Məhkəmə qərarları › İş №2(104)-1733/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1733/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1733/2023 10.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(013)-481/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 10 avqust 2020-ci il tarixli QBNPU-1755 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 30 ay müddətinə ödəmək şərtilə illik 22 faiz olmaqla 13000 manat kredit verilmişdir.

2. 10 avqust 2020-ci il tarixli QBNPU-1755 nömrəli zaminlik müqaviləsindən görünür ki, 10 avqust 2020-ci il tarixli QBNPU-1755 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır.

3. 21 dekabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 10 avqust 2020-ci il tarixli QBNPU-1755 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 3134,05 manat əsas borcu var.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 10 avqust 2020-ci il tarixli QBNPU-1755 nömrəli kredit müqaviləsi üzrə 3134,05 manat əsas borc və ödənilmiş 51,35 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 10 avqust 2020-ci il tarixli QBNPU-1755 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 30 ay müddətinə ödəmək şərtilə illik 22 faiz olmaqla 13000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcalan ödəniş cədvəli üzrə hər ayın 10-dan gec olmayaraq hər ay 567,24 manat ödəməli olduğu halda, öhdəliklərini vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə ödənilməmiş 3134,05 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şihafi xəbərdarlıq və yazılı bildirişlər göndərilməsinə baxmayaraq borcun qaytaraılması təmin edilməmişdir.

6. Ağdam Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(013)-481/2023 nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3134,05 manat və ödənilmiş dövlət rüsumu əvəzində 51,35 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427,3 maddəsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124, 284-1, 284-5.1, 284-5.2, 284-5.3, 216-220, 227, 284-6 və 357 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, işə baxılmasından məlumatı olmamış, pensiyasından tutmalar aparıldığı vaxt qətnamədən məlumatı olmuşdur. Borc şişirdilmiş və buna görə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmalıdır. Əsas borclu Cavabdeh1dur və borcu ödəmək üçün kifayət qədər gəliri var.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

14. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

15. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Maddə 449 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

17. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

18. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

19. Maddə 472.1 və 472.2. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

20. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.

23. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər.

24. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

25. Maddə 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10 avqust 2020-ci il tarixli QBNPU-1755 nömrəli kredit müqaviləsi üzrə 3134,05 manat əsas borcu İddiaçı ASC-nin xeyrinə tutmaqda düzgün nəticəyə gəlmişdir.

36. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, borc müqaviləsinin bağlanmış hesab olunması, yəni hüquqi nəticə əmələ gətirməsi, digər müqavilələrdə olduğu kimi razılaşma sayəsində olur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

38. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 10 avqust 2020-ci il tarixli QBNPU-1755 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 30 ay müddətinə ödəmək şərtilə illik 22 faiz olmaqla 13000 manat kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə kreditorla Cavabdeh2 arasında 10 avqust 2020-ci il tarixli QBNPU-1755 nömrəli zaminlik müqaviləsi bağlanmış və borcalan Cavabdeh1 kreditor qarşısında öhdəliklərini yerinə yetirənədək zamin onunla birlikdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Borcalan müqavilə üzrə öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədiyindən kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

39. Bu qətnamənin 35-ci bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Kollegiya ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Apellyasiya şikayətinin Cavabdeh1 əsas borclu olduğundan yaranmış kredit borcunun da onun tərəfindən ödənilməsini qeyd etsədə, kollegiya şikayətin bu dəlilini əsassız hesab edir. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi 10 avqust 2020-ci il tarixli QBNPU-1755 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə kreditorla Cavabdeh2 arşısında zaminlik müqaviləsi bağlanmış və sonuncu həmin müqavilə üzrə borcalanla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlik - əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 10 avqust 2020-ci il tarixli QBNPU-1755 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcu müştərək qaydada cavabdehlərdən tutmaqda düzgün nəticəyə gəlmişdir. İşə baxılmasından məlumatsız olması, borcun düzgün hesablanmaması, eləcədə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməməsi dəlilini də kollegiya əsassız hesab edir. Belə ki, işdən müəyyən olunur ki, işə baxılmasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Borcun düzgün hesablanmamasına münasibətdə isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətində borcun düzgün hesablanmaması qeyd olunsada, lakin buna dair sübut məhkəməyə təqdim olunmamışdır.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 2(013)-481/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar