Məhkəmə qərarları › İş №2(104)-1860/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1860/2024

17.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1860/2024 17.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə Açar sözlər: borcun silinməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(125)-2520/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii X2nın pozulması haqqında aktın surətindən görünür ki, küçə xəttinə baxış zamanı sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur. Aktın tərtib olunmasında istehlakçı İddiaçı iştirakı göstərilsə də, aktı imzalamamış, imzalamamasının səbəbi isə qeyd olunmamışdır.

2. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tələbnamədən görünür ki, qaz piltəsi PQ-3 maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, iş rejimi 24 saat və hesabat müddəti 360 gün, iran sobası maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, iş rejimi 24 saat və hesabat müddəti 360 gün, QSQ maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və ödənilməsi qərara alınmışdır. Qaz sərfi 32832 m3 müəyyən edilmişdir;

3. İddiaçı məxsus abonentin saldosundan görünür ki, müvafiq akt əsasında 2022-ci ilin fevral ayı üzrə ona 3939,84 manat cərimə hesablanmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh Gəncə X5 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 3700 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh Gəncə X5 İdarəsi əsl Cavabdeh ilə əvəz edilmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh nümayəndəsi ona 3700 manat cərimə yazmışdır. O, ailə üzvləri ilə birlikdə qeyd olunan Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 426, Akta-6 ünvanında yaşayır. Onların indiyədək qazla bağlı hər hansı problemləri və müdaxilələri olmamışdır. Lakin Cavabdeh bir qrup nümayəndəsi gəlmiş, guya sayğacdan kənar qeyri-qanuni qaz xəttinin çəkilməsini aşkar etmişlər. Bununla bağlı ******* saylı akt tərtib olunmuşdur. Onun yaşadığı evdə istifadə etdiyi su qızdırıcı, qaz piltəsi və iran peçidir. Bundan başqa nə isidici cihaz nə də qaz xəttinə əlavə müdaxilələr vardır. Buna görə də cərimə olunması üçün tərtib olunmuş akt, dəymiş ziyanın bərpasına dair tələbnamə və digər tərtib olunmuş sənədlər əsasında əsassız olaraq onun barəsində cərimə tətbiq olunmuşdur. Sayğacda nasazlıq yaranmış və bununla bağlı dəfələrlə idarəyə müraciət etmişdir. Daha sonra idarənin nümayəndələri gəlmiş və cərimə yazmışlar. O, cavabdeh quruma bu barədə məlumat versə də, cavabdeh qurum buna məhəl qoymamışdır. Buna baxmayaraq cavabdeh qurum hesab etmişdir ki, qaz sayğacına onlar tərəfindən müdaxilə olunmuşdur. Hazırda kart vasitəsilə istifadə etdikləri sayğac evin kənarında yerləşir və karta pul yüklədikcə tətbiq olunmuş cəriməyə silinir. Cavabdeh tərəfindən müxtəlif tarixlərdə tərtib olunmuş sənədlərin heç bir sübutu və mötəbərliyi yoxdur. Ona məxsus olan qaz sayğacına onlar tərəfindən hər-hansı müdaxilə olmamış, əslində qanunla müəyyən edilmiş müddətlərdə yoxlamadan keçirilməlidir. Sayğacın işlək vəziyyətdə olmamasına görə onun məsuliyyət daşıması qanuna və məntiqə ziddir. Sayğac kart vasitəsilə ödəniş edilərək istifadə olunduğu halda o nəyə görə cərimə ödəməlidir? Ona birbaşa maksimum hesablamalarla borc hesablanmasını hüquqdan sui-istifadəyə aid etmişdir. Buna görə də cavabdeh tərəfindən tətbiq olunmuş cərimə məbləği silinməlidir. İstehsalçı ilə onun arasında hər-hansı bir müqavilə bağlanmamış və ona cərimə yazılmışdır. Bundan başqa qaz sayğacı evlərin daxilində deyil, havalı yerlərdə quraşdırılmalı və insanların təhlükəsizliyi təmin olunmalıdır. Qeyd olunan sayğac isə mənzilin daxilində yerləşdirilmişdir. Hazırda qaz sayğacı yenisi ilə əvəz olunmuşdur.

7. Gəncə Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(125)-2520/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatına görə İddiaçı hesablanmış 3700 manat pulun 3207,57 manatının silinməsi; Cavabdehndən dövlət rüsumu hesabına 52,08 manat alınaraq dövlət büdcəsinə ödənilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinentinin “X2” haqqında Qərarının 6.5, 6.5-2 və 6.7-ci bəndlərinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, istehlakçının qanunsuz hərəkətləri nəticəsində Gəncə RQİİ-nə vurulmuş 32832 m3 itirilmiş qazın bərpası üçün 3939,84 manat dəymiş ziyanın ödənilməsi İddiaçı tələb edilmişdir. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Sayğacdan kənar qaz xətti vasitəsilə qazdan qanunsuz istifadə nəticəsində hesablamanın 12 aydan çox olmayan müddətə aparılmalı olduğu halda məhkəmə hesabatın 3 ay müddətinə aparılmalı olduğuna əsaslanaraq əsassız məhkəmə aktı qəbul etmişdir. Gecə reydi zamanı aşkarlanmış sayğacdan kənar əlavə xətlə bağlı abonentin iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) yerində xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş, faktiki istismarda olan qazişlədici avadanlıqların qeydiyyatı aparılaraq itirilmiş qazın həcmi müəyyən edilmişdir. Əslində, sayğaca gələn qaz xətti külək nəticəsində qırılmamışdır. Aparılmış video görüntüdən göründüyü kimi, qaz sayğacının quraşdırıldığı ərazidə nə ağac, nə dirək, nə də hər-hansı digər obyekt olmamışdır. Külək nəticəsində qaz xəttinin qırılması əsassız və yalan məlumatdan başqa bir şey deyildir. Kommunal xərclərin ödənilməsi üçün Dövlət tərəfindən (konkret olaraq Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsi) tərəfindən hər bir köçkün üçün 60.00 manat aylıq müavinət ödənildiyini nəzərə alınmalıdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı istismarında olan qaz sayğacına kənar xətt qoşmuşdur. Ona görə də dəymiş ziyan məbləği hesablanaraq onun abonent hesabına yazılmışdır. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, İddiaçı 2022-ci ildə təbii qazdan istifadəyə görə cəmi 8 manat borc ödəməsi onlarda şübhə yaratmış və reyd zamanı iddiaçının istismarında olan qaz sayğacına qanunsuz olaraq əlavə xətt qoşması müəyyən edilmişdir. Sayğaca qanunsuz əlavə xətt qoşulmasına görə dəymiş ziyan məbləği müəyyən edilərkən qaz işlədicilərin sərfiyyat müddəti 24 saat hesablanmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, istismarında olan qaz sayğacına əlavə xətt qoşmuşdur. Qaz xəttinin zədələnmiş olması barədə cavabdeh təşkilata müraciət etsə də, lakin təşkilatın əməkdaşları köməklik göstərməmişlər. Təbii qazın axmaması üçün sayğaca kənar xətt qoşmuşdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

14. Maddə 1. Qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.

15. Maddə 8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

16. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X2”

17. Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

18. Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

29. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, məişət abonenti olan iddiaçı yaşadığı evdə Cavabdeh İB-nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2022-ci il tarixdə yoxlama zamanı evdə quraşdırılmış sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması aşkar olunmuş, bu səbəbdən xx.xx.2022-ci il tarixli X2nın pozulması haqqında ******* saylı akt əsasında 3939,84 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. İddiaçı (istehlakçı) özü də etiraf edir ki, kənar xətt vasitəsi ilə təbii qazdan sayğac göstəriciləri olmadan istifadə etmişdir. İstehlakçı qaz paylayıcı tərəfindən müəyyənləşdirilmiş ziyan məbləğinin həddən artıq hesablandığını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

33. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X2”-nın 6.5-1-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

34. Bu Qaydaların 6.5-2-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

35. Həmin Qaydaların 6.5-3-cü bəndinə görə, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

36. İşin hallarından göründüyü kimi abonentin istifadəsində olmuş qaz sayğacına qanunsuz qoşulma halları aşkar edilmişdir. Ona görə də itirilmiş qazın bərpası üçün qaz paylayıcı tərəfindən dəymiş ziyanın hesablanması qanuni və əsaslı olmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, itirilmiş qazın bərpası üçün dəymiş ziyan məbləğinin Cavabdeh tərəfindən aparılmış hesabatla müəyyən edilməsi yolverilməzdir.

37. Çünki, qanunvericilikdə qaz paylayıcısı tərəfindən 3 ayda bir dəfə istehlakçının sayğacına baxış keçirilməsi və sayğacla bağlı pozuntu aşkar olunarsa nəticəsini aktla rəsmiləşdirməli olması, eləcə də sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla dəymiş ziyanın hesablanması nəzərdə tutulmuşdur.

38. İş materiallarındakı dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçının (abonent kodu **********04260) sayğacdan kənar qeyri-qanuni əlavə xətt aşkar olunması ilə əlaqədar qaz işlədicilərdən qaz piltəsi PQ-3 maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, iş rejimi 24 saat və hesabat müddəti 360 gün, iran sobası maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, iş rejimi 24 saat və hesabat müddəti 360 gün, QSQ maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 32832m3 dəymiş ziyan müəyyən olunmuşdur.

39. Göründüyü kimi, istehlakçının təbii qaz vasitəsilə işlətdiyi məişət əşyaları - qaz piltəsi, İran sobası və QSQ olmuşdur. Cavabdeh tərəfindən qaz xəttinə kənar xətt qoşulması səbəbindən dəymiş ziyanın əvəzi müəyyənləşdirilərkən qeyd olunmuş məişət əşyalarının orta günlük iş rejimi sərfiyyatı 24 saat müddətlə hesablanmışdır.

40. Məhkəmə kollegiyası qeyd edir ki, qaz piltəsi, İran sobası və QSQ adlı qaz işlədicilərin orta günlük iş rejiminin 24 saat hesablanması qanuni və əsaslı hesab edilə bilməz. Ona görə ki, qaz sayğacı fərdi yaşayış evinə quraşdırılmışdır. Belə olan halda fərdi yaşayış evində sözügedən məişət əşyalarının gün ərzində fasiləsiz olaraq istifadə edilməsi inandırıcı və ağlabatan hal deyil.

41. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış məişət əşyalarının hər birinin gündəlik sərfiyyatının 12 (on iki) saat hesablanması inandırıcı və ağlabatandır.

42. Bununla yanaşı, qaz paylayıcısı olaraq cavabdeh təşkilatın istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 ayda 1 dəfə, digər qaz sayğaclarına isə 3 ayda 1 dəfə baxış keçirilməlidir. İddiaçıya məxsus fərdi yaşayış evində kənar xətt 2022-ci ilin dekabr ayında aşkar edilmişdir. Bu halda iddiaçının həmin xəttə 2022-ci ilin oktyabr ayında qoşulması ağlabatandır ki, bu qənaətə uyğun olaraq da dəymiş ziyanın məbləği müəyyənləşdirilərkən 90 gün hesabat müddəti nəzərdə tutulması düzgün və əsaslıdır.

43. Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, dəymiş ziyanın məbləği hesablanarkən 90 gün hesabat müddəti üzrə təbii qazın orta günlük iş rejimi 12 saat nəzərdə tutulmaqla ziyan məbləği hesablanmalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq idda tələbini qismən təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(125)-2520/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar