Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1848/2023 12.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Daşkəsən Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(030)-93/2023 saylı nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin evəzi olarq 1560 manat zərər məbləğinin və 35.60 manat məbləğində dövlət rüsumun Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(030)-93/2023 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, Cavabdeh 1560 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 35.60 manat dövlət rüsumu olmaqla, camí 1595 (min beş yüz doxsan beş) manat 60 (altmış) qəpik tutularaq "xxxx" X3 ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(030)-93/2023 nömrəli qərardadı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh X1 qarşı pul tələbinə mülki iş üzrə Cavabdeh Daşkəsən Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(030)-93/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bundan sonra cavabdeh yenidən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, cavabdeh prosessual müddətin bərpası barədə məhkəməyə ərizə təqdim edərək, Daşkəsən Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(030)-93/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin vermə müddətinin buraxılmasının səbəbini üzrlü hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2(030)-93/2023 nömrəli qərardadı ilə (hakim Mustafa Mustafayev), iddiaçı "xxxx" ASC-nin cavabdeh X1 qarşı pul tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(030)-93/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətinin bərpasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Daha sonra cavabdeh qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərardadın ləğv olunmasını və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, səhhəti ilə əlaqədar olaraq uzun müddətdir ki, qeydiyyatda olduğu ünvanda yaşamamış və Daşkəsən Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(030)-93/2023 nömrəli qətnaməsinin surətinin rəsmi olaraq ona verilməsini xahiş etmişdir. Sözü gedən qətnamənin surəti xx.xx.2023-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə qəbul etmiş, və həmin qətnamədən apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. O, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmədən apellyasiya şikayətini vermişdir. Odur ki, məhkəmə qətnamənin surətini ona qəbzə imza etdirməklə rəsmi qaydada verildiyi tarixdən yox, qətnaməni poçtla cavabdehin ünvanına göndərildiyi tarixdən hesablayaraq apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin ötürüldüyünü hesab edərək apelyasiya şikayətini əsassız olaraq geri qaytarmışdır. Daşkəsən Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(030)-93/2023 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Daşkəsən Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(030)-93/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra həmin Məcəllənin 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi qanunvericilik rəsmi sənədlərin verilməsinin iki qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma və təqdim olunmaqla verilmə qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materiallarından görünür ki, məhkəmənin qətnaməsi poçt vasitəsi ilə cavabdehin yaşadığı ünvana, yəni ünvan 2avabdehin ailə üzvü olan X2 tərəfindən xx.xx.2023-cü il tarixdə poçt xəbərnaməsinə imza etməklə qəbul edilmişdir. Bu halda qətnamə cavabdehə Azərbaycan Respublikasının MPM-in 135.3-cü maddəsinə əsasən rəsmən verilmiş sayılır və həmin tarixdən apellyasiya şikayət vermək üçün müəyyən olunmuş bir aylıq müddətin axımı başlanır. Lakin, onun tərəfindən apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən apellyasiya şikayəti 7 aya yaxın müddət ötürülməklə verilmişdir. Baxmayaraq ki, cavabdeh ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, lakin ərizəsinə ötürülmüş prosessual müddətin üzürlü səbəblərdən olmasını təsdiq edən sübutlar əlavə edilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün prosessual müddəti ötürmədiyini hesab etdiyi halda, apellyasiya şikayətinin geri qaytarılması haqqında qərardaddan şikayət verməmiş və yenidən apellyasiya şikayəti ilə birlikdə buraxılmış prosessual müddətin berpası barədə birinci instansiya məhkəməsinə vəsatət təqdim etmişdir. Belə olan halda isə buraxılmış prosessual müddətin bərpası barədə vəsatətin verilməsi onu nəzərdə tutur ki, vəsatət verən şəxs prosessual müddəti ötürdüyünü qebul edir, lakin müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verdiyini iddia edir. Belə ki, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. ("xxxx" ASC-nin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2006-cı il tarixli qərar) Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələdirilməsinə MPM-nin qeyd olunan tərzdə yanaşması ilə növbədə hüquqi müəyyənlik prinsipi ilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Azərbaycan Respublikasının MPM-in 33.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikasının MPM-in 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Göründüyü kimi, qətnamədən vaxtında xəbərdar olmuş və onu almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilməməsi, bunun isə heç də məqbul hesab edilməyən səbəblərlə əlaqələndirməsi, müddət keçdikdən sonra apellyasiya şikayətini verməsi halları yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. İstisna etmək olmaz ki, həmin şəxs sui-istifadəyə yol verib uzun müddət səhlənkarlığı nəticəsində məhkəmə aktından şikayət verməmişdir. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktının taleyi, onun yaratdığı hüquq münasibətləri barəsində uzun müddət sürən belə qeyri-müəyyənlik vəziyyəti həmin qərarlarda şərh edilən hüquqi müəyyənlik prinsipi nöqteyi-nəzərindən məqbul sayıla bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 366.2-ci maddəsində deyilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illuziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığna xələl gətirər. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldar. Şikayət hüququ Avropa Konvensiyasının 6-cı maddəsinin prizması baxımından da mütləq hüquq hesab edilmir. Belə ki, Konvensiya mülki icraat çərçivəsində ümumiyyətlə apelyasiya hüququnu nəzərdə tutmamışdır. Avropa Məhkəməsi formalaşdırdığı presedent hüququ ilə apelyasiya icraatının 6-cı maddədəki təminatlar baxımından qiymətləndirilməsinin mümkünlüyünü daxili qanunvericilikdə apellyasiya hüququnun nəzərdə tutulduğu halla şərtləndirmişdir (Delkur Belçikaya qarşı iş üzrə qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(030)-93/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 133, 263, 264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin ediməsin. İş üzrə Daşkəsən Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(030)-93/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1848/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1848/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver