Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1767/2023 17.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(021)-299/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 17 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 01 may 2014-cü il tarixli 25L000001575 nömrəli kredit xətti müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətində 100000 ABŞ dolları kredit xətti açılmışdır.
2. 28 dekabr 2019-cu il tarixli 25L000001575S nömrəli sazişin surətindən görünür ki, kredit xətti mnüqaviləsinə dəyişiklik və əlavələr edilmiş, müddət 187 ay, illik faiz dərəcəsinin yuxarı həddi 28 olmuşdur.
3. 30 dekabr 2019-cu il tarixli 025R********** nömrəli razılaşmanın surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 60 ay müddətində illik 1 faiz olmaqla 8263,72 manat kredit verilmişdir.
4. 01 may 2014-cü il tarixli 25S000002699 nömrəli, 01 may 2014-cü il tarixli 25S000002700 nömrəli və 02 may 2014-cü il tarixli 25S000002698 nömrəli zaminlik müqavilələrinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 verilmiş kreditin təminatı kimi bank ilə Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinə dəyişiklik və əlavələr edilməsi haqqında tərəflər arasında sazişlər bağlanmışdır.
5. 02 may 2014-cü il tarixli 25M000000243 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 70,4 kv.m, yardımçı sahəsi 54,8 kv.m, ümumi sahəsi isə 125.2 kv.m. olan fərdi yaşayış evi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə 28 dekabr 2019-cu il tarixli sazişlə dəyişiklik və əlavələr edilmişdir.
6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 may 2014-cü il tarixli RX seriyalı ******* nömrəli və 10 yanvar 2020-ci il tarixli ********** nömrəli çıxarışlardan görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1ində yerləşən fərdi yaşayış evi 0,10 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
7. "xxxx" MMC tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli UNİ/F01-021/23 nömrəli əmlakın qiymətləndirilməsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 125,2 kv.metr sahədən ibarət fərdi yaşayış evinin 01 fevral 2023-cü il tarixə bazar dəyəri 33000 (otuz üç min) manat, likvid dəyəri 30000 (otuz min) manat təşkil edir.
a).İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Bərdə Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli 025R********** nömrəli kredit razılaşmasının ləğv edilməsi; Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 025R********** nömrəli kredit razılaşması üzrə 6733,64 manat əsas, 62,04 manat faiz və 2414,56 manat cərimə olmaqla, cəmi 9210,24 manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 112,10 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; Tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1i ünvanında xüsusi mülkiyyətdə olan 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə 9210,24 manat borcun, ödənilmiş 112,10 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutulması; Cavabdeh2 mülkiyyətində olan ünvan 2i ünvanında xüsusi mülkiyyətdə olan 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 01 may 2014-cü il tarixli 25L000001575 nömrəli kredit xətti müqaviləsi bağlanmış və sonuncuya 120 ay müddətində 100000 ABŞ dolları kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə tərəflər arasında 28 dekabr 2019-cu il tarixli 25L000001575S nömrəli saziş bağlanmış və müddət 187 ay, illik faiz dərəcəsinin yuxarı həddi 28 olmuşdur. İddiaçı QSC tərəfindən Cavabdeh1 30 dekabr 2019-cu il tarixli 025R********** nömrəli razılaşma üzrə 60 ay müddətində illik 1 faiz olmaqla 8263,72 manat kredit verilmişdir. Kreditin təminatı kimi bankla Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 arasında 01 may 2014-cü il tarixli 25S000002699 nömrəli, 01 may 2014-cü il tarixli 25S000002700 nömrəli və 02 may 2014-cü il tarixli 25S000002698 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Eləcədə sonradan zaminlik müqavilələrinə dəyişiklik və əlavələr edilməsi haqqında tərəflər arasında sazişlər bağlanmışdır. Həmçinin kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 70,4 kv.m, yardımçı sahəsi 54,8 kv.m, ümumi sahəsi isə 125,2 kv.m. olan fərdi yaşayış evi "xxxx" QSC-nin xeyrinə 02 may 2014-cü il tarixli 25M000000243 nömrəli ipoteka müqaviləsi üzrə yüklü edilmişdir. Sonradan ipoteka müqaviləsinə 28 dekabr 2019-cu il tarixli sazişlə dəyişiklik və əlavələr edilmişdir. Borclalan kredit razılaşmalarının tələblərini pozaraq dəfələrlə ödənişləri yubatmış və nəticədə öhdəliyi vaxtında icra etməmişdir. İpoteka saxlayan ipoteka qoyanlara ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərmiş və sonuncular bildirişlər qəbul etmişlər. Eyni zamanda ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 7 saylı Bərdə Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişlər həmin idarədə qeydə alınmışdır.
10. Bərdə Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(021)-299/2023 nömrəli qətnaməsi ilə (hakim F.Babaşov) iddia tələbi qismən təmin edilərək, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli 025R********** nömrəli kredit razılaşması ləğv edilməsi; Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 30 dekabr 2019-cu il tarixli, 25L********** nömrəli kredit xətti müqaviləsi üzrə 6733,64 manat əsas, 62,04 manat faiz bоrcu və 150 manat cərimə olmaqla, cəmi 6945,68 (altı min doqquz yüz qırx beş manat altmış səkkiz qəpik) manat məbləğində borc, ödənilmiş 112,10 (bir yüz on iki manat 10 qəpik) manat dövlət rüsumu, həmçinin ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi; Tutma Cavabdeh2 mülkiyyətində olan 0,10 ha torpaq sahəsi ilə birlikdə ünvan 1ində yerləşən bir mərtəbəli, 3 (üç) otaqlı, 70,4 kv.m yaşayış, 54,8 kv.m. yardımçı sahədən, ümumi 125,2 kv.metr sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi; Torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiyməti 30000 (otuz min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılması; Satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi; Borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi Cavabdeh2 qaytarılması; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi; Tutma ünvan 1ində yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə yönəldikdən və o satıldıqdan 1(bir) ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 fərdi yaşayış evi və torpaq sahəsindən çıxarılması, həmin fərdi yaşayış evi və torpaq sahəsi boşaldılması; İddia tələbi qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.4, 317.1, 319.1, 385.1, 386.1, 390.1, 405, 425.1, 427.3, 442, 443.1, 444, 448.1, 448.2, 462.1, 462.2, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2, maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 33, 34.1.1, 36.1, 36.2, 47.4, 59.4 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 214, 217.4, 216-220, 233, 357, 360 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Kredit müqaviləsi üzrə borcu vaxtı-vaxtında ödəmiş, lakin sonradan maddi imkanı olmadığına görə öhdəliklərini tam icra edə bilməmişdir. Birinci instansiya məhkəməsi isə ödənişləri nəzərə almamış və yüksək əsas borcu təmin etmiş, eləcədə ipoteka predmetinin dəyərini bazar qiymətindən aşağı qiymətləndirmişdir. İpoteka predmeti satıldıqdan sonra evdən çıxarılmaları və boşadılması yeni mülkiyyətçiyə aid hüquq olduğundan mübahisənin həlli predmeti ola bilməz. Həmçinin birinci instansiya məhkəməsi iclaslarda iştirakını təmin etməmiş və bununla da çəkişmə prinsipinin tələblərini pozmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
18. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
19. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
20. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
21. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
27. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə 449 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
30. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.
31. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
32. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
33. Maddə 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər.
34. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
35. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
36. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
37. Maddə 472.1 və 472.2. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
“İpoteka haqqında” Qanun
38. Maddə 11. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.
39. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır; 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
40. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. maddəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası.
41. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
42. Maddə 37 İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır.
43. Maddə 41. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 41.4. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər.Hərrac açıq auksion formasında keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
49. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir.
53. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Belə ki, işdən müəyyən olunur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 01 may 2014-cü il tarixli 25L000001575 nömrəli kredit xətti müqaviləsi bağlanmış və sonuncuya 120 ay müddətində 100000 ABŞ dolları kredit xətti açılmışdır. Eləcədə tərəflər arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli 25L000001575S nömrəli sazişə əsasən kredit xətti mnüqaviləsinə dəyişiklik və əlavələr edilərək müddət 187 ay, illik faiz dərəcəsinin yuxarı həddi 28 olmuşdur. Kredit xətti çərçivəsində tərəflər arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli 025R********** nömrəli razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətində illik 1 faiz olmaqla 8263,72 manat kredit verilmişdir. Kredit xətti üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bankla Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış və borcalan kreditor qarşısında öhdəliklərini yerinə yetirənədək zaminlər onunla birlikdə məsuliyyət daşımaları barədə öhdəlik götürmüşlər. Sonradan zaminlik müqavilələrinə dəyişiklik və əlavələr edilməsi haqqında tərəflər arasında sazişlər bağlanmışdır. Həmçinin Cavabdeh2 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 70,4 kv.m, yardımçı sahəsi 54,8 kv.m, ümumi sahəsi isə 125.2 kv.m. olan fərdi yaşayış evi kreditin təminatı kimi "xxxx" QSC-nin xeyrinə 02 may 2014-cü il tarixli 25M000000243 nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Eləcədə ipoteka müqaviləsinə 28 dekabr 2019-cu il tarixli sazişlə dəyişiklik və əlavələr edilmişdir. Borcalan müqavilə üzrə öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədiyindən kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.
55. Bu qətnamənin 52-ci bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Cavabdeh1 apellyasiya şikayətində kredit müqaviləsi üzrə ödənişlər etdiyini və əsas borcun düzgün hesablanmadığını qeyd etsədə, lakin kollegiya şikayətin bu dəlilini əsaslı saymır. Sonuncu kredit müqaviləsi üzrə ödənişləri əks olunan qəbz və ya hər hansı digər möhtəbər subutu məhkəməyə təqdim etməmişdir. Halbu ki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də kollegiya əsas borcun düzgün hesablanmamasına şikayətin dəlillərini əsassız hesab edir.
56. İpoteka predmtinin ilkin satış qiymətinin düzgün müəyyən olunmaması barədə apellyasiya şikayətinin dəlillini də kollegiya əsassız hesab edir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsində isə ilkin satış qiymətinin anlayışı verilmişdir: ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Eləcədə “Likvid qiymət” dedikdə isə elə bir qiymət nəzərdə tutulur ki, girov əmlakın qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez realizə edilə (satıla) bilməsi mümkün olsun. Likvidlik sadəcə maddi dəyərləri (hazırki işdə girov əmlakı) pula çevirmək baxımından nəzəri imkan deyil, o həm də bunu cəld, rahat və maksimal dərəcədə faydalı şəkildə həyata keçirməkdir. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmetinin qiymətləndirilməsi barədə "xxxx" MMC-dən 01 fevral 2023-cü il tarixli UNİ/F01-021/23 nömrəli rəy alınmış və həmin rəyə əsasən Cavabdeh2 mülkiyyətində olan 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 125,2 kv.metr sahədən ibarət fərdi yaşayış evinin 01 fevral 2023-cü il tarixiə bazar dəyəri 33000 (otuz üç min) manat, likvid dəyəri 30000 (otuz min) manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də qiymətləndirmə rəyini nəzərə alaraq ipoteka predmtinin ilkin satış qiymətini (likvid dəyəri) 30000 manat müəyyən etmişdir.
57. Apellyasiya şikayətinin ipoteka predmeti satıldıqdan sonra evdən çıxarılmaları və boşadılmasının yeni mülkiyyətçiyə aid hüquq olduğundan mübahisənin həlli predmeti ola bilməməsi, eləcədə birinci instansiya məhkəməsinin iclaslarında iştirakının təmin edilməməsi və bununla da çəkişmə prinsipinin pozulması dəlilinidə kollegiya əsassız sayır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. [
58. İşdən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsindəki 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 70,4 kv.m, yardımçı sahəsi 54,8 kv.m, ümumi sahəsi 125.2 kv.m. olan fərdi yaşayış evi kreditin təminatı kimi Cavabdeh3, Cavabdeh1 fərdi yaşayış evinin ipotekaya qoyulmasına, eləcədə razılıq vermiş və tutma yönəldikdə fərdi yaşayış evini dərhal tərk etmələri barədə öhdəlik götürmüşlər. Həmçinin işdən müəyyən olunur ki, işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərin yaşadığı ünvana məhkəmə bildirişləri göndərilmiş, lakin buna baxmayaraq sonuncular məhkəmə iclasında iştirak etməmişlər.
59. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(021)-299/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.