Məhkəmə qərarları › İş №2(104)-1834/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1834/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1834/2023 19.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Borc tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(125)-2089/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 iyul 2023-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, dəyəri 1953.6 manat olan Samsung Kondisioner; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, dəyəri 1211.4 manat olan Lg Paltaryuyan satıcı tərəfindən alıcının mülkiyyətinə verilmiş, alıcı əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. 10.02.2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Samsung Kondisioner üçün 1872.2 manat ödənilməmiş hissə, 187.8 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Lg Paltaryuyan üçün 134.1 manat ödənilməmiş hissə, güzəşt olunaraq 13.9 manat cərimə, ümumilikdə 2208 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Samsung Kondisioner üçün 1872.2 manat ödənilməmiş hissə, 187.8 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Lg Paltaryuyan üçün 134.1 manat ödənilməmiş hissə, güzəşt olunaraq 13.9 manat cərimə, ümumilikdə 2208 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42.08 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Samsung Kondisioner və Lg Paltaryuyan almış və nəticədə 2208 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1953.6 manat (24 ay x 81.4 manat + 0 manat ilkin ödəniş) Samsung Kondisioner üçün ümumilikdə 2060 manat olmaqla ondan, 1872.2 manat ödənilməmiş hissə, güzəşt olunaraq 187.8 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1211.4 manat (18 ay x 67.3 manat + 0 manat ilkin ödəniş) olan Lg Paltaryuyan üçün ümumilikdə 148 manat olmaqla ondan, 134.1 manat ödənilməmiş hissə, güzəşt olunaraq 13.9 manat cərimə borcu var. Cavabdehin cəmi ödədiyi məbləğ 1158.7 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

5. Gəncə Şəhər Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(125)-2089/2023 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1872.2 manat ödənilməmiş hissə, 0.8 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 134.1 manat ödənilməmiş hissə, 0.9 manat cərimə, ümumilikdə 2008 (iki min səkkiz) manat pul və 42 (qırx iki) manat 08 (səkkiz) qəpik ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1, 467, 600.1 və 600.4-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 216-220, 227, 284-6.1 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(125)-2089/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə prosessual normaların pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı tərəfindən onlara “Samsung” markalı kondisioner nasaz halda verilmişdir. Daha sonra iddiaçıya müraciət etmiş və buna görə də ustalar gəlib baxış keçirtmişdir. Lakin, həmin kondisioner təmir edilməmişdir. “Lg” markalı paltaryuyan görə isə aylıq ödənişləri vaxtında tam icra etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

13. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

14. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

16. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. MPM-in 394-1.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılır.

26. MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

27. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

29. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin ləğv edilməsini istəyir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

31. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, cavabdeh iddiaçıdan xx.xx.2021-ci il tarixli, 23277660 nömrəli və xx.xx.2021-ci il tarixli, 23261498 nömrəli müqavilələr əsasında nisyə əşya almış, lakin üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və aldığı malın pulunu tam qaytarmamışdır. Bununla da iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də borcun nisyə alqı-satqı müqaviləsi üzrə tərəf olan Cavabdeh tələb edilməsi əsaslıdır.

33. Məhkəmə kollegiyası dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı izah etmək üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.

34. Həmçinin, məhkəmə kollegiyası nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmişdir. Çünki, tərəflər arasında bağlanılmış müqavilədə cərimənin tutulması barədə göstəriş vardır. Həmçinin işin hallarını nəzərə alaraq, cərimənin məbləğini azaltmış, 0,9 (doxsan qəpik) manat məbləğində müəyyən etməklə əsaslı nəticəyə gəlmişdir. Bu məbləğ işin hallarına, kreditin məbləğinə və kreditorun əmlak mənafeyinə uyğundur.

35. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.

36. Apellyasiya şikayətinin borcun düzgün hesablanmaması dəlili ilə bağlı məhkəmə kollegiyası göstərir ki, bu dəlil formal mülahizə olmaqla cavabdehin subyektiv mülahizəsinə söykənir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas Azərbaycan Respublikasının MPM-in 77.1-ci və Mülki Məcəllənin 433.3-cü maddəsidir.

37. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. (Mülki Məcəllənin 433.3-cü maddəsi).

39. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) əlavə edilməmiş, eləcə də, məhkəmə kollegiyasına təqdim edilməmişdir. Ona görə də bu dəlil qəbul edilən deyildir.

40. Digər tərəfdən məhkəmə kollegiyası cavabdehin “Samsung” markalı kondisioner aldıqdan sonra nasaz olması dəlili ilə bağlı qeyd edir ki, dəlil əsassızdır. Çünki, cavabdeh aldığı məhsulun keyfiyyətsiz olması barədə hər hansı bir sübutu kollegiyaya təqdim etməmişdir.

41. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanunsuz və əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır.

43. Məhkəmə Kollegiyası qeyd edir ki, baxılan iş üzrə çıxarılan qətnamədən (qətnamənin mübahisələndirilən hissəsi iddianın qiyməti beş min manatdan az olduğu üçün) kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393, 394-1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, e-2(125)-2089/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar