Məhkəmə qərarları › İş №2(104)-1718/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1718/2024

16.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1718/2024 16.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh2 və Gədəbəy rayon Notariat Ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (arvadı) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Gədəbəy rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-430/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 16 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gədəbəy rayon Məhkəməsinin 24 oktyabr 2007-ci il tarixli 2-301/2007 nömrəli qətnaməsindən görünür ki, mərhum X2 miras qalmış Gədəbəy rayonu, Plankənd kəndində yerləşən ümumi sahəsi 86.2 kv metr yaşayış sahəsi, 41.35 kv metr köməkçi sahəsi, 45.1 kv metr olan 4 otaqlı miras mülk vərəsələr arasında bərabər hissələrə bölünməsi, İddiaçı 1/7 miras mülkündən hissə verilməsi, verilən hissə üzərində mülkiyyət hüququnun tanınması, Cavabdeh2 1/7 miras mülkündən hissə verilməsi, verilən hissə üzərində mülkiyyət hüququ tanınması, miras mülkünün 5/7 hissəsi açıq saxlanılması qət edilmişdir.

2. Əmlak Məsələləri Dövlət Xitməti Daşnmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, çıxarış İddiaçı verilmişdir ondan ötrü ki, Gədəbəy rayonu Plankənd kəndində istifadədə olan 0.0158 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı, 41.35 kv.m yaşayış, 45.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 1/7 hissə, Cavabdeh2 1/7 hissə, X3 5/7 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Gədəbəy rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, reyestrdə k-22-64 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 04 avqust 1999-cu il tarixdə vəfat etmiş X2 qalmış Gədəbəy rayonu, Plan kənd kəndində yerləşən 1957-ci ildə divarları çay daşı ilə hörülmüş, üstü şiferlə örtülmüş, ümumi sahəsi 86.3 kv.m, köməkçi sahəsi 45.1 kv.m, yaşayış sahəsi 41.35 kv.m olan 4 otaqlı yaşayış evindən ibarət miras əmlaka vərəsə olaraq qızı Cavabdeh2 İslam qızı müəyyən edilmişdir.

4. Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 xx.xx.1999-cu il tarixdə, X7 xx.xx.2000-ci il tarixdə ölmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh2 və Gədəbəy rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy rayon Dövlət Notariat kontoru tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 2V-1-64 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək, anası X2 miras qalmış Gədəbəy rayonunun Plankənd kəndində yerləşən istifadəsində olan 0.0158 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 41.35 kv.m yaşayış, 45.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə vərəsə tanınmaqla və həmin miras mülkə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, və 7 nəfər bacı, qardaşları Gədəbəy rayonu, Plankənd kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. X5 xx.xx.2000-ci il tarixdə, anası X6 isə xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Gədəbəy rayonunun Plankənd kəndində yerləşən fərdi yaşayış evində övladlardan yalnız o və ailəsi və bacısı SəNümayəndə yaşamışlar, digər bacı qardaşları isə hələ valideyinlərinin sağlında ailə həyatı qrup çıxıb getmişlər, anası vəfat etdikdən sonra da, o 7 nəfər ailə üzvləri ilə birgə və hazırki iş üzrə cavabdeh olan bacısı Cavabdeh2 həmin evdə yaşayırlar. xx.xx.2008- ci il tarixdə DƏDRX tərəfindən Gədəbəy rayonunun Plankənd kəndində yerləşən istifadəsində olan 0.0158 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 41.35 kv.m yaşayış, 45.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ona 1/7 hissə, Cavabdeh2 1/7 hissə və X4 5/7 hissəsinə dair çıxarış verilmişdir. Mirası faktiki qəbul edərək yaşasa da, mərhum anası Gövhər Tağıyevadan miras qalan əmlaka mülkiyyət hüququnu tanıtdıra bilmir. Məhz bu səbəblərdən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, həmin iddia ilə bağlı Gəncə Apelyasiya Məhkəməsində işə baxılarkən məlumatı olmuşdur ki, hazırki iş üzrə cavabdeh miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır və həmin şəhadətnamə etibarsız hesab olunmadığı halda, ona miras əmlakdan pay verilməsi qeyri-mümkündür.

7. Gədəbəy rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(042)-430/2024 saylı qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Gədəbəy rayon Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlaka vərəsə tanınmaqla payının müəyyən edilməsi” tələbinə dair 2(042)-430/2024 saylı mülki işin icraatına “miras əmlaka vərəsə tanınmaqla payının müəyyən edilməsi” tələbinə dair hissəsində xitam verilməsi qərara alınmışdır.

8. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-430/2024 nömrəli qətnaməsi ilə (hakim Marif Kazımov), iddianın təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19, 337.1, 337.2, 337.4 və 337.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119, 216-220, 227, 233, 360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-430/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, preyudisial əhəməyyətə malik Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, hazırki iş üzrə cavabdeh miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır və həmin şəhadətnamə etibarsız hesab olunmadığı halda, ona miras əmlakdan pay verilməsi qeyrimümkündür. Belə olan təqdirdə hesab edir ki, məhkəmənin bu əsasla iddianı təmin etməməməkdə haqlı olmamış, sonda qərar qəbul edilərkən miras əmlakı faktiki qəbul etməyi, ailə üzvlərilə xeyli müddətdir ki, mübahisəli evdə yaşamağını nəzərə alınmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

15. İş üzrə cavabdehlər Cavabdeh2 və Gədəbəy rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 teleqramma vuraraq gəlmədiyini və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmuşdır. Həmçinin, cavabdeh Gədəbəy rayon Notariat Ofisinin notariusu məhkəmə kollegiyasına məktub ünvanlayaraq, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).

19. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

20. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

21. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

22. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

23. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

24. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

25. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

26. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

27. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

28. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.

29. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

30. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

31. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

32. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

42. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

43. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

44. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

45. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

46. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

47. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Apellyasiya baxışının hədləri

48. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

51. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

53. Belə ki, iddianı təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə” dair xx.xx.2016-cı il tarixli qərarına istinad edərək, iddianı təmin etməmişdir.

54. Lakin, iddiaçı tərəfindən qanun üzrə vərəsəlik hüququna dair xx.xx.2003-cü il tarixli şəhadətnamənin mübahisələndirilməsi üçün müddətin buraxılıb-buraxılmamasını barədə məhkəmə tərəfindən araşdırılma aparılmamışdır.

55. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

56. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.(Konstitusiya Məhkəməsi Plenumunun 16.03.22-ci il tarixli Qərarı)

57. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərar).

58. Belə ki, iddiaçı qeyd olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi ilə birinci instansiya məhkəməsinə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. O, iddia ərizəsində qeyd olunan şəhadətnamə barədə Gəncə Apellyasiya Məhkəməsində əvvəlki mülki işə baxılan zaman xəbər tutduğunu göstərmişdir. Ancaq, mülki iş materiallarından iddiaçının daha əvvəldən məlumatlı olması görünür.

59. Çünki, Gədəbəy Rayon Məhkəməsinin 24 oktyabr 2007-ci il tarixli 2-301/2007 nömrəli qətnaməsindən görünür ki, mərhum X2 miras qalmış Gədəbəy rayonu, Plankənd kəndində yerləşən ümumi sahəsi 86.2 kv metr yaşayış sahəsi, 41.35 kv metr köməkçi sahəsi, 45.1 kv metr olan 4 otaqlı miras mülk vərəsələr arasında bərabər hissələrə bölünməsi, İddiaçı 1/7 miras mülkündən hissə verilməsi, verilən hissə üzərində mülkiyyət hüququnun tanınması, Cavabdeh2 1/7 miras mülkündən hissə verilməsi, verilən hissə üzərində mülkiyyət hüququ tanınması, miras mülkünün 5/7 hissəsi açıq saxlanılması qət edilmişdir.

60. Həmin mülki işə Gəncə Apellyasiya Məhkəməsində xx.xx.2011-ci ildə baxılan zaman İddiaçı məhkəmə iclasında iştirak etmiş və hazırki mübahisələndirilən şəhadətnamədən məlumatlı olması müəyyən edilmişdir.

61. İşin faktiki hallarını müəyyən edən məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi vərəsəlik hüququna dair xx.xx.2003-cü il tarixli şəhadətnamədən daha əvvəllər (yəni 2011-ci ildən) məlumatlı olduğunu işin hazırki faktiki halları ilə müəyyən etmişdir.

62. Eyni zaman, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə icraatın dayandırılmasına əsas olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmiş hüquqi mövqelər də hazırki iş üzrə gəlinən nəticəyə təsir etmir.

63. Belə ki, həmin qərarda ifadə edilən hüquqi mövqeyə görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilərək, vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməli olsa da, hazırki işdə mirasın digər vərəsələr tərəfindən qəbulu edilməsi və bu barədə şəhadətnamə verilməsindən məlumatlı olan iddiaçı Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulan müddətlərdə həmin şəhadətnaməni mübahisələndirə bilərdi.

64. Yuxarıda qeyd olunan hallara görə həmin müddət isə iddiaçı tərəfindən ötürülmüşdür.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddətin iddia müddəti deyil, kəsici müddət olması barədə hüquqi mövqeyini nəzərə alaraq, məhkəmə kollegiyası hazırki iş üzrə iddiaçının iddia vermə müddətini ötürdüyündən hazırki iddia təmin edilə bilməz.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

67. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

68. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

69. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

70. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

71. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

72. Azərbycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

74. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

75. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia təmin edilməməlidir.

76. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 386, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-430/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh2 və Gədəbəy rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar