Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1751/2023 01.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(125)-2300/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, Gəncə Apellyasiya Məhkəməsinin binasında, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 8966,93 manat əsas, 4720,96 manat faiz borcu olmaqla, cəmi 13687,89 manat borcun, 0,40 manat xidmət haqqının və 131,07 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əsas kredit müqaviləsi üzrə Bank tərəfindən borcalana 100000 manat 120 ay müddətinə kredit ayrılmış, xx.xx.2020-ci il tarixli əlavə kredit müqaviləsi üzrə isə borcalana 24 ay müddətinə illik 25% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Bank ilə Zamin arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən borcalan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə Zamin qismində öz üzərinə məsuliyyəti götürmüşdür. Lakin, cavabdeh müqavilə şərtlərini yetirməyərək, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(125)-2300/2023 saylı qətnaməsi ilə (hakim X.Səfərli) iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 8966,93 manat əsas, 4720,96 manat faiz borcu olmaqla, cəmi 13687 (on üç min altı yüz səksən yeddi) manat 89 (səksən doqquz) qəpik, xidmət haqqının əvəzi kimi 40 (qırx) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 131 (yüz otuz bir) manat 07 (yeddi) qəpik pulun tutularaq, "xxxx" KB ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(125)-2300/2023 saylı qərardadı ilə Zamin münasibətdə iş üzrə icraata xitam verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Gəncə Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(125)-2300/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, mühasibatlıq ekspertizası təyin edilməklə ekspertin təyin etdiyi məbləğə uyğun qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Unibank"KB ASC ilə arasında sözügedən müqavilə bağlanmış və bank ona 10000 manat kredit vermiş və onun da hazırda banka borcu yaranmışdır. Lakin onun bankın tələb etdiyi məbləğdə burcu qalmamışdır. Çünki krediti götürdükdən sonar bir necə ay stabil olaraq aylıq müəyyən edilmiş məbləği tam olaraq ödəmişdir. Təxminən 4-5 ay ödəniş etdikdən sonra bütün dünya ölkələrində pandemiyanın və daha sonra ölkədə baş verən Vətən müharibəsinin olması nəticəsində aylıq ödənişlərini tam edə bilməmişdir. Buna baxmayaraq, bir necə ay aylıq ödənişini tam edə bilməsə də müəyyən məbləğdə ödənişlər etmişdir. Lakin bank etdiyi ödənişləri nəzərə almamışdır. Bu azmış kimi müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyi halda bank iddianı məhkəmədə müqavilənin müddətinin bitməsindən bir ildən çox vaxt keçdikdən sonra qaldırmış və faiz borcunu kredit müqaviləsinin vaxtının bitdiyi tarixə yox, məhkəməyə iddianı verdiyi vaxta hesablamışdır. Beləliklə, bank ondan həm əsas, həm də faiz borcu üzrə artıq pul tələb etmişdir. Birinci instansiya məhkəməsi də bu halları araşdırmamış, ödənişlərini nəzərə almamış, əsas və faiz borcunun tam, düzgün hesablanılması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etməli olduğu halda bunu etməmiş və iddiaçının tələb etdiyı məbləği tam olaraq təmin etmişdir. Hesab edir ki, sözügedən qətnamə ləğv edilməli, əsas və faiz borcunun dəqiq, düzgün hesablanılması ücün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli və borcu tam olaraq müəyyən edilməli və həmin məbləğə uyğun olaraq qətnamə qəbul edilməlidir. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Mülki işdə olan sübutlar: "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əsas kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən borcalana 100000 manat 120 ay müddətinə kredit xətti ayrılmışdır. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 25% ödəmək şərtilə 10000 manat məbləğində borc pul verilmişdir. 01 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 01 fevral 2023-cü il tarixinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə olan borc məbləği, 8966,93 manat əsas, 4720,96 manat faiz borcu olmaqla, cəmi 13687,89 manat təşkil edir. Məhkəmə Eksperizası Mərkəzinin 03 oktyabr 2023-cü il tarixli, 9/6764 saylı eksper rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli əlavə kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 15 yanvar 2022-ci il tarixinə Cavabdeh iddiaçı "xxxx" KB ASC-yə olan borcuəsas borc üzrə 8989,84 manat, faiz üzrə 2997,01 manat olmaqla, cəmi 11966,84 manat təşkil edir. Ekspertiza tədqiqiatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və gəldiyi nəticə:
Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(125)-2300/2023 saylı qətnaməsi faiz məbləği hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh etdiyi ödənişlərin bəzilərinin nəzərə alınmadığını iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir ki, bununla da cavabdehin qeyd olunan apellyasiya şikayətinin dəlili əsassız hesab edilmişdir. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə 10000 manat məbləğində borc pul verilmiş, kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti 15 yanvar 2022-ci il tarixədək müəyyən edilmişdir. Öhdəliyin icrası müddəti 15 yanvar 2022-ci il tarixdə bitsə də iddiaçı tərəfindən öhdəliyin icrası müddəti bitdikdən sonrakı dövrədək, yəni 01 vevral 2023-cü il tarixədək faizlər hesablamış, birinci instansiya məhkəməsi də iddiaçı tərəfindən tələb edilən həmin faiz məbləği hissəsində iddia tələbini təmin etmişdir. Buna görə də məhkəmə kolllegiyası tərəfindən iş üzrə ekspertiza təyin edilmiş və əldə edilmiş ekspert rəyi ilə kredit müqaviləsi üzrə öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətək hesablanmalı olan faiz məbləğinin 2997,01 manat təşkil etməsi müəyyən edilmişdir. Halbu ki, birinci instansiya məhkəməsi kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək olan faiz məbləğləri hissəsində iddianı təmin etməli idi. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(125)-2300/2023 saylı qətnaməsi cavabdehdən tutulan 4720,96 manat faiz məbləği və buna müvafiq olaraq da tutulan cəmi 13687,89 manat borc məbləği hissəsində dəyişdirilməli, Cavabdeh 8966,93 manat əsas borc, 2997,01 manat faiz məbləği olmaqla, cəmi 11963,94 manat tutularaq, iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Gəncə Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(125)-2300/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(125)-2300/2023 saylı qətnaməsi fazi məbləği və cəmi məbləğ hissəsində dəyişdirilsin. İddia faiz məbləği hissəsində qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 8966,93 manat əsas borc, 2997,01 manat faiz məbləği olmaqla, cəmi 11963,94 (on bir min doqquz yüz altımış üç manat, 94 qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 131,07 (yüz otuz bir manat, 7 qəpik) tutularaq, iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 60 (altımış) manatı Cavabdeh, 40 (qırx) manatı isə iddiaçı "xxxx" KB ASC-dən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.