Məhkəmə qərarları › İş №2(104)-1803/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1803/2025

09.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1803/2025 09.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 (bundan sonra – cavabdeh) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 3864/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. Abonent kodu **********010 :32938714 kimi qeyd edilən Nərgiz Abbasovaya məxsus **********010 nömrəli abonent kartından görünür ki, Gəncə şəhəri, İsrafil Məmmədov küçəsi, ev 98 ünvanında sudan istifadəyə və çirkab sularının axıdılmasına görə Nərgiz Abbasovaya xx.xx.2011-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 588,53 manat məbləğində borc hesablanmışdır.

2. Abonent kodu **********000:33185035 kimi qeyd edilən Raya Həsənovaya məxsus **********000 nömrəli abonent kartından görünür ki, Gəncə şəhəri, İsrafil Məmmədov küçəsi, ev 98 ünvanında sudan istifadəyə və çirkab sularının axıdılmasına görə Raya Həsənovaya xx.xx.2011-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 386,25 manat məbləğində borc hesablanmışdır.

3. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən reyestrdə 4Ə-2629 nömrəsi ilə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X3 tərəfindən ünvan 1 ünvanında yerləşən mülkiyyətdə olan 0,026 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 47,6 kv.m olan fərdi yaşayış evi iddiaçıya satılmışdır.

4. Gəncə şəhəri, İsrafil Məmmədov küçəsi, ev 98 (Yeni qaydalarla: AZ 2001, ünvan 2 ünvanında yerləşən 0,0253 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 47,60 kv.m olan fərdi yaşayış evindən ibarət **********52-10301 reyestr nömrəli daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətində olmaqla, daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.

5. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 tərəfindən verilmiş hesab fakturadan görünür ki, ünvan 3 ünvanını su ilə təmin edən xəttə quraşdırılmış 23192916 nömrəli sayğaca əsasən xx.xx.2025-ci il tarixə olan sudan istifadə üçün hesablanmış borc 588,53 manat təşkil edir.

6. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 tərəfindən verilmiş hesab fakturadan görünür ki, Gəncə şəhəri, İsrafil Məmmədov küçəsi, ev 98 ünvanını su ilə təmin edən xəttə quraşdırılmış 23192641 nömrəli sayğaca əsasən xx.xx.2025-ci il tarixə olan sudan istifadə üçün hesablanmış borc 386,25 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun ünvanına yazılmış 386,25 manat və 588,53 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, İsrafil Məmmədov küçəsi, ev 98 (Yeni qaydalarla: AZ 2001, Gəncə şəhəri, İsrafil Məmmədov küçəsi, 103 saylı ev) onun mülkiyyətindədir. Həmin ev onun tərəfindən 11 yanvar 2024-cü il tarixdə əldə edilmişdir. Hazırda ona cavabdeh orqan ondan istifadə etmədiyi su və çirkab puluna görə pul tələb edir. Cavabdeh orqandan götürdüyü sənədlərə görə 386,25 və 588,53 manat borcu var. Belə ki, Nərgiz Abbasova ilə bağlanmış xx.xx.2006-ci il tarixli, 32938714 nömrəli müqaviləyə görə 588,53 manat borc yazılmışdır. Bu müqavilədə abonentin kodu **********010: 32938714-dür. İkinci müqavilə Raya Həsənova ilə 01.012005-ci ildə bağlanmış 33185035 nömrəli müqavilədir. Abonentin kodu **********000: 33185035-dir. Borc 386,25 manatdır. Yuxarıda da göründüyü kimi, heç bir müqavilə onunla bağlanmamışdır. Bundan başqa, ona suyun verilməsi və ya çirkab suları ilə bağlı hər hansısa bir xidmət göstərilmədiyindən onun cavabdeh orqana heç bir borcu yoxdur. Cavabdehlə onun arasında olan münasibətlər istehlak hüququndan irəli gəlir.

9. İddiaçının ərizəsi əsasında cavabdeh əsl cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X7 əvəz edilmişdir.

10. İddiaçı əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, alğı-satqı müqaviləsi əsasında sözügedən evi alarkən əvvəlki satıcı ona borcunun olması barədə məlumat verməmiş, özü də bunu araşdırmaq üçün heç bir yerə müraciət etməmişdir.

11. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olsa da, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

12. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, mübahisəli ev alt-üst mərtəbələr və ayrı ünvanlar (ünvan 5 ev 98 və ünvan 5 ev 98, mənzil 1) olmaqla iki hissədən ibarət olmuş, ayrı-ayrı müqavilələr bağlanmaqla bir hissəsi Raya Həsənovaya, digər hissəsi isə Nərgiz Abbasovaya aid olmuşdur. İddiaçı həmin evi alarkən heç bir yerə müraciət etməmiş, əvvəlki mülkiyyətçinin borcunun olub-olmamasını araşdırmamışdır. Hazırda həmin ünvanda iki ayrı sayğac mövcuddur.

13. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, 2(125)-3864/2025 nömrəli qətnaməsi (hakim Fuad Fərhadov) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli ev alt-üst mərtəbələr və ayrı ünvanlar (ünvan 5 ev 98 və ünvan 5 ev 98, mənzil 1) olmaqla iki hissədən ibarət olmuş, ayrı-ayrı müqavilələr bağlanmaqla bir hissəsi Raya Həsənovaya, digər hissəsi isə Nərgiz Abbasovaya aid olmuşdur. İddiaçı sözügedən ünvanda yerləşən əmlakı alğı-satqı müqaviləsi əsasında, mülkiyyət hüququ üzrə əldə edərkən, su təhcizatı və tullantı sularının axıdılması xidmətinə görə əvvəlki mülkiyyətçilərin müvafiq olaraq 386,25 manat və 588,53 manat məbləğində borcu olmuş və həmin əmlak qeyd olunan borcla yüklü şəkildə yeni mülkiyyətçinin mülkiyyətinə keçmişdir. Həmin halı iddiaçı və ondan əvvəlki mülkiyyətçilər bilmiş, lakin «İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti» X2rşı borcun əsassız hesablanması tələbinə dair iddia qaldırmamışlar. İddiaçı xx.xx.2025ci il tarixdə keçirilmiş məhkəmə iclasında qeyd olunan xüsusatı inkar etməmişdir. Başqa sözlə, iddiaçı sözügedən əmlakı alğı-satqı müqaviləsi əsasında əldə edərkən onun yüklü olduğunu bilmədiyini sübuta yetirməmişdir.

15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 567, 646.1 və 572.1-ci maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

16. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli, 2(125)-3864/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

17. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, qeyd edilən ünvan onun mülkiyyətinə 2024-cü ildə keçmişdir. Onlar istifadə etmədikləri suya görə, su pulu ödəməli deyillər. Əgər, bu müddət ərzində qeyd edilən ünvanda borc yığılmışdırsa, cavabdeh orqan qeyd edilən borcun tələb edilməməsinin izahını verməmişdir. Məhkəmə tərəfindən bu halın araşdırılmasını görmək mümkün deyildir. Qanuna görə istehlakçı yalnız özü tərəfindən istehlak edilən əmlaka görə haqq ödəməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, o əvvəlki mülkiyyətçinin borcunun olub-olmamasını bilməmişdir. Lakin, bu məlumatları bilməli deyildir, həmçinin mövcud vəziyyət ona bunu bilməli olduğu barədə şübhə doğurmurdu.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh orqandan götürdüyü sənədlərə görə 386,25 və 588,53 manat borcu vardır. Alğı-satqı müqaviləsi əsasında sözügedən evi alarkən əvvəlki satıcı ona borcunun olması barədə məlumat verməmiş, özü də bunu araşdırmaq üçün heç bir yerə müraciət etməmişdir. Həmçinin, ona suyun verilməsi və ya çirkab suları ilə bağlı hər hansısa bir xidmət göstərilmədiyindən onun cavabdeh orqana heç bir borcu yoxdur və yazılan borclar da əvvəlki mülkiyyətçilərə aid olmuşdur. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

20. Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında bildirdi ki, iddiaçı mübahisəli evlə bağlı alğı-satqı bağlayarkən onun tərəfindən kommunal borcun olub-olmaması barədə heç bir müraciət olunmamışdır. Bundan sonra isə birbaşa olaraq hesablanmış borcun silinməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

21. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

22. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

26. Maddə 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu

27. Maddə 5.3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28. Maddə 23.1. Su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu aşağıdakı şərtlərlə su təchizatı sisteminə qoşmalıdır: a) müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olsun; b) qoşulma, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsın.

29. Maddə 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

30. Maddə 3. Azərbaycan Respublikası ərazisində istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir.

31. Maddə 18.0.1. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini ehtiva edir.

32. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

39. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

47. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3864/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Beləliklə, işin halları ondan ibarətdir ki, mübahisəli ev alt-üst mərtəbələr və ayrı ünvanlar (ünvan 5 ev 98 və ünvan 5 ev 98, mənzil 1) olmaqla iki hissədən ibarət olmuş, ayrı-ayrı müqavilələr bağlanmaqla bir hissəsi Raya Həsənovaya, digər hissəsi isə Nərgiz Abbasovaya aid olmuşdur. İddiaçı sözügedən ünvanda yerləşən əmlakı alğı-satqı müqaviləsi əsasında, mülkiyyət hüququ üzrə əldə edərkən, su təhcizatı və tullantı sularının axıdılması xidmətinə görə əvvəlki mülkiyyətçilərin müvafiq olaraq 386,25 manat və 588,53 manat məbləğində borcu olmuş və həmin əmlak qeyd olunan borcla yüklü şəkildə yeni mülkiyyətçinin mülkiyyətinə keçmişdir.

50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 572.1-ci maddəsinə əsasən, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.

51. Eyni zamanda, həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəlik yalnız müqavilə münasibətlərindən və ya qanundan irəli gələ bilər. İddiaçı ilə cavabdeh arasında hər hansı su təchizatı və xidmət müqaviləsinin bağlanmaması və borcun əvvəlki mülkiyyətçilərə aid olması iş materiallarından aydın olur.

52. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi izahatlar və sənədlər, borcun əsassız hesablanması barədə nəticə çıxarmaq üçün yetərli hüquqi və faktiki əsas vermir.

53. İddiaçının alğı-satqı müqaviləsi bağladığı zaman daşınmaz əmlak üzərində hər hansı kommunal borcun mövcudluğunu araşdırmaması onun diqqətsiz davranışını göstərir və bu hal hüquqi nəticələrin iddiaçının xeyrinə dəyişdirilməsinə əsas vermir.

54. İş materialları, o cümlədən təqdim olunmuş hesab-fakturalar və abonent kartları, borcun konkret istehlak dövrünə və əvvəlki abonentlərin adına hesablandığını açıq şəkildə təsdiq edir.

55. Məhkəmə, iddiaçının “əmlakı borcdan azad şəkildə alması” ilə bağlı arqumentini inandırıcı hesab etmir, çünki daşınmaz əmlakın mülkiyyətə keçməsi zamanı əmlakla bağlı mövcud hüquqi və faktiki vəziyyətin öyrənilməsi hər bir alıcının qanuni borcudur.

56. Həmçinin, məhkəmə belə qənaətə gəlir ki, su təchizatı və tullantı sularının idarə edilməsi üzrə xidmətlər ictimai əhəmiyyət daşıyan fasiləsiz xidmətlər sırasına aid olduğundan, bu xidmətlərlə bağlı öhdəliklər subyektin dəyişməsi ilə tam ləğv edilmiş hesab edilə bilməz.

57. İddiaçının təqdim etdiyi izahatlarda göstərilən “xidmət göstərilməyib” arqumenti də sübuta yetirilməmişdir. Çünki, iş materiallarında olan sayğac məlumatları və xidmət fakturaları həmin ünvanda faktiki su təminatının mövcud olduğunu təsdiqləyir.

58. Məhkəmə hesab edir ki, borcun silinməsi tələbi yalnız borcun əsassız hesablanması hallarında mümkün ola bilər, lakin təqdim olunan sübutlar belə bir əsassızlığın olmadığını göstərir.

59. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakter daşıyır, yeni sübut təqdim olunmamış, birinci instansiya məhkəməsinin qərarını şübhə altına alan hər hansı yeni fakt aşkar edilməmişdir.

60. İş materiallarından göründüyü kimi, iddiaçı əmlakı alarkən kommunal borcun olmamasını bildirir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

62. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

63. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

64. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

65. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

66. Göründüyü kimi, iddianın təmin olunması üçün iddiaçı tərəfindən məhkəmələrə mötəbər sübutlar təqdim edilməmişdir.

67. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

68. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

69. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

70. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3864/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar