Məhkəmə qərarları › İş №2(104)-1756/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1756/2023

17.07.2023 · Sair mülki iş - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1756/2023 17.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış cərimə borcunun silinməsi tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(045)-439/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 17 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 05 noyabr 2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan G-4 markalı ******* nömrəli sayğac yenisi ilə əvəz olunmuşdur.

2. Metrologiya Departamenti G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınması, barabanın öz oxundan çıxması və hesablama mexanizminin iş prinsipinə maneə törədilməsinin mümkünlüyü, eləcədə sayğacın istismara yararsız olması barədə rəy vermişdir.

3. Abonentin saldosundan görünür ki, İddiaçı 2058,50 manat cərimə hesablanmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Goranboy Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 2058,50 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Goranboy rayonu Faxralı kəndində qeydiyyatdadır və uzun illərdir Rusiya Federasiyasına gedib gəlir. 2022-ci ilin noyabr ayında ailəsi ilə birlikdə Rusiyadan 15 günlük evə gəlmiş və təbii qazın kəsildiyini bilmış, ona görədə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları ilə əlaqə saxlayarkən məlum olmuşdur ki, təbii qazın verilməsi kəsilmişdir. Sayğac tələb edərkən evinə sınmış sayğacın yerinə yeni sayğac quraşdırmışlar və bu barədə akt tərtib edilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 05 noyabr 2022-ci il tarixli ******* nömrəli akt tərtib olunan zaman sayğacın naməlum şəxslər tərəfindən sındırıldığı qeyd edilmişdir. Həmçinin yeni sayğacın quraşdırılması üçün 95 manat ödəmişdir. Buna baxmayaraq sonradan 2058 manat borc hesablanmışdır. Halbu ki, həmin dövrdə evdə olmamışlar və təbii qazdan istifadə edilməmişdir.

6. Goranboy Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(045)-439/2023 nömrəli qətnaməsi ilə (hakim T.Məmmədov) iddia tələbi təmin edilərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçı İddiaçı hesablanmış 2058,50 manat məbləğində borc silinməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 8, 9 maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3, 40-220, 233, 358, 360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Beləki, iş materiallarına əlavə olunmuş ekspert rəyi və qaz sayğacın dəyərinin abonent tərəfindən ödənilməsi nəzərə alınmamışdır. Aktda sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınması göstərilmişdir. Borcun bir hissəsi sayğacın göstəricilərinə uyğun, digər hissəsi isə sayğacın işləmədiyi 90 gün üçün hesablanmışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “Azəriqaz” İB-tərəfindən abonent İddiaçı hesablanmış 2058,50 manat borcu silməkdə düzgün nəticəyə gəlmişdir.

28. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğac yenisi ilə əvəz edilmiş və Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 05 noyabr 2022-ci il tarixli ******* nömrəli akt tərtib olunmuşdur. Sonradan sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınması, barabanın öz oxundan çıxması əsası ilə abonentə 2058,50 manat cərimə hesablanmışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxam birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

30. Bu qətnamənin 28-ci bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyil.

31. “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayətində silinməsi tələb olunan 2058,50 manat borcun bir hissəsinin 2022-ci ilin noyabr ayında qaz sayğacının göstərici əsasında hesablanmış borc olduğunu qeyd etsədə, lakin işin 13-cü vərəqində olan abonentin saldosundan müəyyən olunur ki, 2022-ci ilin oktyabr ayınadək olan dövrlər üzrə ayın sonuna borc qalmamışdır. 2022-ci ilin noyabr ayında isə ayın sonuna borc 2058,50 manat göstərilmişdir. Bu da onu deməyə əsas verir ki, abonentin saldosunda qeyd olunan 2058,50 manat akt əsasında hesablanmış borcdur.

32. Abonentin istifadəsində olan sayğaca məhz onun tərəfindən müdaxilə olunması, yəni sonuncunun qanuna zidd hərəkətləri nəticəsində sayğaca hər hansı bir müdaxilə edilməsi iş materialları ilə təsdiq olunmur, eləcədə “Azəriqaz” İstesalat Birliyi bu barədə hər hansı bir möhtəbər sübut məhkəməyə təqdim etməmişdir.

33. Halbu ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(045)-439/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar