Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-176/2024 18.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı və qey. Cavabdeh qarşı «zəbt edilmiş gediş-gəliş yolunun açılması və tikilinin sökülməsi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, «zəbt edilmiş gediş-gəliş yolunun açılması və tikilinin sökülməsi» tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(061)-114/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Tərtər rayon İcra Hakimiyyəti başçısının aparatının Memarlıq və tikinti şöbəsinin xx.xx.2021-ci il tarixli, 3444 saylı məktubunda qeyd olunur ki, Tərtər şəhəri yaşayış məntəqələrinin xüsusi mülkiyyətə, bələdiyyəyə və dövlət mülkiyyətinə verilmiş torpaqların yerqurluşu planında İlham Allahverdiyev küçəsindən həyətyanı torpaq sahələrinin arasına daxil olan mövcud piyada gediş-gəliş yolu Cavabdeh həyətinin sərhəddində bitir. Belə ki, həmin gediş-gəliş yolunun Cavabdeh həyətindən keçib Cavanşir küçəsinə birləşməsi yuxarıda qeyd edilən yerqurluşu planında nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, mərkəzin elektron məlumat bazasında mövcud olan Tərtər şəhərinin kompleks yerqurluşu layihəsinə əsasən qərardadda mübahisələndirilən ərazidə, yəni Tərtər şəhəri, İ.Allahverdiyev küçəsi ilə Cavanşir küçəsini birləşdirən gediş-gəliş yolu nəzərdə tutulmamışdır və naturada mövcud deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd olunur ki, elektron məlumat bazasında mövcud Tərtər şəhəri ərazisində aparılan ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində və TEKUİS məlumat bazasında Tərtər şəhəri İ.Alahverdiyev küçəsi ilə Cavanşir küçəsini birləşdirən mübahisələndirilən gediş-gəliş yolu nəzərdə tutulmamışdır və hal-hazırda mövcud deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/6435 nömrəli ekspert rəyindən məlum olur ki, aparılmış tədqiqata əsasən elektron məlumat bazasında mövcud Tərtər şəhər ərazisində aparılan ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində və TEKUİS məlumat bazasında Tərtər şəhəri İ.Allahverdiyev küçəsi ilə Cavanşir küçəsini birləşdirən mübahisələndirilən gediş-gəliş yolu nəzərdə tutulmamışdır və hal-hazırda mövcud olmadığı göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı və X3 iddia ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh qarşı zəbt edilmiş gediş-gəliş yolunun açılması və yolda qanunsuz inşa edilmiş tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onunla və iddia ərizəsində göstərilən digər iddiaçıların qonşuluğunda Cavanşir küçəsi ev 6-da yaşayır. Əvvəllər onun və qonşuların cavabdehlə heç bir ədavətləri olmamışdır, qonşu kimi münasibətləri yaxşı olmuşdur. Lakin son vaxtlar cavabdehin onunla eyni zamanda qonşularla münasibəti pozulmağa başladı. Belə ki, Cavabdeh yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin İ.Allahverdiyev küçəsi ilə Cavanşir küçəsinin kəsişdiyi yerdə piyadalar üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun təxminən 25 metr hissəsini qanunsuz olaraq zəbt edərək yolu bağlamış və həmin yerdə tikili inşa etdirmişdir. Bu da ki, qonşuların haqlı narazılığına səbəb olmuşdur. Belə ki, həmin piyadalar üçün nəzərədə tutulmuş yol ilə onlar və digər qonşular xeyir-şər işlərində, Cavanşir və İ.Allahverdiyev küçələrinə, eləcə də Şəhriyar qəsəbəsinə gedən qısa qolla gedib-gələ bilmirlər. Uzun məsafə qət edirlər. Dəfələrlə cavabdehdən xahiş və tələb etsələr də o, tələblərinə qarşı qəti etiraz etmişdir və sonda bildirmişdir ki, həmin ərazi ona məxsusdur və istədiyi kimi həmin yerdən istifadə edə bilər. Ona görə də hüquqlarının müdafiəsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək qərarına gəldilər. Cavabdeh iddiaya dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tamamilə əsassızdır. Belə ki, iddiaçıların mübahisələndirdikləri ünvan 1 ünvanda yerləşən 0,06 hektar torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Bu hüququ Torpağın mülkiyyətə verilməsinə dair JN-348F kod 61101004 olan və JN-348G kod 61101004 olan şəhadətnamələrlə də təsdiq edilmişdir. Qeyd edir ki, mübahisələndirilən yaşadığı və hazırda mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi Bərdə rayon ZDS İcraiyyə komitəsinin 30 aprel 1964-cü il tarixli qərarı ilə Böyük Vətən müharibəsi veteranı olan atası X2 verilmişdir və atası tərəfindən həmin yaşayış evi və digər tikililər tikilmişdir. Mülkiyyətində olan torpaq sahəsində qanunsuz yaşayış evi və digər tikililər yoxdur, o, heç bir tikili inşa etməmişdir. Həmin tikililər o, hələ körpə olarkən tikilmişdir. Onun həyətyanı torpaq sahəsindən heç vaxt heç bir yol keçməmiş, oradan gediş-gəliş yolu olmamışdır. Bundan əlavə iddiaçılarla onun heç bir qonşuluğu yoxdur, o, heç bir qonşuluq hüququnu pozmamış, iddiaçıların istədikləri yerə getməyə yolları vardır. Onun həyətindən onlara aid yol keçmir və heç vaxt da keçməmişdir. İddiaçıların həyətləri və yolları tamam başqa istiqamətdədir. İddia ərizəsində göstərilənlər tamamilə yalandır. Göründüyü kimi iddia tamamilə əsassız və qanunsuz olub onun mülkiyyət hüquqlarının pozulmasına yönəldilmiş, ondan qisas almaq məqsədi ilə qaldırılmışdır. O, tənha qadındır, qoca və xəstə, həmçinin Böyük Vətən müharibəsi veteranının arvadı olan 81 yaşlı anası ilə birlikdə yaşayıb, ona baxır, heç kimə pislik etməmişdir. Lakin onları rahat yaşamağa imkan vermirlər. İddiaçılar iddia ərizəsini ona qarşı daim düşmənçilik edən atası Mahmud Əhmədovun nikahdan kənar doğulmuş oğlu X5 öyrətməsi ilə vermişlər. Adil Əhmədov 1976-cı ildən bu günə qədər ona qarşı düşmənçilik edir və bunu da düşmənçilik məqsədi ilə təşkil etmişdir. Hələ 2014-cü ildə də eyni plan üzrə həyətindən kanalizasiya xəttini keçirmək üçün məhkəmədə iddia qaldırmışdılar. Lakin Gəncə Apelyasiya Məhkəməsinin 09 sentyabr 2014-cü il tarixli 2(104)-1493/2014 nömrəli qətnaməsi ilə onların tələbləri rədd edilmişdir. X8 və digərləri 2016-cı ildə də ona qarşı iddia qaldırmışdılar. Lakin yenə iddia ərizəsində göstərdikləri təsdiq olunmadığı üçün iddia tələbindən imtina etməyə məcbur oldular və işə xitam verildi. Tərtər Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(061)-114/2022 saylı qətnaməsi ilə (hakim K.Rzayev) iddia tələbinin rədd edilməsi, iş üzrə iddiaçılar İddiaçı və X1 mütəxəssis rəyi ilə bağlı aparılmış tədqiqatın dəyəri olan 311 (üç yüz on bir) manat məhkəmə xərcinin alınıb Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların tələb etdiyi gedişgəliş yolu Tərtər şəhərinin kompleks yerqurluşu layihəsinə əsasən iddia ərizəsində mübahisələndirilən ərazidə, yəni Tərtər şəhəri, İ.Allahverdiyev küçəsi ilə Cavanşir küçəsini birləşdirən gediş-gəliş yolu nəzərdə tutulmamışdır və naturada mövcud deyildir. Məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, Cavabdeh yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin İ.Allahverdiyev küçəsi ilə Cavanşir küçəsinin kəsişdiyi yerdə piyadalar üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun təxminən 25 metr hissəsini qanunsuz olaraq onun tərəfindən bağlamış və həmin yerdə tikili inşa etdirmişdir. İddiaçı bu göstərdikləri barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olduğu üçün ləğv edilib iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh onun yaşadığı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin İ.Allahverdiyev küçəsi ilə Cavanşir küçəsinin kəsişdiyi yerdə piyadalar üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun 25 metr hissəsini qanunsuz olaraq bağlayıb orada tikinti inşa etmişdir. İşə baxan məhkəmə onun iddiasını rədd edərkən 7 saylı ərazi idarəsindən rəy alınmışdır ki, guya oradan piyada yolunun keçməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi işə baxan məhkəmə həm də iş üzrə mütəxəssis onun işə əlavə etdiyi 01 iyun 2021-ci il tarixli Tərtər Rayon Məhkəməsinin qətnaməsindən xəbəri yoxdur. Bu qətnaməyə əsasən onun iddiası üzrə cavabdeh olan Cavabdeh iddiası üzrə onun cavabdeh olduğu iş üzrə Cavabdeh iddiası təmin edilmiş, Tərtər şəhəri, Cavanşir küçəsi ilə İ.Allahverdiyev küçəsini birləşdirən gedişgəliş yolunun üstündə onun yolunun üstündə onun tərəfindən inşa edilmiş tikililərin onun hesabına sökülməsi yolun zəbtdən azad edilməsi qət edilmişdir. Məhkəmə iddianı rədd edərkən DƏDKR-nın Publk hüquqi şəxs 7 saylı Bərdə Ərazi idarəsinin rəyinə istinad etmişdir. Onda sual olunur 01 iyun 2021-ci ildə iddia üzrə cavabdehin iddiası təmin edilib yol zəbtdən azad olunanda orda yolun olması nəzərdə tutulur. Onun iddiasına gəldikdə isə orada yol nəzərdə tutulmur. Bu da mütəxəssis rəyinin əsassızlığını sübut edən amildir. Çox təəssüflər olsun ki, məhkəmə bu mütəxəssis rəyinə istinad etməklə iddiasını rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İş üzrə digər iddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi. 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. İddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 18.1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. 20.1. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. 20.2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşəpark, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri;. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 384.0.3. Apellyasiya instansiyası məhkəməsinin qətnaməni dəyişdirmək səlahiyyəti əksini tapmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddia tələbi zəbt edilmiş gediş-gəliş yolunun açılması və yolda qanunsuz inşa edilmiş tikilinin sökülməsindən ibarətdir. Hazırkı mübahisənin düzgün həlli üçün mübahisəli tikili ilə ümumi istifadədə olması iddia edilən yola müdaxilə edilib-edilməməsinin ixtisaslı şəxslərin rəyi ilə müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası mübahisə edilən Tərtər şəhəri, Cavanşir küçəsi ilə İ.Allahverdiyev küçəsini birləşdirən gediş-gəliş yolunun mövcud olub-olmamasının müəyyən edilməsi istiqamətində əlavə araşdırma apararaq mütəxəssis və ekspertiza rəylərinin alınmasını təmin etmişdir. İş materiallarına əlavə edilən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasında mövcud Tərtər şəhəri ərazisində aparılan ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində və TEKUİS məlumat bazasında Tərtər şəhəri İ.Alahverdiyev küçəsi ilə Cavanşir küçəsini birləşdirən mübahisələndirilən gediş-gəliş yolu nəzərdə tutulmamışdır və hal-hazırda mövcud deyil. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/6435 nömrəli ekspert rəyində qeyd edilir ki, elektron məlumat bazasında mövcud Tərtər şəhər ərazisində aparılan ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində və TEKUİS məlumat bazasında Tərtər şəhəri İ.Allahverdiyev küçəsi ilə Cavanşir küçəsini birləşdirən mübahisələndirilən gediş-gəliş yolu nəzərdə tutulmamışdır və hal-hazırda mövcud olmadığı göstərilmişdir. Məhkəmə kollegiyası işin halllarını araşdıraraq, işə əlavə edilən rəylər ilə razırlaşaraq qeyd edir ki, Cavabdeh məxsus mübahisə olunan torpaq sahəsi mülkiyyət hüququ əsasında cavabdehin mülkiyyətindədir və Tərtər şəhər ərazisində aparılan ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində və TEKUİS məlumat bazasında həmin torpaq sahəsindən gediş-gəliş yolunun olması nəzərdə tutulmamışdır. Başqa sözlə cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsindən digər torpaq sahəsini, gediş-gəliş yolunu tutmadığı sübuta yetirilmişdir. Bundan başqa iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə və fərdi yaşayış evinə gediş-gəliş yolu kimi iddia etdikləri torpaq sahəsində yol nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən yolun cavabdeh tərəfindən tutulduğunu bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. İş materiallarında olan ekspert rəyindən də görünür ki, qeyd edilən ərazidə ümumiyyətlə yol mövcud olmamış, cavabdehin yolu tutması müəyyən edilməmişdir. Ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud olmamış, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə və mübahisənin həlli zamanı tətbiq etdiyi normalar işin həqiqi hallarına uyğundur.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-114/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 manat ekspertiza xərci İddiaçıdan tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN ********** müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova Hakimlər Azər Bayramov Rəşad Mamedov