Məhkəmə qərarları › İş №2(104)-1906/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1906/2024

04.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1906/2024 04.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2032/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə-02-267 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, etiraz ərizəsində qeyd etmişdir ki, İddiaçı ona qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. O, iddiaçının iddiasının qəbul etmir və rədd edilməsini istəyir. Belə ki, iddiaçı ilə onun aralarında dəfələrlə eyni mübahisə üzrə dəfələrlə məhkəmə prosesi olmuşdur. Şəmkir Rayon Məhkəməsində, Gəncə Apellyasiya Məhkəməsində, Gəncə İnzibati Məhkəməsində və Ali Məhkəmədə işlər olmuşdur. İddiaçını hansısa vəkili hüquqşünas aldadaraq hazırkı haqsız, yersiz iddialarla məhkəməyə müraciət etmişdir. O, qanuni əsaslarla iddiaçıdan torpaq sahəsi almış və onunla alqı-satqı müqaviləsindən sonra aldığı saxta sənədlərin hər biri məhkəmə qərarına əsasən ləğv edilmişdir. Yuxarıda göstərdiklərini nəzərə alaraq, İddiaçı ona qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddiasının əsassız olduğundan rədd edilməsi və ya işə məhkəmə` tərəfindən baxıldığı üçün xitam verilməsi barədə qərar qəbul etməyi xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2032/2024 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərar alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı xx.xx.2024-cü ildə tarixdə apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadını əsassız olduğu üçün ləğv edib tərəflərlə bərabər sonra prosessual hərəkətlərin davam etdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə onun Cavabdeh qarşı qaldırdığı “Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair” iddiasi üzrə işə xitam edilmişdir. İşə baxan məhkəmə iddiası üzrə icraata xitam verərkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadına istinad edib iş üzrə icraata xitam vermişdir. İşə baxan məhkəmə iş üzrə icraata xitam verərəkən onun oğlu ilə arasında olan bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia üzrə çıxarılmış qətnaməyə istinad etmişdir. MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmə qərardadı olarsa iş üzrə icraata xitam verilə bilər. Əvvəlki iddia tələbində tərəflər eyni olmamışdır. Belə olan halda iş üzrə icraata xitam verilməsinin hüquqi əsası yoxdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2032/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2032/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2032/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsi baxılması üçün iş materialları ilə birlikdə Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3226/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh İddiaçı və digərlərinə qarşı 25 dekabr 2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında cavabdehlər X3 və X1 adına verilmiş xx.xx.2021-ci il tarixli, **********01 reyestr saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(076)-1995/2022 saylı qətnaməsi ilə (hakim Ş.Məmmədova) iddia təmin edilmiş, İddiaçı ilə X4 və X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə- 2906 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.2618 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X4 və X2 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 mart 2023-cü il tarixli, 2(104)-609/2023 saylı qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında 25 dekabr 2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması tələbi ilə məhkəmə mübahisəsi olmuş, həmin işə baxılan zaman yekun məhkəmə aktında hazırda mübahisələndirilən 4Ə-02-267 saylı alqı-satqı müqaviləsinə əsaslanaraq yekun məhkəmə qərarı çıxarılmış və əqdin etibarlı olub-olmadığını təsbit etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia qaldırmış, birinci instansiya məhkəməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3226/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsaslanaraq iddiaçı Cavabdeh İddiaçı və digərlərinə qarşı 25 dekabr 2019-cu il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması tələbinə dair iddiası ilə hazırkı iddianın eyni olması qənaətinə gəlmişdir. Göründüyü kimi tərəflər arasındakı hazrki iddiaya əvvəllər baxılmamış, birinci instansiya məhkəməsi isə hazırkı iddianı üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması kimi qiymətləndirməkdə haqlı olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2032/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və iş materialları həmin iddia ərizəsinə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2032/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar