Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1859/2023 16.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-in Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(115)- 85/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(115)-85/2023 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 2533 manat ödənilməmiş məbləğ, 253 manat cərimə olmaqla, cəmi 2786 (iki min yeddi yüz səksən altı) manat pul və ödənilmiş 47,86 (qırx yeddi manat 86 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(115)-85/2023 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" MMC sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə Delonghi markalı qəhvəbişirən, 2 ədəd Remington markalı trimmer üçün 2533 manat ödənilməmiş məbləğ, 253 manat cərimə olmaqla, cəmi 2786 (iki min yeddi yüz səksən altı) manat borcun və 47,86 (qırx yeddi manat 86 qəpik) manat dövlət rüsumunun cavabdehdən alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 2682 manat olan Delonghi markalı qəhvəbişirən, 2 ədəd Remington markalı trimmeri hissə-hissə ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyi üçün 2533 manat ödənilməmiş məbləğ və 253 manat cərimə olmaqla, cəmi 2786 (iki min yeddi yüz səksən altı) manat borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiyta məhkəməsinin qətnaməsi qanunsuzdur. Onların xəbəri və iştirakı olmadan işə baxılmışdır. Qətnamədən yalnız İcra İdarəsinə çağırılanda xəbəri olmuşdur. İşin mahiyyəti ondan ibarətdir ki, o, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin Gəncə şəhərində Ş.İ.Xətai prospektində yerləşən mağazası ilə ******* müqavilə bağlamaqla 1 ədəd Delenghi markalı qəhvəbişirən, 2 ədəd Reminqton markalı trimmer üzqırxan maşını almışdır. Müqaviləyə əsasən 18 ay müddətinə hər ay mağazaya 149 manat pul ödəməli idim. Müqavilənin ilk ayında mağazaya 156 manat pul ödəmiş, lakin cəmi 7 gün işlədikdən sonra qəhvəbişirən aparat xarab olmuşdur. Bu vaxt onu işlədən oğlu mağazaya məlumat vermiş, 2 gün sonra mağazanın 1 nəfər qadın əməkdaşı onun istifadə olunduğu köşkə gələrək müəyyən təmizləmə və tənzimləmə işi aparıb işə salmışdır. Aparat cəmi 3 gün işləyib yenidən dayanmış, yenə də mağazaya verilmiş məlumata əsasən həmin əməkdaş mağazaya gələrək təkrar onu işə salmışdır. Yenə də aparat 2 gün işləyib, təkrar dayanmışdır. Bu dəfə yenidən müraciətlərinə əsasən mağazadan telefonla verilmiş göstərişlərə əsasən təkrar cəhdlərə baxmayaraq onu işə salmaq mümkün olmamışdır. Ona görə də onu dəyişdirib yenisi ilə əvəz etmək üçün mağazaya aparmışlar. Mağazada həmin aparatı “Link Servis”ə təhvil vermək tövsiyyə olundu və Bakı şəhərindəki mərkəzi ofislə danışıb məsələnin müsbət həll olunacağını bildirdilər. xx.xx.2021-ci il tarixdə 291540 nömrəli qəbzə əsasən onu servisə təhvil vermişlər. Bir müddət keçdikdən sonra maraqlanmışlar və hər dəfə onlara demişlər ki, təmir olunur, yaxud da təzəsi ilə əvəz edəcəklər. Lakin iddiaçı onları aldadaraq məhkəmə müraciət etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qətnamı çıxarılmasını xahiş erdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməsi barədə cavabdehin, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edən cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilədən və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan müqaviləyə əlavədən görünür ki, cavabdeh "xxxx" MMC-dən qiyməti 2401,2 manat olan 01 ədəd Delonghi markalı qəhvəbişirən, 2 ədəd hər birisinin qiyməti 140,4 manat olan Remington markalı trimmer almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqaviləyə əlavə edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş avadanlıqların əvəzinin ödənilməsini qrafik üzrə hər ay dəyişilməz olaraq 149 manat olmaqla 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür İşdəki “Link servis” tərəfindən verilmiş sifariş vərəqəsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə aid olduğu və ya “Kontakt Home” mağazalar şəbəkəsindən aldığı Delonghi markalı qəhvəbişirən “südköpürdücü südü köpürtmür, südü köpürdən zaman buxar verir, süd damcı-damcı gəlir” qüsuru ilə servisə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 2533 manat ödənilməmiş məbləğ, 253 manat cərimə olmaqla, cəmi 2786 (iki min yeddi yüz səksən altı) manat borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan qiyməti 2401,2 manat olan 01 ədəd Delonghi markalı qəhvəbişirən, 2 ədəd hər birisinin qiyməti 140,4 manat olan Remington markalı trimmeri dəyərini hissə-hissə ödəmək şərti ilə almışdır. Müqavilənin ilk ayında mağazaya 156 manat pul ödənilmişdir. Delonghi markalı qəhvəbişirən qısa müddət işlədildikdən sonra xarab olduğuna görə satış mağazasının nümayəndəsi tərəfindən iki dəfə təmir edilmiş olsa da, aparat yenidən xarab olduğuna görə servis mərkəzinə verilmişdir. İddiaçı cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyini qeyd edərək 2533 manat ödənilməmiş məbləğ və 253 manat cərimə olmaqla, cəmi 2786 (iki min yeddi yüz səksən altı) manat borcunun olduğunu göstərib iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddia təmin edilmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sora- MM) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəlləninn 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəlləninn 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 45.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır İstinad olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi müqavilə tərəflərinin hər biri müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməlidir. Müqavilə şərtlərinin lazımi qaydada icra edilməməsi müqavilə öhdəliyinin pozulması hesab edilir. İddia tələbinin 2 ədəd Remington markalı trimmerlə bağlı hissədə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh ilk ayın ödənişini etdiyindən, qalan borcu ödəmədiyindən 17 aya görə "xxxx" MMC-yə 265.20 manat borcu qalmışdır və həmin borc cavabdehdən tutulmalıdır. Həmçinin məhkəmə kollegiyası iddiaçının cərimə tələbi bağlı qeyd edir ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinin 2.6-cı bəndində göstərilir ki, “Müştəri” ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müqddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Ona görə də iddiaçının xx.xx.2021-ci il tarixli müqavilə üzrə tələb etdiyi 253 manat hesablanmış cərimə borcu azaldılaraq ödənilməsi üçün üzərində 10 (on) manat miqdarında cərimə borcu saxlanılmalıdır. Kollegiyanın qənaətinə görə bu məbləğdə cərimə ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Məhkəmə xərci ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət edərkən zəruri xərcləri ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 10 manat dövlət rüsumunun cavabdehdən tutulması məqsədəuyğundur. İddianın Delonghi markalı qəhvəbişirənlə bağlı hissəsində isə məhkəmə kollegiyası qeyd edir ki, həmin qəhvəbişirən yeddi gün işlədildikdən sonra xarab olmuş, satış obyektinin əməkdaşının köməyi ilə iki dəfə işlək vəziyyət gətirilmiş olsa da, hər dəfə iki gündən sonra xarab olduğuna görə iddiaçının təklif etdiyi servis mərkəzinə verilmiş və təmir edilərək cavabdehə qaytarılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 624.1-ci maddəsinə əsasən alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: - keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin (maddə 624.1.1.); - alış qiyməti mütənasib surətdə azaldılsın (maddə 624.1.2.); - malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın (maddə 624.1.3.); - malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin (maddə 624.1.4.). Həmin Məcəllənin 624.4-cü maddəsinə əsasən bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. İstinad olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi satıcı lazımi keyfiyyətdə olan mal satmağa, alıcı isə aldığı malın dəyərini ödəməyə borcluduur. Satıcı keyfiyyətsiz mal satdığı halda alıcının həmin keyfiyyətsiz malı lazımi keyfiyyətli malla əvəz edilməsini, alış qiymətini mütənasib surətdə azaldılmasını, malın qüsurlarını təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmasını, malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilməsini tələb etmək, habelə pərakəndə alğısatqı müqaviləsinin icrasından imtina etmək hüququ vardır. İşin hallarından görünür ki, iddiaçı tərəfindən satılmış 01 ədəd Delonghi markalı qəhvəbişirən lazımi keyfiyyətdə olmamaqla satış müəssisəsi tərəfindən bir neçə dəfə işlək vəziyyətə gətirilmiş olsa da, qısa müddətdən sonra xarab olmaqla nasaz vəziyyətə düşmüş, ona görə də cavabdeh həmin malı iddiaçıya aid servis müəssisəsinə təhvil verməklə onu bir daha geri qəbul etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bi ədəd Delonghi markalı qəhvəbişirənin dəyərinin cavabdehdən alınması hissəsində təmin edilməməlidir.təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müv afiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(115)-85/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh 2 ədəd Remington markalı trimmer üçün 265,20 manat kredit borcu, 10 manat hesablanmış cərimə olmaqla, cəmi 275,20 (iki yüz yetmiş beş manat 20 qəpik) manat pul və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qətidir. Ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1859/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1859/2023
16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver