Məhkəmə qərarları › İş №2(104)-1772/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1772/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1772/2023 03.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış öhdəliyin tərəflər arasında bölünməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli 2(021)-1253/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə, Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı qarşı Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri kredit müqavilələri üzrə 515000 manat vəsaitin ½ hissəinin, yəni 257500 manat və ödənilmiş 550 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli 2(021)-1253/2023 nömrəli (hakim Q.Əbilov) qərardadı ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə götürülmüş kreditin bölünməsi” tələbinə dair mülki iş üzrə icraat, Bərdə rayon məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(021)-2076/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş şikayət üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı şikəyət verərək, qərardadın ləğv olunması və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Bərdə Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(021)-1253/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.4. maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa icraat dayandırılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərindən kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxılmanın mümkün olmaması dedikdə, başqa bir işdə icraatı dayandırılmış mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülür. Preyudisial əhəmiyyəti olan həmin faktlar mülki icraat qaydasında baxılan iş üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər. İşdən müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı, üçüncü şəxslər X1 və qeyrilərinə qarşı birgə nikah dövründə əldə olunmuş avtomobillərə dair 1/2 pay hüququnun tanınması, avtomobillərin başqa şəxslərə satılmasına dair alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, etibarsız hesab olunmuş alqı-satqı müqaviləsi üzrə əmlaklara münasibətdə 1/2 pay hüququnun tanınması, Bərdə rayon Şorəli kəndində 0,16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 3/4 hissəsinə payının müəyyən olunması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsi tərəfindən 15 dekabr 2022-ci il tarixli 2(021)-2076/2022 nömrəli qətnamə çıxarılmışdır. Həmin qətnamədən tərəflər apellyasiya şikayəti vermişlər və hazırda həmin iş Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Kollegiya hesab edir ki, hazırkı iş üzrə icraatı dayandırmaqda birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, hər iki iş Cavabdeh ilə cavabdeh İddiaçı birgə nikahı dövründə əldə olunmuş əmlaklara və yaranmış öhdəliklərə dair tələblərdir. Kollegiya hesab edir ki, hazırkı iddia tələbi ilə Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(021)-2076/2022 nömrəli qətnaməsi ilə müəyyən olunmuş faktlar arasında qarşılıqlı bağlılq və asılılıq mövcud olduğundan preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli 2(021)-1253/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 256, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli 2(021)-1253/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar