Məhkəmə qərarları › İş №2(104)-1752/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1752/2023

20.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1752/2023 20.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Ələsgər oğlu və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kompensasiya ödəməklə cavabdehlərin uşağı ilə birlikdə iddiaçının evində olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Məmmədov Ədil İsa oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödəməklə cavabdehlərin uşağı ilə birlikdə iddiaçının evində olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(125)-240/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 20 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********29-05101-093054 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakı Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanı tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1946-cı il təvəllüdlü İddiaçı, xx.xx.1998-ci il təvəllüdlü X2, xx.xx.2000-ci il təvəllüdlü X1 şəhəri, Məhrəsə bağı massivi, ev 16, mənzil 30 ünvanında qeydiyyatdadırlar.

3. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-194/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 Aydın qızı, Cavabdeh1 və X3 qarşı istifadə hüququna kompensasiya ilə xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair ilk iddianın rədd edilməsi, Cavabdeh1 İddiaçı qarşı evin mülkiyyət hüququnun ona verilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2149/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-194/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid – İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Aydın qızına və X3 qarşı istifadə hüququna kompensasiya ilə xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair ilk iddiasının rədd edilməsi-hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1946-cı il təvəllüdlü İddiaçı, xx.xx.2000-ci il təvəllüdlü X1 şəhəri, Məhrəsə bağı massivi, ev 16, mənzil 30 ünvanında qeydiyyatdadırlar.

6. AZ-İİ seriyalı, 261111 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X8 arasında nikah 16 mart 2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 mart 2018-ci il tarixdə 609 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Ələkbərov”, arvada “Ələkbərova” soyadı verilmişdir.

7. AZ-İV seriyalı, 392207 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 25 dekabr 2019-cu il təvəllüdlü X5 doğulmuşdur. Valideynləri atası – Cavabdeh1, anası – Cavabdeh2dır.

8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 mart 2023-cü il tarixli, 01/23-055 nömrəli rəyindən görünür ki, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin bazar qiymət 70000 (yetmiş min) manat, aylıq icarə haqqı isə 320 (üç yüz iyirmi) manat təşkil edir. Ekspertizanın keçirilməsi üçün müəyyən edilən 400 (dörd yüz) manat xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödəməklə cavabdehlərin uşağı ilə birlikdə iddiaçının evində olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9000 (doqquz min) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsinə və mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11000 (on bir min) manat kompensasiya verməklə xüsusi mülkiyyətində olan ünvan 1-dan istifadə hüququna xitam verilməsi və onların uşaqları İbrahim ilə birlikdə həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Məhrəsə bağı, ev 16da yerləşən 30 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Mənzil 3 yaşayış otağından, hamamdan və dəhlizdən, ayaq yolundan ibarətdir. Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə gəlinidir. X5 isə nəvəsidir. Cavabdehlər Cavabdeh1 və gəlin Cavabdeh2 onu yaşadıqları mənzildə yola vermirlər və tez-tez aralarında söz-söhbət, narazılıq olduğu üçün dəfələrlə polisə müraciət etmişdir. Hazırda həmin mənzildə birgə yaşamaqları qeyri-mümkündür. Odur ki, o, hüquqları pozulduğundan kompensasiya verməklə cavabdehlərin ona məxsus Gəncə şəhəri, Məhrəsə bağı, ev 16-da yerləşən 30 saylı mənzildə olan istifadə hüquqlarına məhkəmə yolu ilə xitam verilməsini istəyir. Cavabdehlər Cavabdeh1 və gəlin-Cavabdeh2 yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməsini istəmirlər və notariat qaydasında razılaşma vermirlər. O, özünün hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün 9000 (doqquz min) manat pul verir və belə hesab edir ki, bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradar. İddia ərizəsinə əlavə etdiyi Gəncə şəhəri Əmlak Münasibətləri və Hüquqi yardım MMC-nin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin bazar qiyməti hazırda təxminən 42000-45000 manat, həmin şəraitdə olan boş evlərin aylıq kirayə haqqının isə məbləği isə təxminən 100-120 manat təşkil edir.

12. Gəncə Şəhər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(125)-240/2023 nömrəli qətnaməsi (hakim Zaman İmanov) ilə, iddianın təmin edilməsi, İddiaçı tərəfindən cavabdehlərə 11000 (on bir min) manat məbləğində kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, xx.xx.2019-cu il təvəllüdlü azyaşlı uşağı X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları, hazırkı qətnamə, mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma ilə kompensasiyanın ödənilməsi eyni vaxtda icra edilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 110 (bir yüz on) manat dövlət rüsumu və məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndiricinin) ekspertizasının keçirilməsi üçün müəyyən edilən 400 (dörd yüz) manat xidmət haqqı İddiaçı aid edilməsi qət edilmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2, 152, 152.5 və 228.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 107, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(125)-240/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və kompensasiya məbləğinin 30.000 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mübahisəli evin bazar qiyməti 60000-70000 manat təşkil edir. 2018-ci ildə o evi təmir etdirmişdir. Həmçinin, himayəsində azyaşlı uşağı vardır. İddiaçı ona 30.000 manat kompensasiya verəcəyi təqdirdə razı olacaqdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, o, 11.000 manat kompensasiya ilə razı olmadığını, apellyasiya şikayətində 30.000 manat kompensasiya tələb etdiyini, hazırda isə 20.000 manat kompensasiya ilə razı olduğunu bildirmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini qismən əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin təyin etdiyi 11.000 manat məbləğində olan kompensasiyanı artıraraq 14.000 manat kompensasiya ödəməyə razı olduğunu bildirmişdir. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini qismən əsassız hesab edərək və iddiaçının göstərdiyi xüsusatları təsdiq edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin təyin etdiyi 11.000 manat məbləğində olan kompensasiyanın iddiaçı artıraraq 14.000 manat məbləğində ödəməyə razı olduğunu bildirmişdir.

20. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

21. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

25. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

26. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

“R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarı

29. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı

30. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir.

31. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

36. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;

Apellyasiya baxışının hədləri

38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

41. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində yalnız kompensasiya məbləğini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız Cavabdeh1 münasibətdə kompensasiya məbləği hissəsində yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi təyin edilmiş kompensasiya məbləği hissəsində dəyişdirilməlidir.

43. Beləliklə, işin halları ondan ibarətdir ki, ünvan 1 ünvanı ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********29-05101-093054 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakı Dövlət Reyestrindən Çıxarışa əsasən tam pay olaraq İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh1 İddiaçı oğlu, digər Cavabdeh2 isə iddiaçının gəlinidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi olaraq nikaha daxil olmuş, onların birgə ailə münasibətlərindən İbrahim Ələkbərov adlı uşaqları dünyaya gəlmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 uşaqları ilə birlikdə mübahisəli evdə iddiaçı ilə birlikdə yaşayırlar. Cavabdehlər ilə aralarında olan münaqişələr səbəbindən, iddiaçı cavabdehlərin yaşayış sahəsindən olan istifadə hüququna kompensasiya verilmək yolu ilə xitam verilməsini istəyir. İddiaçı yaşayış sahəsində istifadə hüququna xitam verilməsi müqabilində, cavabdehlərə 11000 manat kompensasiya təklif etmişdir. Hesab edir ki, bu məbləğ cavabdehlərin ünvan 1 ünvanına olan tələbatının müəyyən müddət daxilində və davamlı olaraq təmin etmək baxımından yetərli məbləğdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək, onun himayəsində azyaşlı uşağının olduğunu, hazırda yaşadığı mənzilə uyğun şəraitə malik olan mənzildə kirayəçi kimi yaşaması üçün iddiaçının ona 30000 manat (məhkəmədə isə 20.000 manat) kompensasiya verəcəyi təqdirdə onunla razılaşacağını bildirmişdir.

44. Belə ki, iddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçının tələbi kompensasiya institundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsindən, yəni cavabdehlərə müvafiq kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsindən ibarətdir.

45. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir.

46. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehlərə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehlərin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

47. İşin mübahisə olunmayan hallarına görə ünvan 4 ünvanda yerləşən mənzil xx.xx.2020-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh1 iddiaçının oğlu və Cavabdeh2 isə iddiaçının gəlinidir.

48. İddiaçı cavabdehlərlə bir mənzildə yaşamaqlarının mümkün olmadığına görə cavabdehlərə cəmi 11000 (on bir min) manat kompensasiya verilməklə onların evə istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir.

49. Cavabdeh tərəf isə iddiaçının təklif etdiyi 11000 (on bir min) manat kompensasiya məbləği ilə razı deyil. Etirazlarının əsası kimi onu göstərirlər ki, himayəsində azyaşlı uşağının olduğunu, hazırda yaşadığı mənzilə uyğun şəraitə malik olan mənzildə kirayəçi kimi yaşaması üçün iddiaçının ona 30.000 kompensasiya verəcəyi təqdirdə onunla razılaşacağını bildirmişdir.

50. Məhkəmə kollegiyası, eyni zamanda cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan mənzildən kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma barədə tələbə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

51. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.

52. Göründüyü kimi, Azərbaycan Respublikasının MM-in 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır.

53. Konstitusiya Məhkəməsinin mövqeyinə görə kompensasiya məbləği mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni, mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır.

54. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, kompensasiya almaq hüququ yaşayış sahəsinin istifadəçisinə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etməyə əsas vermir. Bununla belə, mənzilin mülkiyyətçisi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə (şəxslərə) onun (onların) istifadə hüququna xitam verilməsi üçün elə məbləğdə kompensasiya verməlidir ki, həmin kompensasiya istifadəçiyə (istifadəçilərə) müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona (onlara) xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Tərəflər (mülkiyyətçi və istifadəçi) kompensasiyanın məbləği barədə razılığa gələ bilmədikdə həmin məbləğ məhkəmə tərəfindən müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

55. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır.

56. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməmişdir. Eləcə də, mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur.

57. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı).

58. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləğinin yetərli olub-olmamasını tam və ətraflı yoxlamamış, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməmiş, işdə olan sübutları düzgün qiymətləndirməmişdir.

59. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin normalarını nəzərə alaraq hesab edir ki, təklif olunmuş 11.000 manat kompensasiya cavabdehlərə və onların azyaşlı övladına davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir.

60. Konstitusiya Məhkəməsi qeyd edilən qərarında, həmçinin göstərmişdir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür.

61. İddiaçı apellyasiya icraatı zamanı kompensasiyanın məbləğini dəyişərək, 14.000 manat təklif etmişdir.

62. Məhkəmə kollegiyası tərəfindən iddiaçının cavabdehlərə verə biləcəyi maksimum kompensasiya məbləği müəyyənləşdirildikdən sonra, iddiaçı tərəfindən təklif edilmiş 14.000 manat məbləğində kompensasiya verilməklə cavabdehlərin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsini ədalətli və qanunauyğun hesab etmişdir. Həmçinin, həmin məbləğ mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından hər iki tərəfin mənafeyinə uyğundur.

63. Məhkəmə kollegiyası tərəfindən təklif edilmiş kompensasiya məbləğinə münasibətdə qeyd olunur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

64. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.

65. Göründüyü kimi, hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur.

66. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. Məhkəmə bu qənaətə gələrkən Mülki Məcəllənin 228-ci maddəsini və həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair" 27 may 2008-ci il tarixli və "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 26 sentyabr 2007-ci il tarixli qərarlardakı hüquqi mövqeləri rəhbər tutmuşdur. Həmin qərarlardakı hüquqi mövqelər isə ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir.

67. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq, dövlət tərəfindən bərabər müdafıə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafıəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır.

68. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin qərarlarını rəhbər tutmaqla, ödəniləcək kompensasiyanın məbləği ilə bağlı həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

69. Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, yaşayış sahəsindən istifadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət etməlidir.

70. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. Belə ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehlərə yaşadığı ərazidə ağlabatan müddət ərzində əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməklə yanaşı, hətta özünə məxsus ev əldə etməsi üçün əhəmiyyətli maddi dəstəkdir. Belə ki, cavabdehlərin yaşadığı ərazidə üç otaqlı evin 70.000 manata olduğu müəyyən edilmişdir.

71. Məhkəmə kollegiyası cavabdeh tərəfin evdən çıxmaları müqabilində iddiaçı tərəfindən apellyasiya şikayətində 30.000 manat, məhkəmə kollegiyasının iclasında isə 20.000 manat verəcəyi halda razı ola biləcəyinə dair arqumentlərini isə məhkəmə ədalətli hesab etməmişdir. Belə ki, cavabdeh əmək qabiliyyətli olmaqla, işləməklə gəlir əldə etmək və nəticədə özünə ev almaq imkanları mövcuddur. Bundan başqa iş materiallarında olan mütəxəssis rəyinə əsasən mübahisəli evin bazar dəyəri təxminən 70.000 manat təşkil edir ki, 30.000 manat kompensasiya məbləği demək olar ki, evin dəyərinin yarısına yaxın məbləğ edir. Cavabdeh1 isə mübahisəli evdən çıxmaları qarşılığında iddiaçıdan əvvəl 30000 manat, hazırda isə 20.000 manat kompensasiya məbləği tələb edirlər ki, bu isə evə istifadə hüququ olan şəxslərin hüquqularının mülkiyyətçi hüquqlarından üstün olması anlamına gəlməklə, bu hal qanunvericiliyin tələbinə görə əsaslı hesab edilə bilməz.

72. Kollegiya bir daha qeyd edir ki, cavabdehlərə təklif olunan kompensasiya məbləği onların birlikdə davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər bir otaqlı yaşayış sahəsində yaşamağa imkan verməlidir. Yuxarıda qeyd olunan mütəxəssis rəyinə əsasən məhkəmə hesab edir ki, üç otaqlı evlərin aylıq kirayə haqqı orta hesabla 320 manatdan götürülsə, təklif olunan kompensasiya məbləği cavabdehlərə birlikdə təxminən 4 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir.

73. Belə ki, yuxarıda istinad olunan maddi hüquq normalarının tələbinə əsasən kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsi qənaətinə gəlmək üçün əsas deyildir. Mülkiyyətçi mülkiyyətində olan mənzilə istifadə hüququ olan şəxslərə kompensasiya ödəməklə sonda özü yaşayış sahəsindən məhrum olmamalıdır.

74. Kollegiya, həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər.

75. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

78. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi təyin edilmiş kompensasiya məbləği hissəsində dəyişdirilməlidir.

79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(125)-240/2023 nömrəli qətnaməsi - İddiaçı tərəfindən cavabdehlərə 11000 (on bir min) manat məbləğində kompensasiya verilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməsi - hissəsində dəyişdirilsin. İddiaçı tərəfindən cavabdehlərə ödənilməli olan kompensasiyanın məbləği 14.000 (on dörd min) manat müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar