Məhkəmə qərarları › İş №2(104)-174/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-174/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-174/2025 05.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə Açar sözlər: könüllü sığorta; subroqasiya hüququ; delikt məsuliyyəti Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(040)-596/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə 05 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. CSB100137742 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan görünür ki, “Mazda CX-5” markalı ** RM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır;

2. 18 iyun 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun və 18 iyun 2021-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 18 iyun 2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmiş və 40 manat məbləğində cərimə edilmişdir;

3. "xxxx" MMC tərəfindən verilmiş MZ-58065 nömrəli iş kartının (qüsur aktı) surətindən görünür ki, müayinə zamanı “Mazda CX 5” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12934,17 manat ziyan dəyməsi hesablanmışdır.

4. "xxxx" ASC tərəfindən 03 sentyabr 2021-ci il tarixdə tərtib tərtib edildiyi göstərilən CSB89018 saylı “Sığorta aktı”nın fotosurətindən görünür ki, “Mazda CX-5” markalı **-RM- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 12684,17 manat sığorta ödənişinin X2 hesabına köçürülmüşdür;

5. "xxxx" ASC tərəfindən 16 sentyabr 2021-ci il tarixdə tərtib edildiyi göstərilən CM1653/21 saylı “Sığorta aktı”nın fotosurətindən görünür ki, “Mazda CX-5” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4750 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə köçürülmüşdür;

6. "xxxx" MMC tərəfindən verilmiş 09 iyul 2025-ci il tarixli CVN/İ 06-211/25 saylı mütəxəssis rəyindən görünür ki, 18 iyun 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mazda CX-5” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli MZ58065 nömrəli təmir-bərpa aktında qeyd olunmuş dəyişdirilməli ehtiyat hissələrinin və görülən işlərin orta bazar qiyməti ümumilikdə 13971,4 manat təşkil edir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş sığorta ödənişlərinin əvəzi olaraq 7934,17 manat və 99,35 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, X4 mülkiyyətində оlan “Mazda CX 5” markalı 90–RM–949 dövlət qeydiyyat nişanlı avtоmоbilini 11 yanvar 2020-ci ildən 10 yanvar 2023cü il tariхinədək bəzi hadisələrdən, о cümlədən yоl-nəqliyyat hadisələrindən iddiaçı "xxxx" ASC-də könüllü sığоrta növündə sığоrtalamışdır. Sığоrtalıya CSB ********* nömrəli “Avtomobilin sığorta şəhadətnaməsi” verilmişdir. 2021-ci il iyunun 18-də Cavabdeh idarə etdiyi “Howo 3317N3867W” markalı 25–BG–998 dövlət qeydiyyat nişanlı yük avtоmоbili ilə Gəncə şəhəri Nizami prospektində, "xxxx" ASC-də könüllü sığоrta növündə sığоrtalanmış “Mazda CX 52” markalı 90–RM–949 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsi (bundan sonra- Gəncə DYPŞ) tərəfindən 18 iyun 2021-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsi) 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Gəncə DYPŞ-nin 18 may 2021-ci il tarxili TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Kazımov X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. “Mazda” markalı avtomobillərin rəsmi servisi olan "xxxx" MMC tərəfindən verilmiş MZ-58065 nömrəli “İş kartı”na əsasən, hadisə nəticəsində “Mazda CX 5” markalı 90–RM–949 dövlət qeydiyyat nişanlı avtomobilə 12934,17 manat məbləğində zərər dəymişdir. İddiaçı ilə sığotalı arasında 250 (iki yüz əlli) manat məbləğində franşiza (şərtsiz azadolma) nəzərdə tutulduğundan, sığorta ödənişi 12684,17 manat təşkil etmiş və iddiaçı 08 sentyabr 2021-ci il tarixdə 6502 nömrəli ödəniş tapşırığı ilə 12684,17 manat məbləğində sığorta ödənişini sığortalı X3 ödəmişdir. Cavabdeh idarə etdiyi “Howo 3317N3867W” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili "xxxx" ASC-də icbari sığorta növündə sığortalandığından, sonuncu tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən "xxxx" ASC-yə 4750 manat sığorta ödənişi etmişdir. Beləliklə də cavabdehin hazırda iddiaçıya borcu 7934,17 manat təşkil edir (12684,17 manat (zərər məbləği) – 4750 manat ("xxxx" ASC-nin ödədiyi vəsait).

9. Cavabdeh məhkəmə baxışı iclasında iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, 18 iyun 2021-ci il tarixdə Gəncə şəhərində onun idarə etdiyi “Howo” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtоmоbili X2 mülkiyyətində оlan “Mazda CX 5” markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisənin baş verməsində o təqsirli hesab edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Mazda CX 5” markalı 90–RM–949 dövlət qeydiyyat nişanlı avtomobilə maksimum 4750 (dörd min yeddi yüz əlli) manat məbləğində ziyan dəymiş olardı, həmin məbləğ isə onun sığorta şirkəti olan "xxxx" tərəfindən iddiaçıya ödənilmişdir. Hazırki iddiada iddianın qiyməti çox şişirdilmişdir-dəymiş ziyan əslində olduğundan artıq qiymətə qiymətləndirilmişdir. O, “Mazda” markalı avtomobillərin rəsmi servis müəssisəsi olan "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirməni hazırki mülki iş üzrə mötəbər sübut hesab etmir, belə ki, qiymətləndirmə qanunvericiliyə, o cümlədən “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun aparılmamışdır. Ona görə iddianı əsassız hesab edir və iddianın rədd edilməsini məhkəmədən xahiş edir (iddanı qəbul etməməsi barədə ərizəsini də məhkəməyə təqdim etmişdir).

10. Kəlbəcər Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(040)-596/2024 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1, 922.1, 922.2, 925.1, 925.2, 925.3, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsinə, həmçinin “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı "xxxx" ASC iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iş üzrə alınmış mütəxəssis rəyi ilə razı deyildir. Çünki, yüngül bir yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində digər avtomobilə rəydə göstərilmiş məbləğdə maddi ziyan dəyməmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı sığorta şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılaraq apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

18. Maddə 916.1. Əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun.

19. Maddə 922.1. Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

20. Maddə 926. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.

21. Maddə 936.1-ci və 936.2-ci. Subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

22. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

23. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında qərarı:

24. Maddə 25.1. Sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər.

25. 25.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

26. 25.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.

27. 25.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.

28. 25.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

36. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tam təmin edilməli, 7934,17 manat sığorta ödənişi məbləği və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 99,35 manat, ümumilikdə 8033,52 manat Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

41. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, “Mazda CX-5” markalı ** RM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Howo 3317N3867W” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtоmоbili “Mazda CX-5” markalı ** RM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “Mazda CX-5” markalı ** RM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar sığortaçı "xxxx" ASC tərəfindən sığortalı X2 hesabına 12684,17 manat sığorta ödənişi həyata keçirilmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış və Cavabdeh hadisənin baş verməsində təqsirli bilinərək İXM-nin 327.1-ci maddəsilə hüquqi məsuliyyətə cəlb edilmişdir. Ödənilmiş məbləğin 4750 manat hissəsi “Howo 3317N3867W” markalı **-BG- *** dövlət qeydiyyat nişanlı yük avtоmоbilinin icbari sığortaçısı olan "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. "xxxx" ASC qalan məbləğ olan 7934,17 manat pulun cavabdeh tərəfindən sığorta şirkətinə qaytarılmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

42. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə 12684,17 manat məbləğində ziyan vurulduğunu iddia etsə də, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində hesablamış maddi ziyanın həcmini mübahisələndirir, iddia tələbini qəbul etmir, ziyanın məbləğini yalnız 4750 manat hissədə qəbul edir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə sənədini-"xxxx" MMC tərəfindən verilmiş MZ-58065 nömrəli “İş kartı”nı Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə uyğun sübut hesab etmir, belə ki, zərərin qiymətləndirilməsi qanunverciliyin yuxarıda sadalanan müddəalarına, o cümlədən Mülki Məcəllənin 925-ci maddəsinə uyğun aparılmamışdır. Odur ki, Cavabdeh idarə etdiyi “Howo 3317N3867W” markalı 25–BG–998 dövlət qeydiyyat nişanlı yük avtomobili "xxxx" ASC-də icbari sığorta növündə sığortalandığından "xxxx" ASC tərəfindən “Хalq Sığоrta» ASC-yə 4750 manat sığorta ödənişi edilmişdir. Bununla da iddiaçının cavabdehdən 4750 manatdan artıq məbləğ tələb etməsi əsassızdır.

43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

44. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.

45. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə tələb iddiaçının könüllü sığorta müqaviləsi üzrə sığortalıya verdiyi sığorta ödənişinin yüksək təhlükə mənbəyini idarə edən cavabdehdən subroqasiya qaydasında tutularaq iddiaçıya qaytarılması barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

46. Kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin delikt məsuliyyəti və subroqasiya hüququ ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Birinci instansiya məhkəməsi isə iddiaçının tələbini icbarı sığorta müqaviləsindən irəli gələn mübahisə kimi qiymətləndirmiş və məsələnin həllinə yanlış olaraq icbari sığorta haqqında qanunvericiliyin müddəalarını tətbiq etmişdir.

47. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.

48. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

49. Kollegiya iddianın əsaslılığı ilə bağlı aşağıdakıları qeyd edir.

50. İşin mübahisəsiz hallarıdır ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Howo 3317N3867W” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtоmоbili “Mazda CX-5” markalı ** RM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə “Mazda CX-5” markalı ** RM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar sığortaçı "xxxx" ASC tərəfindən sığortalının hesabına 12684,17 manat sığorta ödənişi həyata keçirilmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış və Cavabdeh hadisənin baş verməsində təqsirli bilinərək İXM-nin 327.1-ci maddəsilə hüquqi məsuliyyətə cəlb edilmişdir.

51. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh olmuşdur və hadisə nəticəsində "xxxx" ASC tərəfindən sığortalanmış “Mazda CX-5” markalı ** RM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə sığorta şirkəti tərəfindən 12684,17 manat sığorta ödənişi həyata keçirilmişdir.

52. Nəzərə almaq lazımdır ki Mülki Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Bu halda, sığorta şirkətinin subroqasiya tələbini yüksək təhlükə mənbəyi olan avtomobili idarə edən Cavabdeh qarşı irəli sürməsi qanuni əsaslara söykənir. Baxılan işdən müəyyən edilir ki, Cavabdeh idarə etdiyi “Howo 3317N3867W” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtоmоbil yol nəqliyyat hadisəsi zamanı icbari qaydada "xxxx" ASC-də sığortalı olduğundan həmin sığorta şirkəti tərəfindən "xxxx" ASC-yə 4750 manat sığorta ödənişi verilmişdir. Qalıq məbləğ isə cavabdeh tərəfindən idiaçı sığorta şirkətinə ödənilməmişdir. Odur ki, iddiaçı sığorta şirkətinin hazırkı tələbi qanuni və əsaslıdır.

53. Bununla belə, yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyan məbləği ilə bağlı mübahisə olduğundan apellyasiya baxışı zamanı iş üzrə mütəxəssis qiymətləndirilməsi təyin edilmiş və "xxxx" MMC tərəfindən verilmiş 09 iyul 2025-ci il tarixli CVN/İ 06-211/25 saylı mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, 18 iyun 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mazda CX-5” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli MZ58065 nömrəli təmir-bərpa aktında qeyd olunmuş dəyişdirilməli ehtiyat hissələrinin və görülən işlərin orta bazar qiyməti ümumilikdə 13971,4 manat təşkil edir.

54. MPM-nin 64.1-ci maddəsinə görə, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.

55. Mütəxəssis rəyindən görünür ki, qiymətləndirmə "xxxx" MMC tərəfindən verilmiş təmir-bərpa aktında qeyd olunmuş dəyişdirilməli ehtiyat hissələrinin və görülən işlərin orta bazar qiymətinə istinadən, avtomobilin qəzadan sonrakı fotoşəkillərinə baxış keçirilməklə, habelə nəqliyyat vasitəsinin ehtiyat hissələrinin satış mərkəzlərində monitorinq aparılmaqla həyata keçirilmişdir. Bundan başqa, cavabdeh tərəf rəyin qeyri-obyektivliyi barədə arqument irəli sürsə də, lakin bunu əsaslandıra bilməmişdir. Bir sözlə, qiymətləndirmə rəyindəki məlumatların həqiqiliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilmədiyindən məhkəmə kollegiyası həmin rəyi mötəbər sübut olaraq qəbul etmişdir.

56. Kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı alınmış qiymətləndirmə rəyi mötəbər sübut olaraq qəbul edilsə də, lakin yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyan məbləğinin mütəxəssis rəyində göstərilən məbləğdə müəyyən edilməsi yolverilməzdir. Ona görə ki, iddiaçı sığorta şirkəti zərərvuran cavabdehdən (12684,17- 4750=7934,17) 7934,17 manat vəsaiti subroqasiya qaydasında tələb etmişdir. Mütəxəssis rəyi əsasında isə ziyan məbləği, iddiaçının tələb etdiyindən də yüksək məbləğdə, yəni 13971,4 (13971,4-4750=9221,4) 9221,4 manat hesablanmışdır. Nəzərə almaq lazımdır ki, mülki prosessual qanunvericiliyə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM maddə 218.3).

57. Hazırkı işdə tələbdən kənara çıxmanın müstəsna halı mövcud deyildir. Bu səbəbdən məhkəmənin iddiaçının verdiyi tələbdən kənara çıxaraq zərərvurandan sığorta şirkətinin tələbindən artıq məbləğdə ziyan məbləği tutması düzgün və əsaslı hesab edilə bilməz.

58. Göstərilənlərin yekunu olaraq məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyi olan “Howo 3317N3867W” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtоmоbilin sürücüsü Cavabdeh üzərinə düşdüyündən tələb edilən 7934,17 manat sığorta ödənişi məbləği ondan tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

59. Bundan əlavə, iddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən 99,35 manat dövlət rüsumu ödənilmişdir. Kollegiyanın qənaətinə görə, iddia təmin edildiyindən məhkəmə xərci cavabdehə aid edilməklə həmin vəsait ondan iddiaçının xeyrinə tutulmalıdır.

60. Bundan əlavə, apellyasiya baxışı zamanı "xxxx" MMC-dən alınmış qiymətləndirmə rəyi üçün ödənilməli xidmət haqqı 200 (iki yüz) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq "xxxx" MMC-nin müvafiq bank hesabına ödənilməlidir.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2(040)-596/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. 7934,17 (yeddi min doqquz yüz otuz dörd manat on yeddi qəpik) manat sığorta ödənişi məbləği və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 99,35 (doxsan doqquz manat otuz beş qəpik) manat, ümumilikdə 8033,52 (səkkiz min otuz üç manat əlli iki qəpik) manat Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qiymətləndirmə rəyinin verilməsi ilə əlaqədar 200 (iki yüz) manat xidmət haqqı Cavabdeh tutularaq "xxxx" MMC-nin müvafiq bank hesabına ödənilsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) (iddiaçı) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar