Məhkəmə qərarları › İş №2(104)-1778/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1778/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1778/2023 14.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X7 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(021)-478/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh maddi ziyana görə 5000 manat məbləğin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(021)-478/2023 nömrəli qətnaməsi (hakim Qamət Əbilov) ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3000 (üç min) manat və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə 200 (iki yüz) manat ekspertiza xərcinin Cavabdeh alınaraq “X8” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(021)-478/2023 nömrəli qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin 125 manat məbləğində təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə zamanı onun idarə etdiyi maşınla vurulub ciddi xəsarətləndirilmiş iki baş heyvanlardan biri 241 günlük ( 8 aylıq), digəri isə 263 günlük (8,5) aylıq buzovlar olmuşlar, 241 günlük buovun 2022-ci ilin oktyabr ayında bazar dəyəri 600 manat, 263 günlük buzozun həmin vaxtkı bazar dəyəri isə 650 manat olmuşdur. Deməli zərərçəkmiş İddiaçı cəmi 1250 manat maddi ziyan dəymişdir. Ziyan məbləğinin cəmi 1250 manat olması rəsmi sənədlə-Bərdə şəhəri "xxxx" MMC-nin Vəkil sorğusuna cavab olaraq verdiyi arayışla təsdiq olunur. Nəzərə alınsa ki, zərərçəkmiş İddiaçı xəsarət almış heyvanlarını könüllü olaraq X2 27 oktyabr 2023-cü il tarixdə 1000 manata satmışdır, onda ona vurulmuş maddi ziyan cəmi 250 manat təşkil edir. Həmin 250 manat maddi ziyan isə onunla zərərçəkmiş İddiaçı arasında bərabər bölünməlidir. Çünki heyvanlarını nəzarətsiz surətdə qoymaqla asfalt yoldan keçirilməklə zərərin yaranmasına şərait yaratmışdır. Odur ki, onun iddiaçıya ödəməli olduğu maddi ziyan məbləği də məhkəmə tərəfindən məhz ona 125 manat məbləğində müəyyən olunmalı idi. Qətnamədən belə məlum olur ki, İddiaçı xəsarət almış 2 baş heyvanını elə həmin gecə, yəni xx.xx.2022-ci il tarixdə X2 1000 manata satmışdır. Lakin iddiaçı bu barədə, yəni onlara məhz 1000 manata satması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. (ödəniş qəbzi, pul, köçürmə qəbzi və s.) Bundan başqa X5 İddiaçı tərəfindən şahid qismində ifadə verməsi üçün məhkəməyə dəvət edilməmiş və dindirilməmişdir. Hesab edir ki, İddiaçı heyvanları Ehtiram Quliyevə 1000 manata satması inandırıcı deyildir, daha da baha qiymətə satmışdır. Çünki heyvanları ona diri vəziyyətində və diri çəkidə satmışdır. Cavabdeh nümayəndəsi X11 məhkəmə kollegiyasının iclasında verilmiş apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını, Bərdə Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(021)-478/2023 nömrəli qətnaməsinin dəyişdirilərək, iddia tələbinin 125 manat məbləğində təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onun heyvanlarından 2-si ağır, 1-i isə yaralanmışdır. Ağır yaralanmış 2 (iki) baş malı ətlik üçün vermiş, alıcı həmin malları 1000 manata dəyərləndirərək ona cəmi 1000 manat pul vermişdir. “X8” MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə 1 baş iri buynuzlu mal-qaranın bazar qiyməti 2000 manat olmaqla, 2 baş iri buynuzlu mal-qaranın bazar qiyməti 4000 manat qiymətləndirilmişdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(021)-478/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(021)-478/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin dəlillərində iddianın qismən təmin olunmuş hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPMnin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Qida X4 Regional Bölməsinin verdiyi xx.xx.2022-ci il tarixli 29/1-1671 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı müraciəti əsasında 28 oktyabr 2022ci il tarixdə Bərdə rayon Qaradağlı kəndi ərazisində yerləşən 1 saylı heyvan kəsim məntəqəsinə baxış keçirilmiş, baxış zamanı Bərdə rayonu Kolayır kənd sakini İddiaçı məxsus 3 baş iribuynuzlu inək heyvanlarının xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Kolayır kəndi ərazisində avtomobil vurması nəticəsində 2 baş "simmental" cinsindən olan iribuynuzlu heyvanın ön ətraflarında qapalı sınıq olduğu üçün heyvanlar X1, X5 isə həmin 2 baş heyvanı Bərdə rayonu Qaradağlı kəndi ərazisində fəaliyyət göstərən X6 məxsus hevan kəsim məntəqəsinə kəsilməsi üçün gətirmişdir. xx.xx.2022-ci il tarixdə saat 05:00 radələrində həmin heyvan kəsimi məntəqəsində həmin avtoqəza nəticəsində yaralanmış iribuynuzlu heyvanlar baytar həkimi tərəfindən müayinə olunarkən heyvanların birinin ön ətrafının birinin, digərində isə ön ətraflarının hər ikisinin qapalı sınıq olduğu üçün heyvanların məcburi olaraq kəsimə gətirilməsi müəyyən olunmuşdur. Heyvanlar kəsildikdən sonra cəmdəklərin əzildiyi nahiyələrdə qan toplaşmış və yararsız halda olan nahiyələr kəsilib çıxarılaraq təlimata uyğun olaraq məhv edilmiş, həmin heyvanlardan ümumilikdə 347,6 kq (168,2 və 179,4 kq) ǝt emal edilmişdir. Həmin emal edilən ətin 2,9 kq-ı yararsız olduğuna görə təlimata uyğun olaraq məhv edilmişdir. Avtoqəza nəticəsində xəsarət almış heyvanların hər ikisi (biri 241 günlük, digəri 263 günlük) boğaz heyvanlar olmuşdur. “X8” MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1 baş iri buynuzlu mal-qaranın bazar qiyməti 2000 manat olmaqla, 2 baş iri buynuzlu mal-qaranın bazar qiyməti 4000 manat qiymətləndirilmişdir. Bərdə rayon Polis şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 04 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyərək yolda olan İddiaçı məxsus 3 baş inǝk heyvanlarını vurmaqla ona 5000 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh əməlində İXM-in 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Məhkəmə kollegiyasına təqdim edilmiş: Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(021)-10/2023 saylı qərarının surətindən görünür ki, Cavabdeh şikayəti təmin edilmiş, Bərdə rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru X3 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 04 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, material yenidən araşdırılması üçün Bərdə rayon Polis Şöbəsinə həvalə edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 1778/2023 sayı qərardadı ilə Cavabdeh avtomobil ilə iribuynuzlu heyvanları vurması ilə bağlı barəsində olan işə inzibati qaydada baxılıb həll edilənədək, hazırkı 2(104)-1778/2023 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Bərdə rayon Polis şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 31 avqust 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyərək yolda olan İddiaçı məxsus 3 baş inǝk heyvanlarını vurmaqla ona 5000 manat məbləğində maddi ziyan vurmuşdur.Cavabdeh əməlində İXM-in 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, 27 oktyabr 2022-ci il tarixdə Cavabdeh Bərdə şəhəri istiqamətində yüksək sürətlə hərəkət edən VAZ-21093 markalı **- BH-*** dövlət qeydiyyat nişanlı atomobillə hərəkət edərkən iddiaçıya məxsus 3 baş inək heyvanlarını vurmaqla ona 5000 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iki baş heyvanlardan biri 241 günlük ( 8 aylıq), digəri isə 263 günlük (8,5) aylıq buzovlar olmaqla, 241 günlük buovun 2022-ci ilin oktyabr ayında bazar dəyəri 600 manat, 263 günlük buzozun həmin vaxtkı bazar dəyəri isə 650 manat olduğunu, zərərçəkmiş İddiaçı cəmi 1250 manat maddi ziyan dəydiyini göstərsə də, iş materiallarında olan fotoşəkillərlə və “X8” MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, 1 baş iri buynuzlu mal-qaranın bazar qiyməti 2000 manat olmaqla, 2 baş iri buynuzlu mal-qaranın bazar qiyməti 4000 manat qiymətləndirilmişdir. İddiaçı iddia ərizəsində 2 baş mal-qara üçün 5000 manat tələb etsə də, iddiaçı məhkəmə kollegiyasının iclasında həmin heyvanları heyvan kəsim məntəqəsinə verdiyini və 1000 manat pul aldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericliyin qeyd edilən tələblərindən göründüyü kimi, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu - delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Məhkəmə kollegiyası hesab edir ki, birincic instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə iddianın qismən təmin edilmiş hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin həmin hissədə maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(021)-478/2023 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, alimentin artırıldığı məbləğin bir il ərzində olan məcmusu ilə iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(021)-478/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar