Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1708/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “itirilmiş qazın bərpa olunması üçün tərtib edilmiş akt əsasında yazılmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-1545/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2021-ci il tarixli AZ-İİ 210747 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X8 xx.xx.2021-ci ildə ölmüşdür.
2. xx.xx.2022-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Zəyəm qəsəbəsi ünvanında yerləşən X6 məxsus ünvanda yoxlama zamanı sayğacdan kənar qeyri-qanuni qoşulma aşkar olunmuşdur. Həmin akta Rəhimov Turalın, Vəliyev Tofiqin, İsgəndərli Mansurun və İddiaçı imzası mövcuddur.
3. Abonentin saldosundan görünür ki, X4 adına 2022-ci ilin dekabr ayında 4406,40 manat akt üzər sərfiyyat hesablanmışdır.
4. Məhkəmə kollegiyasına təqdim edilmiş abonentin saldosundan görünür ki, **********00060 saylı abonent X4 ailə tərkibi 3 nəfər olmaqla, ünvan 1 ünvanındakı yaşayış sahəsində 4 gözlü qaz plitələri (PQ-4)(1/1) Qızdırıjı radiator peçi (1/1) istifadə olunur. 2022-ci ilin 10 ayı ərzində 161,00 manat, 2023-cü il ərzində 1060,36 manat və 2024-cü ilin 9 ayı ərzində 600 manat ödəniş edilmişdir.
5. Məhkəmə kollegiyasına təqdim edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən istehlakçı X7 məxsus ünvanda sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İtirilmiş qazın dəyəri haqqında hesabat aparılmış, itirilmiş qazın dəyəri PQ3 qaz işlədicisi üçün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat rejimi 24 saat və hesabat müddəti 360 gün (0.8x24x360=6912 m3), dəmir soba maksimal saatlıq qaz sərfi 1.4 m3/saat rejimi 24 saat və hesabat müddəti 180 gün (1.4x24x180=6048 m3), iran sobası maksimal saatlıq qaz sərfi 1.5 m3/saat rejimi 24 saat və hesabat müddəti 180 gün(1.5x24x180=6480 m3), QSSQ(180 L) maksimal saatlıq qaz sərfi 2 m3/saat rejimi 24 saat və hesabat müddəti 360 gün (2x24x360=17280m3), cəmi 36720 m3 müəyyən edilmişdir.
6. Məhkəmə kollegiyasına təqdim edilmiş fotoşəkillərdən görünür ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən istehlakçı X7 məxsus ünvanda baxış keçirilmiş və müvafiq qaz xətti və sayğacla əlaqədar fotoşəkillər çəkilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-i tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş akt əsasında yaranmış 4413.90 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azəriqaz İB-i tərəfindən onun adına ünvanına bildiriş xəbərdarlıq göndərilərək bildirildi ki, qazdan istifadəyə görə X12 Sahəsinə 4413.90 manat ziyan borcu yaranmışdır. Bildirildi ki, o həmin borcu ödəməsə təbii qazın təminatı dayandırılacaqdır. Yaşayış sahəsində **********3 nömrəli sayğac quraşdırılmışdır. Həmin sayğaca görə X1 ******* saylı akt tərtib etmiş və onun həmin sayğaca müdaxilə etdiyini bildirmişdir. Lakin o, həmin sayğac heç bir müdaxilə etməmişdir. Belə ki, aktda göstərilmişdir ki, sayğacdan kənar qeyri qanuni qoşulma aşkar edilib. Lakin bildirmək istəyir ki, nöqsanlardan onun heç bir xəbəri yoxdur və o, sayğaca müdaxilə etməmişdir. Azəriqaz İB-i tərəfindən onun köhnə sayğaca müdaxilə olmuşdur. Lakin həmin müdaxilə ilə bağlı hər hansı bildiriş olmamışdır. Ona həmin sayğaca müdaxilə etməyinə və yaxud kənar xətdə qoşulmağınla bağlı hansısa bir rəsmi xəbərdarlıq bildirilməmişdir. Belə ki, həmin qoşulma boru sayğac quraşdırılmamışdan əvvəldə olub. Neçə illərdi həmin qoşulma barədə nəzarətçiyə bildirmişik. Lakin nəzarətçi heç bir problem yoxdur deyə onlara məlumat vermişdir. Həmin qoşulmadan da, onların tərəfindən qazdan istifadə olunmamışdır. Bu baxımdan da, onunla həmin xidmət arasında sayğaca cavabdehlik hər hansı bir öhdəçilik mövcud olmamışdır və o, sayğaca müdaxilə etməmiş və həmin aktla razı deyil. Həmin aktda evdə olmadığı üçün olmadan imza etmişdir. Hazırda yaşadığı ev mərhum atasının adınadır. Ona görə də, həmin akt atanın adına qeyd edilmişdir. Hesab edir ki, sayğaca müdaxilə olunub olunmaması və kənar xətdən istifadə etməyi müəyyən edilmədən olunubsa həmin müdaxilənin onun tərəfindən və ya başqa bir şəxs tərəfindən olunub olunmaması müəyyən edilməmişdir. Odur ki, həmin akt əsasında yazılmış borcla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1545/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) İddiaçı Cavabdeh İB–yə qarşı borcun silinməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı əlavə xətdən qoşulmaqla sayğacdan qanunsuz istifadə etmiş və nəticədə ona 4406,40 manat borc hesablanmışdır. Bununla da, iddiaçıya borc hesablanmasına səbəb məhz iddiaçının təqsiri olmuşdur. Belə olan halda həmin borcun silinməsi əsaslı sayıla bilməz.
11. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü, 157.8, 158.2 və 158.4-cü maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinin 6-cı bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-ci - 4.9-cu bəndlərinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
12. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1545/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1545/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının ailəsi ilə yaşadığı evə quraşdırılmış sayğaca müdaxilə edilməsi barədə əsassız olaraq akt tərtib edilərək, 4413.90 manat cərimə hesablanmışdır. Həmin aktda qeyd edilmişdir ki, guya iddiaçı sayğacdan kənar qeyri-qanuni qoşulma edib qazdan istifadə edir. Lakin, onun qeyd olunan nöqsanların heç birindən məlumatı olmamış və iddiaçı heç vaxt sayğaca müdaxilə etməmişdir. İddiaçının yaşadığı evin yanından keçən qaz xəttinin dirək borusunun içərisində əlavə boru vardır ki, həmin borunun aşağı hissəsi torpağın altındadır. Həmin boru hələ onun yaşadığı evə sayğac quraşdırılmamışdan əvvəl olub, hətta o həmin boru barədə Cavabdeh İB-nin əməkdaşlarına məlumat vermişdir. Lakin, onun tərəfindən heç bir tədbir görülməmiş və həmin boru çıxarılmamışdır. 16 dekabr 2022-ci il tarixdə isə Cavabdeh İB-nin əməkdaşları akt tərtib edərək, onun guya sayğaca müdaxilə etdiyi qeyd etmişlər. Onun həmin akt barədə məlumatı olmayıb. Hətta həmin aktda olan imza ona məxsus deyildir. Lakin, məhkəmə tərəfindən qeyd olunan halların heç biri nəzərə alınmamışdır. Hesab edir ki, mülki işə məhkəmədə baxıldığı müddətdə məhkəmə tərəfindən mübahisə ilə bağlı yerində baxış keçirilməli, həmin dirəyin içərisində olan trubanın evə doğru hər hansı xəttə birləşdirilib-birləşdirilməməsi müəyyən edilməli olduğu araşdırma aparılmadan yalnız, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında onun sayğaca müdaxilə etməyi müəyyən edilmişdir. Həmçinin, aktda olan imza ona məxsus olmadığı halda məhkəmə tərəfindən həmin imzanın ona məxsus olub-olmaması araşdırılmamışdır. Yuxarıda qeyd etdiklərinə əsasən iddia tələbimin rədd edilməsini əsassız hesab edir. Hesab edir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən mənə əsassız yerə hesablanmış borc silinməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, göstərmişdir ki, yaşayış sahəsində **********3 nömrəli sayğac quraşdırılmışdır. Həmin sayğacdan kənar köhnədən xətt olmuşdur. Lakin həmin xəttin kəsilməsi üçün qaz idarəsinə müraciət etsələrdə, gəlib xətti kəsməmişlər. Həmin sayğaca görə, X1 ******* saylı akt tərtib etmiş və onun həmin sayğaca müdaxilə etdiyini bildirmişdir. Lakin o, həmin sayğac heç bir müdaxilə etməmişdir. Aktda göstərilmişdir ki, sayğacdan kənar qeyri qanuni qoşulma aşkar edilib. Nöqsanlardan onun heç bir xəbəri yoxdur və o, sayğaca müdaxilə etməmişdir. Həmin müdaxilə ilə bağlı hər hansı bildiriş olmamışdır. Aktdakı imza ona məxsus ilsa da, o, imza etməmişdir. Ona həmin sayğaca müdaxilə etməyinə və yaxud kənar xətdə qoşulmağı ilə bağlı hansısa bir rəsmi xəbərdarlıq bildirilməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1545/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək, göstərmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında iddiaçının sayğaca müdaxilə etməyi müəyyən edilmişdir. Belə ki, dirəyin içərisində olan trubanın evə doğru bir xəttə ilə keçməsi müəyyən edilmişdir. Aktda olan imza iddiaçı tərəfə məxsusdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:
20. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
21. 4.7-ci Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
22. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
23. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
24. 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
25. 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
26. 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
27. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
28. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
36. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1545/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
41. Birinci instansiya məhkəməsi gəldiyin nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı əlavə xətdən qoşulmaqla sayğacdan qanunsuz istifadə etmiş və nəticədə ona 4406,40 manat borc hesablanmışdır. Bununla da, iddiaçıya borc hesablanmasına səbəb məhz iddiaçının təqsiri olmuşdur. Belə olan halda həmin borcun silinməsi əsaslı sayıla bilməz.
42. Həmin nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş materialları ilə müəyyən edilir ki, İddiaçı Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayır və yaşadığı evdə Cavabdeh xidmət dairəsində atası X5 adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2022–ci il tarixdə yoxlama zamanı Cavabdeh İB–nin əməkdaşları sayğaca baxış keçirmiş, zamanı sayğacdan kənar qeyri-qanuni qoşulma aşkar olunmuş və həmin fakt əsasında akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə 4406,40 manat borc hesablanmışdır.
43. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə görə, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
44. Mülki qanunvericliyin qeyd edilən tələblərindən göründüyü kimi, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu - delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.
45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının 6.5-2-ci bəndi isə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanmasını nəzərdə tutmuşdur.
46. İş materialları ilə müəyyən olunur ki, hazırkı mübahisə üzrə qaz paylayıcısı tərəfindən itirilmiş qazın dəyəri PQ3 qaz işlədicisi üçün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat rejimi 24 saat və hesabat müddəti 360 gün (0.8x24x360=6912 m3), dəmir soba maksimal saatlıq qaz sərfi 1.4 m3/saat rejimi 24 saat və hesabat müddəti 180 gün (1.4x24x180=6048 m3), iran sobası maksimal saatlıq qaz sərfi 1.5 m3/saat rejimi 24 saat və hesabat müddəti 180 gün(1.5x24x180=6480 m3), QSSQ(180 L) maksimal saatlıq qaz sərfi 2 m3/saat rejimi 24 saat və hesabat müddəti 360 gün (2x24x360=17280m3), cəmi 36720 m3 hesablanmışdır.
47. Bu baxımdan qaz paylayıcısı tərəfindən dəymiş zərər hesablanarkən “Qazdan istifadə qaydalarının 6.5-2-ci bəndinin tələbləri pozulduğundan hesablanmış borc 3 aydan artıq müddət üçün hesablanmış cərimə hissəsində, yəni PQ3 qaz işlədicisi üçün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat rejimi 24 saat və hesabat müddəti 90 gün (0.8x24x90=1728 m3), dəmir soba maksimal saatlıq qaz sərfi 1.4 m3/saat rejimi 24 saat və hesabat müddəti 90 gün (1.4x24x90=3024 m3), iran sobası maksimal saatlıq qaz sərfi 1.5 m3/saat rejimi 24 saat və hesabat müddəti 90 gün(1.5x24x90=3240 m3), QSSQ(180 L) maksimal saatlıq qaz sərfi 2 m3/saat rejimi 24 saat və hesabat müddəti 90 gün (2x24x90=4320 m3), cəmi 12.312 m3 X 0.12 manat=1477.44 manatdan artıq hissəsində, yəni 2936.46 manat hissəsində silinməlidir.
48. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli və Şəmkir Rayon Məhkəməsinin 2(076)-1545/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384 və 404-cü maddələrini rəhbər tutaraq,
Qət etdi :
Şəmkir Rayon Məhkəməsinin 2(076)-1545/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1545/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh İB-i tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş akt əsasında hesablanmış 4413.90 manat borcun 2936.46 manatı silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir.