Məhkəmə qərarları › İş №2(104)-1929/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1929/2024

28.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1929/2024 28.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Kəlbəcər Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(040)-18/2024 nömrəli qətnaməsindən Ərizəçi verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə müraciət edərək, 01 fevral 1990-cı ildə doğulmuş övladı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(040)-18/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim H.Qəniyev) Ərizəçi “övladı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizəsinin təmin edilməməsi qət edilmişdir. Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(040)-18/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, oğlu X3 psixoloji xəstəlikdən əziyyət çəkir və o, bu xəstəliyi keçirdiyi avtoqəza nəticəsində kəllə-beyin travması əsasında qazanmışdır. Keçirilmiş ekspertiza obyektiv həqiqəti əks etdirmir və oğlu barəsində məhkəmə komsiyon ekspertizanın keçirilməsi zəruridir. İş materiallarında olan Gəncə psixatriya xəstəxanasının tibbi xəstəlik şəhadətnaməsindən də görünür ki, o, keçirdiyi psixi xəstəliklə bağlı xəstəxanada yatmış və müalicə olunmuşdur. Bu baxımdan oğlunun xəstəliyi ilə bağlı xəstəxanada yatması ilə bağlı tibbi sənədlərin məhkəməyə təqdim edilməklə tədqiq edilməsi zəruridir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Kəlbəcər Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(040)-18/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 Gəncə regional ambulator şöbəsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 25 iyul 2023-cü il tarixli 447 saylı rəyindən görünür ki, kliniki diaqnozun dəqiqləşdirilməsi və qoyulmuş suallara cavab almaq məqsədi ilə X1 Stasionar Məhkəmə Psixiatrik Ekspertiza Şöbəsinə göndərilməsi zəruridir. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 dekabr 2023-cü il tarixli 3617 saylı rəyindən görünür ki, X2 qeyd olunan “üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) emosional-labil (astenik) pozuntu” onun psixi funksiyalarında kobud pozuntulara səbəb olmamış və onu öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarından məhrum etməmişdir; X3 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malikdir; X1 hazırkı psixi vəziyyəti onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vermir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Ərizəçi ərizə ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, 01 fevral 1990-cı ildə doğulmuş övladı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-psixatriya ekspertizası təyin edilmiş və əldə edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 dekabr 2023-cü il tarixli 3617 saylı rəyindən görünür ki, X2 qeyd olunan “üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) emosionallabil (astenik) pozuntu” onun psixi funksiyalarında kobud pozuntulara səbəb olmamış və onu öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarından məhrum etməmişdir; X3 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malikdir; X1 hazırkı psixi vəziyyəti onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vermir. Ərizəni təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, ərizəçinin övladı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas ola biləcək sübut ərizəçi tərəfindən məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması nəticəsində də ərizənin əsaslı olmasını təsdiq edən sübut aşkar edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 34.2-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən, məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İş materialları ilə müəyyən olunur ki, X3 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətindən məhrum olmamışdır. İş üzrə əldə edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 dekabr 2023-cü il tarixli 3617 saylı rəyinin mötəbərliyi şübhə doğurmur və Ərizəçi apellyasiya dəlillərində irəli sürdüyü yenidən ekspertizanın keçirilməsinə zərurət müəyyən olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, mübahisənin maddi-prosessaul hüquqi əsasları düzgün müəyyən olunmuşdur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Kəlbəcər Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(040)-18/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(040)-18/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar