Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1910/2025 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz Ixrac” Idarəsinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: qaz boru kəmərinin mühafizə zonası; bu zonada inşa edilmiş tikilinin sökülməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məmmədov Tural Nurulla oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz Ixrac” Idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz Ixrac” Idarəsinin cavabdeh Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz Ixrac” Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası ## ######## 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ## ######## 2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Qazax rayonu Canallı kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli **/**** nömrəli rəyində qeyd edilmişdir ki, elektron baza məlumatlarına əsasən cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin 0.04 ha hissəsi ************ reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş X1 məxsusdur. Cavabdeh Cavabdeh ************ reyestr nömrəsi ilə mülkiyyətində olan torpaq sahəsinin və Qaz ixrac idarəsinin iddiasına əsasən qaz kəmərinin koordinatları təyin edilmiş və sxemdə göstərildiyi müəyyən edilmişdir. Cavabdehin istifadəsi kimi göstərilən və mülkiyyətində ola 0.04 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən yüksək təzyiqli qaz xəttinin mühafizə zolağına düşdüyü müəyyən edilmişdir.
3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Tovuz Ərazi Idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, cavabdeh Cavabdeh ************ reyestr nömrəli ilə mülkiyyətində olan 0,04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi magistral qaz kəmərindən 7.7 metr və 9.9 metr məsafdə yerləşir, torpaq sahəsi isə 5.15 metr və 7.7 metr məsafədə yerləşir və mühafizə zonasında yerləşir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayonu Canallı kəndi ərazisində cavabdeh Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## #### tarixli *** nömrəli qərarının tələbləri pozularaq, həmin ərazidən keçən diametiri Dş 700 mm-lik yüksək təzyiqli ’’Qaradağ-Tbilisi” magistral qaz kəmərinin mühafizə zonasında, kəmərlə 5 (beş) metr məsafədə yaşayış evi inşa edilmişdir. Göstərilən magistral qaz kəmərinin 50-metr məsafəsində hər hansı bir tikinti qurğu işlərinin aparılması qadağandır. Cavabdeh tətəfindən inşa edilmiş tikili yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. Ona görə də, məhkəmə qaydası ilə cavabdeh tərəfindən inşa edilmiş yaşayış evi sözügedən ərazidən sökülüb götürülməlidir.
6. Qazax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev) “Qaz Ixrac” Idarəsinin Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı Cavabdeh alınıb “Qaz Ixrac” Idarəsinə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaitinin 50 manatı Cavabdeh, 50 manatının isə “Qaz Ixrac” Idarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X3 kod 210005 VÖEN **********, m/h AZ41NABZ01360100000000003944, S.W.İ.F.T. BIK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE00000000000002088501) hesabına köçürülməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29cu maddələrinə, Mülki Məcəllənin 152.1, 180.1, 180.2 və 180.4-cü maddələrinə, Torpaq Məcəlləsinin 56 və 66-cı maddələrinə, habelə Mülki Prosessual Məcəlləsinin 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz Ixrac” Idarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradar, bu isə yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Məhkəmə iş üzrə obyektiv araşdırma apararaq insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar olmaq və ya xəbərdar olmağa borclu olmaq və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görmək kontekstində işə yanaşmalı idilər. Mühafizə zonası daxilində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Qeyd edilən qanunlara əsasən, mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz Ixrac” Idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə tam araşdırma aparılmamışdır. Belə ki, mübahisəli ərazi mühafizə zonasına düşür, insan həyatı üçün təhlükəlidir və həmin ərazidə tikinti işləri aparıla bilməz. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün də təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Cavabdehin tikiliyə heç bir sənədi yoxdur. Həmin torpaq sahəsinin və tikilinin bir hissəsi mühafizə zonasına düşür. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. Iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə, ona məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMIS vasitəsilə göndərilməsinə, həmin sənədin elektron kabinetinə yerləşdirilməsinə və həmin sənədləri almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
15. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
16. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
17. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
18. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
19. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
20. Maddə 19.2. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”
21. 2.7-ci bənd. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır.
22. 2.23-cü bənd. Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır.
23. 2.24-cü bənd. Kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
31. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, Qazax rayonu Canallı kəndi ərazisindən keçən, magistral qaz boru kəmərinin 423-cü kilometrliyində mişar daşı ilə cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş, fərdi yaşayış evi onun öz vəsaiti hesabına, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Tovuz Ərazi Idarəsinin mütəxəssis rəyinə əlavə edilmiş plan sxemə uyğun tam sökülərək mühafizə zonasından kənarlaşdırılmalı, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 100 manat cavabdeh Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz Ixrac” Idarəsinə ödənilməli, ekspertiza xərcləri cavabdehə aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
36. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Qazax rayonu Canallı kəndi ərazisindən magistral qaz boru kəməri keçir. Həmin kənd ərazisində 0,04 ha həyətyanı torpaq sahəsi də Cavabdeh mülkiyyətindədir. Belə onun mülkiyyətində olan torpaq sahəsi qaz borcu kəmərinin 423-cü kilometrliyində yerləşir. Sözügedən torpaq sahəsinin üzərində tikili inşa edilmişdir. Hansı ki, tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Iddiaçı “Qaz Ixrac” Idarəsi sözügedən evin qaz kəmərinin mühafizə zonasında inşa edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
37. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
38. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
39. Bu prinsipə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
40. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
41. Bu kontekstdə kollegiya nəzərə alır ki, iddiaçı təşkilat tələbini - cavabdehin qaz kəmərinin mühafizə zonasında tikili inşa etmiş olması ilə əsaslandırdığından, tələbin qanuni əsası kimi Mülki Məcəllənin 180-ci maddəsi nəzərdən keçirilməlidir .
42. Məlumdur ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (Mülki Məcəllənin 180.1, 180.2 və 180.3-cü maddələri).
43. Mülki Məcəllənin 180.4-cü maddəsinə uyğun olaraq, öz əşya hüquqlarının müdafiəsinin və təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı pozulduğunu güman etdiyi hüquqlarının müdafiəsi ilə əlaqədar istənilən fiziki və ya hüquqi şəxsin tikilinin və qurğunun sökülməsinə dair iddia qaldırması istisna olunmur.
44. Mühafizə zonalarının müəyyən olunmasında qanunvericinin məqsədi isə, qaz kəmərlərinin istismarına normal şərait yaratmaq, zədələnmə hallarının qarşısını almaqdan ibarətdir.
45. Buna görə də iddiaçının hazırkı iddianı verməyə subyektiv hüququ vardır.
46. Işin obyektiv həlli baxımından ilk növbədə araşdırılmalı məsələ - mübahisə predmeti olan tikilinin qaz kəmərinin mühafizə zonasında inşa edilib-edilməməsinin aydınlaşdırılmasıdır ki, bunun üçün də mütəxəssis cəlb edilməsi zəruridir.
47. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, hazırkı apellyasiya baxışı zamanı iş üzrə mütəxəssis cəlb edilmiş və alınan rəylə müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh mülkiyyətindəki 0.04 ha torpaq sahəsi magistral qaz borcu kəmərindən 5.15 metr və 7.7 metr məsafədə, torpağın üzərində inşa edilmiş ev isə qaz kəmərindən 7.7 metr və 9.9 metr məsafədə olmaqla, qaz kəmərinin mühafizə zonasında yerləşir.
48. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, rəyin qeyri-obyektiv olması barədə tərəflərin hər hansı arqumenti olmamışdır. Bundan əlavə, tikilinin yerləşmə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır.
49. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, Qazax rayonu Canallı kəndində yerləşən, cavabdeh Cavabdeh istifadəsində və sahibliyində olan fərdi yaşayış evi həqiqətən də, diametiri Dş 700 mm-lik yüksək təzyiqli ’’Qaradağ-Tbilisi” magistral qaz kəmərindən 7.7 metr və 9.9 metr məsafdə yerləşdiyindən, həmin yaşayış evi bütövlükdə qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə olunan zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın 2.7-ci bəndində göstərilən 50,0 m-lik mühafizə zonasının daxilinə düşür.
50. Məhkəmə kollegiyası qeyd edir ki, həmin tikili dövlət qeydiyyatına alınmadığından özbaşına tikili sayılır. Eyni zamanda, tikili qaz boru kəmərinin təhlükəsizlik və mühafizə zonasında yerləşir və tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqlar (məlumatlandırma) da alınmamışdır.
51. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
52. Həmin normanın ## #### 2019-cu il tarixli ****-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək redaksiyasında deyilirdi ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
53. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Bu normalardan göründüyü kimi, torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət qeydiyyatı əsasında müəyyən olunur.
54. Iş üzrə alınmış mütəxəssis rəyini və mübahisə predmeti olan tikilinin özbaşına tikili olmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar vardır. Belə ki, tikilinin qaz kəmərinin mühafizə zonasında yerləşməsi öz-özlüyündə potensial təhlükə mənbəyi olmaqla həm ev sakinlərinin, həm də digər şəxslərin həyatı və sağlamlığı baxımından risk daşıyır. 55.«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, sənaye qurğularını, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər.
56. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli, *** saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 1.1- ci bəndində göstərilmişdir ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il ## ######## tarixli *** nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir.
57. Həmin Qaydaların 2.7-ci bəndində deyilir ki, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir.
58. Birinci instansiya məhkəməsi işə yuxarıda qeyd olunan halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən iddianı təmin etməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməlidir.
59. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Həmçinin apellyasiya baxışı zamanı mütəxəssis rəyi verilməsinə görə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Tovuz Ərazi Idarəsindən alınmış mütəxəssis rəyinin smeta haqqı olaraq iddiaçı tərəfindən 95 manat vəsait ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə xərcləri cavabdehə aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməli, iş üzrə mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 manat vəsait də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 10-1, 372.1, 384.0.2, 385, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz Ixrac” Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Iddia qismən təmin edilsin. Qazax rayonu Canallı kəndi ərazisindən keçən, magistral qaz boru kəmərinin 423-cü kilometrliyində mişar daşı ilə cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş, fərdi yaşayış evi onun öz vəsaiti hesabına, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Tovuz Ərazi Idarəsinin mütəxəssis rəyinə əlavə edilmiş plan sxemə uyğun sökülərək mühafizə zonasından kənarlaşdırılsın. Iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 100 (bir yüz) manat cavabdeh Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz Ixrac” Idarəsinə ödənilsin. Iddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci olan 100 (bir yüz) manat cavabdeh Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ01360100000000003944 SFIFT BIK CTREAZ22 hesabına köçürülsün. Mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 95 (doxsan beş) manat cavabdeh Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz Ixrac” Idarəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.