Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1819/2024 08.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-1524/2024saylı, xx.xx.2024-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə aid G 4 markalı **********1 nömrəli sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın plastmas borusu deşilmişdir. Xətalar təyin edilə bilmir. Sayğacın membranı fasilələr ilə işlədiyindən sayğacı sınaq qurğusunda yoxlamaq mümkün deyil. Sayğac istismara yararsızdır.
2. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tələbnamədən görünür ki, G-4 markalı sayğacın maksimal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və ödənilməsi qərara alınmışdır. Qaz sərfi 6480 kub metr müəyyən edilmişdir.
3. İddiaçı məxsus abonentin saldosundan görünür ki, ona 2023-cü ilin dekabr ayında akt əsasında 777,60 manat məbləğdə borc hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh İB-nə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən hesablanmış 777,60 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları ona məxsus olan Tovuz rayonu, Köhnəqala kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacı növbədən kənar dövlət yoxlaması adı ilə söküb götürmüş və yerinə başqa sayğac quraşdırmışlar. Sonradan isə ona məlum olmuşdur ki, çıxarılmış sayğacda sayğacın plastmas borusunun deşilməsi aşkar edilmiş və bu səbəbdən 777,60 manat cərimə hesablanmışdır. Hansı ki, qaz sayğacı küçədə quraşdırılmış, o və ailə üzvüləri tərəfindən isə müdaxilə edilməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən onun istehlakçı olaraq hüquqları pozulmuşdur. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir.
6. Tovuz Rayon Məhkəməsinin 2(062)-1524/2024saylı, xx.xx.2024-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əliyev) iddia təmin edilərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonent kodu **********01520 olan fərdi yaşayış evinə akt əsasında yazılmış 777,60 manat borc məbləğinin silinməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında təbii qazdan istifadə ilə bağlı müqavilə iş materiallarında olmasa da özləri bu faktı etiraf etdikləri üçün onlar arasında qazdan istifadəyə dair xidmət müqaviləsinin olması qəbul edilməlidir. Hazırki iş üzrə abonent tərəfindən sayğaca müdaxilənin edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin abonent tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Cavabdeh tərəf bu barədə məhkəməyə hər hansı sənəd təqdim etməmiş, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, eyni zamanda ümumiyyətlə iddia tələbinə qarşı məhkəməyə hər hansı etiraz ərizəsi ünvanlamamışdır. Qanunvericiliyin tələblərindən aydın olur ki, istehlakçı fiziki şəxs olduğu təqdirdə sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Eyni zamanda əksi – yəni sayğaca kənar müdaxilənin iddiaçı tərəfindən edilməsi barədə tərtib olunmuş akta hər hansı sübut əlavə edilməmişdir.
8. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 14, 385.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Qanunun 1,1, 13-cü maddəsinə, “Qazdan istifadə Qaydaları”nın 4.1, 4.8-ci bəndlərinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Tovuz Rayon Məhkəməsinin 2(062)-1524/2024saylı, xx.xx.2024-ci il tarixli qətnaməsindən Cavabdeh apelyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1524/2024 saylı qətnaməsini ləğv edib, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göründüyü kimi iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2023-cü ilin dekabr ayında iddiaçının abonent hesabına işlənilmişdir. “Qaz təchizatıhaqqında” qanunun 3-cü maddəsinin tələblərinə görə (3.1) Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir.(3.2) Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin nümayəndələrinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Belə ki, sayğaca çıxış plastmas borusunun deşilməsi aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya institunun nümayəndələri də iştirak etmişdir. məhkəmə iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2023-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 777,60 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2023-cü ilin dekabr ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. iş materiallarından da göründüyü kimi sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir.
13. Cavabdehə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:
17. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
18. 4.7-ci Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
19. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar
20. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
21. 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
22. 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
23. 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
24. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
32. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-1524/2024saylı, xx.xx.2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus qaz sayğacı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən yenisi ilə əvəzlənmiş və çıxarılmış sayğac yoxlamaya göndərilmişdir. Əvvəlki sayğac yoxlamadan keçirilərək “Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə” 25 dekabr 2023-cü il tarixli, MSK-14-2-2/3-5- 13411/Q002 nömrəli rəyə əsasən sayğaca ümumi baxış keçirilmiş, sayğacın plastmas borusunun deşilməsi müəyyən olunmuşdur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, sayğacın plastmas borusunun deşilməsinində abonent İddiaçı hər hansı bir təqsirinin olması iş materialları ilə müəyyən edilməmiş, yəni sayğacda yaranmış həmin qüsurun məhz iddiaçı tərəfindən törədilməsi halı müəyyən edilməmişdir.
40. Qanunvericiliyin tələblərinə görə, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasının bilavasitə istehlakçının təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir cərimə tətbiq edilə bilməz.
41. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin 2(062)-1524/2024saylı, xx.xx.2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384 və 404-cü maddələrini rəhbər tutaraq,
Qət etdi :
Tovuz Rayon Məhkəməsinin 2(062)-1524/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-1524/2024 saylı, xx.xx.2024-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir.