavabdeh nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixində ******* nömrəli akt əsasında onun abunə koduna **********00000 qanunsuz hesablanmış 1036,80 ( bir min otuz altı manat səksən qəpik) manat məbləğində borcun onun hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Abbaslı kəndində yaşayır. 2022–ci ilin noyabr ayında Cavabdeh İB–nin əməkdaşları evə quraşdırılmış sayğacı çıxararaq yenisi ilə əvəz etmişlər. Lakin xx.xx.2022–ci il tarixdə Cavabdeh İB–nin əməkdaşları onu və ailə üzvlərini məlumatlandırmadan ******* nömrəli akt tərtib etmişlər. Həmin aktda guya sayğaca müdaxilə edilməsi qeyd edilmiş və ona 1.036,80 manat borc hesablanmışdır. Halbuki, onun tərəfindən sayğaca müdaxilə edilməmişdir. Bundan sonra cavabdeh təşkilatın aidiyyatı üzrə idarəsinə müraciət etmiş, lakin abonentin saldosuna, akt və laboratoriya protokollarına əsasən cavabdehin əməkdaşları araşdırma apara bilməmişlər. xx.xx.2022–ci il tarixdə akt tərtib edilməsinə baxmayaraq, laboratoriya protokolu xx.xx.2022–ci il tarixdə verilmişdir. Bundan da göründüyü kimi sayğac sökülməmiş laboratoriya rəyinin verilməsi əsassız olmuşdur. Əlavə olaraq qeyd edir ki, istifadə etdiyi təbii qazın dəyərini vaxtlı–vaxtında ödəmiş və onun heç vaxt borcu olmamışdır. Bu hal isə ona dəlalət edir ki, tərtib edilmiş xx.xx.2022–ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, xx.xx.2022–ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1.036,80 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1737/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Allahyarov) iddia təmin edilərək, Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş xx.xx.2022–ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1.036,80 (bir min otuz altı manat səksən qəpik) manat borcun silinməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh iddiaçının törətdiyi əmələ görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı, eləcə də, iddiaçının sayğaca müdaxilə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, ona görə də, xx.xx.2022–ci il tarixli ******* saylı akt əsasında iddiaçıya Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması halına görə hesablanmış cərimə borcu silinməlidir. Həmçinin iddiaçıya məxsus sayğacın evin daxilində deyil, küçədə yerləşməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş xx.xx.2022–ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1.036,80 manat borc silinməlidir

8. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 1096.1, 1096.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.8, 4.9-ci bəndlərinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1737/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsindən Cavabdeh apelyasiya şikayəti verərək , Şəmkir Rayon Məhkəməsinin 2(076)-1737/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsini ləğv edilməsini, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da, göründüyü kimi sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. İddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2022-ci il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 1036,80 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2022-ci ilin noyabr ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. İddia tələbinin ilk hissəsində qeyd edilən 2022-ci ilin noyabr ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, Cavabdeh əməkdaşları 2 il əvvəl onun qaz sayğacını söküb aparmışdırlar. 2 ildən sonra ona Cavabdehndən cərimə gəlmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

13. Cavabdehə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:

17. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

18. 4.7-ci Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

19. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar

20. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

21. 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

22. 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;

23. 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

24. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

32. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1737/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus qaz sayğacı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən yenisi ilə əvəzlənmiş və çıxarılmış sayğac yoxlamaya göndərilmişdir. Əvvəlki sayğac yoxlamadan keçirilərək “Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə” 20 iyun 2023-cü il tarixli, MSK-14-2-2/3-5-3019 nömrəli rəyə əsasən sayğaca ümumi baxış keçirilmiş, sayğacın mexaniki hesablama mexanizminin qoruyucu şüşəsinin deşici alətlə deşildiyi və göstərici çarxın üzərində cızıq izləri mövcud olduğu aşkar olunması, sayğacın istismara yararsız olması qeyd edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, sayğacın mexaniki hesablama mexanizminin qoruyucu şüşəsinin deşici alətlə deşildiyi və göstərici çarxın üzərində cızıq izlərinin aşkarlanmasında abonent X2 hər hansı bir təqsirinin olması iş materialları ilə müəyyən edilməmiş, yəni sayğacda yaranmış həmin qüsurun məhz iddiaçı tərəfindən törədilməsi halı müəyyən edilməmişdir.

39. Bundan əlavə, Elster tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacının yenisi ilə əvəz edilməsinin səbəbini sayğaca müdaxilə edilməsi və ya onun yoxlanışa göndərilməsi təşkil etmədiyindən, iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsinə dair cavabdehin dəlilləri əsassızdır.

40. Qanunvericiliyin tələblərinə görə, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasının bilavasitə istehlakçının təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir cərimə tətbiq edilə bilməz.

41. Beləliklə, məhkəmə kollegiyasının iclasında cavabdehin qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 2(076)-1737/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384 və 404-cü maddələrini rəhbər tutaraq,

Qət etdi :

Şəmkir Rayon Məhkəməsinin 2(076)-1737/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1737/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar