Məhkəmə qərarları › İş №2(104)-1724/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1724/2023

25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1724/2023 25.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı X2, Cavabdeh (sonuncu prosesdə iştirak etmir) iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-235/2023 saylı mülki iş üzrə 17 yanvar 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Ruhiyyə Gülməmmədovadan 2500 manat məbləğində pul götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əddalət qızından 2800 manat pulun, 350 manat əldən çıxmış faydanın və dövlət rüsumu kimi ödədiyi 51.50 manat pulun, cəmi 3201.50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh tanıyır, onunla münasibətləri yaxşı olmuşdur. Onun Ağdam rayonu, İmamqulubəyli qəsəbəsində palpaltar, mebel və digər əşyaların satışı mağazası var. Cavabdeh 06 dekabr 2020-ci il tarixində ondan 2500 manat borc pul almışdır. Cavabdeh bu barədə yazılı qəbz vermişdir. (Qəbz iddia ərizəsinə əlavə edilmişdir). Bundan əlavə cavabdeh mağazadan nisyə olaraq 300 manat dəyərində pal-paltar götürmüşdür. Dəfələrlə cavabdehdən aldığı pulu qaytarmasını tələb etsə də, nəticəsi olmamışdır. Belə olan halda başqa çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh pulu vaxtında qaytarmadığına görə ona maddi zərər dəymişdir. Əgər həmin pul onda olsa idi o, xeyli gəlir əldə edəcəkdi. Cavabdeh əsassız olaraq onun pulunu saxlamaqla faydalanmışdır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Cavabdeh onun pulunu əsassız olaraq saxlayıb faydalandığına görə ona gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2800x30=350 manat pul ödəməlidir.

4. Bərdə Rayon Məhkəməsinin 2(021)-235/2023 saylı mülki iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Əhmədov) iddia qismən təmin edilmiş, Cavabdeh 2500 (iki min beş yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 51.50 manatın alınaraq, iddiaçı X3 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-235/2023 saylı mülki iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçıdan 2500 manat sələmə pul götürmüş və əri X6 məxsus müavinət kartını ona vermişdir. İddiaçı 2020-ci ilin dekabr ayından 2022-ci ilin iyul ayınadək hər ay 130 manat olmaqla, ümumilikdə 2600 manat məbləğində pul çıxarmışdır. Qalan borcunun isə 900 manat və 1000 manat olmaqla iki dəfəyə qaytarmaqla, iddiaçıya olan borcunu tam şəkildə ödəmişdir. Məhkəmə isə "xxxx" ASC-yə sorğu verməmiş, qeyd edilən müddətdə kartdan pul vəsaitinin kim tərəfindən çıxarılmasını araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat vermiş, şikayətin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılıb, yekun qərar qəbul edilməsini mümkün hesab edərək, işə baxmışdır.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

13. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

14. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

17. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

18. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 23 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. İşin hallarından müəyyən olunur ki, Cavabdeh iddiaçı X1 2020-ci ilin dekabr ayında 2500 manat məbləğində borc pul almış və bununla bağlı öz imzası ilə yazılı qəbz vermişdir. İddiaçı dəfələrlə borcunu tələb etməsinə baxmayaraq, cavabdeh ona olan borcunu qaytarmamış, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, məhkəmə tərəfindən iddia qismən təmin edilmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

31. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərək, qeyd etmişdir ki, qətnamənin əsası kimi məhkəmə iş materiallarında olan sadə yazılı formada olan qəbzə istinad edərək iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, 2020-ci ilin dekabr ayından 2022-ci ilin iyul ayına kimi olan müddət üzrə dövr ərzində "xxxx" ASC-dən onun ərinin müavinət kartı hesabından iddiaçı tərəfindən cəmi 2600 manat məbləğində pul çıxarılmış, bundan əlavə 1900 manat vermiş, borc tam ödənilmişdir.

32. Apellyasiya şikayətinin dəlillərini araşdırmaq məqsədilə məhkəmə kollegiyasının 23 avqust 2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC-dən Cavabdeh əri X6 məxsus plastik kart üzrə 2020-ci ilin dekabr ayından 2022-ci ilin iyul ayına kimi həyata keçirilmiş bank əməliyyatlarına dair sənədlər, həmçinin, pulun çəkilməsinə dair görüntülər tələb edilmişdir. "xxxx" ASC-nin 18 avqust 2023-cü il tarixli məktubuna əsasən qeyd edilən dövr ərzində bankomatla aparılan nağdlaşdırma əməliyyatlarına dair görüntülərin saxlanma müddəti bitdiyindən təqdim olunmasının mümkün olmaması barədə məhkəməyə məlumat verilmişdir.

33. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla yalnız formal xarakter daşıyır.

34. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

35. Məhkəmə təqdim edilmiş iddia ərizəsindən, eləcə iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı cavabdehə 2500 manat borc vermiş, cavabdeh həmin borcunu qaytarmamışdır. İddiaçının cavabdehə həmin məbləğdə borc verdiyi iş materiallarında olan qəbzlə, həmçinin tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Həmin məbləğdə borcun mövcud olması işin faktiki halı kimi müəyyən edildiyindən MPM-in sübutlarla bağlı tələblərinə görə 2500 manat məbləğdə borcu qaytardığını sübut etmək yükü cavabdehin üzərinə düşmüşdür. Cavabdeh isə həmin borcu qaytardığını bildirsə də, məhkəməyə öz izahatından savayı heç bir mötəbər sübut növünü təqdim edə bilməmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş sorğunun nəticəsi ilə bank əməliyyatlarının aparılması ilə bağlı görüntülərin olmadığı müəyyən edilmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətlərində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

37. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-235/2023 saylı mülki iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 2500 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-235/2023 saylı mülki iş üzrə 17 yanvar 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar