Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1780/2023 26.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmlak və pul Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (qardaşı) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-339/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli № 41-07 nömrəli Məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində "xxxx" QSC-nin təklif etdiyi qiymətlər - Ammonium Nitrat (Rustavi Azot) - 1300 AZN/ton, NPK 16-16-16 (Evroxim) -1400 AZN/ton, Karbamid (SOCAR)- 540 AZN/ton.
2. Bərdə rayon Polis Şöbəsindən daxil olmuş materiallardan görünür ki, Bərdə rayon, Mirzəxan kəndində yaşayan İddiaçı xx.xx.2022-ci il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək, 2021-ci ilin fevral-mart aylarında əvvəllər tanıdığı, Bərdə rayonu Piyadalar kəndində yaşayan Cavabdeh onun işlədiyi gübrə mağazasına gələrək cəmi 7209 manat dəyərində müxtəlif gübrələri nisyə aldığını, lakin pulunu ödəmədiyini bildirərək, onun barəsində tədbir görülməsini və vurulmuş ziyanın ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. Araşdırma zamanı barəsində şikayət etdiyi Cavabdeh izahatında 2022-ci ilin əvvəllərində İddiaçı məxsus bitki (gübrə) mağazasından 3670 manat dəyərində azot gübrəsini götürdüyünü və hazırda da borcunu ödəyə bilməyəcəyini, həmin məbləği subsidiya verilən zaman ödəyəcəyini qeyd etmişdir. X1 müraciətində göstərilən xüsusatlar mülki xarakteli olduğu üçün materialın RPŞ-nin dəftərxanasında işə alınmasını məqsədə müvafiq hesab edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 784 manat məbləğində 40 kisə korbomit gübrəsinin, 4225 manat dəyərində 65 kisə selitra (Gürcüstan istehsalı), 2.380 manat dəyərində 34 kisə Nitroamafos-161616 gübrəsinin naturada qaytarılması, naturada qaytarılması mümkün olmadıqda isə bu məhsulların cəmi dəyəri olan 7.389 manat pulun və 94 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Kənd təsərrüfatı üçün nəzərdə tutulmuş mineral gübrələr satır. 2021- ci ilin fevral-mart aylarında əvvəllər tanıdığı, bir neçə dəfə nisyə gübrə götürüb sonradan pulunu vermiş Bərdə rayon Piyadalar kənd sakini, əvvəllər Bərdə rayon Baytarlıq İdarəsinin rəisi vəzifəsində işləmiş Cavabdeh işlədiyi gübrə mağazasına gələrək, bildirmişdi ki, çox sahədə taxıl əkib ancaq gübrə almaq üçün hazırda vəsaiti yoxdur. Buna görə də ona 2021-ci ilin taxıl (iyun-iyul aylarında) biçinində pulunu ödəmək şərtilə 40 kisə korbomit (40 x 19.60 man. =784 manat). 65 kisǝ selitra (Gürcüstan istehsalı) (65x 65 man. 4225 manat), 34 kisə Nitroamafos-161616 (34 x 16 man. =2380 manat olmaqla cəmi 7.389 manat məbləğində gübrəni ona verməyini xahiş etmişdir. O da ona inanaraq və əvvəllər də bu qaydada nisyə gübrə alması və sonradan pulunu ödəməsini nəzərə alaraq yuxarıda qeyd edilən məbləğdə gübrəni ona vermişdir. Cavabdeh vəd etdiyi müddət başa çatmasına baxmayaraq pulu ödəməmiş və bundan sonra da dəfələrl müraciət etsəm də borcu ödəməkdən yayınmışdır. Cavabdehin aladatma və etibardan sui-istifadə etmək yolu ilə gübrə məhsulunu ələ keçirməsi barədə Bərdə rayon Polis Şöbəsinə yazdığı ərizə üzrə araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh borcunun olmasını bildirsə də pulu ödəyə bilmədiyini bildmişdir. Ərizəsi əsasında Bərdə rayon Polis Şöbəsindən verilmiş məktubla məsələnin mülki mübahisə olduğu bildirilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.
5. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-339/2023 nömrəli qətnaməsi (hakim Qamət Əbilov) ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 3670 manat dəyərində Gürcüstan istehsalı olan azot gübrəsi, həmin gübrəni naturada almaq mümkün olmadıqda dəyəri 3670 manat alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə ödənilməmiş 93 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 405.1 və 567-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3, 220.4, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(021)-339/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o heç bir borc müqaviləsinə imza etməmiş, ona heç bir qaymə-faktura təqdim olunmamışdır. İddiaçı ilə onun arasında rəsmi heç bir əqd imzalanmamışdır. İddiaçının onun qardaşı oğlu Zeynalov Hafizlə yaxın münasibətləri olmuşdur. Həmin mübahisəli gübrə və azotu ona vermişdir, Hafis Bakı şəhərində olduğu üçün o həmin mübahisəli azot və gübrəni iskilatdan götürüb qardaşı oğlu Hafizin əkib becərdiyi sahəyə aparıb təhvil vermişdir. İddiaçı ondan Bərdə rayon polis şöbəsinə şikayət etdiyi üçün o Bərdə rayon polis şöbəsində izahat vermişdir ki, o Hafizlə şərik taxıl əkmiş, həmin taxıl sahəsinin subsidiya sənədləri qardaşı oğlu Hafizin adına hesablanmışdır. Ancaq, torpaq sahibi ilə Hafizin icarə müqaviləsi olmadığına görə hesablanmış subsidiya Hafizin hesabına köçürülməmişdir. Və onun göstərdiyi məbləğ tamamilə yalnış və şişirdirilmiş rəqəmlərdir. Heç bir azot və gübrənin qiymətləndirilməsində mütəxəsis rəyi olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. İddiaçı nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
17. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
24. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Maddə 402.2 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
31. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin yalnız iddianın təmin edilməmiş hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
33. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-339/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Beləliklə, işin halları ondan ibarətdir ki, tərəflər arasında nisyə gübrə məhsullarının satılması barədə şifahi razılaşma olmuşdur. Belə ki, cavabdeh iddiaçıdan hissə-hissə ödəmək şərti ilə 3670 manat məbləğində azot gübrəsi almışdır. Lakin, cavabdeh bu öhdəliyini lazmınca icra etməmiş və onun iddiaçıya 3670 manat borcu qalmışdır.
36. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Çünki, cavabdeh nisyə alqı-satqı üzrə 3670 manat məbləğində azot gübrəsi almışdır.
37. İş materialları ilə müəyyən olunur ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda nisyə əşya almış, pulunu qaytaracağına söz versə də aldığı malların pulunu tam qaytarmamışdır.
38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
39. Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
40. Mülki Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
41. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, bu normaların tələbinə uyğundur.
42. Həmçinin kollegiya qeyd edir ki, Bərdə rayon Polis Şöbəsindən daxil olmuş materiallardan görünür ki, Bərdə rayon, Mirzəxan kəndində yaşayan İddiaçı xx.xx.2022-ci il tarixdə Bərdə RPŞ-nə ərizə ilə müraciət edərək, 2021-ci ilin fevral-mart aylarında əvvəllər tanıdığı, Bərdə rayonu Piyadalar kəndində yaşayan Cavabdeh onun işlədiyi gübrə mağazasına gələrək cəmi 7209 manat dəyərində müxtəlif gübrələri nisyə aldığını, lakin pulunu ödəmədiyini bildirərək, onun barəsində tədbir görülməsini və vurulmuş ziyanın ödənilməsinə köməklik edilməsini xahiş etmişdir. Araşdırma zamanı barəsində şikayət etdiyi Cavabdeh izahatında 2022-ci ilin əvvəllərində İddiaçı məxsus bitki (gübrə) mağazasından 3670 manat dəyərində azot gübrəsini götürdüyünü və hazırda da borcunu ödəyə bilməyəcəyini, həmin məbləği subsidiya verilən zaman ödəyəcəyini qeyd etmişdir.
43. MPM-nin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
44. Həmçinin kollegiya göstərir ki, cavabdehin iddiaçıya heç bir borcunun olmaması barədə göstərdikləri əsassızdır. Çünki, cavabdeh tərəfində qeyd etdikləri yalnız formal mülahizələrə söykənir və hər hansı sübutla təsdiq edilmir. Halbuki, həmin halları sübut etmə öhdəliyi Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən cavabdehlərin üzərinə düşür. Çünki həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
46. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
47. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
48. Eyni zamanda kollegiya bildirir ki, birinci instansiya məhkəməsinin iclası zamanı iddiaçı tərəf iddia ərizəsində qeyd olunan gübrələrin hər birinin dəyəri və çəkisi barədə mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. Cavabdeh isə həmin gübrələrinin qiymətinin şişirdilmiş olmasını bildirsə də, bunun əksini təsdiq edəcək mötəbər sübutlarını məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.
49. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iş üzrə iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382.1, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-339/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.