Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1708/2023 20.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı “mirasın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ilk və iddiaçılar Cavabdeh3 və Cavabdeh4 cavabdehlər İddiaçı, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X20, X21, X6, X12, X25, X13, İsgəndərova Hicran Kamal qızına, Cavabdeh2 qarşı “vərəsə tanınma və miras əmlakdan payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏTNAMƏSİ (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakdan payların müəyyən edilməsi) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili Vəkil2, ilkin və qarşılıqlı iddialar üzrə Cavabdeh1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə üçüncü şəxs Cavabdeh2 nümayəndəsi X14, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh3 və onların vəkili Vəkil1 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(076)-941/2022 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh4 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. X39 və X15 birgə ailə münasibətlərindən Dursun, İmamverdi, Güllüzar, Ələddin, Firuzə və Salatın adlı 6 uşaqları anadan olmuşlar.
2. JN–350F saylı kod 50400058 saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında X22 mülkiyyətində Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi olmuşdur.
3. X29 12 noyabr 1969-cu il tarixdə, X39 isə 02 noyabr 1996-cı ildə vəfat etmişlər.
4. X22 övladlarından: X9 30 dekabr 1981-ci il, X10 14 mart 1985-ci il, X16 19 mart 1987-ci il, X23 08 fevral 2000-ci il, X17 24 yanvar 2002-ci il tarixlərdə vəfat etmişlər.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə 1898-ci ildə Şəmkir rayonun Düyərli kəndində anadan olmuş və 02 noyabr 1996-ci il tarixdə Şəmkir rayonun Düyərli kəndində vəfat etmiş X2 Dursun Sohun qızının anası olması faktı müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonunun Düyərli kəndi ərazisində yerləşən, JN-350F Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında mərhum anası X18 miras qalmış 0,20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı qanun üzrə birinci növbə vərəsə olaraq faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı anasından miras qalmış həmin həyətyanı torpaq sahəsini qanun üzrə birinci növbə vərəsəsi olaraq faktiki olaraq qəbul etmiş, həyətyanı torpaq sahəsini əkib-becərmiş, orada inşa etdirdiyi kiçik həcmli evdə yaşamaq üçün mərhum qardaşı İmamverdinin oğlu, Cavabdeh1 imkan vermişdir ki, oğlu Samirin ailəsi ilə birlikdə həmin ünvanda yaşasınlar. Həmçinin, qardaşı Ələddinin nəvələri, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 imkan vermişdir ki, həmin torpaq sahəsində yerləşən kiçik həcmli evdə yaşasınlar. Eyni zamanda, həmin miras torpaq sahəsində bacısı Salatın analarının sağlığında ikən tikdirmiş olduğu kiçik həcmli evdə qızı Səmayə ilə birlikdə yaşamış, Salatının vəfatından sonra isə qızı Cavabdeh2 bir müddət yaşamış, sonra isə ərə gedərək, hazırda Göygöl rayonunda ailəsi ilə birlikdə yaşayır. Onun yaşadığı kiçik həcmli evdən isə digər cavabdeh Abbasın oğlu Samir istifadə edir. Mərhum qardaşı X7 nəvələri Cavabdeh3 və Cavabdeh4 ilə aralarında miras əmlaka olan payla bağlı narazılıqları vardır.
8. İddiaçılar Cavabdeh3 və Cavabdeh4 cavabdehlər İddiaçı, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X20, X21, X6, X12, X25, X13, İsgəndərova Hicran Kamal qızına, Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ulu nənələri X18 miras qalan, Şəmkir rayonunun Düyərli kəndinin ərazisində yerləşən 0,20 ha torpaq sahəsi üzrə vərəsə tanınmaları, həmin torpaq sahəsindən paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, həmin tələb üzrə iddiaçılar X22 11 fevral 2000-ci il tarixdə vəfat etmiş övladı X7 qızı X3 uşaqlarıdırlar. Hazırda onlar ulu nənələri Sarayın mülkiyyətində olan torpaq sahəsində yerləşən evində yaşayırlar, nənəsindən qalan miras valideynləri tərəfindən qəbul edilmiş, valideynlərinin ölümündən sonra isə onlara qalmışdır. İddiaçı ərə gedən gündən ata evi ilə vidalaşmış, bir daha orada yaşamamış, yəni nə rəsmi, nə də faktiki olaraq mirası qəbul etməsini nümayiş etdirməmişdir.
10. Şəmkir Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(076)-941/2022 nömrəli qətnaməsi ilə (hakim K.C.Məmmədov) ilk iddia təmin edilmiş, JN-350F KOD 50400058 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X1 miras qalmış Şəmkir rayonunun Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın qanun üzrə birinci növbə vərəsə olaraq İddiaçı tərəfindən faktiki olaraq qəbul etməsi faktının müəyyən edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırda miras qoyanın yeganə sağ qalan birinci növbə vərəsəsi İddiaçıdır və o, mübahisəli əmlakı qohumu X4 vasitəsi ilə faktiki idarə etmək yolu ilə qəbul etmişdir. Miras əmlakın Cavabdeh1 vasitəsi ilə iddiaçı tərəfindən faktiki olaraq idarə etmək yolu ilə qəbul edilməsi faktı məhkəmə iclasında Cavabdeh1 öz izahatı ilə yanaşı qarşılıqlı iddiaçıların vəkilinin çıxışında qeyd etdikləri ilə də təsdiqini tapmışdır. 12.Bundan başqa məhkəmə qarşılıqlı iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, miras qoyanla qarşılıqlı iddiaçıların qohumluq əlaqələrinin nədən ibarət olması iş materialları ilə müəyyən edilmədiyi üçün, qarşılıqlı iddia tələbi əsaslı deyildir. 13.Məhkəmə mirası faktiki qəbul etmələri ilə bağlı istinad etdikləri dəlillərə hüquqi qiymət verərək qeyd edir ki, tərəflər mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etsələr də, ilk iddiaçı həm mirasın nədən ibarət olması, həm miras qoyanla qohumluq münasibətini təsdiq edən sənədləri məhkəməyə təqdimetmiş, lakin cavabdehlər (qarşılıqlı tələb üzrə iddiaçılar) miras qoyanla qohumluq əlaqələrini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən, cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh3 və Cavabdeh4 hazırki tələblə məhkəməyə müraciət etməyə subyektiv hüquqları olmamışdır.
14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 528 və 552-ci, qüvvədə olan Mülki Məcəllənin 1146, 1160-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 2014-cü il tarixli və “M.Bağırovun şikayəti üzrə” 30 iyun 2008-ci il tarixli Qərarları ilə əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində birinci icraat:
15. İlkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(076)- 941/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddia rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2(104)-2370/2022 nömrəli qətnaməsi ilə (hakim F.Ə.Mehtiyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ş.Muradovun və Ə.İ.Məmmədovun iştirakı ilə) apellyasiya şikayəti qismən təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(076)-941/2022 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, JN-350F KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X1 miras qalmış, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın İddiaçı, Cavabdeh3 və Cavabdeh4 tərəfindən faktiki qəbul edilmələri müəyyən edilməsi, X1 miras qalmış, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin İddiaçı 2/4 payının, Cavabdeh3 ¼ payının və Cavabdeh4 ¼ payının müəyyən edilməsi, ilk və qarşılıqlı iddiaların qalan hissədə rədd edilməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi göstərmişdir ki, Saray Quliyeva vəfat etdikdən sonra miras əmlak faktik olaraq onun birinci növbədə vərəsələri qızı İddiaçı və oğlu Ələddin Məmmədov, sonuncunun ölümündən sonra isə qızı Gülnarə Abbasova, daha sonra onun uşaqları Cavabdeh3 və Cavabdeh4 tərəfindən qəbul edilmişdir. 18.Belə ki, Dursun anası Saray Quliyevanın ölümündən sonra həmin ünvana gəlibgetmiş, Ələddin Abbasov isə vəfat edən günə kimi miras əmlakda yaşamış, onun ölümündən sonra qızı Gülnarə, sonuncunun ölümündən sonra isə uşaqları Ələddin və Ələs həmin həyətdə olan evdə yaşamışlar. Digər vərəsələr - iddia və qarşılıqlı iddia ərizəsində göstərilənlər - Cavabdeh1, Cavabdeh2, X30, X31, X19, X26, X40, X27 və İsgəndərova Hicran Kamal qızı isə X38 sağlığında daimi yaşamaq üçün oradan köçüb getmişlər. Onlar tərəfindən mirası qəbulu iş materialları ilə təsdiq edilmir. 19.Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mirasın kütləsi müəyyən edildiyindən, habelə onun hansı vərəsələr tərəfindən qəbul edildiyi aşkar olunduğundan miras onu qəbul etmiş vərəsələr arasında bölünməklə paylar müəyyən edilməlidir. Baxılan işdə miras əmlak 2 vərəsə - İddiaçı və mərhum Ələddin Abbasov tərəfindən faktiki qəbul edildiyi üçün onların hər birinin payı miras əmlakda 1/2 hissədə müəyyən edilməli, Ələddin Abbasovun ölümündən sonra qızı mərhum Gülnarə Abbasova, onun da ölümündən sonra isə uşaqları Ələddin və Cavabdeh4 vərəsə olduqları üçün, X1 miras qalmış, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin İddiaçı 2/4 payı, Cavabdeh3 1/4 payı və Cavabdeh4 1/4 payı müəyyən edilməlidir.
20. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının 01 sentyabr 2000ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 527, 530, 532, 552, 553, hazırda qüvvədə olan Mülki Məcəllənin 1133, 1159, 1243, 1255-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119, 217, 218, 385-386-cı maddələri ilə əsaslandırmışdır
Kassasiya instansiya məhkəməsində icraat
21. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2(104)-2370/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar, bu mümkün olmadıqda isə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Həmçinin ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2(104)-2370/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələblərinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.Y.Şamayev, hakimlər E.R.Vəliyeva və M.Ə.Xİdırovdan ibarət tərkibdə) ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti təmin edilmiş, ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2(104)-2370/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
24. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, miras qoyan X39 1996-cı ildə vəfat etməklə, miras həmin tarixdə açıldığından, hazırki mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin müddəaları tətbiq olunmalıdır. Apellyasiya məhkəməsi həmin Məcəllənin 553-cü maddəsinə istinad etsə də, iddiaçının mirası qəbul etdiyini nə ilə müəyyən etdiyini əsaslandırmamışdır. Belə ki, iddiaçının mirası qəbul edib-etməməsi işin mübahisəli halıdır. Cavabdeh3 və Cavabdeh4 həm qarşılıqlı iddia ərizələrində, həm də birinci instansiya məhkəməsinin qətnaməsindən verdikləri apellyasiya şikayətində İddiaçı ərə gedəndən sonra ata evindən çıxmasını və miras əmlakı nə rəsmi, nə də ki, faktiki olaraq qəbul etməməsini iddia etmişlər. İddiaçının özünün təqdim etdiyi Şəmkir rayonu icra Hakimiyyəti başçısının Düyərli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 10 avqust 2018-ci il və 10 fevral 2022-ci il tarixli arayışlarında göstərilmişdir ki, X22 qızı İddiaçı Bakı şəhəri, M.Hadi küçəsi, ev 51, mənzil 87-də qeydiyyatdadır və orada yaşayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya məhkəməsi iddiaçı tərəfindən mirasın qəbulunu 1 cümlə ilə: “Dursun anası Saray Quliyevanın ölümündən sonra həmin ünvana gəlibgetmiş...” əsaslandırmışdır. Digər tərəfdən iş materiallarında olan apellyasiya şikayətinə etirazdan müəyyən olunur ki, iddiaçı apellyasiya məhkəməsində cavabdehlərin mirasqoyanla qohumluq münasibətlərində olmasını mübahisələndirmişdir. Lakin, apellyasiya məhkəməsi iddiaçının bu dəlillərinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi cavabdehlərin anasının mirası atası olan Ələddin Abbasovdan qəbul etdiyini əsaslandırarkən qüvvədə olan Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə istinad etmişdir. Halbuki, X23 08 fevral 2000-ci il tarixdə ölmüşdür. Beləliklə, apellyasiya məhkəməsinin maddi hüquq normasının tətbiqində səhvə yol verməsi də müəyyən olunur.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat 25.Üçüncü şəxslər X24, X21, X6, X12, X25, X13, İsgəndərova Hicran Kamal qızına və Şəmkir rayon 1 saylı notariat ofisinə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç biri üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 26.Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, göstərdi ki, o və qardaşı Ələddin mərhum X22 11 fevral 2000-ci il tarixdə vəfat etmiş övladı X7 qızı X3 uşaqlarıdırlar. Hazırda onlar ulu nənələri Sarayın mülkiyyətində olan torpaq sahəsində yerləşən evində yaşayırlar, nənəsindən qalan miras valideynləri tərəfindən qəbul edilmiş, valideynlərinin ölümündən sonra isə onlara qalmışdır. İddiaçı mərhumun sağlığında, yəni 1978-ci ildə ailə həyatı qurması ilə əlaqədar Bakı şəhərinə köçmüş və həmin vaxtdan Bakı şəhərində yaşayılr, mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(076)-941/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın isə tam təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 27.Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, digər qarşılıqlı iddiaçı Cavabdeh3 ilə oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(076)-941/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın isə tam təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 28.İddiaçı nümayəndəsi kimi qızı X28 məhkəmə iclasına gəlsə də, lakin etibarnamənin müddəti bitdiyindən, onun izahatı dinlənilməmişdir. İddiaçı vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, İddiaçı mərhumun sağlığında, yəni 1978-ci ildə ailə həyatı qurması ilə əlaqədar Bakı şəhərinə köçüb, orada yaşasa da, anasında miras qalmış həmin həyətyanı torpaq sahəsini qanun üzrə birinci növbə vərəsəsi olaraq anasının vəfatından sonra o faktiki olaraq qəbul etmiş, həyətyanı torpaq sahəsini əkib becərmiş, mərhum qardaşı İmamverdinin oğlu, Cavabdeh1 imkan vermişdir ki, oğlu Samirin ailəsi ilə birlikdə həmin ünvanda yaşasınlar. Həmçinin qardaşı Ələddinin nəvələri, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 imkan vermişdir ki, həmin torpaq sahəsində evdə yaşasınlar. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Şəmkir Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(076)-941/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 29.Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin və qarşılıqlı iddialar üzrə Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Saray onun nənəsidir. Atası İmamverdi isə 1982-ci ildə Bakıda vəfat etmişdir. Həmin həyətdə oğlu Samir 2007-ci ildən yaşayır. İddiaçı mərhumun sağlığında, yəni 1978-ci ildə ailə həyatı qurması ilə əlaqədar Bakı şəhərinə köçmüş və həmin vaxtdan Bakı şəhərində yaşayır. Bununla belə, Dursun anasının dəfnində iştirak etmiş, tez-tez həmin mülkə gəlib getmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Şəmkir Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(076)-941/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 30.Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə üçüncü şəxs Cavabdeh2 nümayəndəsi X32 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, ilk İddiaçı Vaqif qızı hüquqlarını təmsil etdiyi şəxsin anası mərhum X5 bacısıdır. Miras əmlak sahibi olan X39 isə hüquqlarını təmsil etdiyi şəxsin nənəsidir. X8 üzrə birinci növbə vərəsələrindən yalnı ilk iddiaçı sağ qalmışdır. . İddiaçı mərhumun sağlığında, yəni 1978-ci ildə ailə həyatı qurması ilə əlaqədar Bakı şəhərinə köçmüş və həmin vaxtdan Bakı şəhərində yaşayır. Bununla belə, Dursun anasının dəfnində iştirak etmiş, tez-tez həmin mülkə gəlib getmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Şəmkir Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(076)-941/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq 31.Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. 32.Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. 33.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir 34.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 217.1. məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 385.1. məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: Maddə 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
Apellyasiya baxışının hədləri
35. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 37.Cavabdehlərin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv edilməsinə yönəldiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 38.Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(076)-941/2022 nömrəli nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. 39.İş materialları ilə müəyyən edilir ki, X39 1996-cı il tarixdə vəfat etmiş, onun vəfatından sonra Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. 40.Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, şəxs mirasın açıldığı yer üzrə notariat kontoruna onu qəbul etdiyi barədə ərizə verməsi, əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktiki başlanması əsasında bu hüququnu həyata keçirir.
41. Bununla bağlı məhkəmə kollegiyası izah edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Şəxs vərəsə olsa da, qeyri-müəyyən vaxtlarda miras əmlaka gəlməsi özü özlüyündə mirasın qəbulu kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin qətnaməsində də göstərildiyi kimi, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsini ifadə etməlidir. 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. 43.İş materialları ilə müəyyən edilir ki, İddiaçı mirası qəbul etməmişdir.
44. Məhkəmə kollegiyasında müəyyən edildi ki, İddiaçı mərhum anasının sağlığında, yəni 1978-ci ildə ailə həyatı qurması ilə əlaqədar Bakı şəhərinə köçmüş və həmin vaxtdan Bakı şəhərində yaşayır. Bununla belə, Dursun anasının dəfnində iştirak etmiş, tez-tez həmin mülkə gəlib getmişdir. 45.İddiaçının özünün təqdim etdiyi Şəmkir rayonu icra Hakimiyyəti başçısının Düyərli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 10 avqust 2018-ci il və 10 fevral 2022-ci il tarixli arayışlarında göstərilmişdir ki, X22 qızı İddiaçı Bakı şəhəri, M.Hadi küçəsi, ev 51, mənzil 87-də qeydiyyatdadır və orada yaşayır. 46.Birinci instansiya məhkəməsi İddiaçı mirası qohumu Cavabdeh1 vasitəsilə qəbul etməsini müəyyən etsə də, lakin iddiaçı tərəfindən həmin şəxsə bununla bağlı müvafiq etibarnamənin verilməsi müəyyən olunmur. Digər tərəfdən, onun məhkəmə kollegiyasında verdiyi izahatı ilə atası İmamverdinin 1982-ci ildə Bakıda vəfat etməsi və həmin həyətdə oğlu Samirin 2007-ci ildən yaşaması müəyyən olunur. 47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi PlenumununM.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). 48.Göründüyü kimi, İddiaçı mirası faktiki və ya notariat kontoruna ərizə vermək yolu ilə rəsmi qaydada qəbul etmədiyinə görə, hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. 49.Digər tərəfdən iş materialları ilə müəyyən edilir ki, X39 1996-cı il tarixdə vəfatından sonra, mirası onun birinci növbə vərəsəsi X23, onun 11 fevral 2000-ci il tarixdə vəfatından sonra qızı X11, onun xx.xx.2015-ci ildə vəfatından sonra isə uşaqları, hazırkı iş üzrə qarşılıqlı iddiaçılar Cavabdeh3 və Cavabdeh4 tərəfindən faktikçi olaraq qəbul edilmişdir. Belə ki, onlar miras qoymuş ulu nənələri Sarayın mülkiyyətində olan torpaq sahəsində yerləşən miras əmlakı valideyinlərinin sağlığında və onların ölümündən sonra miras 0,20 ha həyətyanı torpaq sahəsinə sahiblik edərək, ailəsi ilə birlikdə orada yaşamaqla və torpağı əkib-becərərək idarə etməklə mirası faktiki qəbul etmişlər. 50.Birinci instansiya məhkəməsi isə işin həmin hallarını nəzərə almamış və bu zaman qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlməmişdir ki, bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(076)-941/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, qarşılıqlı iddiaçılar Cavabdeh3 və Cavabdeh4 tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilməli, X1 JN–350F saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında miras qalmış Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən vərəsəlik üzrə ½ hissədə Cavabdeh3 payı, ½ hissədə Cavabdeh4 payı müəyyən edilməlidir. 51.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 396, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ :
Apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(076)-941/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddiaçılar Cavabdeh3 və Cavabdeh4 tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilsin. X1 JN–350F saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamə əsasında miras qalmış Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən vərəsəlik üzrə ½ hissədə Cavabdeh3 payı, ½ hissədə Cavabdeh4 payı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.