Məhkəmə qərarları › İş №2(104)-1717/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1717/2023

11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1717/2023 11.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(125)-1239/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 20.000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 80 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 150 manat olmaqla, cəmi 20230 manat məbləğində pul vəsaitinin cavabdehdən xeyrinə tutulması barədə ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tanışı olan Cavabdeh pula ehtiyacı olduğuna görə ondan 20.000 manat borc verməsini xahiş etmişdir. 18 oktyabr 2019-cu il tarixdə 52 saylı Notariat kontorunda kredit müqaviləsi bağlayaraq, o həmin pulu cavabdehə borc olaraq vermişdir. Həmin kredit müqaviləsinə görə cavabdeh borcunu 18 aprel 2020-ci il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Borcun qaytarılması ilə bağlı heç bir faiz verilməsi nəzərdə tutulmamışdır. 15 may 2020-ci il tarixdə cavabdeh borcu qaytara bilmədiyini ona bildirmiş və bunun nəticəsində onlar aralarında müəyyən razılığa gəlmişlər. O və Cavabdeh 18 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsi qərarına gəlmiş və cavabdeh borcunu 15 may 2021-ci il tarixədək bütov şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. 17 may 2021-ci il tarixdə yuxarıda qeyd olunan müqaviləyə yenidən dəyişiklik edilmiş və o cavabdehə borcu qaytarmaq üçün 17 may 2022-ci il tarixədək vaxt vermişdir. Buna baxmayaraq Cavabdeh borcu qaytara bilməmiş və ondan yenə vaxt istəmişdir. 20 may 2022-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında sazişə əsasən cavabdeh 20 noyabr 2022-ci il tarixədək borcu qaytarmağı öz öhdəsinə götürsə də, yenə də qaytarmamışdır. Ümumilikdə borcdan heç bir ödəniş edilməmişdir. O, borcun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etsə də cavabdeh borcu bu günə kimi ödəməmiş və müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Göstərilən səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür. Cavabdeh öhdəliyini icra etməmiş, nəticədə müqavilənin tələblərini pozmuşdur. Buna görə də o, müqavilənin 4cü bəndinə əsasən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin edilməsi, ödənilməmiş əsas borcun əvəzi qismində 20.000 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 80 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 150 manat, cəmi 20.230 manat məbləğində pul vəsaitinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(125)-1239/2023 saylı qətnaməsi ilə (hakim C.Quliyev) iddia qismən təmin olunaraq, Cavabdeh 18 oktyabr 2019cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş borcun əvəzi qismində 20.000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 150 (bir yüz əlli) manat, cəmi 20.150 (iyirmi min bir yüz əlli) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddiasının qalan hissədə təmin edilməsi qət edilmişdir. İşdə olan sübutlar: 18 oktyabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 20.000 manat məbləğində pul vəsaitini borc vermiş, Cavabdeh isə həmin borcunu 18 aprel 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. «18 oktyabr 2019-cu il tarixdə bağlanmış 3M-1051 nömrəli reyestr nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə» 15 may 2020-ci il tarixli Sazişdən görünür ki, Bakı şəhəri 52 saylı notariat ofisinin notariusu X1 tərəfindən 18 oktyabr 2019-cu il tarixdə, 3M-1051 nömrəli reyestrdə təsdiq edilmiş kredit müqaviləsinin 2-ci bəndinə dəyişiklik edilmişdir. Belə ki, 18 oktyabr 2019-cu il tarixdə bağlanmış 3M-1051 nömrəli reyestr nömrəli kredit müqaviləsinin 2-ci bəndində edilmiş dəyişikliyə əsasən «borc alan» krediti 15 may 2021-ci il tarixədək «borc verən»ə bütöv şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. «18 oktyabr 2019-cu il tarixdə bağlanmış 3M-1051 nömrəli reyestr nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə» 17 may 2021-ci il tarixli Sazişdən görünür ki, Bakı şəhəri 52 saylı notariat ofisinin notariusu X1 tərəfindən 18 oktyabr 2019-cu il tarixdə, 3M-1051 nömrəli reyestrdə təsdiq edilmiş kredit müqaviləsinin 2-ci bəndinə dəyişiklik edilmişdir. Belə ki, 18 oktyabr 2019-cu il tarixdə bağlanmış 3M-1051 nömrəli reyestr nömrəli kredit müqaviləsinin 2-ci bəndində edilmiş dəyişikliyə əsasən «borc alan» krediti 17 may 2022-ci il tarixədək «borc verən»ə bütöv şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. «18 oktyabr 2019-cu il tarixdə bağlanmış 3M-1051 nömrəli reyestr nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə» 20 may 2022-ci il tarixli Sazişdən görünür ki, Bakı şəhəri 52 saylı notariat ofisinin notariusu X1 tərəfindən 18 oktyabr 2019-cu il tarixdə, 3M-1051 nömrəli reyestrdə təsdiq edilmiş kredit müqaviləsinin 2-ci bəndinə dəyişiklik edilmişdir. Belə ki, 18 oktyabr 2019-cu il tarixdə bağlanmış 3M-1051 nömrəli reyestr nömrəli kredit müqaviləsinin 2-ci bəndində edilmiş dəyişikliyə əsasən «borc alan» krediti 20 noyabr 2022-ci il tarixədək «borc verən»ə bütöv şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(125)-1239/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(125)-1239/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tanışı İddiaçı alver etmək məqsədi ilə 20000 (iyirmi min) manat məbləğində borc almış və xx.xx.2019-cu il tarixdə 52 saylı Notariat kontorunda kredit müqaviləsi bağlamışlar. Həmin borcu o İddiaçı kredit formasında, yəni hər ay ***-**** manat pul ödəməsini öhdəsinə götürmüşdür. xx.xx.2019cu il tarixdən başlayaraq hər ay İddiaçı 800 manat məbləğində pul ödəmiş, lakin borcu tam ödəyib qurtarmadığı üçün kredit müqaviləsinə dəfələrlə dəyişiklik edərək kredit müqaviləsinin vaxtını uzatmışlar. Kredit müqaviləsində borcun qalıq hissəsi əvəzinə bütöv şəkildə qaytarmalı olduğu qeyd edilmişdir. Hər ayın 20-i İddiaçı 800 manat məbləğində pul olmaqla, 32 ay müddətində 20.000 manata qarşı 25.600 manat məbləğində pul ödəmişdir. Çünki, Ramilə söz vermişdir ki, pulundan əlavə bir neçə ayda ona artıq pul ödəyəcək. Özünə əl yazmadan ibarət olan cədvəl tutub hər ay ödəniş etdikdən sonra ödədiyi pulun miqdarını və tarixi yazıb özü imza etmişdir. Lakin Ramili uzun müddət tanıdığından və ona inanaraq etimad göstərdiyindən borcu hissə-hissə ödəyərkən bu barədə ona imza etdirməmişdir İddiaçı onun etimadını doğrultmamış və imzasının olmamasından istifadə edərək ondan ödənilmiş pulu yenidən ödənilməsini tələb etmişdir. Görünür ki, o, onun insanlığından, yəni onu narazı salmayacağından istifadə edərək həmin pula sələm istəyir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, “borcun qaytarılması ilə bağlı heç bir faiz verilməsi nəzərdə tutulmamışdır”. Bu barədə kredit müqavilədə də heç nə göstərilməmiş, bunu iddia ərizəsində göstərməyə nə ehtiyac olmuşdur, görünür elə o, puldan iddiaçı sələm almaq niyyətini ört-basdır etmək istəyini gizlətməyə çalışmışdır. Bundan başqa, İddiaçı ona qarşı saxtakarlıq etdiyi üçün məhkəmə iclaslarına gəlməkdən çəkinmiş, yəni onunla üz-üzə gəlməkdən utanmışdır. Birinci instansiya məhkəməsi onun məzmunlu izahatına məhəl qoymayaraq heç bir hüquqi qiymət verməmiş və yalnız iddiaçının ərizəsinə və öz mülahizələrinə əsaslanaraq məhkəmə aktı çıxarmışdır. Məhkəmə hesab etmişdir ki, “cavabdeh yalnız iddiaya etiraz etməklə kifayətlənmiş və öz etirazlarını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir”. İddiaçını məhkəmə iclasında iştirakını təmin etməyi təklif etsə də, iddiaçının məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bununla da məhkəmə çəkişmə prinsipini pozmuşdur. Məhkəmə təqdim etdiyi sübutlara məhəl qoymamış, yalnız cavabdehin xeyrinə olan sübutlara əsaslanaraq prosessual hüquq normalarını pozmuşdur. Bununla da hesab edir ki, birinci instansiya məhkəməsi işə tam, hərtərəfli və obyektiv baxmayaraq, qanunsuz və əsassız məhkəmə aktı çıxarmışdır. İştirakçılıqla bağlı prosessual məsələlər və apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin, məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin, cavabdehin nümayndəsi məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında isə cavabdehin nümayəndəsi cavabdehin vəkilin iştirakının təmin olunması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və onun vəsatətinə əsasən məhkəmə iclası təxirə salınmışdır. Buna görə də məhkəmə kollegiyası cavabdehin iştirakını üzürsüz hesab edərək, mülki işə cavadbehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 18 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 20000 manat borc pul verilmiş, öhdəliyin icrasının son müddəti 18 aprel 2020ci il tarixədək müəyyən olunmuşdur. Daha sonra isə tərəflər arasında bağlanmış, 15 may 2020-ci il tarixli, 17 may 2021-ci il tarixli və 20 may 2022-ci il tarixli sazişlərlə öhdəliyin icrasının son müddəti müvafiq olaraq 15 may 2021, 17 may 2022 və 20 noyabr 2022-ci il tarixədək uzadılmışdır. Cavabdeh 26 iyun 2022-ci il tarixədək ayda 800 manat olmaqla, 32 ay müddətində iddiaçıya 25.600 manat məbləğində pul ödədiyini iddia etsə də bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh yalnız məhkəməyə cavabdehə ödədiyi pulların əlyazmadan ibarət siyahısını təqdim etmişdir ki, həmin sənəd öhdəliyin icra olunması ilə bağlı sübut kimi qəbul edilə bilməz. Belə ki, Mülki Məcəllənin 529-cu maddəsində qeyd olunduğu kimi sənəd qismində öhdəliyin borclu tərəfindən icrası kreditor tərəfindən təsdiq olunmalıdır. Digər tərəfdən qeyd olunmalıdır ki, 15 may 2020-ci, 17 may 2021-ci, o cümlədən 20 may 2022-ci il tarixlrərdə 18 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə tərəflər arasında bağlanmış Sazişdə də borcun ödənişi və qalıq borc barədə hər hansı bir qeyd aparılmamaqla, borcalan kredit müqaviləsi üzrə borcunu bütöv şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının məhkəmə iclasına gəlməməsi isə çəkişmə prinsipinin pozulmasına səbəb olmamaqdadır. Belə ki, Mülki Prosessual Məcəllədə tərəfin məhkəmə iclasında məcburi iştirakının məhkəmə tərəfindən təmin olunması səlahiyyəti mövcud olmamaqla, daha əvvəllər bununla bağlı mövcud olan 185.7-ci maddə isə Məcəllədən çıxarılmışdır. İddiaçı müvafiq sübutlarını məhkəməyə təqdim etməklə, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir ki, belə olduğu halda birinci instansiya mövcud sübutlar əsasında işə baxmaqda haqlı olmuşdur. Beləliklə, Gəncə Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(125)-1239/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(125)-1239/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 2(125)-1239/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar