Məhkəmə qərarları › İş №2(104)-1774/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1774/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1774/2025 30.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X4 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı alqı– satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-2031/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. JN–653A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 56 saylı qərarı ilə X5 Şəmkir rayonu, Əliyaqublu kəndində 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir.

2. xx.xx.2004–cü il tarixli 2V–126 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.1995–ci il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçıdur, miras əmlak isə 1959–cu ildə tikilmiş, Şəmkir rayonu, Əliyaqublu kəndində 2500.00 kv.m torpaq sahəsində yerləşən, yaşayış sahəsi 48.0 kv.m olan, 2 otaqlı evdən ibarətdir.

3. Cavabdeh1 bağlanmış 06 oktyabr 2004–cü il tarixli, 231450 nömrəli, 4Ə–461 reyestr nömrəli alqı– satqı müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2004–cü il tarixli 2V– 126 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyətində olan, 1959–cu ildə tikilmiş, Şəmkir rayonu, Əliyaqublu kəndində 2500.00 kv.m torpaq sahəsində yerləşən, yaşayış sahəsi 48.0 kv.m olan, 2 otaqlı fərdi yaşayış evini 39.400.000 (köhnə pul vahidi ilə) manata Cavabdeh2 satmışdır.

4. xx.xx.2010–cu il tarixli MA seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********96–10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Əliyaqublu kəndi, Nizami küçəsində 0.30 ha torpaq sahəsində yerləşən 82 saylı fərdi yaşayış evi tam mükiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır.

5. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(076)-4540/2016 saylı qərardadın surətindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət etmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(076)-4540/2016 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır.

6. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(076)-5498/2016 saylı qərardadın surətindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı özəlləşdirmə sənədinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş MPM-in 259.0.06-cı maddəsinə istinad etməklə iddia ərizəsi baxılmamış saxlanmışdır.

7. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli 2(076)-464/2022 saylı qərardadın surətindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş MPM-in 149.2.2-ci madddəsinə əsasən iddia ərizəsi geri qaytarılmışdır.

8. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-714/2022 saylı qərardadın surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Şəmkir rayon notariat kontoruna qarşı vərəsəlik şəhadətnamələrinin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət vermiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-714/2022 saylı qərardadı ilə şikayət təmin edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Cavabdeh2 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, valideynləri X11 və X6 1938–ci ildən Şəmkir rayonu, Əliyaqublu kəndində yaşamış və ailədə o, yeganə övlad olmuşdur. 1959– cu ildə orta məktəbi başa vurmuş və bir müddət sonra, yəni 1960–cı ildə hərbi xidmətdə olmuş, xidməti başa vurduqdan sonra Bakı Politexnik İnstitutuna daxil olmuşdur. İnstitutda oxuduğu və ondan sonrakı illərdə daimi valideynlərinin yaşadığı Əliyaqublu kəndinə getmiş, bir müddət yaşadıqdan sonra yenə Bakı şəhərinə qayıtmışdır. O zaman Bakı şəhərində işləmişdir. X3 1995–ci ildə, anası X6 isə 2003–cü ildə vəfat etmişdir. Həm atasının, həm də anasının bütün dəfn xərclərinin hamısını özü çəkmişdir. Anası vəfat edəndən sonra bir müddət kənddə atasının evində qalıb yaşamış, lakin ailə üzvləri Bakı şəhərində yaşadığı üçün o da, Bakı şəhərinə qayıtmışdır. Buna baxmayaraq, hər bayram günlərində və hansısa bir əlamətdar günlərdə ya ailəsi ilə birlikdə, ya da təkcə kəndə gələrək valideynlərinin evində qalıb yaşamışdır. O zaman tez–tez xəstələndiyindən və ailə problemləri ilə əlaqədar Əliyaqublu kəndindəki evlərinə az–az gedib–gəlmişdir. Belə ki, həmin vaxt kəndə az–az gəldiyi üçün evlərinə nəzarət edilməsini əmisi oğlu Fərhad Həsənova həvalə etmiş, əmisi oğlu Fərhad da, qızı ilə onların evdə qalmışdır. Sonradan qərara gəlmişdir ki, Əliyaqublu kəndində yerləşən ata evini satıb əldə olunan vəsaiti ailəsinin digər problemlərinə sərf etsin. Ona görə evi satacağını Fərhad Həsənova bildirmişdir. Fərhad isə ona bildirmişdir ki, bu evi satanda onu da, nəzərə almalıdır, ona görə ki, bu ev onların ata–baba mülküdür. Əks təqdirdə evin başqa şəxslərə satılmasına imkan verməyəcəkdir. Qeyd edir ki, Fərhad uzun müddət müəllim işlədiyindən kənddə böyük nüfuza malik olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Fərhad evi almağa gələnləri qapıdan qovmuş və evin satılmadığını bildirmişdir. Vəziyyətin belə olduğunu görəndə ona məlum olmuşdur ki, mülki tezliklə sata bilməyəcəkdir. Həmin vaxt əmisi oğlu Fərhad və onun oğlu Cavabdeh2 ona bildirmişdir ki, evi başqa adamlara yox, onlara versin, o da hər dəfə kəndə gəlib–gedəndə onlarda qalsın. Həmçinin, Cavabdeh2 bildirmişdir ki, evi ona versin və gǝləcəkdə əgər kəndə gəlməli olsa, o zaman həyətyanı sahədən ona yer ayıra bilər. O zaman qohumu Şikarın səmimi sözlərinə inanmış və onlar birlikdə onun tanışı olan Notarial Kontorda işləyən Sadıqov adlı şəxsin yanına getmişlər. 2004–cü ildə valideynlərindən qalmış Şəmkir rayonu, Əliyaqublu kəndində olan evin vərəsəlik hüququ əsasında onun adına keçirmək üçün əmisi nəvəsi Şikarla birlikdə və onun tanışı Şəmkir rayon Notariat Kontorunun rəhbəri Sadıqovun yanına getmişlər. Atasına məxsus Əliyaqublu kəndində 1959–cu ildə inşa edilmiş iki otaqdan ibarət 48,0 kv.m. sahəsi olan ev və 2500,0 kv.m. torpaq sahəsini adına keçirmək istədiyini bildirdikdə, notarius ondan sənədləri istəmişdir. Lakin onda heç bir sənədin olmadığını bildirmişdir. Ona görə notarius ona iki ağ kağıza imza etdirmiş və bildirmişdir ki, o, özü kənd sovetində olan qaytanlanmış kitaba baxacaq və bələdiyyə ilə razılaşdıracaqdır. Eyni zamanda, Sadıqov ondan 36 manat pul alıb bildirmişdir ki, sənədlər hazır olandan sonra evin alqı– satqısı üçün onu dəvət edəcəkdir. Həmin vaxt o, Şikarla birlikdə 4 yol deyilən yerə getmiş və Şikar onu avtomaşınla Bakıya yola salmışdır. Həmin vaxtdan sonra o, heç vaxt Notariat Kontoruna getməmişdir. Hazırda ona məlum olmuşdur ki, Şəmkir Rayon Notariat Kontoru saxtakarlıq etmiş və onun xəbəri olmadan atasına məxsus evə dair vərəsəlik şəhadətnaməsini Cavabdeh2 vermiş, daha sonra Cavabdeh2la qanunsuz əlaqəyə girərək, onun adından saxta müqavilə tərtib etmiş və reyestr qeydindən keçirərək Cavabdeh2 təqdim etmişdir. Cavabdeh2la ayrılandan bir neçə ay sonra sonuncu atası ilə birlikdə Bakı şəhərinə onun mənzilinə gəlmiş və stolun üstünə 4.000 (dörd min) dollar qoyaraq, “biz alqı–satqı edəcəyik və evi özəlləşdirəcəyik” – demişlər. O, Şikarın hərəkətlərindən şübhələnmiş və evin sənədlərini onlardan istəmişdir. Həmin vaxt Şikar onlarda heç bir sənəd olmamasını, gedib notariusdan almasını bildirmişdir. O isə “mən evimin özəlləşdirilməsi üçün heç kimə etibarnamə verməmişəm, siz hansı sənədlə özəlləşdirmə aparacaqsınız” – dedikdə, onlar “bunu biz bilmirik, gedin notariusdan soruşun”– demişlər. Bir müddət sonra o, Şəmkir Notariat Kontoruna gəlmiş və evinə dair sənədləri istədikdə “notarius yeni binaya köçüb və köhnə binadakı bütün sənədlər arxivə verilmişdir”– deyə ona sənəd verməmişlər. Ona görə o, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş və Reyestr Xidməti ona yalnız 2004–cü il tarixli 231450 saylı müqaviləni və adına verilmiş vərəsəlik şəhadətnaməsinin ksero surətini təqdim etmişlər. Alqı–satqı müqaviləsinə baxdıqda müqavilədə imzaların başqa–başqa olduğunu və ayrı– ayrı xətlə yazıldığını görmüşdür. Həmin imzalar onun olmamışdır. Cavabdeh2 evin qaytarılmasını istədikdə, guya o zaman ona 39.400.000 (otuz doqquz milyon dörd yüz) manat pul verdiyini, pulu qaytarması və əlavə olaraq 25–30% olmaqla faiz qaytarması təqdirdə evi qaytaracağını bildirmişdir. O, heç vaxt Cavabdeh2 evə görə pul almamışdır. Qohumu Cavabdeh2 ona qarşı qanunsuz hərəkətlərindən uzun müddət xəbər tutmamış və ümumiyyətlə Şikarın onu aldadacığına inanmamışdır, çünki, Şikar kənddə onun ən yaxın qohumu hesab olunur və o, elə başa düşmüşdür ki, Şikar onun atadan qalan miras əmlakını aldatma ilə ondan ala bilməz. Hazırda bilmişdir ki, Cavabdeh2 onun etibarından sui–istifadə edərək, qanunsuz yolla evini öz adına keçirmişdir. Həmçinin, Cavabdeh2 qanunsuz əməllərinə Şəmkir rayon Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Ərazi İdarəsi də qanunsuzluq etmiş, o, vərəsəliklə miras əmlakı öz adına keçirmədən saxta alqı–satqı müqaviləsi ilə Cavabdeh2 adına keçirmişdir. Hesab edir ki, mübahisəli miras əmlak iki hissədən ibarətdir: 1–ci ünvan 1 ünvanda yerləşən evin ilkin mülkiyyətçisi X3nun adına olmuşdur. 2–ci ünvan 1 ünvanda yerləşən 0.2500 kv.m. torpaq sahəsinin ilkin sahibi anası X6 olmuşdur. Lakin saxtakarlıq edənlər bu halları nəzərə almamışlar. Hazırkı müqavilə üzrə heç bir bir vəsait əldə etmədiyi təqdirdə həmin müqavilə onun üçün tam əhəmiyyətsiz olmuşdur. Belə ki, valideynlərindən qalmış miras əmlak onun iradəsi olmadan başqasının adına sənədləşdirilmiş, o, müqavilədə göstərilən məbləği almamışdır, bu hal qanunun tələblərinə riayət olunmadığı üçün əsassızdır. Hesab edir ki, Şəmkir rayon Notariat Kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən saxtakarlıqla onun valideynlərinin əmlaklarının Cavabdeh2 adına keçirilməsi qanusuzdur və ləğv edilməlidir. Odur ki, Şəmkir rayon Notariat Kontorunda bağlanmış 06 oktyabr 2004–cü il tarixli, 231450 nömrəli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2031/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Allahyarov) iddia tələbi təmin edilməmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, xx.xx.2004-cü il tarixli 2V-126 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.1995–ci il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçı olmuş, ona 1959–cu ildə tikilmiş, Şəmkir rayonu, Əliyaqublu kəndində 2500.00 kv.m torpaq sahəsində yerləşən, yaşayış sahəsi 48.0 kv.m olan, 2 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Cavabdeh1 bağlanmış 06 oktyabr 2004–cü il tarixli, 231450 nömrəli alqı–satqı müqaviləsi əsasında İddiaçı həmin fərdi yaşayış evini 39.400.000 (köhnə pul vahidi ilə) manata Cavabdeh2 satmış, bundan sonra evə dair sonuncunun adına xx.xx.2010–cu il tarixli MA seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********96–10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Hazırda iddiaçı Şəmkir rayon Notariat Kontorunda bağlanmış 06 oktyabr 2004-cü il tarixli, 231450 nömrəli alqı-satqı müqaviləsini və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarışı mübahisələndirir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olmuş və o, öz iradəsini sərbəst ifadə etməklə mübahisəli müqaviləni bağlamışdır. Hazırda iddiaçı müqavilənin etibarsızlığını tələb etsə də bu barədə məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Mübahisələndirilən alqı–satqı müqaviləsinin legitimliyi barəsində Cavabdeh2 hər hansı şübhə yaranmadığı üçün o, vicdanlı alıcı olmuşdur. Bu səbəbdən də qeyd olunan alqı– satqı müqaviləsinin etibarsız hesab edilməklə, çıxarışın da ləğv edilməsinə heç bir əsas yoxdur. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən müqavilə xx.xx.2004–cü tarixdə bağlanmış, ötən 20 il ərzində iddiaçı susmuş və məhkəməyə müraciət etməmişdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı xx.xx.2025–ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında 2004–cü ildə qızına Bakı şəhərindən ev almaq istədiyini, lakin pulu çatmadığından atasından qalmış evi satmaq qərarına gəldiyini, həmin vaxt Cavabdeh2 ona 4.000 ABŞ dolları, bir müddət sonra isə atası ilə birlikdə Bakı şəhərinə onun mənzilinə gələrək əlavə 4.000 ABŞ dolları verdiyini, xx.xx.2025–ci il tarixdə keçirilmiş məhkəmə iclasında isə qızına ev alması üçün cavabdehin ona köməklik edərək 4.000 manat pul verməsini, bununla bağlı notariusda sənədə imza etdiyini göstərməklə, fərqli izahatlar vermiş, eləcə də məhkəmə iclası zamanı sualları cavablandırarkən bildirmişdir ki, 8.000 ABŞ dollarını cavabdehə qaytarır, bu şərtlə ki, evi əşyaları ilə birlikdə ona qaytarsın. Bu isə onu deməyə əsas verir ki, iddiaçı cavabdehdən 8.000 ABŞ dollarını qəbul etmiş, dolayısı ilə həmin vaxt evi cavabdehə satmış, yəni evin satılmasından məlumatlı olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı notarius tərəfindən ona boş kağıza imza edilməsini iddia etsə də, həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, formal izahat verməklə kifayətlənmişdir. Eləcə də, iddiaçının ali təhsilli, o cümlədən savadlı olması diqqətdə saxlanılarsa, onun aldatılmasını məhkəmə ağlabatan hesab etmir. Əksinə işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı sərbəst surətdə öz iradəsini ifadə etməklə, alqı–satqı müqaviləsi bağlamış və mübahisəli evi Cavabdeh2 satmışdır. Məhkəmə nəzərə alır ki, iddiaçı mübahisəli əmlakın özgəninkiləşdirilməsinə dair müqavilədə əks olunmuş iradə ifadəsinin zədələnmiş olduğuna əsaslanaraq, həmin əqdi mübahisələndirsə də, etibarsızlıq üçün əsasın mövcud olması müəyyən edilmir, habelə iddiaçının tələbi və tələbin təsdiqi üçün təqdim olunmuş sübutlar bir–biri ilə ziddiyyət təşkil edir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 140, 141.1, 141.2, 141.3, 146.1, 337, 339-cu maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

14. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2031/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2 (076)- 2031 /2025 saylı xx.xx.2025-ci il qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun valideyinləri X11 və anası X6 1938-ci ildən Şəmkir rayonu Əliyaqublu kəndində yaşayıblar və ailədə o, yeganə övlad olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Bakı Politexnik İnstitunuda daxil olmuşam. X3 1995-ci ildə və anası X2 isə 2003-cü ildə vəfat etmişdir . Həm atasının, həm də anasının bütün dəfn xərclərinin hamısını o çəkmişdir. Anası vəfat edəndən sonra isə, bir müddət kənddə atasının evində qalıb yaşamış, lakin ailə üzvləri Bakı şəhərində yaşadığı üçün Bakı şəhərinə qayıtmışdır. Buna baxmayaraq , o, hər bayram günlərində və hansısa bir əlamətdar günlərdə ya ailəsi ilə birlikdə, ya da təkcə kəndə gələrək valideyinlərinin evində qalıb yaşamışdır. O zaman o, tez–tez xəstələndiyindən və ailə problemləri ilə əlaqədar Əliyaqublu kəndindəki evə az-az gedib gəlmişdir. Belə ki, o zaman o, kəndə azaz gəldiyi üçün evə nəzarət edilməsini əmisi oğlu Həsənov Fərhada həvalə etmişdi, əmisi oğlu Fərhad qızı ilə onların evdə qalmışdır. Sonradan o, qərara gəlmişdir ki, Əliyaqublu kəndində yerləşən ata evini satıb və əldə olunan vəsaiti ailəsinin digər problemlərinə sərf etsin. Ona görə evi satacağını Həsənov Fərhada bildirmiş, Fərhad isə ona, bu evi satanda onu da nəzərə almalı olduğumu bildirmişdir, ona görə ki, bu ev onların ata baba mülküdür. Əks təqdir də evin başqa şəxslərə satılmasına imkan veməyəcəkdir. Fərhad uzun müddət müəlim işlədiyindən kənddə böyük nüfuza malik olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Fərhad evi almağa gələnləri qapıdan qovmuş və evin satılmadığını bildirmişdir. Belə ki, evi almaq üçün şəxslərin həyətdən qovmuşdur. Hətta rayonda doktor Ziyad adlı şəxslə mübahisə etmiş və ona hədə-qorxu gəlmişdir. Vəziyyətin belə olduğunu görəndə ona məlum olmuşdur ki, mülki tezliklə sata bilməyəcəkdir. Həmin vaxtı əmisioğlu Fərhadın və onun oğlu Cavabdeh2 ona bildirmişdir ki, evi başqa adamlara yox, onlara versin və o hər dəfə kəndə gəlib gedəndə onlarda qalsın. Həmçinin Cavabdeh2 bildirmişdir ki, evi ona versin və gələcəkdə əgər kəndə gəlməli olsa, o zaman həyətyanı sahədən ona yer ayıra bilər. O zaman o qohumu Şikarin səmimi sözlərinə inanmış və birlikdə onun tanışı olan Notariat Kontorda işləyən Sadıqov adlı şəxsin yanına getmişlər. 2004-cü ildə valideyinlərindən qalmış Şəmkir rayonu Əliyaqublu kəndində olan evin Vərəsəlik hüququ əsasında onun adına keçirmək üçün əmisi nəvəsi Şikarla birlikdə və onu tanışı Şəmkir rayon Notariat Kontorunun rəhbəri Sadıqovun yanına getmişlər. O zaman o, atasına məxsus Əliyaqublu kəndində 1959-cu ildə inşa edilmiş iki otaqdan ibarət 48,0 kv.m. sahəsi olan evi və 2500,0 kv.m. torpaq sahəsini adına keçirmək istədiyini bildirdikdə, notarius ondan sənədləri istəmiş, lakin onda heç bir sənədin olmadığını ona bildirmişdir. Ona görə notarius ona iki ağ kağıza imza etdirmiş və bildirmişdir ki, o, özü kənd sovetində olan qaytanlı kitaba baxacaq və bələdiyyə ilə razılaşdıracaq . Eyni zaman da, Sadıqov ondan 36 manat pul alıb bildirmişdir ki, sənədlər hazır olandan sonra evin alqı-satqısı üçün onu dəvət edəcəkdir. O zaman o, Şikar ilə birlikdə 4 yol deyilən yerə gəlmiş və Şikar onu avtomaşınla Bakıya yola salmışdır. Həmin vaxtdan sonra mən heç vaxt Notariat Kontoruna getməmişdir. Lakin hazırda ona məlum olmuşdur ki, Şəmkir Rayon Notariat Kontoru saxtakarlıq etmiş və onun xəbəri olmadan atasına məxsus evə dair vərəsəlik şəhadətnaməsini onun adına versə də, həmin Şəhadətnaməni ona təqdim etmədən Cavabdeh2 vermiş və daha sonra isə Cavabdeh2la qanunsuz əlaqəyə girərək, onun adından saxta müqavilə tərtib etmiş və reyestr qeydindən keçirərək Cavabdeh2 təqdim etmişdir. O zaman o, Cavabdeh2la ayrılandan bir neçə ay sonra Cavabdeh2 atası ilə birlikdə Bakı şəhərinə onun mənzilinə gəlmişlər və stolun üstünə 4000 (dörd min) dollar qoyaraq ,“biz alqı-satqı edəcəyik və evi özəlləşdirəcəyik” demişlər. O zaman o, Şikarın hərəkətlərindən şübələnmiş və “ evin sənədlərini onlardan istəmişəm“ Həmin vaxtı Şikar demşdir ki, “onlarda heç bir sənəd yoxdur, get notariusdan al”, “bütün sənədlər notariusdadır, gedin notariusdan alarsan” demişlər. O zaman o, evinin özəlləşdirilməsi üçün heç kimə etibarnamə vermədiyini, onların hansı sənədlə özəlləşdirmə aparacaqlarını soruşduqda, onlar bunu notariusdan soruşmasını bildirmişlər. Bir müddət sonra o, Şəmkir Notariat Kontoruna gəlmiş notariusun yeni binaya köçməsini və köhnə binadakı bütün sənədlərin arxivə verilməsi ona bildirilmişdir. Ona görə o, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş və Reyestr Xidməti ona yalnız 2004-cü il tarixli “231450 №li Müqaviləni”, Vərəsəlik Şəhadətnaməsinin ksero kopyasını təqdim etmişlər. O, alqı-satqı müqaviləsinə baxdıqda müqavilədə imzalar başqa başqa olduğu və ayrı-ayrı xətlə yazıldığını görmüşdür. Həmin imzalar onun olmamışdır. O, Cavabdeh2 evin qaytarılmasını istədikdə, 39.400.000 (otuz doqquz milyon dörd yüz) verdiyi pulu qaytarmağıvə əlavə olaraq 25-30 % olmaqla faiz qaytaracağı təqdirdə evi qaytaracağını bildirmişdir. O, heç vaxt Cavabdeh2 evə görə pul almamışdır. Onun qohumu Cavabdeh2 ona qarşı qanunsuz hərəkətlərindən o, uzunmüddət xəbər tutmamış və ümumiyyətlə götürdükdə Şikarın onu aldadacığına inanmamışdır. Lakin hazırda bilmişdir ki, Şakir Həsənov ona etibarından sui-istifadə edərək, qanunsuz yolla evini öz adına keçirmişdir. Şəmkir rayon Notariat Kontoru və Daşınmaz ƏmlakınDövlət Reyestr Xidmətinin 11 saylı Ərazi İdarəsi qanunsuzluq etmiş və vərəsəliklə onun miras əmlakı öz adına keçirmədən saxta alqı-satqı müqaviləsi ilə Cavabdeh2 adına keçirmişdir. Mübahisəli miras əmlak iki hissədən ibarətdir. 1-ci, ünvan 2 ünvanda yerləşən evin ilkin mülkiyyətçisi X3nun adına olmuşdur. 2-ci, ünvan 2 ünvanda yerləşən 0,2500 kv.m. torpaq sahəsinin ilkin sahibi anası X6 olmuşdur. Lakin saxtakarlıq edənlər bu halları nəzərə almamışlar. Hazırkı müqavilə üzrə o, heç bir bir vəsait əldə etmədiyi təqdirdə, həmin müqavilə onun üçün tam əhəmiyyətsiz olmuşdur. Belə ki, onun valideyinlərindən qalmış miras əmlaklar onun iradəsi olmadan başqasının adına sənədləşdirilməsi qanunsuzdur. Belə ki, o, zaman Reyestr Xidməti Vərəsəlik Şəhadətnaməsi əsasında miras əmlakın onun adına Çıxarış verməmiş və o, heç vaxt Reyestr Xidmətindən Çıxarış almamışdır. Reyestr Xidmətindən evin Çıxarışının kimin alması arxiv sənədləri əsasında yoxlanılması məhkəmə prosesində aydınlaşdırmamışdır. Məhkəmə öz qətnaməsində göstərir ki, guya mən 20 il müddət evin alqı-satqısının ləğvi ilə əlaqədar məhkəməyə müraciət etməmişdir. Bu tamamilə əsassdır. Mən valideynlərinə məxsus evin saxtakarlıqla alqı-satqı edilməsindən uzun müddət xəbərsiz olmuş və bu barədə məlumat aldıqdan sonra dəfələrlə notariusdan və Reyestr Xidmətindən sənədləri tələb etməyinə baxmayaraq, lakin evin sənədlərini ona təqdim etməmişlər və süründürməçilik etmişlər. O, sənədləri aldıqdan sonra isə bir neçə dəfə məhkəməyə müraciət etmiş və məhkəmə onun iddia tələblərini bir neçə dəfə əsassız bəhanələrlə icraata qəbul etməkdən imtina etmişdir.

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, cavabdeh əmisi nəvəsidir. O vaxtı 0.25 ha əmisinə, 0.25 ha isə atasına torpaq vermişlər. O, 8000 ABŞ dollarını cavabdehdən qəbul etmişdir. O, 12 il ərzində müqaviləni mübahisələndirməmişdir. İmza onun tərəfindən icra olunmuşdur.

18. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi onun tərəfindən 8000 ABŞ dolları ödəməklə almışdır. Belə ki, həmin vaxt iddiaçı Bakı şəhərində ev almaq istədiyi üçün Şəmkir rayonun Əliyaqublu kəndində yerləşən mübahisəli evi satmaq istədiyini bildirmişdir. Lakin evi sata bilmədiyi üçün onlardan 4000 ABŞ dolları pul almışdır. Sonra pulu qaytara bilmədiyi üçün evi almağa təklif etmişdir. Onlar əlavə 3000 ABŞ dolları düzəldib Bakı şəhərinə getmişlər və Bakı şəhərində evdə 3000 ABŞ dollarını iddiaçıya ödəmişdir. Lakin iddiaçı qalan 1000 ABŞ dollarının da, verilməsini tələb etmişdir. Onlar Şəmkir rayonua qayıtmış və növbəti günlərdə özünə məxsus iribuynuz və xırdabuynuzlu heyvanları sataraq 1000 ABŞ dollarını düzəltmiş və iddiaçıya ödəmiş, sonra notariat kontoruna gedərək alqı-satqı etmişlər. Odur ki, iddia əsassız olduğundan iddianın rədd edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdeh məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

21. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

22. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

25. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

26. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər bir əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

27. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

36. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

37. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2031/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

42. İddianı təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olmuş və o, öz iradəsini sərbəst ifadə etməklə mübahisəli müqaviləni bağlamışdır. Hazırda iddiaçı müqavilənin etibarsızlığını tələb etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim olunmamışdır. Mübahisələndirilən alqı-satqı müqaviləsinin legitimliyi barəsində Cavabdeh2 hər hansı şübhə yaranmadığı üçün o, vicdanlı alıcı olmuşdur. Bu səbəbdən də, qeyd olunan alqı–satqı müqaviləsinin etibarsız hesab edilməklə, çıxarışın da ləğv edilməsinə heç bir əsas yoxdur. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən müqavilə xx.xx.2004–cü tarixdə bağlanmış, ötən 20 il ərzində iddiaçı susmuş və məhkəməyə müraciət etməmişdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı xx.xx.2025–ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında 2004–cü ildə qızına Bakı şəhərindən ev almaq istədiyini, lakin pulu çatmadığından atasından qalmış evi satmaq qərarına gəldiyini, həmin vaxt Cavabdeh2 ona 4.000 ABŞ dolları, bir müddət sonra isə atası ilə birlikdə Bakı şəhərinə onun mənzilinə gələrək əlavə 4.000 ABŞ dolları verdiyini, xx.xx.2025–ci il tarixdə keçirilmiş məhkəmə iclasında isə qızına ev alması üçün cavabdehin ona köməklik edərək 4.000 manat pul verməsini, bununla bağlı notariusda sənədə imza etdiyini göstərməklə, fərqli izahatlar vermiş, eləcə də, məhkəmə iclası zamanı sualları cavablandırarkən bildirmişdir ki, 8.000 ABŞ dollarını cavabdehə qaytarır, bu şərtlə ki, evi əşyaları ilə birlikdə ona qaytarsın. Bu isə onu deməyə əsas verir ki, iddiaçı cavabdehdən 8.000 ABŞ dollarını qəbul etmiş, həmin vaxt evi cavabdehə satmış, yəni evin atılmasından məlumatlı olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı notarius tərəfindən ona boş kağıza imza edilməsini iddia etsə də, həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, formal izahat verməklə kifayətlənmişdir. Eləcə də, iddiaçının ali təhsilli, o cümlədən savadlı olması diqqətdə saxlanılarsa, onun aldatılmasını məhkəmə ağlabatan hesab etmir. Əksinə işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı sərbəst surətdə öz iradəsini ifadə etməklə, alqı–satqı müqaviləsi bağlamış və mübahisəli evi Cavabdeh2 satmışdır. Məhkəmə nəzərə alır ki, iddiaçı mübahisəli əmlakın özgəninkiləşdirilməsinə dair müqavilədə əks olunmuş iradə ifadəsinin zədələnmiş olduğuna əsaslanaraq, həmin əqdi mübahisələndirsə də, etibarsızlıq üçün əsasın mövcud olması müəyyən edilmir, habelə iddiaçının tələbi və tələbin təsdiqi üçün təqdim olunmuş sübutlar bir-biri ilə ziddiyyət təşkil edir.

43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, 06 oktyabr 2004-cü il tarixli, 231450 nömrəli, 4Ə– 461 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı xx.xx.2004–cü il tarixli 2V–126 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyətində olan, 1959-cu ildə tikilmiş, Şəmkir rayonu, Əliyaqublu kəndində 2500.00 kv.m torpaq sahəsində yerləşən, yaşayış sahəsi 48.0 kv.m olan, 2 otaqlı fərdi yaşayış evini 39.400.000 (köhnə pul vahidi ilə) manata Cavabdeh2 satmış, DƏDRX-dən MA seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına çıxarış verilmişdir.

44. İddiaçı apellyasiya şikayətinin dəlillərində xx.xx.2004-cü il tarixli 2V-126 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyətində olan, 1959-cu ildə tikilmiş, Şəmkir rayonu, Əliyaqublu kəndində 2500.00 kv.m torpaq sahəsində yerləşən, yaşayış sahəsi 48.0 kv.m olan, 2 otaqlı fərdi yaşayış evinin 06 oktyabr 2004–cü il tarixli, 231450 nömrəli, 4Ə-461 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satılarkən, həmin alğı-satqı müqaviləsinə imza etməməsini, əmlakın satılmasından heç bir xəbəri olmamasını və qanunsuz, əsassız olaraq başqasının mülkiyyətinə keçməsini göstərməsi ilə bağlı kollegiya qeyd edir ki, əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 Aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə kollegiyası alğı-satqı müqaviləsinin etibarlılığının yoxlanılması üçün müqavilədəki imzanın iddiaçıya məxsus olub-olmamasını araşdırılarkən, İddiaçı məhkəmə iclasında imzanın ona məxsus olmasını, lakin cavabdehin onu boş vərəqə imza etdirməsini bildirmişdir. Belə ki, iddiaçı imzanının onun tərəfindən icra edilməsini mübahisələndirməmişdir. Həmçinin iddiaçının apellyasiya şikayətində qeyd etdiyi kimi, cavabdehin onu boş vərəqə imza etdirməsini iddiaçı sübut edə bilməmişdir. Odur ki, mübahisələndirilən 06 oktyabr 2004–cü il tarixli, 231450 nömrəli, 4Ə–461 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi iddiaçı tərəfin razılaşdırılmış iradə ifadəsi əsasında bağlanılması müəyyən edilmişdir.

45. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da nəzərə alır ki, iddiaçı müqvilənin bağlanılmasından uzun müddət sonra onu mübahisələndirmiş və həm də, mübahisəli torpaq sahəsi alıcının sahibliyində və istifadəsində olmuşdur. Apellyasiya şikayətinin dəlillərində iddiaçı 06 oktyabr 2004–cü il tarixli alqı-satqı müqaviləsini mübahisələndirdiyini qeyd etsə də, iş materiallarında olan məhkəmə qərardadlarından görünür ki, iddiaçı ilk dəfə 2016-cı ildə məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(076)-4540/2016 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Bundan sonra iddiaçı 2022-ci ilədək müxtəlif vaxtlarda məhkəməyə müraciət etmiş, lakin onun tərəfindən verilmiş iddia ərizəsi geri qaytarılmışdır. Göründüyü kimi, iddiaçı həmin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi halda, ilk dəfə iddia ilə 2016-ci ildə məhkəməyə müraciət etmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı , Şəmkir rayonu, Əliyaqublu kəndində 2500.00 kv.m torpaq sahəsində yerləşən, yaşayış sahəsi 48.0 kv.m olan, 2 otaqlı fərdi yaşayış evin alğı-satqı müqaviləsindən məlumatlı olmaması, bununla bağlı onun razılığının alınmaması ilə bağlı dəlilləri əsassızdır və həmin dəlillər işin yuxarıda qeyd edilən haları ilə təkzib olunur.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi :

Şəmkir Rayon Məhkəməsinin 2(076)-2031/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2031/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar