Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1723/2023 19.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin (bundan sonra POKT ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Kredit borcunun tutulması, iddia müddəti Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı POKT ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, e-2(021)-1613/2023 nömrəli qətnaməsindən İddiaçı BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 19 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 17 noyabr 2014-cü il tarixli PB/0xx/xx/344717 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC bu müqaviləyə əsasən Cavabdeh2 24 ay müddətinə, illik 36 faiz ödəmək şərti ilə, yem ehtiyatının alınması məqsədi ilə 5000 manat məbləğində kredit vermişdir. Kreditin güzəştli dövrü 270 gün müəyyən edilmişdir.
2. 17 noyabr 2014-cü il tarixli PB/0xx/xx/344716 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmeti borclu Cavabdeh2 ilə ipoteka saxlayan "xxxx" ASCnin arasında bağlanmış 17 noyabr 2014-cü il tarixli PB/0xx/xx/344717 nömrəli kredit müqaviləsi üzrə: illik 36 faizlə 24 ay müddətinə, 9 ay güzəşt dövrü olmaqla 5000 manat kredit borcu öhdəliklərinin icrasının təmin edilməsidir. Borclunun kreditoru qarşısında öhdəliyini icra etməməsi məsuliyyətini zamin Cavabdeh1 öz üzərinə götürür.
3. 01 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2014cü il tarixli PB/0xx/xx/344716 nömrəli kredit müqaviləsi üzrə 4989,70 manat əsas, 2349 manat faiz, 3041,6 manat dəbbə pulu olmaqla, cəmi 10380,30 manat məbləğində kredit borcu vardır.
4. 01 mart 2023-cü il tarixli 683 saylı bildirişdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 bildirişi aldıqları gündən etibarən 7 (yeddi) gün ərzində göstərilən borc öhdəliklərini icra etmədikləri halda qanunla müəyyən edilmiş qaydada borcun onlardan geri alınması ilə bağlı tədbirlərin görülməsi üçün qanunvericiliyə uyğun addım atılacağı barədə xəbərdarlıq edilmişdir.
5. 01 mart 2023-cü il tarixli 684 saylı bildirişdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 bildirişi aldıqları gündən etibarən 7 (yeddi) gün ərzində göstərilən borc öhdəliklərini icra etmədikləri halda qanunla müəyyən edilmiş qaydada borcun onlardan geri alınması ilə bağlı tədbirlərin görülməsi üçün qanunvericiliyə uyğun addım atılacağı barədə xəbərdarlıq edilmişdir.
6. 18 avqust 2021-ci il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh2 PB/0xx/xx/344716 nömrəli müqavilə üzrə 50 manat ödəniş etmişdir.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(006)- 406/2023 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı BOKT ASC-nin arasında xx.xx.2014-cü il tarixdə bağlanmış PB/0xx/xx/344717 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı POKT ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2014cü il tarixli, 0xx/xx/344717 saylı kredit müqaviləsinə əsasən 4989.70 manat əsas borc, 2349 manat hesablanmış faiz, 3041.60 manat hesablanmış dəbbə olmaqla, cəmi 10 380.30 (on min üç yüz səksən manat 30 qəpik) manat və 121.15 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında xx.xx.2014-cü il tarixli, 0xx/xx/344717 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2014-cü il tarixli, 0xx/xx/344717 saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə, 36 faizlə, 5000 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 0xx/xx/344717 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə 17.112014-cü il tarixli, 0xx/xx/344716 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən zamin-faizlərin, cərimələrin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə, əmlakı və bütün gəlirləri ilə birgə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir, 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. xx.xx.2014-cü il tarixli, 0xx/xx/344717 saylı kredit müqaviləsinə əsasən cavabdehlərin BOKT-a 4989.70 manat əsas borc, 2349 manat hesablanmış faiz, 3041.60 manat hesablanmış dəbbə pulu olmaqla, cəmi 10380.30 (on min üç yüz səksən manat 30 qəpik) manat borcu vardır. Cavabdehlər xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırırlar.
10. Bərdə Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, e-2(021)-1613/2023 nömrəli qətnaməsi (hakim Gündüz Şirinov) ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2014-cü il tarixli, 0xx/xx/344717 saylı kredit müqaviləsinə əsasən yaranmış kredit borcunun tutulması tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə iddia rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 02 mart 2023-cü ildə müraciət etmişdir. Belə olan halda, iddiaçı məhkəmədə iddia qaldırdığı zaman MM-nin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətini təqribən üç il dörd ay müddətinə üzrsüz səbəbdən buraxmışdır. İddiaçı təşkilat iddia müddətinin ötürülmədiyini sübut etmək üçün iddia ərizəsinə Cavabdeh2 PB/0xx/xx/344716 nömrəli müqavilə üzrə 50 manat ödəniş etməsi haqqında 18 avqust 2021-ci il tarixli mədaxil orderi əlavə etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 kredit öhdəliyi PB/0xx/xx/344717 nömrəli kredit müqaviləsi əsasında yaranmış və iddiaçı da məhkəmədə hazırkı iddianı məhz həmin kredit müqaviləsinə əsaslanaraq qaldırmışdır. Lakin, iddiaçının təqdim etdiyi 18 avqust 2021-ci il tarixli mədaxil orderindən görünür ki, həmin orderlə ödənilən 50 manat PB/0xx/xx/344717 nömrəli kredit müqaviləsi üzrə deyil, PB/0xx/xx/344716 nömrəli kredit müqaviləsi, yəni tamamilə digər müqavilə üzrə yaranmış öhdəlik əsasında ödənilmişdir. İddiaçının nümayəndəsinə həmin ziddiyyətli məqama aydınlıq gətirilməsi, o cümlədən 50 manat pul məbləğinin PB/0xx/xx/344717 nömrəli kredit müqaviləsi üzrə ödənilməsini təsdiq edən sübutlarını təqdim etməsi təklif edilərək, həmin sübutların təqdim edilməsi məqsədi ilə məhkəmə iclasının təxirə salınmasına baxmayaraq iddiaçı tərəf qeyd edilənlərlə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmədi. Göründüyü kimi, iddia müddəti hər hansı üzrlü səbəb olmadan ötürülmüşdür.
12. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 374.1, 375.1 və 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə” dair 03 iyun 2013-cü il tarixli Plenum Qərarına, prosessual hüquq norması kimi Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı BOKT ASC apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, e-2(021)-1613/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iş materiallarında olan və məhkəmənin öz qətnaməsində də istinad etdiyi kassa məxaric orderindən də görünür ki, cavabdeh tərəfindən BOKT-a xx.xx.2021-ci il tarixində ödəniş edilmişdir. Bu ödəniş Cavabdeh2 özimzası ilə imzaladığı kassa mədaxil qəbzi ilə edilmişdir. Buna baxmayaraq məhkəmə kassa mədaxil qəbzində zaminlik müqaviləsinin nömrəsinin olmasınıəsas gətirərək iddianı rədd etmişdir. Əsas kimi isə göstərmişdir ki, “zaminlik müqaviləsi ləğv edildiyi üçün bu kassa məxaric orderi əsas sayıla bilməz”. Göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində ödəniş edilməklə borc öhdəliyi etiraf edilmiş və iddia müddəti həmin tarixdən yenidən başlamışdır. Qanunvericiliyin tələbinə görə də iddia müddəti borcun sonuncu etirafından sonra hesablanmağa başlayır. Məhkəmə isə zaminlik müqaviləsinin ləğv edilməsini əsas gətirməklə, kassa məxaric orderində zaminlik müqaviləsinin nömrəsinin olması bəhanəsi ilə iddianı rədd etmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırırıq ki, Həbibi gündü ilə bağlanmış zaminlik müqaviləsi Cavabdeh2 ilə bağlanmış kredit müqaviləsinin təminimüqaviləsi olmuşdur. Kassa məxaric orderində isə bu iki müqavilədən birinin nömrəsi qeyd edilə bilr. Odur ki, bu əsasla iddianın rədd edilməsi qanunsuz və əsassızdır. Məhkəmə cavabdeh btərəfindən ödənilən pul vəsaitinin hansı müqavilə üzrə ödənildiyini dəqiq bilməsinə baxmayaraq kassa mədaxil qəbzindəki müqavilə nömrəsinin zaminlik müqaviləsinin nömrəsinə istinad edilməklə verilməsini aydınlaşdırmamışdır. Ləğv edilmiş zaminlik müqaviləsinin hansı kredit müqaviləsinə görə bağlanması aydın olsa da məhkəmə guya bunun aydınlaşdırılmaması səbəbindən iddianı rədd etmişdir. Halbu ki, zaminlik müqaviləsində açıq şəkildə hansı kredit müqaviləsinə görə bu zaminlik müqaviləsinin bağlanması aydın şəkildə göstərilmişdir. Məhkəmə isə özünə açıq şəkildə aydın olan bu halı qətnamədə araşdırmamışvə aydınlaşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İş üzrə İddiaçı BOKT ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyin üzürlü səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
19. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
22. Maddə 445.1. Öhdəliyin icrasını gecikdirən borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır.
25. Maddə 739.1. Borc müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarı
27. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenmunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 10 mart 2004-cü il tarixli qərarı
28. Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyun 2005-ci il tarixli qərarına əsasən mülki hüquqda iddia müddətləri inistutu mülki dövriyyə iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşfiq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarı
29. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
30. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
31. Həmin qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına
35. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
36. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
42. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
44. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, e-2(021)- 1613/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Beləliklə, işin halları ondan ibarətdir ki, xx.xx.2014-cü il tarixli, 0xx/xx/344717 saylı kredit müqaviləsinə əsasən, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh2 Bəhman oğluna illik 36 faizlə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 0xx/xx/344717 saylı kredit müqaviləsinin təminatı kimi isə iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli, 0xx/xx/344716 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini tam icra etməmiş, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmişdir. Cavabdeh2 Bəhman oğlu birinci instansiya məhkəməsində ərizə ilə müraciət edərək, mülki iş üzrə tərəflər arasında olan mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.
47. Qeyd olunmalıdır ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması düzgün tətbiq edilmişdir.
48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, 24 ay müddətinə bağlanmış xx.xx.2014-cü il tarixli, 0xx/xx/344717 saylı kredit müqaviləsinin müddəti 17 noyabr 2019-cu il tarixdə tarixdə bitmiş, lakin iddiaçı həmin tarixdən üç il dörd aydan artıq müddət keçdikdən sonra, yəni 02 mart 2023-cü il tarixdə iddia müddətini ötürərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddia müddətinin dayanması və ya kəsilməsinə əsas olacaq hallar aşkar edilməmişdir.
49. İddiaçı iddia müddətinin ötürülmədiyini sübut etmək üçün iddia ərizəsinə Cavabdeh2 PB/0xx/xx/344716 nömrəli müqavilə üzrə 50 manat ödəniş etməsi haqqında 18 avqust 2021-ci il tarixli mədaxil orderi əlavə etmişdir.
50. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 kredit öhdəliyi xx.xx.2014-cü il tarixli, PB/0xx/xx/344717 nömrəli kredit müqaviləsi əsasında yaranmış və iddiaçı da məhkəmədə hazırkı iddianı məhz həmin kredit müqaviləsinə əsaslanaraq qaldırmışdır. Lakin, iddiaçının təqdim etdiyi 18 avqust 2021-ci il tarixli mədaxil orderindən görünür ki, həmin orderlə ödənilən 50 manat PB/0xx/xx/344717 nömrəli kredit müqaviləsi üzrə deyil, PB/0xx/xx/344716 nömrəli kredit müqaviləsi, yəni tamamilə digər müqavilə üzrə yaranmış öhdəlik əsasında ödənilmişdir.
51. Belə ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki, məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır.
52. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına səbəb xx.xx.2014-cü il tarixli, PB/0xx/xx/344717 nömrəli kredit müqaviləsi olmuşdur. PB/0xx/xx/344716 nömrəli müqavilə isə kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə zamin, yəni digər Cavabdeh1 arasında bağlanmış müqavilədir.
53. İddiaçının göstərdiyi xüsusatlar arasında ziddiyətlər mövcud olduğundan bu barədə iddiaçı tərəfindən məhkəmə kollegiyasına cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə ödəniş etdiyinə dair hər hansı bir sübut (ödəniş qəbzləri, mədaxil orderləri və s.) məhkəməyə təqdim edə bilməmişdir.
54. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Bundan başqa iş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(006)-406/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı BOKT ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış PB/0xx/xx/344717 nömrəli zaminlik müqaviləsinə xitam verilmişdir. Belə olan halda isə kollegiya hesab edir ki, Cavabdeh1 17 noyabr 2014-cü il tarixli PB/0xx/xx/344717 saylı kredit müqaviləsi üzrə heç bir öhdəliyi qalmamışdır.
56. Göründüyü kimi, iddiaçı kredit müqaviləsinin müddətinin başa çatdığı vaxtdan sonrakı dövrdə cavabdehlər tərəfindən ödəniş edilməsini təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli, PB/0xx/xx/344717 nömrəli kredit müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdən başlamışdır.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanunsuz və əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır.
58. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, e-2(021)-1613/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.