Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-189/2025 04.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, e-2(125)-4177/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 2968 (iki min doqquz yüz altmış səkkiz) manat olan İmei kod **********93730 «Samsung Galaxy Z FLİP 4» markalı telefon, «Samsung» Charger, «Samsung BUDS2 PRO» qulaqlıq dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1 faizi miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə sonrakı aylar 219 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
2. xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********93730 «Samsung Galaxy Z FLİP 4» markalı telefon, «Samsung» Charger, «Samsung BUDS2 PRO» qulaqlıq üçün 12 ay müddətinə ödəmək şərti ilə 2968 (iki min doqquz yüz altmış səkkiz) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 1000,31 (bir min manat otuz bir qəpik) manat borcunu ödəməmiş, həmin məbləğə 100,69 (bir yüz manat altmış doqquz qəpik) manat cərimə hesablanmışdır.
3. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********93730 «Samsung Galaxy Z FLİP 4» markalı telefon, «Samsung» Charger, «Samsung BUDS2 PRO» qulaqlıq üçün 1000,31 (bir min manat otuz bir qəpik) manat ödənilməmiş hissə, 100,69 (bir yüz manat altmış doqquz qəpik) manat cərimə olmaqla, cəmi 1101 (bir min yüz bir) manat borc və 31,01 (otuz bir manat bir qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********93730 «Samsung Galaxy Z FLİP 4» markalı telefon, «Samsung» Charger, «Samsung BUDS2 PRO» qulaqlıq almış və nəticədə 1101 (min yüz bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2968 (iki min doqquz yüz altmış səkkiz) manat (12 ay x 219 manat + 340 manat ilkin ödəniş) olan İmei kod **********93730 «Samsung Galaxy Z FLİP 4» markalı telefon, «Samsung» Charger, «Samsung BUDS2 PRO» qulaqlıq üçün ümumilikdə, 1101 (min yüz bir) manat olmaqla ondan 1000,31 (mi manat otuz bir qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 100,69 (yüz manat altmış doqquz qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 1967,69 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.
6. Gəncə Şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, e-2(125)-4177/2024 saylı qətnaməsi ilə (hakim Zaman İmanov) iddianın qismən təmin edilməsi, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə əsas borcdan 1000,31 (bir min manat otuz bir qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə məbləği və məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumunun 30,05 (otuz manat beş qəpik) manatı olmaqla, ümumilikdə 1035,36 (bir min otuz beş manat otuz altı qəpik) manat pulun tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********93730 «Samsung Galaxy Z FLİP 4» markalı telefon, «Samsung» Charger, «Samsung BUDS2 PRO» qulaqlıq almış, həmin məbləğdən 1967,69 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-yə 1000,31 (bir min manat otuz bir qəpik) manat əsas borcu qalmış, qalıq borca 100,69 (bir yüz manat altmış doqquz qəpik) manat dəbbə pulu hesablanmışdır.
8. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 288.1, 567, 600 və 462-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Gəncə Şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, e-2(125)-4177/2024 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********93730 «Samsung Galaxy Z FLİP 4» markalı telefon, «Samsung» Charger, «Samsung BUDS2 PRO» qulaqlıq almışdır. O, "xxxx" MMC-yə 1967,69 manat pul ödəmişdir. "xxxx" MMC ilə müqavilə bağladıqdan sonra telefonda müəyyən nasazlıq əmələ gəlmişdir. O, bu barədə "xxxx" MMC-yə məlumat vermişdir. Lakin "xxxx" MMC onun tələblərinə məhəl qoymamış və öz üzərinə düşən vəzifəsini icra etməmişdir. O, "xxxx" MMCyə bildirmişdir ki, onun onlardan aldığı malların zamanəti var və onun telefonunun düzəldilməsini xahiş etmişdir. Lakin "xxxx" MMC üzərinə düşən öhdəliyi icra etməmişdir. Həmçinin, qeyd etmək istəyir ki, o, dəfələlər telefonun qüsurlu olması barədə "xxxx" MMC-yə məlumat vermişdir. Hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4177/2024-cü il tarxli qətnaməsi ləğv edilməli və iddia əsasız olduğu üçün rədd edilməlidir. Belə ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu təqdirdə bunu etməyərək, iş üzrə kifayət qədər araşdırma aparmadan, sübutları kifayət qədər tədqiq etmədən qərar qəbul etmişdir.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh nümayəndəsi (əri) X4 apellyasiya şikayəti ilə oxşar məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, telefon nasaz çıxmışdır. Telefonun zəmanəti var idi, telefonu təhvil vermişlər. Təmir üçün əlavə 1100 manat pul istəmişdilər. Zəmanət müddəti bitməmişdir. İlk əvvəl şarj olurdu, sonra isə şarj olmadı. Servisə getməmişdən əvvəl telefonun daşı şiş vəziyyətdə olmamışdır. Servisdən sonra şişməyə başlamışdır.
13. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, e-2(125)- 4177/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, məhsul xx.xx.2023-cü ildə təhvil verilmişdir. xx.xx.2023-cü ildə servisə müraciət edib, servisdə baxış zamanı mexaniki təsir olması müəyyən edilmişdir. Əgər telefon yararsız olsa idi, 7-8 ay sonra üzə çıxmazdı.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
16. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
17. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin:
18. 587.1.1. alış qiymətinin mütənasib azaldılması;
19. 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması;
20. 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.
21. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə:
22. 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;
23. 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
24. 386.1 Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. 399.4 Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.
26. 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
28. 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. 448.1 Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
30. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
38. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, e-2(125)-4177/2024 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********93730 «Samsung Galaxy Z FLİP 4» markalı telefon, «Samsung» Charger, «Samsung BUDS2 PRO» qulaqlıq almış, həmin məbləğdən 1967,69 manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun "xxxx" MMC-yə 1000,31 (bir min manat otuz bir qəpik) manat əsas borcu qalmış, qalıq borca 100,69 (bir yüz manat altmış doqquz qəpik) manat dəbbə pulu hesablanmışdır.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh telefonda müəyyən nasazlıq əmələ gəlməsini, bu barədə "xxxx" MMC-yə məlumat verməsini, lakin "xxxx" MMC-nin onun tələblərinə məhəl qoymayaraq, üzərinə düşən vəzifəsini icra etməməyini qeyd etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsi olan ”Əşyaların təhvil-təslim aktından” görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Telefonda sonradan yaranmış qüsurla bağlı iddiaçıya məlumat verməsini və iddiaçının heç bir tədbir görməməsini bildirsə də, bununla bağlı heç bir mötəbər sübut məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Kollegiya iddiaçının nümayəndəsinin izahatına istinad edərək hesab etmişdir ki, cavabdeh telefonun təmiri üçün xx.xx.2023-cü ildə servisə müraciət edib, lakin servisdə baxış zamanı mexaniki təsir olması müəyyən edilmişdir. Kollegiya işin obyektiv həlli üçün mürciət olunan servisdən sənədlərin təqdim edilməsini tərəflərə təklif etmiş, lakin tərəflər istinad etdikləri dəlillərini sübut etmək üçün heç bir təşəbbüs göstərməmişlər. Məhkəmə kollegiyası “MD-Servis” X3 məhkəmə sorğusu ilə müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Bununla da, iddiaçının və cavabdehin izahatlarına münasibəti aydınlaşdırmaq mümkün olmamışdır.
45. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın qismən təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
46. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
47. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə müxtəlif maraqları bütünlüklə araşdırmalı və bu zaman nəzərə almalıdır ki, Konvensiyanın məqsədi “ praktiki və səmərəli” hüquqları təmin etməkdir. O, məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
QƏT ETDİ: Gəncə Şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, e-2(125)-4177/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, e-2(125)-4177/2024 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.