Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1759/2023 25.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə Açar sözlər: Əsassız hesablanmış borcun silinməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-669/2023 saylı mülki iş üzrə 12 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. Göygöl rayonu, Mollacəlilli kəndində qeydiyyatdadır.
2. İş materiallarında olan Cavabdeh İB Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 24 fevral 2023-cü il tarixli ******* nömrəli Aktın surətindən görünür ki, baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyd kimi İTRİ-nin MSK-29/1710- 04874-1 nömrəli rəyinə əsasən hesablanma mexanizmi keçən qazın həcmini qeyd etmir.
3. İşdə olan xx.xx.2023-cü il tarixli Abonentin saldosundan görünür ki, abonent İddiaçı 2023-cü ilin fevral ayının sonua olan borcu 518.40 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən istifadə edilmiş qaza görə qeyri-qanuni yazılmış 518.40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Göygöl rayonu, Mollacəlilli kəndində özünə məxsus yaşayış evi vardır. Qeyd olunan yaşayış evində kommunal xidmətlərə görə sayğaclar quraşdırılmış, o cümlədən təbii qaza görə də qaz sayğacı quraşdırılmışdır. 23 fevral 2022-ci iləd iddiaçıya məxsus müddəti keçmiş qaz sayğacı dəyişdirilmişdir.Həmin gündə iddiaçıya məxsus G-4 markalı, **********12 nömrəli qaz sayğacı Azəriqaz İB-nin işçiləri tərəfindən saz vəziyyətdə sökülərək yenisi ilə əvəz edilmişdir. Bu barədə akt da tərtib edilmişdir. Bundan bir il sonra ona qanunsuz və əsassız olaraq 518.40 manat cərimə yazılması məlum olmuşdur. O, səbəbini öyrənən zaman guya sayğaca müdaxilə etdiyi və sayğacın hesablama mexanizmini yararsız hala saldığı bildirilmişdir. Buna görədə qaz sərf olunsada ssərfiyyat qeydə alınmamışdır. Hesab edir ki, göstərilənlərin hamısı qanunsuz və əsassız yazılmışdır. Ona məxsus sayğac xx.xx.2022-ci il tarixdə dəyişən zaman heç bir problemi olmamışdır. Azəriqaz İB-noin əməkdaşları köhnə adı dəyişərək yenisi ilə əvəz edib və ona sayğaca müdaxilə ilə bağlı heç bir məlumat verilməmişdir. Ona sonradan xx.xx.2023-cü il tarixdə Azəriqaz İB-nin əməkdaşları tərəfindən akt tərtib edilmiş və 518.40 manat cərimə olunması məlum olmuşdur. Bu səbəbə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Göygöl Rayon Məhkəməsinin 2(066)-669/2023 saylı mülki iş üzrə 12 may 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı adına hesablanmış 518.40 manat pulun 345.60 manatının hesabdan silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-669/2023 saylı mülki iş üzrə 12 may 2023-cü il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 İstismarı İdarəsi tərəfindən İddiaçı yaşadığı Göygöl rayonu Mollacəlilli kəndində yaşadığı ünvana qaz sayğacı quraşdırılmışdır. Göygöl xidmət əməkdaşları tərəfindən sayğac sökülərək “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, №4569359 saylı Akt tərtib edilərək sayğac quraşdırıldığı yerdən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası”-nın rəyində qeyd edilmişdir ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi aşkar edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli №0307760 saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən itirilmiş təbii qazın hesabatı aparılmışdır. Hesabata əsasən Qaz işlədicilərdən G-4 markalı sayğacın nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla 4320m3 hesablanmışdır. Belə olan halda 4320m3 təbii qaz 0.12 qəpiyə vurularaq 518.40 manat hesablanmışdır. Bununla da abonentin Cavabdeh İB-nin X1 İstismarı İdarəsinə 518.40 manat borcu yaranmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya məhkəməsində icraat c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun:
11. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları:
12. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
13. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
14. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Tətbiq edilməli olan prosessual hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin;
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
16. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;
19. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
20. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
26. Məhkəmə kollegiyası göstərir ki, iş materiallarında İddiaçı borcunun olması barədə heç bir sübut yoxdur, həmçinin qaz sayğacında ortaya çıxmış problemin məhz onun təqsiri üzündən yaranması sübut edilmir.
27. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, irəli sürülən iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvinə əsas vermir.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticəetibarı ilə qanuni vəəsaslı qətnamə qəbul etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır.
29. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 5000 manatdan azdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-669/2023 saylı mülki iş üzrə 12 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.