Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1884/2023 31.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının (sədrliyi və məruzəsi ilə) Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakları ilə, “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(040)-494/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. 27 noyabr 2020-ci il tarixli "Abonentin saldosu"ndan görünür ki, abonent (№**********00000) İddiaçı 2011-ci ilin dekabr ayına 0 manat, 2012-ci ilin dekabr ayına 279,20 manat, 2013-cü ilin dekabr ayına 162,50 manat, 2014-cü ilin dekabr ayına 362,30 manat, 2015-ci ilin dekabr ayına 362,30 manat, 2016-cı ilin dekabr ayına 0 manat, 2017-ci ilin dekabr ayına 22,20 manat, 2018-ci ilin dekabr ayına 9,0 manat, 2019-cu ilin dekabr ayına 42,20 manat, 2020-ci ilin dekabr ayına 109,90 manat, 2021-ci ilin dekabr ayına 46,32 manat, 2022-ci ilin dekabr ayına 48,36 manat, 2023-cü ilin mart ayına 94,64 manat borcu yaranmışdır.
2. 26 aprel 2022-ci il tarixli "Abonentin saldosu"ndan görünür ki, abonent (№**********00000) İddiaçı 2023-cü ilin avqust ayına 617.73 manat borcu yaranmışdır.
3. "Azəriqaz" X4 X6 İdarəsi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Gəncə X6 İdarəsinin Goranboy xidmət sahəsində qeydiyyatdadır. 25 dekabr 2013-cü il tarixdə sayğac göstəricisinə düzəliş olduğu üçün 641,50 manat borc abonentin hesabından silinmişdir. Abonentin 01 dekabr 2013-cü il tarixə 291,10 manat borcu olmuşdur ki, silinən məbləğdən sonra dekabr ayının sonuna abonentin hesabında 362,30 manat avans məbləğ yaranmışdır.
4. "Azəriqaz" X4 X6 İdarəsi tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli arayışdan görünür ki, **********00000 saylı hesab kodu Goranboy xidmət sahəsinin əhali sektoru üzrə İddiaçı adı altında qeydiyyatdadır və qeyd edilən ünvan üzrə **********00000 hesab kodunda xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək G4 markalı, mexaniki tipli, 25741890 zavod seriya nömrəli qaz sayğacı istismarda olmuş, xx.xx.2020-ci il tarixdə həmin sayğac yeni Zenner markalı, mexaniki tipli, **********6 zavod seriya nömrəli qaz sayğacı ilə əvəzlənmiş və hal-hazırda yaşayış ünvanında istismardadı.
5. ünvan 1razi dairəsi üzrə nümayəndəliyinin 5-45-10/2-2023 nömrəli, 15 mart 2023-cü il tarixli arayışında qeyd olunur ki, İddiaçı Goranboy rayonu Veyisli kəndində yaşayır.
6. 30 avqust 2023-cü il tarixli Gəncə RQİİ-nin Goranboy XS-nin abonent şöbəsinin çilingəri Elçin Qurbanovun iştirakı ilə tərtib edilən aktdan görünür ki, Veyisli kəndində müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakini İddiaçı iştifadəsində olan qaz sayğacına baxış keçirən zaman smart tipli qaz sayğacından istifadə edildiyi aşkar edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona qanunsuz və əsassız olaraq hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kəlbəcər rayonundan məcburi köçkün olaraq Goranboy rayonunun Veyisli kəndində ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Təxminən 2010-cu ildə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən yaşadığı evə onun adına mexaniki tipli kartsız qaz sayğacı quraşdırılmışdır. 2018-ci ilədək onlara istifadə edilən qaza görə məcburi köçkün limiti ayrılmışdır. Həmin dövr üçün istifadə etdiyi təbii qazın haqqını ona göndərilmiş olan müvafiq bildirişlər əsasında ödəmişdir. 2018-ci ilədək ona borcunun olması barədə heç bir bildiriş və xəbərdarlıq göndərilməmişdir. Daha sonra ödənişləri həyata keçirərkən "Azəriqaz" İB-nin əməkdaşları ona bildirmişlər ki, 2018-ci ilədək istifadə etdiyi qaza görə 648 (altı yüzqırx səkkiz) manat borc yazılmışdır, lakin həmin borcu qaz sayğacı yenilənərkən özləri siləcəklər, yəni onların deməsinə görə həmin borc əslində istifadə etmədiyi qaza görə əsassız olaraq yazılmışdır. 2020-ci ildə yaşadığı ünvanda əvvəlki sayğac smart tipli kartlı qaz sayğacı ilə əvəz olunmuşdur. Yeni sayğac quraşdırıldıqdan sonra təbii qazın haqqını kart vasitəsilə ödəmiş və hər ödəniş edən zaman ödənilən məbləğin xeyli hissəsi borca tutulmuşdur. Bununla bağlı "Azəriqaz"a müraciət edəndə ona bildirmişlər ki, borcu ödəyib qurtarana qədər onun ödədiyi məbləğdən borc çıxılacaqdır. İstifadə etmədiyi qaza görə nə üçün pul ödəməlidir? Bundan sonra, o, "Azəriqaz"dan abonentin saldosunu tələb etmiş və aydın olmuşdur ki, ona əsassız olaraq 648 (altı yüzqırx səkkiz) manat borc hesablanmışdır. Borcunun olması barədə ona heç vaxt xəbərdarlıq və bildiriş göndərilməmişdir. Hazırda isə qaza görə ödədiyi məbləğin yarıdan çox hissəsi əsassız olaraq borca çıxılır.
9. Kəlbəcər Rayon Məhkəməsinin 25 aprel 2023-ci il tarixli, 2(040)-494/2023 nömrəli qətnaməsi ilə (hakim H.Qəniyev) iddia təmin edilmiş, İddiaçı (abonent kodu: **********00000) «Azəriqaz» İstehsalat Birliyinə hesablanan debitor borcundan 94,64 manat borcu hissəsinin hesabdan silinməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci, 14.2-ci, 77.1-ci ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Kəlbəcər Rayon Məhkəməsinin 25 aprel 2023-ci il tarixli, 2(040)-494/2023 nömrəli qətnaməsini ləğv edib, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası prezidentinin xx.xx.2017-ci il tarixli, 1206 saylı fərmanına uyğun olaraq, xx.xx.2017-ci il tarixdən sonra istehlakçının abonent hesabında yaranacaq borcların dövlət tərəfindən deyil, müavinət verilən abonentlər tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaraq həmin müavinət abonent tərəfindən təyinatı üzrə istifadə edilməmiş, kommunal xərclər tam ödənilməmişdir. İddiaçıya xx.xx.2017-ci il tarixdən sonra iddia qaldırıldığı günədək ödənilməmiş 94.64 manat borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyən edilərək iddiaçının abonent hesabına işlənmişdir. Bundan əlavə cavabdeh qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələri əsasında qurduğu izahatını dinləyərək , iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermiş, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırmamış, abonentin ümumiyyətlə 648.00 manat borcunun yaranmadığını nəzərə almamışdır. Belə ki, iddiaçının ünvanında yaranmış 648.00 manat borcun karta yüklənən məbləğdən tutulduğunu bildirmişdir, lakin həmin ünvanda ümumiyyətlə “İtron” tipli qaz sayğacı quraşdırılmamış və ödənilən vəsaitdən heç bir tutulma aparılmamışdır. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddia tələbinə qarşı etiraz ərizəsi təqdim edilmiş, ünvanda istehlak olunan qazın dəyəri Əhliman Hüseynovun iddia etdiyi kimi 648.00 manat borcun ümumiyyətlə yaranmadığını, ödənilməmiş 94.64 manat debitor borcun isə 2021-ci ilin mart ayından sonra ayrılan müavinətin təyinatı üzrə istifadə etməməsi, ödənişdən yayındığı üçün yarandığını araşdırmamış və həmin sübutlara əsaslanmamışdır. Məhkəmə abonent tərəfindən ödənilməli olan həmin məbləğin abonent hesabından silməklə əsassız qətnamə çəxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının adına iki abonent saldosu vardır. **********00000 abonent saldosu üzrə Zenner G4T Smart sayğac quraşdırılmış və həmin sayğac üzrə iddiaçıya 617,73 manat borc yazılmışdır. Məhkəmə qətnaməsi əsasında **********00000 abonent saldosu üzrə silinən 94 manat debitor borcdur və qazdan istifadə zamanı yaranmışdır.
15. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun adına iki ünvan olsa da, yaşadığı ünvan üzrə smart tipli sayğac quraşdırılmışdır və həmin sayğac üzrə borc yazılmışdır. Odur ki, tələbi həmin borcun silinməsidir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. 390.1 -ci maddəsinəəsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasənmülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı – alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra – SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin) və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
19. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir.
21. Göründüyü kimi tərəflər arasında yaranmış hüquq münasibətləri itirilmiş təbii qazın dəyərinin ödənilməsinin mübahisələndirilməsidir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.
22. İddia tələbini təmin etmiş birinci istansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh "Azəriqaz" İstehsalat Birliyi iddiaçıya hal-hazırkı tarixə hesablanmış 94.64 manat debitor borcun yaranma əsaslarını təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, cavabdeh tərəf öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Bu səbəbdən iddiaçının tələbi qanuna uyğun və əsaslı hesab edilmişdir.
23. İşin hallarından görünür ki, İddiaçı adına iki fərqli -**********00000 və **********00000 abonent hesabı mövcuddur.
24. İddiaçının faktiki istifadəsində olan **********00000 abonent hesabı üzrə qaz sayğacı ZENNER G4T Smart tipli olmuş və Goranboy rayonu Veyisli kəndində yaşadığı fərdi yaşayış evinə quraşdırılmışdır.
25. 30 avqust 2023-cü il tarixli Gəncə RQİİ-nin Goranboy XS-nin abonent şöbəsinin çilingəri Elçin Qurbanovun iştirakı ilə tərtib edilən aktdan görünür ki, Veyisli kəndində müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakini İddiaçı iştifadəsində olan qaz sayğacına baxış keçirən zaman smart tipli qaz sayğacından istifadə edildiyi aşkar edilmişdir.
26. 26 aprel 2022-ci il tarixli "Abonentin saldosu"ndan görünür ki, abonent (№**********00000) İddiaçı 2023-cü ilin avqust ayına 617.73 manat borcu yaranmışdır.
27. Digər ünvanda yerləşən **********00000 abonent hesabı üzrə ZENNER G4T Mexaniki qaz sayğacının faktiki istifadəçisi hazırki tələb üzrə iddiaçı olmamışdır və həmin sayğac mexaniki olmaqla sərfiyyata uyğun olaraq 94 manat borc hesablanmışdır.
28. Belə ki, 27 noyabr 2020-ci il tarixdə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərtib edilmiş "Abonentin saldosu"ndan görünür ki, abonent (№**********00000) İddiaçı 2011-ci ilin dekabr ayına 0 manat, 2012-ci ilin dekabr ayına 279,20 manat, 2013-cü ilin dekabr ayına 162,50 manat, 2014-cü ilin dekabr ayına 362,30 manat, 2015-ci ilin dekabr ayına 362,30 manat, 2016-cı ilin dekabr ayına 0 manat, 2017-ci ilin dekabr ayına 22,20 manat, 2018-ci ilin dekabr ayına 9,0 manat, 2019-cu ilin dekabr ayına 42,20 manat, 2020-ci ilin dekabr ayına 109,90 manat, 2021-ci ilin dekabr ayına 46,32 manat, 2022-ci ilin dekabr ayına 48,36 manat, 2023-cü ilin mart ayına 94,64 manat borcu yaranmışdır.
29. "Azəriqaz" X4 X6 idarəsi tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli arayışdan görünür ki, **********00000 saylı hesab kodu Goranboy xidmət sahəsinin əhali sektoru üzrə İddiaçı adı altında qeydiyyatdadır və qeyd edilən ünvan üzrə **********00000 hesab kodunda xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək G4 markalı, mexaniki tipli, 25741890 zavod seriya nömrəli qaz sayğacı istismarda olmuş, xx.xx.2020-ci il tarixdə həmin sayğac yeni Zenner markalı, mexaniki tipli, **********6 zavod seriya nömrəli qaz sayğacı ilə əvəzlənmiş və hal-hazırda yaşayış ünvanında istismardadı.
30. Birinci instansiya məhkəməsinin 25 aprel 2023-ci il tarixli 2(040)-494/2023 nömrəli qətnaməsindən məlum olur ki, İddiaçı (abonent kodu: **********00000) «Azəriqaz» İstehsalat Birliyinə hesablanan debitor borcundan 94,64 manat borcun silinməsi qət edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, debitor borc abonentin müqavilə üzrə icra edilməli öhdəliyidir və təbii qazdan istifadənin nəticəsində müəyyən edilən tarif dərəcələrinə uyğun hesablanır.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir.
33. Qeyd edilən normanın təfsirindən göründüyü kimi qaz sərfiyyatının nəticəsi olaraq hesablanmış məbləğin mübahisələndirilərək silinməsi istisna edilir və iş materiallarında debitor borc kimi yazılmış borcun silinməsinə hər hansı bir əsas müəyyən edilməmişdir.
34. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir.
35. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
q ə t e t d i: Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(040)-494/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Ədil Məmmədov