Məhkəmə qərarları › İş №2(104)-1805/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1805/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1805/2023 21.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, Goranboy Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(045)-1121/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, 2019-cu il 10 iyun tarixli 02/00024474 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2500,00 (iki min beş yüz) manat borcun və 45,00 (qırx beş) manat dövlət rüsumunun, cəmi 2545,00 (iki min beş yüz qırx beş) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2019-cu il 10 iyun tarixli 02/00024474 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd KZS-5 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02/00024474 nömrəli müqaviləsinə əsasən 2500,00 (iki min beş yüz) manat öhdəlikdən heç bir ödəniş edilməmiş, 2500,00 (iki min beş yüz) manat borc qalmışdır. Cavabdeh cəmiyyətə hazırda 2500,00 (iki min beş yüz) manat borcu vardır. Lakin, cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Bağlanmış müqavilənin 2.2.2-ci bəndində əasən cavabdeh lizinq ödənişlərini müqavilə(istifadə) müddəti ərzində bu müqavilənin 1.4-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Goranboy Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(045)-1121/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim T.Mustafayev) iddia təmin edilmiş, Cavabdeh 10 iyun 2019-cu il tarixli lizinq müqaviləsinə əsasən 2500,00 (iki min beş yüz) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş 45,00 (qırx beş) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(045)-1121/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 10 iyun 2019-cu il tarixli lizinq müqaviləsində qeyd olunan imza ona məxsus deyil. Lakin məhkəmə həmin halı aydınıaşdırmaq üçün ekspertiza belə təyin etməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərdi ki, o, adıçəkilən texnikanı 2018-ci ildə işlətmiş, lakin 2019-cu ildə həmin texnikanı işlətməmişdir. Onunla 2018, 2020-2023-cü illər üçün lizinq müqaviləsi bağlanılmışdı ki, həmin müqavilələrin əslini məhkəməyə təqdim edir və bu müqavilələr əsasında bütün ödənişləri etmişdir. Lakin 2019-cu il üçün İddiaçı ASC-ti ilə müqavilə bağlamamış və heç bir texnikanı lizinqə götürməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Goranboy Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(045)-1121/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Cavabdeh ilə 2019-cu il üçün lizinq müqaviləsi bağlasa da, həmin müqavilənin əsli onlarda yoxdur və ona görə də, əslini təqdim edə bilmir. Cavabdeh ilə 2018, 2020-2023-cü illər üçün bağlanılmış lizinq müqavələri üzrə bütün ödənişləri etmişdir və borcu yoxdur.Yalnız 2019-cu il müqaviləsi üzrə ödənişi etməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Goranboy Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(045)-1121/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(045)-1121/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş: İddiaçı ASC-nin 02/00024474 saylı, 10 iyun 2019-cu il tarixli müqaviləsinin surətindən görünür ki, lizinq verən 2500,00 (iki min beş yüz) manat dəyərində taxılyığan Kombayn KZS-5 Palesse GS05 təsərrüfat texnikasını lizinq alanın sahiblik və istifadəsinə 2 (iki) ay müddətinə vermişdir. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli pretenziyanın surətindən görünür ki, yaranmış borcun ödənilməsini cavabdehdən tələb edilmiş, əks halda yaranmış borcun qaytarılmasının məhkəmə qaydasında tələb ediləcəyi onun nəzərinə çatdırılmışdır. İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 02/00024474 saylı, 10 iyun 2019-cu il tarixli müqaviləyə əsasən lizinqə götürülmüş ümumi dəyəri 2500,00 (iki min beş yüz) manat olan texnika üçün Cavabdeh 2500,00 (iki min beş yüz) manat borcu qalmışdır. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 02/00024474 saylı, 10 iyun 2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı mülkiyyətindəki dəyəri 2500,00 (iki min beş yüz) manat olan taxılyığan Kombayn KZS-5 Palesse GS05 təsərrüfat texnikasını cavabdehin sahiblik və istifadəsinə 2 ay müddətinə vermişdir. Cavabdeh öhdəlikdən heç bir ödəniş etməyərək 2500,00 (iki min beş yüz) manat borcu yaranmışdır. İddiaçı yaranmış borcu ödəməsini cavabdehə təklif etmiş, lakin cavabdeh bu təklifə münasibət bildirməmişdir.Buna görə də iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 747.1-ci maddəsinə görə, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İş materiallarından görünür ki, tərəflər arasında lizinq münasibətləri ilə bağlı mübahisə vardır və İddiaçı ASC cavabdehin ondan 2 ay müddətinə, yəni xx.xx.2019-cu il tarixdə qaytarmaq şərti ilə 10 iyun 2019-cu il tarixli müqavilə ilə ondan 2500 (iki min beş yüz) manata kombayn taxılyığan aldığını göstərmişdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 89.1-ci maddəsinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3-cü maddəsinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İddiaçı Aqroservis” ASC-nin işin 8-9-cu vərəqəsində işə əlavə etdiyi xx.xx.2019-cu il tarixli müqavilə kserosurət olmaqla, qanunvericiliyin tələblərinə görə yazılı sübut kimi nəzərə alına bilməz. Ona görə də, iddiaçıya həmin sənədin əslinin təqdim edilməsi təklif edilsə də, iddiaçı bu məqsədlə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və məhkəmə iclasının təkrarən təxirə salınmasına baxmayaraq, iddiaçı həmin sənədin əslini və ya notarial qaydada təsdiq edilmiş surətini təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin guya 2019-cu ilin iyun ayında 2500 manata kombayn taxılyığan lizinqı götürdüyünü göstərsə də, bu hal öz təsdiqini tapmır. Məhkəmə kollegiyası həmin nəticəyə gələrkən, onu da nəzərə alır ki, Cavabdeh tərəfindən iddiaçı Aqroservis” ASC-ti ilə aralarında bağlanılmış 2018, 2020-2023-cü illər üçün lizinq müqavilələrinin əsli məhkəməyə təqdim edilmiş və iddiaçı tərəf də cavabdehin həmin müqavilələr üzrə borcu olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(045)-1121/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(045)-1121/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı 2019-cu il 10 iyun tarixli 02/00024474 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2500,00 (iki min beş yüz) manat borcun və 45,00 (qırx beş) manat dövlət rüsumunun, ümumilikdə 2.545,00 (iki min beş yüz qırx beş) manat pulun alınb ona verilməsi barədə iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar