Məhkəmə qərarları › İş №2(104)-1903/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1903/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1903/2025 15.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(125)-6682/2024 nömrəli qətnaməsindən Cavabdeh (bundan sonra – cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 1567.98 manat ödənilməmiş hissə, 156.02 manat cərimə, ümumilikdə 1724 manat borc və 37.24 manat ödənilmiş dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(125)-6682/2024 nömrəli qətnaməsi (hakim Xədicə Səfərli) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1567.98 manat ödənilməmiş hissə, 2.02 manat cərimə, ümumilikdə 1570 (min beş yüz yetmiş) manat pul və 35 (otuz beş) manat 70 (yetmiş) qəpik dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360-cı və 363.1.3-cü maddələrinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 362-ci maddəsində göstərilmişdir ki, apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. 364.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən qətnamə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, cavabdehin apellyasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə məhkəməyə verilmişdir. Eyni zamanda işdə qətnamənin rəsmi qaydada cavabdehə təqdim edilməsi barədə rəsmi sənəd mövcud deyildir. Halbuki, Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. MPM-in 360-cı maddəsində göstərilmişdir ki, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğu yoxlanılmamış, cavabdeh tərəfindən qətnamənin əldə edilibedilməməsi, əldə olunmuşsa hansı tarixdə alınması, habelə uzun müddət keçdikdən sonra şikayət verilməsinə baxmayaraq prosessual müddətin buraxılıb-buraxılmaması məsələsinə hüquqi qiymət verilməmişdir. Cavabdeh apellyasiya şikayətinin 3-cü səhifəsində “Buraxılmış müddətinin bərpası haqqında ərizə” başlığı ilə buraxılmış müddətin bərpasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qətnaməni xx.xx.2025-ci il tarixdə İcra idarəsindən əldə etmişmiş və müddəti üzürlü səbbdən ötürümüşdür. Cavabdeh buraxılmış prosessual müddətin bərpasını xahiş etsə də birinci instansiyası məhkəməsi ərizəyə tərəflərin iştirakı ilə baxmamış və apellyasiya şikayətini birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir ki, bunda da haqlı olmamışdır. Belə ki, Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Göründüyü kimi, prosessual müddətin bərpasına dair ərizə verildikdə işə baxan məhkəmə həmin ərizəyə baxmalı və bunun nəticəsində müvafiq qərardad qəbul etməlidir ki, hazırki iş üzrə birinci instansiyası məhkəməsi cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpasna dair ərizəyə hüquqi qiymət verməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini MPM-in 364-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan və qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdehin ərizəsinə hüquqi qiymət vermədən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də apellyasiya şikayəti MPM-in 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması və müddətin bərpasına dair cavabdehin ərizəsinə hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Apellyasiyanın mümkünlüyünün yoxlanılmasından bəhs edən Azərbaycan Respublikası MPM-in 366-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10, 263, 264, 361, 363.1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(125)-6682/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə riayət edilməsinin yoxlanılması və müddətin bərpasına dair ərizəyə hüquqi qiymət verilməsi üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar