Məhkəmə qərarları › İş №2(104)-1822/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1822/2024

04.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1822/2024 04.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçının cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “cərimənin ləğv olunması” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)- 761/2024 saylı qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)-761/2024 saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) iddianın təmin edilməsi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu: **********00483) əsassız hesablanmış 395,00 (üç yüz doxsan beş) manat məbləğində borcun silinməsi, İddiaçı istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar tələbi üzrə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Ağstafa rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-761/2024 saylı qətnaməsini ləğv edib, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətini təmin edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “cərimənin ləğv olunması tələbi barədə” iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunsuz hesablanmış 395,00 (üç yüz doxsan beş) manat cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun adına **********00483 saylı abonent saldosu vardır. Hazırda o, həmin evdə yaşayır, cəriməni hazırda onun adına olan sayğaca görə yazmışlar. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona 395,00 (üç yüz doxsan beş) manat qanunsuz cərimə hesablanmışdır. Təbii qaz sayğacına onun və heç kimin müdaxiləsi olmadığı halda ******* №-li aktla dəymiş ziyan hesablanmış və qanunsuz cərimə yazılmışdır. Qaz sayğaclarına cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bir ayda iki dəfədən artıq baxış keçirilir, əgər sayğaca müdaxilə halı baş vermişdirsə onda nə üçün barəsində bu vaxta kimi heç bir tədbir görülməmişdir. Cavabdeh təşkilatın özü tərəfindən onun istifadəsində olan təbii qaz sayğacına guya baxış keçirilmiş, sayğacın qurğuşun plomblu möhürü kəsildiyi qeyd edilmişdir. Cavabdeh hər ay nəzarətçinin təqdim etdiyi bildiriş əsasında sərf etdiyi qazın pulunu ödəmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi hissəsində gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçıya məxsus qaz sayğacına qanunsuz müdaxilə olunduğundan sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2021-ci ilin fevral ayında iddiaçının abonent hesabına işlənilmişdir. Məhkəmə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin nümayəndələrinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsi iddia tərəfinin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsildiyi və yapışqan maddə ilə yerinə bərkidilməsi aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya İnstitunun nümayəndələri də iştirak etmişdir. İş materiallarından da göründüyü kimi sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. Qeyd edilənlərdən aydın görünür ki, iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2021-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 216,00 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2021-ci ilin fevral ayında müəyyən edilmiş məbləğin, eləcə də iddiaçı tərəfindən təbii qazın istehlakına görə yaranmış borcun – ümumilikdə 395,00 manat məbləğin silinməsini qət etmişdir. Göründüyü kimi iş materiallarında yer alan sübutlara əsaslanaraq 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandıma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin təmin edilməməsi barədə iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)- 761/2024 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, “Azəriqaz” İB-nin Qazax QİS (paylayıcı) ilə İddiaçı (istehlakçı) arasında bağlanmış 0094 nömrəli, xx.xx.2013-cü il tarixli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” Müqavilənin surətindən görünür ki, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri Dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini və təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2020-ci il tarixli 41344308 nömrəli Aktdan görünür ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilmədi. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verildi. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktdan görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsildiyi və yapışqan maddə ilə yerinə bərkidilməsi aşkarlanmışdır. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”dən göürünür ki, İddiaçı dəymiş ziyana görə G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 4m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 4x6x90=2160 m3 itki hesablanmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı adına **********00483 saylı abonent saldosu vardır. Hazırda iddiaçı Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən evində yaşayır, cəriməni hazırda onun adına olan sayğaca görə yazmışlar. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona 395,00 (üç yüz doxsan beş) manat qanunsuz cərimə hesablanmışdır. Təbii qaz sayğacına iddiaçı tərəfindən müdaxiləsi olmadığı halda ******* №-li aktla dəymiş ziyan hesablanmış və qanunsuz cərimə yazılmışdır. Birinci instansiya məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı Ağstafa rayonu Dağkəsəmən kəndində yaşayan quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin İddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır. Bu səbəbdən iddia təmin edilməli, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktı ilə İddiaçı yaşadığı Ağstafa rayonu Dağkəsəmən kəndindəki evinə hesablanmış 395,00 (üç yüz doxsan beş) manat borc silinməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı barədə məlumat”ın 2.4-cü bəbdində göstərilir ki, qaz sayğacları hündür mərtəbəli binalarda mənzillərin çıxışında (pilləkən qəfəsində) və açıq şəraitdəki eyvanlarda, fərdi evlərdə isə həyətdən kənarda mənzilin qaz xəttinin başlanğıcında (həyətə giriş qapısının yaxınlığında) quraşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası “Qazdan istifadə Qaydaları”nın 6.5-2-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Yuxarıda göstərilən qayda ilə İddiaçı tərəfindən G-4 markalı qaz sayğacın müdaxilə ilə bağlı cavabdeh tərəfindən iddiaçıya 2160 m3 dəymiş ziyan hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda zərərin iddiaçı tərəfindən vurulduğu sübuta yetmədiyinə görə cavabdeh tərəfindən hesablanmış 216 manat miqdarında pulun ödənilməsi iddiaçıdan tələb oluna bilməz. Birinci instansiya məhkəməsi isə cavabdeh tərəfindən akta əsasən iddiaçıya 216 manat borcun yazılmasına baxmayaraq 395 manat borc silmişdir ki, bununla da səhvə yol vermişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və cavabdeh tərəfindən itirilmiş qazın dəyərinə görə iddiaçıya artıq hesablanmış 216 manat borc İddiaçı abonent hesabından silinməli, dövlət rüsumu isə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən prosessual hüquq normalarının pozulmasına yol verdiyindən həmin qətnamə ləğv edilərək yeni qətnamə çıxarılmalı, bununla da apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının МPМ-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)-761/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” ” İstehsalat Birliyi tərəfindən ******* nömrəli akta əsasən İddiaçı (abonent kodu: **********00483) hesablanmış 216 (yeddi yüz altmış) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar