Məhkəmə qərarları › İş №2(104)-1748/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1748/2023

27.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1748/2023 27.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh ) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı ) Cavabdeh iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1758/2023 saylı qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh ) İddiaçı və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı ) Cavabdeh verdiyi apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-1126/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat alimentin artırılaraq, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat alimentin və ilkin mediasiya üçün ödədiyi 60 (altmış) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddiası üzrə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ona qarşı qaldırmış olduğu hər iki uşaq üçün 440 (dörd yüz qırx) manat aliment məbləği olduqda yüksək olduğundan, onun maddi vəziyyətini, rəsmi iş yerinin olması və diqqətəlayiq halları nəzərə alaraq, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(043)-1126/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat alimentin miqdarı 03 fevral 2023-cü il tarixdən etibarən azaldılaraq, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən iki uşağa görə qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında alimentin tutulmasına və cavabdeh İddiaçı ilkin mediasiya xərclərinin İddiaçı aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 27 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı qarşı “aliment miqdarının azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi və hər iki iddiaya bir icraatda baxılması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1758/2023 saylı qətnaməsi ilə (sədrlik edən Zaman İmanov) ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ilk iddiası əsassız olduğundan rədd edilməsi və Mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manatın ilk iddiaçıya aid edilməli, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia üzrə İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilməli və qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu həmin iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1758/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Gəncə Şəhər Məhkəməsinə müraciət edərək alimentin məbləğinin artılırmasını xahiş etmişdir. Məhkəmə isə iddanı rədd edərək bildirmişdir ki, cavabdeh hər ay valideyinlərinin saxlanılması üçün 160 manat ödəyir. Məhkəmənin bu mövqeyi əsassızdır , belə ki, cavabdehin valideyləri əmək pensiyası alırlar və onların maddi yardıma ehtiyacları yoxdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1758/2023 saylı qətnaməsinin qismən ləğv edilməsini, ilkin iddianın olduğu kimi saxlanılmasını, qarşılıqı iddianın isə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)- 1126/2020 nömrəli qətnaməsi ilə xx.xx.2020ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat aliment ödəyir. Hazırki 280 manat aliment məbləği onun əmək haqqının 60,1 faizini təşkil edir. İddiaçı ondan istədiyi 440 manat onun əmək haqqının 94,5 faizini təşkil edəcəkdir. İddiaçı hər iki uşağın saxlanılmasında özü də iştirak etməlidir. O, uşaqların atası olaraq 280 manat aliment ödəyir. Uşaqların anası olaraq İddiaçı da öz üzərinə düşən valideyn borcunu yerinə yetirməlidir. Özünün dolanışığı çox pisdir, onun da yaşamaq hüququ vardır. Bundan başqa, barışıq sazişinə əsasən valideynlərinin hər birinə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment ödəyir. Eyni zamanda onun öz xərcləridə vardır. Belə ki, o, yeni ailə qurub və yoldaşı hamilədir. İddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1758/2023 ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1758/2023 saylı qətnaməsinin qismən ləğv edilməsini, ilkin iddianın olduğu kimi saxlanılmasını qarşılıqı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1758/2023 nömrəli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlaılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1126/2020 nömrəli, xx.xx.2020- ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında Gəncə VVADQ şöbəsində 14 dekabr 2005-ci il tarixdə, 761 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. “İlkin mediasiya prosesində iştirak edilməməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞG/1/MT007/2023-00297 nömrəli arayışdan görünür ki, bu arayış İddiaçı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən telefon və poçt vasitəsi ilə məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə xx.xx.2023-cü il tarixdə saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsinin təsdiq edilməsi üçün verilir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. 21 yanvar 2023-cü il tarixli barışıq sazişinin surətindən görünür ki, tərəflər 1948-ci il təvəllüdlü X8, xx.xx.1949-cu il təvəllüdlü X7, Cavabdeh, həmçinin mediator X3 iştirakı ilə bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilmişdir: Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq X4 və X1 üçün hər ay hər biri üçün 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində alimenti hər ayın 28-dən digər ayın 05-nə kimi ödəməyi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair arayışın surətindən görünür ki, Cavabdeh 230 nömrəli Hərbi Hissədə elektrik montyoru vəzifəsində çalışmaqla 466,90 manat əmək haqqı alır. Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 357909 nömrəli, 02 noyabr 2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1126/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 22 sentyabr 2020-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 188 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Abbasov”, qadına “Abbasova” soyadı verilmişdir. 30 sentyabr 2022-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2587/2021 tarixli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə borclu Cavabdeh 2145 (iki min yüz qırx beş) manatdan 545 (beş yüz qırx beş) manatı almışdır. Bugünkü günə onun pay bölgüsündən cəmi 1600 (min altı yüz) manat borcu qalmışdır. 28 noyabr 2022-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2587/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə borclu Cavabdeh 1600 (min altı yüz) manatdan 400 (dörd yüz) manatını almışdır. Bugünkü günə onun pay bölgüsündən ona cəmi 1200 (min iki yüz) manat borcu qalmışdır. 10 yanvar 2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2587/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə borclu Cavabdeh 1200 (min iki yüz) manatdan 200 (iki yüz) manatını almışdır. Bugünkü günə onun pay bölgüsündən ona cəmi 1000 (min) manat borcu qalmışdır. 26 yanvar 2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2587/2021 tarixli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə borclu Cavabdeh 1000 (min) manatdan 200 (iki yüz) manatın almışdır. Bugünkü günə onun pay bölgüsündən 800 (səkkiz yüz) manat borcu qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Məhkəmə kollegiyasında müəyyən edildi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1126/2020 nömrəli, xx.xx.2020- ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi müəyyən olumuşdur. Cavabdeh 230 nömrəli Hərbi Hissədə elektrik montyoru vəzifəsində çalışmaqla, 466,90 manat əmək haqqı alır. Bundan başqa, o, yeni ailə qurmaqla, yoldaşı da hamilədir. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsassız sayaraq, qeyd edir ki, o, həm iddia ərizəsinə, həm apellyasiya şikayətində cavabdehin yüksək gəlirlərə malik olmasına dair heç bir sübut növü əlavə etməmişdir. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, alimentin məbləği müəyyən edilərkən onların da maddi və ailə vəziyyəti nəzərə alınmalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən, aliment ödəməyən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Aliment ödəyən şəxsin maddi imkanı üçün ödənilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına zəmin yaradacaqdır. Digər tərəfdən, məhkəmə kollegiyasının cavabdehn dəlillərini əsassız sayaraq qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borcludular. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1758/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, alimentin artırıldığı məbləğin bir il ərzində olan məcmusu ilə iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1758/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar