Məhkəmə qərarları › İş №2(104)-1754/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1754/2023

10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1754/2023 10.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh Alızadə Əyyub Əlamdar oğlunun iştirakları ilə, Kəlbəcər Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(040)-832/2022 nömrəli qətnaməsindən cavabdeh Alızadə Əyyub Əlamdar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasına açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Alızadə Əyyub Əlamdar oğluna qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Alızadə Əyyub Əlamdar oğlundan 9200 (doqquz min iki yüz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(040)-832/2022 nömrəli qətnaməsi ilə (hakim H.Qəniyev) iddia təmin edilmiş, Alızadə Əyyub Əlamdar oğlundan 9200 (doqquz min iki yüz) manat məbləğdə pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Alızadə Əyyub Əlamdar oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(040)-832/2022 nömrəli qətnaməsinin ləğv olunması, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, həqiqi hərbi xidmətini başa vurduqdan sonra kiçik çavuş rütbəsi ilə müddətdən artıq həqiqi hərbi xidmət etmək üçün müqavilə əsasında xx.xx.2023-cü il tarixinədək müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmişdir. O, xidmət etdiyi müddətdə bir neçə dəfə İddiaçı 15 faiz ödəmək şərti ilə pul almışdır.Həmin vaxt İddiaçı ona bildirmişdir ki, kiməsə 1000 manat pul verəndə, 10 min manat pul verməsi barədə qəbz alır ki, onu incidən olanda artıqlaması ilə pulunu geri alsın. Sonuncu dəfə 2022-ci ilin may ayında Gəncə şəhərində məskunlaşan bibisi Xeyrinin xəstəxanada yatması ilə bağlı yenidən İddiaçı hər ay 15 faiz üstünü ödəmək şərti ilə 1050 manat pul almışdır. Borc əvəzində onun əmək haqqı kartı Sevdimalıda olmuşdur. 26 iyul 2022-ci ildə əmək haqqı kartını Sevdimalı Əsəsovdan götürən zaman ona borcu qalmamışdır. Məhkəmədə işə baxılmasından onun məlumatı olmamışdır. Belə ki, o, 2022ci ilin sentyabr ayının əvvəllərində ön xətdə xidmət etmiş, lakin məhkəmə onun iştirakının təmin edilməsi üçün xidmət etdiyi hərbi hissəsinin rəhbərliyinə məlumat verməmişdir. Əgər həqiqətən də, İddiaçı dediyi kimi ona 9200 manat borcu qalmış olsaydı Tərtər rayonunda yerləşən Kapitalbankın önündəki Mübarizin çay evində İddiaçı ilə görüşərək pulun ona tam olaraq ödənildiyini bildirən zaman faizi ilə birlikdə 1600 manat pul versəniz iddia ərizəmi geri götürəcəm deməzdi. Cavabdeh Alızadə Əyyub Əlamdar oğlu məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, iddiaçı ilə onun arasında pul borcu barədə söhbətlərini telefona yazmış və həmin yazının diskini apellyasiya şikayətinə əlavə etmişdir. Cavabdehin özü ona 1050 manat pul verməsini və qəbzə isə başqa məbləğ yazmasını bildirmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Kəlbəcər Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(040)-832/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, Kəlbəcər rayonu 127 saylı orta məktəbdə ibtidai metidika müəllimi işləyir. Cavabdeh 2022-ci ilin fevral ayında ondan 9200 manat borc pul almış və bu barədə heç bir təzyiq olmadan yazılı qəbz yazıb ona vermişdir. O, ümumiyyətlə faizə pul verməklə məşğul olur. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və Kəlbəcər Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(040)- 832/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfindən iş materillarına əlavə edilmiş səs yazısı olan 1 ədəd CD diski dinlənilmişdir. Həmin səs yazısı iddiaçı, cavabdeh və cavabdehin atası arasında arasında olan danışığıdır. Qeyd edilən diski dinləmə zamanı İddiaçı dediklərindən: “sırf bu işlə məşğulam. Belə ki, elə oğlanlar var ey, özü bilir. Bir milyon oğlan məndən yazıb. Bir milyon yerə də gedib, sonda hara verir versin, mən deyənlə razılaşırlar. Hara gedir getsin... Oğlun 1050 manat pul alıb... Mən 1000 manat verəndə 10.000 manat yazdırıram... Belə də, məhkəmədə o sözü deyəcək...Kiminsə qolunu qırıb yazdırmıram, kimisə aldadıb yazdırmıram, kimisə məcbur etmirəm... Mən sənə pulu 15-lə yox 10-la vermişəm. Yazdığın kağızı da bilirsən da. Mən o qaydada da məhkəməyə göndərmişəm. Məhkəmənin də səlahiyyətində deyil ona qətnamə çıxarmıya. O məhkəmə onu eləmiyə bilməz. Onun başı üçün deyil, eləmiyə bilsin...Aldığın 1050 manat və bir də üstünü də gətir... Sənin kimisi 120 dənədi... İddiaçı bildirir ki, səs yazısı ona aiddir. Lakin səs yazısı gizili aparıldığından sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(040)-832/2022 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdeh Alızadə Əyyub Əlamdar oğlundan 1050 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin məhkəmə araşdırılmasının onun iştirakı olmadan aparılması və çəkişmə prinsipinin pozulması barədə dəlillərini araşdıraraq, hesab edir ki, həmin dəlillər əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 9.1-ci maddəsində qeyd edilir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 135.1-ci maddəsinə görə, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə görə, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 387.2, 387.2.2-ci maddələrinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddia tələbinə məhkəmədə baxıb qərar qəbul edərkən, cavabdeh Alızadə Əyyub Əlamdar oğlunun məhkəmədə iştirakının təmin edilməsi üçün ona işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq etməmiş və işə onun iştirakı olmadan baxılıb nəticə verilmişdir. Belə ki, cavabdeh Alızadə Əyyub Əlamdar oğlu hərbçi olmaqla, N saylı hərbi hissədə xidmət etdiyi halda və iddia ərizəsində həmin hərbi hissəsinin ünvanı kimi Goranboy Rayonu Goran qəsəbəsi göstərildiyi halda, cavabdeh müvafiq məhkəmə bildirişi həmin hərbi hissəyə yox, onun məskunlaşdığı Goranboy Rayonu Qaxtut kəndinə göndərilmişdir. Onun xidmət etdiyi hərbi hissənin rəhbərliyi vasitəsilə müvafiq bildirişin ona çatdırılması üçün heç bir tədbir görülməmiş və nətəcə etibarı ilə onun iştirakı olmadan işə məhkəmə tərəfindən baxılaraq, tərəflərin çəkişmə, hüquq bərabərliyi prinsipi və məhkəmə baxışının ümumi müddəalarına əməl etməmişdir ki, bununla da mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmuşdur. Qeyd edilən hallar isə MPM-nin 387.2 və 387.2.2-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsinə əsas verir. Ona görə də, Kəlbəcər Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(040)- 832/2022 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan X1 tərəfindən əlyazma ilə yazılmış və imza edilmiş qəbzdən görünür ki, X1 problemi yarandığı üçün İddiaçı 9200 manat məbləğində borc almış, pulun əvəzinə şəxsiyyət vəsiqəsinin sürətini vermiş və pulu qaytarmadığı təqdirdə borcverənə istənilən orqana və məhkəməyə müraciət etməsinə etiraz etmədiyini bildirmişdir. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Alızadə Əyyub Əlamdar oğlu 9200 manat məbləğində borc almasını qəbzdə göstərmiş və imzası ilə təsdiq etmişdir. Lakin borcu qaytarmamış və götürdüyü öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası MM-nin: 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan ) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, iş materiallarında olan X1 tərəfindən əlyazma ilə yazılmış və imza edilmiş qəbzə əsaslanmışdır. Cavabdeh Alızadə Əyyub Əlamdar oğlu iş materiallarında olan qəbzin həqiqiliyini mübahisələndirmiş, bildirmişdir ki, iddiaçı ilə onun arasında pul borcu barədə söhbətlərini telefona yazmış və həmin yazının diskini apellyasiya şikayətinə əlavə etmişdir. Cavabdehin özü ona 1050 manat pul verməsini və qəbzə isə başqa məbləğ yazmasını bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarına əlavə edilmiş səs yazısı olan 1 ədəd CD diski dinlənilmişdir. Həmin səs yazısı iddiaçı, cavabdeh və cavabdehin atası arasında arasında olan danışığıdır. Qeyd edilən diski dinləmə zamanı İddiaçı dediklərindən: “sırf bu işlə məşğulam. Belə ki, elə oğlanlar var ey, özü bilir. Bir million oğlan məndən yazıb. Bir million yerə də gedib, sonda hara verir versin, mən deyənlə razılaşırlar. Hara gedir getsin... Oğlun 1050 manat pul alıb... Mən 1000 manat verəndə 10.000 manat yazdırıram... Belə də, məhkəmədə o sözü deyəcək...Kiminsə qolunu qırıb yazdırmıram, kimisə aldadıb yazdırmıram, kimisə məcbur etmirəm... Mən sənə pulu 15-lə yox 10-la vermişəm. Yazdığın kağızıda bilirsən da. Mən o qaydada da məhkəməyə göndərmişəm. Məhkəmənin də səlahətində deyil ona qətnamə çıxarmıya. O məhkəmə onu eləmiyə bilməz. Onun başı üçün deyil, eləmiyə bilsin...Aldığın 1050 manat və birdə üstünü də gətir... Sənin kimisi 120 dənədi... Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış borc müqaviləsi ilə əlaqədar cavabdeh Alızadə Əyyub Əlamdar oğlunun İddiaçı 1050 manat borcu yaranmışdır. Belə ki, dinlənilən səs yazısında İddiaçı faizə pul verməklə məşğul olduğunu, faizə 1000 manat verib, qəbzə 10.000 manat yazdırdığını, cavabdehə əslində 1050 manat borc verməsini təsdiq edir. İddiaçı həmin səs yazısı gizli yazıldığından, sübut kimi qəbul oluna bilməz kimi dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxslər arasındakı telefon danışıqlarının bu söhbətdə iştirak edən (tərəf müqabili olan) biri tərəfindən yazılması və mübahisə halında onlardan məhkəmədə sübut kimi istifadə olunması müvafiq şərtlər daxilində mümkündür. Belə ki, gizli yolla əldə edilmiş səs yazısından sübut kimi istifadənin yolverilməzliyi, əslində şəxsi həyatın gizliliyini qorumaq ehtiyacından irəli gələn bir qaydadır. Bu qayda, əsas etibarı ilə şəxsi həyata müdaxilə edilməklə, sirr təşkil edən məlumatların başqaları tərəfindən qanunsuz şəkildə ələ keçirilməsinin və istifadəsinin qarşısının alınmasına xidmət edir. Bununla bağlı qeyd olunmalıdır ki, qeydə alınan məlumatlar, səsi yazılan tərəfin şəxsi həyatının gizli bir sahəsi olmayıb, bu danışığı qeydə alan biri ilə mübahisəli münasibətləri (borc və s.) barədə ifadə etdiyi fikirlərdirsə, həmin bəyanların sonradan təkzib olunacağı ehtimalı ilə yazılması özü-özlüyündə qanunsuz hərəkət hesab edilə bilməz. Çünki, bu halda şəxs başqasını gizli şəkildə dinləmiş və ya onun sirr xarakterli danışıqlarını yazmaqla şəxsi həyatı haqqında məlumat toplamış sayılmır. Bu zaman səsi yazıya alan, məhz özü ilə əlaqəli olan bir hadisədə qarşı tərəfin şifahi şəkildə ona etdiyi etirafı və ya digər bəyanı (məsələn, borcunu qaytaracağını) fiksə etmiş olur. Söhbətin bir tərəfi də elə yazını aparan şəxs olduğu üçün o, həm də mübahisəli məsələ ilə bağlı öz şəxsi həyatına dair bir məqamı qeydə almış sayılır. Bu baxımdan şəxsin iştirak etdiyi söhbəti mübahisə halında sübuta yetirə bilməsi üçün yazması və bu yazıdan məqsədi xaricində deyil, məqsədinə uyğun bir şəkildə istifadə etməsi (məsələn, qarşı tərəf təklikdə etdiyi borc etirafını sonradan təkzib etdikdə yazını məhkəməyə təqdim etməsi), sözügedən qeydlərin qanunsuz sübut sayılmasını istisna edir. Beləliklə, başqa şəxs(lər)lə olan telefon danışığının deyil, tərəflərin özləri arasında, özü də mübahisəli hüquqi münasibətlə bağlı söhbətin yazısının həmin mübahisənin həllində istifadə olunması MPM-nin 76.3-cü maddəsindəki qadağanın məqsədi xaricindədir. Bu şərtlər çərçivəsində səs yazılarının sübut kimi qəbul olunmaması, əsas hədəfi insan hüquq və azadlıqlarının qorunması olan bir qaydadan məqsədinə zidd, yəni insan hüquqlarının pozulması ilə nəticələnəcək şəkildə istifadə edilməsi anlamına gəlir. Belə ki, bəzi hallarda qarşı tərəfin etirafını gələcəkdə danması ehtimalına qarşı şəxsin yeganə sübutetmə vasitəsi olan səs yazısından istifadə edə bilməməsi maddi həqiqətin nəzərə alınmamasına səbəb olur. Halbuki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır.Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir.Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən də göründüyü kimi tərəflər arasında baş tutmuş telefon danışıqlarının onlar arasında məhz həmin məsələyə dair yaranmış mübahisənin həllində istifadəsi qanunla icazə verilən hal kimi qiymətləndirilməlidir. Belə olan halda, həmin danışıqlara dair səs yazıları MPM-nin 76.3-cü maddəsi baxımından qanunu pozmaqla əldə edilmiş sübut hesab edilə bilməz. Cavabdeh Alızadə Əyyub Əlamdar oğlu aldığı borcunu tam qaytarmasını bildirsə də, bu barədə məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(040)-832/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdeh Alızadə Əyyub Əlamdar oğlundan 1050 manat (min əlli) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qətnamədən cavabdeh Alızadə Əyyub Əlamdar oğlu kassasiya şikayəti verilə bilməz, İddiaçı isə kassasiya şikayəti verə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 382, 384, 392-393 və 402-407-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(040)-832/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Alızadə Əyyub Əlamdar oğlundan 1050 manat (min əlli) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən İddiaçı qətnamənin ona rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Cavabdeh Alızadə Əyyub Əlamdar oğlu qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar