Məhkəmə qərarları › İş №2(104)-1727/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1727/2025

17.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1727/2025 17.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Avtomobil X5 “X2 Xidməti” MMC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: qanunsuz tikilinin sökülməsi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə2 və onun vəkili X3 iştirakları ilə, İddiaçı Azərbaycan Avtomobil X5 “X2 Xidməti” MMC-nin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2(023)-9/2025 nömrəli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 17 noyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Avtomobil X5 “X2 Xidməti” MMC tərəfindən Cavabdeh ünvanlanmış 04/3 saylı, 30 oktyabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Respublika əhəmiyyətli avtomobil yolunun 475 km-də qanunsuz inşasına başlanmış yarımçıq tikilinin 30 gün müddətində öz vəsaiti hesabına sökülməsi, əks halda qanunamüvafiq tədbirlər görüləcəyi barədə cavabdeh məlumatlandırılmışdır;

2. Azərbaycan Avtomobil X5 “X2 Xidməti” MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 30 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı-Ələt- Qazax-Gürcüstan dövlət sərhəd avtomobil yolunun 475-ci km+300 metrdə yolun sağ tərəfində hərəkət hissəsinin mərkəzindən bir tərəfi 11 metr, o biri tərəfi 12 metr məsafədə 15x5 metr ölçüdə qeyri-standart mişar daşından qanunsuz tikili aşkar olunmuşdur. Qanunsuz tikilinin Qazax rayon Hüseynbəyli kənd sakini Cavabdeh tərəfindən aparıldığı məlum olmuşdur və ona tikilinin qanunsuz aparılması izah olunaraq dərhal dayandırılması tələbi qoyulmuşdur;

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş 05 dekabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh inşa etdiyi 75 kv.m tikilinin yerləşdiyi sahənin koordinatları GPS ölçü aləti vasitəsi ilə götürülmüş, iddia edilən torpaq sahəsinin üzərində yerləşən tikilidən yolun hərəkət hissəsinin mərkəzinə qədər ən yaxın məsafə 12.0 metrdir və yolun mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 yanvar 2005-ci il tarixli 1 nömrəli qərarına əsasən Qazax şəhərindən keçən avtomobil yolu Respublika əhəmiyyətli yol hesab edilir;

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli, 3-16-16/2-10/10191 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-37/2- 8704/2024 saylı mütəxəssis rəyində göstərilmişdir ki, Cavabdeh inşa etdiyi 75 kv.m tikilinin yerləşdiyi torpaq sahəsinin koordinatları GPS ölçü aləti vasitəsi ilə götürülmüşdür. İddia edilən torpaq sahəsinin üzərində yerləşən tikilidən yolun hərəkət hissəsinin mərkəzinə qədər ən yaxın məsafə 12.0 metrdir və yolun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 yanvar 2005-ci il tarixli 1 nömrəli qərafına əsasən Qazax şəhərindən keçən avtomobil yolu Respublika əhəmiyyətli yol hesab edilir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Azərbaycan Avtomobil X5 “X2 Xidməti” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən M-2 indeksli Respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 475-ci km hissəsində qanunsuz inşa etdiyi yarımçıq tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və avtomobil yolunun mühafizə zolağının ilkin vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh M-2 indeksli Respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 475+300 km hissəsində yolun sağ tərəfində avtomobil yolunun qorunma (mühafizə) zolağında hərəkət hissəsinin mərkəzindən 12 metr məsafədə uzunluğu 15 metr, eni 5 metr olan ümumilikdə 75 kv.m ərazidə qanunsuz olaraq tikinti işləri aparmışdır. Xidmətin əməkdaşları tərəfindən bu halın aradan qaldırılması və avtomobil yolunun mühafizə zolağının ilkin vəziyyətə gətirilməsi üçün Cavabdeh 30 oktyabr 2023-cü il tarixli, 04/S nömrəli xəbərdarlıq edilməsinə baxmayaraq heç bir tədbir görməmiş və sonuncu zəbt etdiyi ərazini öz istifadəsində saxlamaqla qanunsuz tikinti işlərini davam etdirmişdir.

7. Qazax Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2(023)-9/2025 nömrəli qətnaməsi ilə (hakim N.Musayev) iddia təmin edilərək, M-2 indeksli Respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 475+300 km hissəsində yolun sağ tərəfində avtomobil yolunun qorunma (mühafizə) zolağında hərəkət hissəsinin mərkəzindən 12 metr məsafədə uzunluğu 15 metr, eni 5 metr olan ümumilikdə 75 kv.m yarımçıq tikili Cavabdeh vəsaiti hesabına sökülməsi və avtomobil yolunun mühafizə zolağı ilkin vəziyyətə gətirilməsi; Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 25 manatı Azərbaycan Avtomobil X5 “X2 Xidməti” MMC-dən, 75 manatı Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı 28 fevral 2004-cü il “Azərbaycan Respublikasının avtomobil yollarında təhkim və mühafizə zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında qərarın 1-ci bəndi, Azərbaycan Respublikasının “Avtomobil yolları haqqında” qanununun 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə2 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İddiaçının iddia etdiyi ərazinin avtomobil yollarına heç bir aidiyyəti yoxdur. Hətta tikilinin sökülməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini almadan, qəsdən iddiaçı təşkilat tərəfindən sökülmüşdür və bu qanunvericliyin norma və prinsiplərinə ziddir. Əgər iddiaçı təşkilat 30 oktyabr 2023-cü il tarixdə məktub göndərərək tikintinin dayandırılmasını tələb edirdisə, oda tikintini davam etdirirdisə, o zaman nə üçün həmin vaxtdan məhkəməyə müraciət etmirdi. Tikinti başa çatdıqdan sonra, qeyri yaşayış sahəsi üçün işıq sayğacı qoyulmaqla, elektrikin verilməsi həyata keçirlirilmiş, həmin ərazidə torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə (baxış) aktı tərdib edilməklə razılıq verilmişdir. Həmin yerin sxem xəritəsi çəkilmiş, qeyri yaşayış sahəsinin istənilən infastruktur lahiyyəsinə və ya mövcud elementə heç bir təsir göstərmədiyi məlum olsada, həmin hissəyə də hüquqi qiymət verilməmişdir. Həmçinin ekspertin vermiş olduğu rəydə iddiaçı təşkilatın yerinə 0,5 metr daxil olduğu bildirilsədə, qalan hissələrin məhz iddiaçı təşikilatın hər hansısa bir maraqlarına toxunmamasına baxmayaraq, məhkəmə iddia tələbini tam olaraq, təmin etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (arvadı) Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlav olaraq bildirmişdir ki, mübahisəli ərazidə əri Elşad tərəfindən ticarət obyekti tikmişdir. Tikintinin yerləşdiyi torpaq Bələdiyyə mülkiyyətində olmuşdur. Tikinti aparılan torpağa dair sənəd olmasada, lakin müvafiq qurumlardan bu barədə şifahi razılıq alınmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiyta məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X4 da Nümayəndə2 ilə eyni məzmunlu izahat vermişdir.

14. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Avtomobil X5 “X2 Xidməti” MMC nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, Cavabdeh M-2 indeksli Respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 475+300 km hissəsində heç bir hüquqi əsasslar olmadan yolun mühafizə zonasında qanunsuz olaraq qeyri-yaşayış binası tikmişdir.

15. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı Azərbaycan Avtomobil X5 “X2 Xidməti” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh tərəf isə nümayəndəsi vastəsilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

17. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

18. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

19. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunu

20. Maddə 13. Avtomobil yollarının torpaq sahəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir.

21. Maddə 15-1. Yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

22. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-İVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli 298 nömrəli qərarına əsasən Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri aşağıdakı kimi təsdiq edilmişdir: 1.1. respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində; 1.2. yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri; 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

35. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Cavabdeh M-2 indeksli Respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 475+300 km hissəsində yolun sağ tərəfində avtomobil yolunun qorunma (mühafizə) zolağının hərəkət hissəsinin mərkəzindən 12 metr məsafədə uzunluğu 15 metr, eni 5 metr olan, ümumilikdə 75 kv.m ərazidə qanunsuz olaraq tikinti işləri aparmış, 30 oktyabr 2023-cü il tarixdə Azərbaycan Avtomobil X5 “X2 Xidməti əməkdaşları tərəfindən cavabdehə yarımçıq tikilinin öz vəsaiti hesabına sökülməsi barədə bildiriş göndərilsədə, sonuncu tikinti işlərini davam etdirmişdir. Ona görədə iddiaçı Azərbaycan Avtomobil X5 “X2 Xidməti” MMC hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddia tələbini təmin etmişdir. Qeyd olunduğu kimi qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən verilən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

37. Bu baxımdan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil və bunla bağlı kollegiya aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib sayır.

38. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

39. Yuxarıda da qeyd olunduğu kimi Cavabdeh tərəfindən M-2 indeksli Respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 475+300 km hissəsində yolun sağ tərəfində avtomobil yolunun qorunma (mühafizə) zolağının hərəkət hissəsinin mərkəzindən 12 metr məsafədə uzunluğu 15 metr, eni 5 metr olan, ümumilikdə 75 kv.m ərazidə qanunsuz olaraq tikinti işləri aparılmışdır. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin özbaşına tikinti və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun müddəaları, eləcədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli 298 nömrəli qərarı nəzərdən keçirilə bilər və həmin normalar bu qətnamənin 16-22-ci bəndlərində öz əksini tapmışdır.

40. İşin obyektiv həlli baxımından ilk növbədə araşdırılmalı məsələ - mübahisə predmeti olan tikilinin mühafizə zonasında inşa edilib-edilməməsinin aydınlaşdırılmasıdır ki, bunun üçün də xüsusi bilik tələb edən sualların cavablandırılması zəruridir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, iş üzrə ekspertiza təyin olunması zərurətini doğurur.

41. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin əsaslılığının araşdırılması bəzi xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb etdiyindən birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə düzgün olaraq məhkəmə tikinti-texniki və torpaqşunaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2025-ci il tarixli, 3-16-16/2-10/10191 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh inşa etdiyi 75 kv.m tikilinin yerləşdiyi torpaq sahəsinin koordinatları GPS ölçü aləti vasitəsi ilə götürülmüş, iddia edilən torpaq sahəsinin üzərində yerləşən tikilidən yolun hərəkət hissəsinin mərkəzinə qədər ən yaxın məsafə 12.0 metr olmaqla həmin tikili yolun mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 yanvar 2005-ci il tarixli 1 nömrəli qərafına əsasən Qazax şəhərindən keçən avtomobil yolu Respublika əhəmiyyətli yol hesab edilir.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur; Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə isə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspert rəyini işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, ekspertin istinad etdiyi Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin 05 dekabr 2024-cü il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahəsinin yerləşmə koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilmişdir. Verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında da hər hansı şübhə yaratmır.

45. Cavabdeh tərəf rəylə razılaşmayaraq tikinti aparılmış ərazinin avtomobil yollarına heç bir aidiyyətinin olmamasını bildirsədə, lakin qeyd olunan ekspert rəyi ilə onun bu dəlili təkzib olunur. Apellyasiya icraatı zamanı da cavabdehin nümayəndisi izahatında bildirmişdir ki, həmin ərazidə tikinti aparılması üçün rəsmi icazə alınmamışdır.

46. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2(023)-9/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar