Məhkəmə qərarları › İş №2(104)-1868/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1868/2023

24.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1868/2023 24.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-114/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Tərtər Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(061 )-114/2022 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı və X2 Cavabdeh qarşı zəbt edilmiş gediş-gəliş yolunun açılması və yolda qanunsuz inşa edilmiş tikilinin sökülməsi barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin surətini bu yaxınlarda aldığını, qətnamədən narazı olduğuna görə apellyasiya şikayəti vermək istədiyini, lakin apellyasiya şikayəti vermə müddətini ötürdüyünü, apellyasiya şikayətini vaxtında vermədiyini, bu səbəblərdən də apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddəti üzrlü səbəbdən ötürdüyünü bildirib, Tərtər Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(061 )-114/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-114/2023 saylı qərardadı ilə (hakim Kamil Rzayev ) iddiaçılar İddiaçı və X2 Cavabdeh qarşı zəbt edilmiş gediş-gəliş yolunun açılması və yolda qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə İddiaçı münasibətdə Tərtər Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(061 )- 114/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilməsi, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılması qət edilmişdir. İddiaçı X5 həmin qərardaddan şikayət verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-114/2023 saylı qərardadı ləğv edilməsini və prosessual hərəkətlərin davam etdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,o, Tərtər Rayon Məhkəməsinin 18 may 2023- cü il tarixli qərardadını rəsmi qaydada almamışdır. Qətnamənin surətini icra idarəsindən götürüb şikayət versə də, məhkəmə şikayəti geri qaytarmışdır. Məhkəmə tərəfindən isə qeyd edilmişdir ki, o, qətnaməni 28 aprel 2022 –ci il tarixində almışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-114/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, iddiaçı məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, şikayətə onun iştirakı ilə şifahi icraat qaydasında baxılmasını xahiş etsə də, məhkəmə kollegiyası vəsatətin təmin edilməsini zəruri hesab etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-114/2023 qərardadı tam, onunla bağlı Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-114/2023 saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iddiaçı X3 apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair verdiyi ərizəyə yenidən baxılması üçün iş Tərtər Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: Tərtər Rayon Məhkəməsinin 28 aprel 2022- ci il tarixli 2(061 )-114/2022 saylı qətnaməsinin iddiaçı X4 göndərilməsini təsdiq edən reyestr vərəqəsi və həmin qətnamənin onun tərəfindən alınmasını tədfiq edən müvafiq bildiriş mövcud deyildir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Tərtər Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(061 )-114/2022 saylı qətnaməsi iddiaçılar və cavabdehin iştirakı ilə çıxarılmış, qətnamə hər iki tərəfə elan edilmiş, qətnamədən şikayət etmək qaydası tərəflərə izah edilmiş, qətnamə poçt vasitəsi ilə tərəflərə göndərilmiş, bununla yanaşı iş üzrə icra sənədi üzrə borclular İddiaçı və X1 icra sənədi üzrə cəmi 311 manat pul tutularaq tələbkar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC-in hesabına ödənilməsi icra edilməsi üçün Tərtər rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Tərtər rayon İcra və Probasiya Şöbəsi tərəfindən tələbin könüllü icra edilməsi üçün borclulara bildiriş göndərilmişdir. Bütün bunlar onu sübut edir ki, iş üzrə borclu İddiaçı Tərtər Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(061 )-114/2022 saylı qətnaməsindən məlumatı olmuş, lakin o, həmin qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməmiş, təqribən bir il keçdikdən sonra apellyasiya şikayəti vermişdir. Qeyd edilənlərə əsasən Tərtər Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(061)- 114/2022 saylı qətnaməsindən İddiaçı münasibətdə apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilməlidir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə, bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, məhkəmə qərarının iddiaçı X4 rəsmi qaydada göndərilməsinə və alınmasına dair heç bir sübut yoxdur. Azərbaycan Respublikasının MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X3 şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-114/2023 qərardadı tam, onunla bağlı Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(061)-114/2023 saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, İddiaçı apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair verdiyi ərizəyə yenidən baxılması üçün iş Tərtər Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə ərizəyə baxarkən, qeyd olunan nöqsanları aradan qaldırmalı, məhkəmə qərarının İddiaçı təqdim olunub-olunmaması araşdırmalı, əgər qətnamənin ona təqdim edilməsi təsdiqini tapmazsa, bu halda verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-nin 364-cü maddəsinin tələblərinə uyğunluğu yoxlanılmalı və qanuni qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 387, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-114/2023 qərardadı tam, onunla bağlı Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-114/2023 saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair verdiyi ərizəyə baxılması üçün iş Tərtər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar