Məhkəmə qərarları › İş №2(104)-1811/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1811/2023

03.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1811/2023 03.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Nurulu Firudin Bilal oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(076)-856/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(076)-856/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən Taleh Musayev) iddia təmin edilmiş, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş xx.xx.2023–cü il tarixli 031244 nömrəli akt əsasında hesablanmış 786,24 (yeddi yüz səksən altı manat iyirmi dörd qəpik) manat borcun silinməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(076)-856/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2023-cü ilin yanvar ayında İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablama sayğacına “Elektik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, elektrik sayğacının qşulma sxemi kənar mənbədən ,,0,,-sıfır verməklə sayğacı dövrədən qismən kənarlaşdırılmışdır. xx.xx.2023-cü il tarixli akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 786.24 manat məbləğində hesabat aparılmışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını, Şəmkir Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(076)-856/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, ailəsi ilə birlikdə Şəmkir rayonu, Qılıncbəyli kəndində yaşayır. "xxxx" ASC–nin əməkdaşları onu məlumatlandırmadan xx.xx.2023–cü il tarixdə ona məxsus sayğaca baxış keçirmiş, sayğacın qoşulma sxeminin səhv olması, yəni kənar mənbədən 0 (sıfır) verməklə sayğacın dövrədən qismən kənarlaşdırılması aşkar edilmiş və bu səbəbdən həmin tarixdə 031244 nömrəli akt tərtib etmişlər. Eləcə də, həmin akt əsasında ona borc hesablamışlar. Həmin borcu qanunsuz hesab edir. Belə ki, o, istehlakçı kimi istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı–vaxtında ödəmiş, eləcə də sayğaca hər hansı müdaxilə etməmişdir. Bundan başqa, "xxxx" ASC–nin əməkdaşları akt tərtib edərkən yaşadığı evdən heç kəsi, o cümlədən onu dəvət etməmiş, sayğaca onun iştirakı olmadan baxış keçirərək qanunsuz akt tərtib etmişlər. Bununla da, cavabdeh tərəfindən onun hüquqları pozulmuş, habelə barəsində əsassız akt tərtib edilərək, ona borc hesablanmışdır. Əlavə olaraq qeyd edir ki, mübahisəli sayğac onun evinin daxilində deyil, küçədə yerləşir. Belə olan halda, onun aşikar vəziyyətdə sayğaca müdaxilə etməsi ağlabatan sayıla bilməz. Cavabdeh idarənin əməkdaşlarının aktda göstərdikləri tam əsassızdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Şəmkir Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(076)-856/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(076)-856/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş : xx.xx.2023–cü il tarixli 031244 saylı aktdan görünür ki, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən ünvanda yoxlama zamanı İddiaçı adına qeyd edilmiş sayğacın qoşulma sxeminin səhv olması, yəni kənar mənbədən 0 (sıfır) verməklə sayğacın dövrədən qismən kənarlaşdırılması aşkar olunmuş, bununla da sayğaca müdaxilə edildiyi müəyyən edilmişdir. İşdə olan Abunə haqqında görünür ki, EİQ pozulması nəticəsində İddiaçı 786,24 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf iddiaçının sayğaca müdaxilə etməsini iddia edərək müvafiq akt tərtib etsə də, həqiqətən iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi CD diskinə baxış keçirilsə də, iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi faktı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, xx.xx.2023–cü il tarixli 031244 saylı aktdan görünür ki, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən ünvanda yoxlama zamanı İddiaçı adına qeyd edilmiş sayğacın qoşulma sxeminin səhv olması, yəni kənar mənbədən 0 (sıfır) verməklə sayğacın dövrədən qismən kənarlaşdırılması aşkar olunmuş, bununla da sayğaca müdaxilə edildiyi müəyyən edilmiş, bu səbəbdən İddiaçı 786,24 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6.-cı maddəsinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enercitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 7.13-cü maddəsinin üçüncü abzasında göstərilir ki, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enercisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində eletrik enercisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı yaşadığı Şəmkir rayonu Qılıncbəyli kəndində yerləşən mənzilə quraşdırılmış sayğacın qoşulma sxeminin kənar mənbədən ,,0,,-sıfır verməklə sayğac dövrədən qismən kənarlaşdırılması aşkar olunsa da, həmin müdaxilə faktının iddiaçı tərəfindən törədilməsi və sayğacın onun təqsiri ucbatından zədələnməsi, yararsız hala salınçası iş materialları ilə müəyyən edilməmişdir. Buna baxmayaraq, itirilmiş enerjinin bərpası məqsədilə iddiaçıya sayğacdan keçən yükə uyğun 786.24 manat məbləğində hesabat aparılmışdır. Həmçinin cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi CD diskinə baxış zamanı iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi faktı müəyyən edilməmişdir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Cavabdeh tərəf iddiaçının mənzilə quraşdırılmış sayğacın qoşulma sxeminin kənar mənbədən ,,0,,-sıfır verməklə sayğac dövrədən qismən kənarlaşdırılması və sayğacın onun təqsiri ucbatından zədələnməsi, yararsız hala salıması barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(076)-856/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPMnin 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(076)-856/2023nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar