Məhkəmə qərarları › İş №2(104)-1759/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1759/2024

30.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1759/2024 30.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)-92/2024 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)-92/2024 saylı qətnaməsi ilə (hakim N.Abbasov) iddia təmin edilərək “Azəriqaz” İB-nin Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 10 aprel 2023-cü il tarixli ******* №-li aktı ilə İddiaçı hesablanmış 1555,20 manat borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)-92/2024 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Lakin həmin apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 364.1-ci maddəsinin tələbinə riayət olunmadan, yəni cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə baxılmadan iş baxılması üçün apellyasiya instansiyası məhkməsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşdən görünür ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmənin xx.xx.2024-cü il tarixli 2(015)-92/2024 saylı qətnaməsindən apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə vermiş, eyni zamanda ərizə ilə müraciət edərək həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, bu halda məhkəmə ərizəyə baxaraq prosessual müddəti buna əsas olduğu halda bərpa edərək şikayəti baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli və ya da prosessual müddətin bərpa edilməsindən imtina edərək apellyasiya şikayətini geri qaytarmalıdır. Kollegiya həmçinin qeyd edir ki, MPM-in 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Cavabdehin apellyasiya şikayətindən görünür ki, şikayətdə 16,50 manat dövlət rüsumunun ödənildiyini qeyd edilmiş, lakin ödəniş sənədini şikayətə əlavə etməmişdir. Apellyasiya şikayətində isə dövlət rüsumunun ödənildiyi tarix kimi “xx.xx.2022-ci il” göstərilmişdir. xx.xx.2024-cü il tarixli 2(015)-92/2024 saylı qətnamədən xx.xx.2022-ci il tarixli ödəniş sənədi ilə rüsumun ödəlməsi mümkünsüzdür. Ola bilsin ki, həmin tarix səhvən göstərilmişdir. Ona görə də ödəniş sənədi tələb edilərək işə əlavə edilməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)-92/2024 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Beləliklə, Azərbaycan Respublikası MPM-in 366-368, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)-92/2024 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar