Məhkəmə qərarları › İş №2(104)-1770/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1770/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1770/2024 23.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Cavabdeh3 və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Gəncə şəhəri 5 saylı notariat ofisinə, Gəncə şəhəri 1 saylı notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh5 qarşı etibarnamənin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə, çıxarışın ləğv olunmasına və evin əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-2093/2024 saylı qətnaməsindən iş üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-2093/2024 saylı qətnaməsi qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın qismən təmin edilməsi, Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət rüsumunun əvəzi olaraq 100 manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh3 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-2093/2024 saylı qətnaməsinin qismən - iddia tələbinin təmin edilmiş hissəsində ləğv edərək iddianın tam təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh3 oğıluna, Cavabdeh4, Gəncə şəhəri 5 saylı notariat ofisinə, Gəncə şəhəri 1 saylı notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh5 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 7E-14165 reyestr nömrəli etibarnamənin, Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 4Ə-614 reyestr nömrəli və Gəncə şəhəri 1 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 4Ə-517 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh5 adına verilmiş xx.xx.2023-cü il tarixli, **********57-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki vəziyyətinə - adına qaytarılması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Həmin fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. O, Cavabdeh3 ev alverçisi-makler kimi tanımışdır. 2023-cü ilin may ayında ona 2 ədəd etibarnamə vermişdir. Etibarnamələrdən biri onun adına ev almaq üçün, digəri isə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənədləşdirmə işlərinin aparılması, əgər lazım gələrsə onun tapşırığı əsasında sərəncam verilməsi və s. üçün verilmişdir. Lakin etibarnamələri verdikdən bir müddət sonra ondan şübhələndiyi üçün etibarnamələri ləğv elətdirmək qərarına gəlmişdir. Bunun üçün iş üzrə digər cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisinə yaxınlaşaraq Cavabdeh3 verdiyi etibarnamələri ləğv elətdirmək istədiyini bildirmişdir. Daha sonra ondan ərizə almışlar və ona etibarnamələrin ləğv olunduğunu bildirmişlər. O, da arxayın çıxıb evinə getmişdir. Lakin üstündən bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, mülkiyyətində olan ev Cavabdeh3 öz adına keçmişdir. Əvvəlcə hesab etmişdir ki, bu mümkünsüzdür. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisində Cavabdeh3 verdiyi etibarnamələri ləğv elətdirən zaman həmin etibarnamələrdən yalnız biri ləğv edilmiş, digər etibarnamə isə qüvvədə saxlanılmışdır. Nə qədər absurd və məntiqsiz olmasına baxmayaraq, adına ev almaq üçün verdiyi etibarnaməni ləğv etmişlər. Hansı ki, həmin etibarnamə ilə adına ev alına bilərdi ki, bunun ona hər hansı bir ziyanı yox idi. Yəni etibarnamənin ləğv edilməsi üçün notariat ofisinə müraciət etməsində məqsəd əsasən ikinci etibarnaməni ləğv elətdirmək olsa da, cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisinin işçilərinin səhlənkarlığı ucbatından həmin etibarnamə ləğv olunmamış və nəticədə məhz həmin etibarnamə ilə mülkiyyətindən məhrum olmuşdur. Sonradan aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 tamamilə başqa məqsəd üçün ona verilmiş etibarnamədən suiistifadə edərək evi öz adına keçirməsinə nail olmuşdur. Belə ki, o, bu etibarnamə əsasında dostu və şəriki, iş üzrə digər Cavabdeh4 Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş 19 iyun 2023-cü il tarixli (etibarnaməni ləğv elətdirmək üçün notariat ofisinə müraciət etdikdən 3 gün sonra) 7E14165 reyestr nömrəli etibarnamə vermiş, o isə bunun əsasında ona məxsus evi elə həmin gün yenə də Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş 4Ə-614 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 özünə satmışdır. Yəni Cavabdeh3 tamamilə başqa məqsəd üçün ona verilmiş etibarnamədən onun iradəsinə zidd olaraq öz mənafeyi üçün istifadə etmişdir. Əgər onun belə bir iradə ifadəsi olsaydı, elə həmin vaxt etibarnamə əvəzinə, alqı-satqı müqaviləsi imzalayardı. Bununla da Cavabdeh3 sanki evi özü-özünə satmışdır ki, bu da yolverilməzdir. Evin satışından əldə olunan puldan isə ona bir manat da çatmamışdır. Həmçinin, cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisində də bu fakta hər hansı bir əhəmiyyət verilmədən sözügedən alqı-satqı müqaviləsi təsdiq olunmuşdur. Bütün bunlardan sonra isə Cavabdeh3 izi tamamilə itirmək üçün Gəncə 1 saylı notariat ofisində təsdiq olunmuş 04 oktyabr 2023-cü il tarixli, 4Ə-517 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən guya sözügedən evi Cavabdeh5 satmışdır. Ona görə də qeyd edilən etibarnamə və alqı-satqı müqavilələri etibarsız heab edilməli və ev əvvəlki vəziyyətinə adına qaytarılmalıdır. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddia tələbinin təmin edilmiş hissəsində düzgün qərar qəbul edilməmişdir. Belə ki, o, həqiqətən İddiaçı adına olan evi öz adına almışdır. ünvan 2 ünvanda yerləşən ev Gəncə şəhərində notarius işləmiş Nəsib İmanova aid əmlak olmuş, formal olaraq qayını arvadı İddiaçı adına qeydiyyata alınmışdır. Evin alqı-satqısını o, Nəsib İmanovla danışıb və razılaşıb özünə aid, ünvan 4 ünvanda yerləşən evini xx.xx.2023-cü il tarixli, AN ******* saylı alqı-satqı müqaviləsi ilə 110.000 manata sataraq həmin gün də ünvan 2 ünvana dair evi almaq üçün notariusa gəlmişdir (alqı-satqı xx.xx.2023-cü il, saat 13.38-də baş tutub). O, satdığı evin pulunu bankdan çıxarıb, mübahisəli evi almaq üçün notariusa qayıdanadək bank bağlanmışdır, çünki həmin gün 6-cı gün olduğundan bank saat 14.00-dək işləyir. Əgər bank bağlanmış olmasa o, birbaşa İddiaçılə alqı-satqı edərək evi öz adına alardı. Həmin gün bankdan keçməklə alqı-satqı etmək mümkün olmaması səbəbindən və artıq o, evin pulunu (78.000 manat) qarşı tərəfə verdiyindən onun adına etibarnamə verilməsinə razılaşmışlar. İddiaçı evin pulunu aldıqdan sonra elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 14.51-də ona Zəngəzur küçəsi 9 saylı ünvana dair baş etibarnamə verib (səlahiyyətlərin başqa şəxsə verilməsi hüququ ilə). Bundan sonra isə o, İddiaçı etibarnamə ilə ona verdiyi səlahiyyətləri Telman adlı şəxsə vermiş və özü İddiaçı təmsilçiliyindən azad olmuşdur. Bundan sonra 26 may2023-cü il tarixdə alqı-satqı yolu ilə evi öz adına almışdır. Hesab edir ki, bu əməliyyatların aparılmasında heç bir qanuna zidd əlamətlər yoxdur. Heç kimin hüququ bu əməliyyatla pozulmamışdır. Əgər ona verilən səlahiyyətləri o, Telman adlı şəxsə ötürdükdən sonra alqı-satqını öz adına edə bilməsəydi, yəqin ki, notarius bu əməliyyatı qanunazidd olduğu üçün təsdiqləməzdi. Məhkəmənin notariusun qanunazidd hərəkətlərə yol verməsini müəyyən etməməsi və bununla bağlı xüsusi qərar çıxarılmaması da məhz əməliyyatın qanuni olmasına dəlalət edir. İddiaçıya münasibətdə qeyd edilməlidir ki, iş materiallarında olan, notariat işindən də görünür ki, iddiaçın əri Süleymanov Zaur notariusa ərizə təqdim edərək bildirirki, (ünvan 2 ünvana münasibətdə) evin istənilən şəxsə, istənilən qiymətə satılmasına heç bir etirazı yoxdur. Bu da onu göstərir ki, evin pulunun verilməsi və digər məslələrlə bağlı baş etibarnamə ona verilərkən heç bir mübahisə olmamışdır. Məntiqlə və formalaşmış bazar münasibətləri ilə də bəllidir ki, evinin pulunu almadan heç kim evini istənilən şəxsə, istənilən qiymətə satılmasına razılıq ərizəsi vermir. Bütün bu sadalananları məhkəmə iclasında bildirməyinə baxmayaraq məhkəmə formal əsaslarla iddia tələbini qismən təmin etməklə əsassız və qanunsuz qətnamə çıxarmışdır. Apellyasiya şikayəti üzrə izahatlar: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı, cavabdehlər Cavabdeh4, Gəncə şəhəri 5 saylı notariat ofisinin nümayəndəsi, Gəncə şəhəri 1 saylı notariat ofisinin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh5 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdehlər Gəncə şəhəri 5 saylı notariat ofisi və Gəncə şəhəri 1 saylı notariat ofisinin notariusları məhkəməyə məktub göndərərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilərək iddianın tam təmin olunmamasına dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh3 nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətinin dəlillərinin müdafiə edib şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə obyektiv, tam və hərtərəfli araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin edilmiş hissəsində ləğv olunmalı və həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli **********57-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanında 0,0376 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 168.5 kv.m olan fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuşdur. İş materiallarında olan Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən 7E-14165 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, etibar edən İddiaçı ona məxsus ünvan 5 ünvanında yerləşən mülkiyyətdə olan 0,0376 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 168,50 kv.m olan fərdi yaşayış evinə dair həmin etibarnamə ilə onun əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, bağışlamaq, satmaq, müqavilənin ləğvinə dair müqavilə bağlamağı, pulunu almaq və s. kimi səlahiyyətləri xx.xx.2028-ci il tarixədək Cavabdeh3 etibar etmiş, səlahiyyətlər Cavabdeh3 tərəfindən Cavabdeh4 ötürülmüşdür. İş materiallarında olan Gəncə şəhəri 5 saylı notariat ofisində 4Ə-614 reyestr nömrəsi ilə təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X1 adından Cavabdeh4 ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanaraq ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0376 ha torpaq sahəsi 90000 manat dəyərində Cavabdeh3 satılmışdır. İş materiallarında olan Gəncə şəhəri 1 saylı notariat ofisində 4Ə-517 reyestr nömrə ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli notariat işində olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********57-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0376 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. İş materiallarında olan Gəncə şəhəri 1 saylı notariat ofisində 4Ə-517 reyestr nömrə ilə təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh3 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0376 ha torpaq sahəsini 131000 manat məbləğində alıcı Cavabdeh5 satmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0376 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh5 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3- 33/2-1258/2024 nömrəli məktubdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0,0376 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli, **********56 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X3 adına olmuşdur. Torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 168.5 kv.m olan fərdi yaşayış evi üzərində hüquqlar daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq X4 xx.xx.2020-ci il tarixli, **********56-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Fərdi yaşayış evi Gəncə şəhər 2 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-906 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış, ona xx.xx.2022-ci il tarixli, **********57-10301 reyestr nömrəli Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 5 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-614 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi İddiaçı tərəfindən Cavabdeh3 satılmış, sonuncunun adına xx.xx.2023-cü il tarixli, **********57-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Gəncə şəhər 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-517 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən Cavabdeh5 satılmış, sonuncunun adına xx.xx.2023-cü il tarixli, **********57-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Fərdi yaşayış evi iki mərtəbəli, ümumi sahəsi 168.5 kv.m, yaşayış sahəsi 77.7 kv.m olan beş yaşayış otağından ibarətdir. İş materiallarında olan Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən 7E-443 reyestr nömrə ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, etibar edən İddiaçı Azərbaycan Respublikasında daşınmaz əmlak almağı, bununla əlaqədar bütün səlahiyyətli orqanlarda sənədləşmə işlərini aparmağı və s. kimi səlahiyyətləri Cavabdeh3 xx.xx.2033-cü il tarixədək etibar etmişdir. İş materiallarında olan Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən 8İ-1014 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Gəncə şəhər 1 saylı notariat ofisində Cavabdeh3 verdiyi 7E-443 nömrə ilə qeyd olunmuş etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 137 nömrəli məktubundan görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, 7E-443 saylı reyestrlə təsdiq edilmiş ünvan 7i ünvanında qeydiyyatda olan Cavabdeh3 10 (on) il müddətə etibarnamə verilmişdir. Göstərilən etibarnamə İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, 8İ-10104 saylı reyestrlə təsdiq edilmiş ərizə əsasında ləğv edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur. İddiaçı iddia etmişdir ki, cavabdehi ev alverçisi-makler kimi tanımışdır. 2023-cü ilin may ayında ona 2 ədəd etibarnamə vermişdir. Etibarnamələrdən biri onun adına ev almaq üçün, digəri isə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənədləşdirmə işlərinin aparılması, əgər lazım gələrsə onun tapşırığı əsasında sərəncam verilməsi və s. üçün verilmişdir. Lakin cavabdeh tamamilə başqa məqsəd üçün ona verilmiş etibarnamədən sui-istifadə edərək evi öz adına keçirməsinə nail olmuşdur. Cavabdeh tərəf iddia tələbinə qarşı etiraz edərək etibarsızlığa dəlalət edən heç bir əsas olmadığını, 3-cü şəxsin mənafeyi baxımından da evin üzərində yüklülüyün olmadığını, evin Cavabdeh3 adına keçməsi və üçüncü şəxsə satılmasının qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirildiyini göstərərək iddia tələbinə qarşı etiraz etmişdir. Göründüyü kimi cavabdeh iddiaçının verdiyi etibarnamə əsasında iddiaçıya məxsus fərdi yişayış evini alqı-satqı yolu öz adına keçirmişdir. Halbuki, yuxarıda qeyd olunan qanunvericilikdən görünür ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Məhkəmə iclasında cavabdehlərdən Cavabdeh4 özü də göstərmişdir ki, Cavabdeh3 alqı-satqı müqaviləsinin bağlanmasında ona köməklik etməsini xahiş etmişdir Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır, ona görə də iddia qismən təmin olunmalı, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair X2 təmsil edən Cavabdeh4 ilə Cavabdeh3 arasında Gəncə şəhəri 5 saylı notariat ofisində 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. İddia tələbinin Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 7E-14165 reyestr nömrəli etibarnamənin və Gəncə şəhəri 1 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli, 4Ə-517 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh5 adına verilmiş xx.xx.2023-cü il tarixli, **********157-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və fərdi yaşayış evinin əvvəlki vəziyyətinə qaytarılması hissəsinə qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh5 mübahisəli fərdi yaşayış evini əldə edərkən vicdanlı alıcı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-517 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh5 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması tələbinə dair iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməmiş hissəsində iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (Azərbaycan Respublikası MM-in 14.2.1-ci maddəsi). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (Azərbaycan Respublikası MM-in 390.1-ci maddəsi). Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə mübahisə predmetinə aid olan alqısatqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilərək təsdiq olunduğu, həmin müqavilənin etibarsız hesab edilməsinə hər hansı qanuni əsasların mövcud olmadığı işin faktiki halları ilə müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, mübahisələndirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh3 notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında əldə etmiş üçüncü şəxs Cavabdeh5 əmlakı vicdanlı əldə edəndir. Belə ki, o, həmin fərdi yaşayış evini notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında, həm də dəyərini ödəməklə əldə etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini rədd etməkdə haqlı olmuşdur. İddia tələbinin təmin edilmiş hissəsi ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmış, sonuncu həmin evin özgəninkiləşdirilməsi üçün Cavabdeh3 etibarnamə, onun əri X6 isə evin istənilən qiymət və şərtlərlə satılmasına, bağışlanmasına, istənilən banka ipoteka (girov) qoyulmasına, alqı-satqı müqaviləsinin ləğvi barədə müqavilə bağlanmasına xx.xx.2023-cü il tarixdə razılıq vermiş, daha sonra isə həmin etibarnamə əsasında səlahiyyətlər Cavabdeh4 ötürülmüş, sonuncu isə bu etibarmənin əsasında evi daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmışdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsidir. Mübahisənin düzgün həlli üçün eyni zamanda digər əlaqəli hüquq normaları da nəzərdən keçirilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllənin 324.4 və 334.1-ci maddələri). Mülki Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsi ilə bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətinə görə başqa şəxs (təmsil edilən) adından bağlandığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 359.4-cü maddəsinə əsasən xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. Həmin Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdin bağlanması üçün etibarnamə notarial qaydasında təsdiqlənməlidir. Qeyd olunan hüquq normalarının sistemli təhlili əsasında belə nəticəyə gəlmək olar ki, Mülki Məcəllənin əqdlərdə təmsilçilikdən bəhs edən 16-cı fəslində alqı-satqı müqaviləsinin etibarsızlığını müəyyən edən birbaşa norma yoxdur. Lakin 359.3-cü maddədə nəzərdə tutulan şərtləri pozmaqla bağlanmış əqd, Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından onun etibarsızlığına səbəb ola bilər. Ona görə də baxılan iş üzrə mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qanuniliyinə təsir edən, Mülki Məcəllənin 359.3-cü maddəsində göstərilən iki mümkün variantı işin halları ilə müqayisəli təhlil olunmalıdır. Nəzərə alınmalıdır ki, təmsilçilik dedikdə, bir şəxsin almış olduğu səlahiyyət dairəsində başqa şəxsin marağına müvafiq olan və onun adından əqd bağlaması və digər hüquqi hərəkətlər etməsi başa düşülür. Etibarnamə şəxsə səlahiyyətli təmsilçilik hüququ verən sənəddir. Adi qaydada bağlanan əqdlərdə tərəflər bilavasitə iştirak edir və onların arasında bağlanan əqddən irəli gələn hüquq və vəzifələr yaranır. Tərəflərin iştirakı ilə bağlanan əqddən təmsilçinin bağladığı əqdin səciyyəvi fərqli xüsusiyyəti ondan ibarətdir ki, əqdi təmsilçi bağlasa da, hüquq və vəzifələr təmsil edilənlə üçüncü şəxs arasında yaranır. Təmsilçi vasitəsi ilə bağlanan müqavilədə tərəflər təmsil edilənlə üçüncü şəxs (məsələn alqı-satqı müqaviləsində alıcı və satıcı, kirayə müqaviləsində kirayəyə verən və kirayəçi, bağışlama müqaviləsində hədiyyə verən və hədiyyə alan və s.) olur. Əqdi bilavasitə bağlamış təmsilçi isə bu münasibətlərdən kənarda qalır. Qanunvericilikdə təmsilçi vasitəsi ilə əqdlərin bağlanmasında bəzi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Məsələn, Mülki Məcəllənin 359.3-cü maddəsinin göstərişinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bu o deməkdir ki, əmlakı satmaq səlahiyyəti verilmiş təmsilçi həmin əmlakı özünə ala bilməz. Təmsilçi həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçi olduğu şəxs barəsində bu cür əqdləri bağlaya bilməz. Belə olsaydı təmsilçi həm satıcını, həm də alıcını təmsil etmiş olardı. Təmsilçi üçün bu məhdudiyyətlər müəyyən olunmasaydı müqavilələrin konstruksiyası pozulardı. Qanunvericiliyin yuxarıda sadalanan hüquq normalarını baxılan mübahisə üzrə müəyyən olunan faktik hallarına tətbiq etməklə belə nəticəyə gəlmək olar ki, xx.xx.2023-cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh3 mülkiyyətçi İddiaçı təmsilçisi (etibarnamə üzrə nümayəndəsi kimi) kimi çıxış etməyib. Çünki Cavabdeh3 xx.xx.2023-cü il tarixli etibarnamə əsasında İddiaçı ona verdiyi səlahiyyətləri xx.xx.2023-cü il tarixdə tərtib olunmuş etibarnamə ilə Cavabdeh4 ötürmüş, bu andan onun nümayəndə kimi səlahiyyətlərinə xitam verilmişdir. Ona görə də Cavabdeh3 alqı-satqı müqaviləsinin bağlanmasında öz adından çıxış etmiş alıcıdır. Bu halda Cavabdeh3 alqı-satqı müqaviləsini bağlayarkən hərəkəti Mülki Məcəllənin 359.3-cü maddəsinin təsiri altına düşmür və birinci instansiya məhkəməsinin Cavabdeh3 dolayısı ilə təmsil edilən adından şəxsən özü barəsində əqd bağlaması barədə gəldiyi nəticə obyektiv həqiqətdən uzaq nətcədir. Həmçinin nəzərə alınmalıdır ki, hüquq normalarının müddəaları tətbiq edildiyi halda müqavilə üzrə tərəflərin hüquq və öhdəliklərini müəyyən edən normanın mahiyyəti və qanunvericilik tənzimlənməsinin məqsədləri, həmçinin bu normada ehtiva olunan söz və ifadələrin hərfi mənası deyil, qanunvericinin normanı müəyyən edərkən güddüyü məqsəd də nəzərə alınmalıdır. Təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Mübahisə halında aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, etibarnaməyə uyğun olaraq mübahisəli ev üzərində sərəncamverici hərəkətlərin həyata keçirilməsi İddiaçı iradə ifadəsinin göstəricisi olmuşdur. Bu halda etibarnamələrin, alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə iddia tələbi də təmin oluna bilməz. Qeyd olunanlar isə Azərbaycan Respublikası MPM-in 385.1.2 və 385.1.4-cü maddələrinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasları təşkil edir. Kollegiya iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair sənədləşdirmə işlərinin aparılması, əgər lazım gələrsə onun tapşırığı əsasında sərəncam verilməsi və s. kimi dəlili ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində etibarnaməni fərdi yaşayış evinə dair sənədləşdirmə işlərinin aparılması və lazım gələrsə onun tapşırığı əsasında sərəncam verilməsi üçün verdiyini göstərmiş olsa da, onun həmin dəlili iş materialları ilə təkzib olunur. Belə ki, işdən göründüyü kimi həmin fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır və o barədə iddiaçının adına çıxarış da verilmişdir, yəni sənədləşmə tam başa çatmışdır. Odur ki, kollegiya iddiaçının həmin dəlilini əsassız sayır. Sadalanan halları yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə əsassız olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-2093/2024 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 385, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-2093/2024 saylı qətnaməsi iddianın qismən təmin edilmiş -Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 4Ə-614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət rüsumunun əvəzi olaraq 100 manat alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia tələbi Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 4Ə- 614 reyestr nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar