Məhkəmə qərarları › İş №2(104)-194/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-194/2025

06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-194/2025 06.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: subroqasiya qaydasında pul tələbi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X5 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli 2(125)- 5737/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 18 oktyabr 2022-ci il tarixli PME ********** nömrəli sığorta müqaviləsindən görünür ki, "Daimler Benz E240" markalı, **-EP-*** qeydiyyat nömrə nişanlı avtomobil 18 oktyabr 2022-ci il tarixdən 18 oktyabr 2023-cü ilə tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır.

2. 09 dekabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh 04 dekabr 2022-ci il tarixdə İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

3. Gəncə Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 3(125)-1134/2022 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinərək 400 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

4. 20 dekabr 2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, "Mercedes Benz GL400" markalı **-CX-*** qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği 3040 manat müəyyən edilmişdir.

5. 19 yanvar 2023-cü il tarixli, 170397 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 hesabına 3040 manat pul köçürülmüşdür.

6. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı GZBT/0190/22 nömrəli ödəniş aktından görünür ki, zərərvuranın sığortaçısı "xxxx" ASC tərəfindən zərərçəkənin sığortaçısı "xxxx" ASC-yə 3040 manat sığorta ödənişi həyata keçirilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 3040 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi və ödənilmiş 50,80 manat dövlət rüsumu olmaqla, cəmi 3090,80 manat alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 dekabr 2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "Daimler Benz E240" markalı, **-EP-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhərində hərəkətdə olan zaman yolhərəkəti qaydalarını pozmuş və nəticədə X1 idarə etdiyi "Mercedes Benz GL400" markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan hadisə ilə bağlı Gəncə Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarına əsasən "Daimler Benz E240" markalı 20- EP-985 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməkdə təqsirkar şəxs olduğu müəyyən edilmişdir. "Yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda''nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X6 29 iyun 2022-ci il tarixli, 25 nömrəli qərarına əsasən baş vermiş yol-nəqliyyat hadisələrinə dair 01 noyabr 2022-ci il tarixdən etibarən zərərlərin birbaşa tənzimlənməsi həyata keçirilməyə başlanmışdır. Ona görə də yol-nəqliyyat hadisəsində zərərçəkən şəxs X4 "Mercedes Benz GL400" markalı **-CX-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortaçısı olan "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASC tərəfindən GZBT/0190/22 nömrəli sığorta ödənişi aktı və 19 yanvar 2023-cü il tarixli ödəniş tapşırığına əsasən 3040 (üç min qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra, "Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda"ya və bu qaydanın tələbi əsasında imzalanmış "Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair" 18 avqust 2022-ci il tarixli Kollektiv Sazişə əsasən müvafiq olaraq sığorta şirkətləri arasında hesablaşma aparılmış və "xxxx" ASC tərəfindən "xxxx" ASCnin hesabına sığorta ödənişi həyata keçirilmişdir. Hadisə vaxtı "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə sığortalı olan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı avtonəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan, yəni idarəetmə hüququ olmadan idarə etmişdir.

9. Gəncə Şəhər Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli 2(125)-5737/2023 nömrəli (hakim C.Tağıyev) qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 3040 (üç min qırx) manat və ödənilmiş 50,80 (əlli manat səksən qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 936.2, 1096.1, 1097.1 maddələri, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 25.1.3 maddəsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 284-1, 284-5, 216-220, 227, 284-6.1, 360-cı maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, sürücülük hüququnun müddəti avtoqəza baş verməmişdən bir neçə gün əvvəl bitmiş və bundan xəbərsiz olmuşdur. Sığorta şirkəti ilə aktiv sığorta müqaviləsi olmuş, lakin nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirakı təmin olunmadığına görə lazımı subutları təqdim edə bilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, yol nəqliyyat hadisəsi baş verməmişdən 2-3 gün əvvəl oğlunun sürücülük vəsiqəsinin müddəti bitmiş və o bundan xəbərsiz olmuşdur. Nümayəndə2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasında nümaqyəndəsi ilə təmsil olunmuşdur. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

19. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

20. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.

21. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.

22. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

23. Maddə 936.6. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

27. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

28. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

29. Maddə 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

30. Maddə 25.1 Sığortaçının mülki məsuliyyətin icbarı sğortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır;

31. Maddə 25.1.1 Sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərkətlərinin nəticəsi olduqda;

32. Maddə 25.1.3 İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

33. Maddə 25.2 Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

39. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

41. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

46. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Cavabdeh 04 dekabr 2022-ci il tarixdə idarə etdiyi "Daimler Benz E240" markalı, **-EP-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhərində hərəkətdə olan zaman yol-hərəkəti qaydalarını pozmuş və X1 idarə etdiyi "Mercedes Benz GL400" markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və hadisə nəticəsində hər iki avtomobilə zərər dəymişdir. Gəncə Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməkdə təqsirli bilinmiuş və ona 400 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı zərərçəkən şəxs X2 "xxxx" ASC tərəfindən 19 yanvar 2023-cü il tarixli ödəniş tapşırığına əsasən 3040 manat sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra, "Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair" 18 avqust 2022-ci il tarixli Kollektiv Sazişə uyğun olaraq sığorta şirkətləri arasında hesablaşma aparılmış və "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 3040 manat sığorta ödənişi həyata keçirilmişdir. Ona görədə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

47. Kollegiya hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar yoxdur.

48. Cavabdeh apellyasiya şikayətində “işə baxılarkən məhkəmə iclasında iştirakının təmin edilməməsini, bu səbəbdən də sübutlarını təqdim edə bilməməsini” qeyd etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, işə birinci instansiya məhkəməsində sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli 2(104)-2128/2024 nömrəli qərardadı ilə verilmiş apellyasiya şikayətinə 28 noyabr 2024-cü il tarixdə yazılı icraat qaydasında baxılması qərara alınsada, lakin subutların təqdim olunmasınının təmin edilməsi və araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2024-cü il tarixli 2(104)-2128/2024 nömrəli qərardadına əsasən apellyasiya şikayətinə 16 dekabr 2024-cü il tarixdə saat 15-30-da məhkəmə iclasında baxılması qərara alınmışdır. Buna baxmayaraq cavabdeh şikayətinin dəlillərinin əsaslı olmasını təsdiq edən hər hansı möhtəbər subutu məhkəmə kollegiyasına təqdim etməmişdir.

49. Apellyasiya şikayətinin “işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalrının tələblərinin pozulması və sürücülük hüququnun müddəti avtoqəza baş verməmişdən bir neçə gün əvvəl bitmiş və bundan xəbərnin olmaması” dəlillərini kollegiya əsaslı saymır və hesab edir ki, şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Belə ki, yuxarıda da qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Sürücülük hüququnun müddəti avtoqəza baş verməmişdən bir neçə gün əvvəl bitməsinə münasibətdə isə kollegiya qeyd edir ki, işin qeyd olunan bu halı sığortaçının mülki məsuliyyətin icbarı sğortası üzrə verdiyi sığorta ödənişini subqosasiya qaydasında cavabdehdən tələb etmək hüququnu məhdudlaşdırmır.

50. Bundan əvvəldə qeyd olunduğu kimi Cavabdeh sürücülük vəsiqəsi olmadan Daimler Benz E240" markalı, **-EP-*** dövlət nömrə nişanlı avtomobili idarə etmiş və Gəncə şəhəri Nizami prospekti ilə hərəkətdə olan zaman ara məsafəsini düzgün seçmədiyi üçün X1 idarə etdiyi "Mercedes Benz GL400" markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmmuşdur. Cavabdeh qeyd olunan inzibatı xətanə törətməsi Gəncə Şəhər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 3(125)-1134/2022 nömrəli qərarı ilədə təsdiq olunur. Göründüyü kimi sığorta təminatı altına alınmış sığorta hadisəsi reallaşmış və nəticəsində sığorta şirkəti tərəfindən dəymiş zərər zərərçəkmiş şəxsə, yəni X2 ödənilmiş və nəticədə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Ona görədə kollegiya hesab edir ki, Meqa Sığorta” ASC tərəfindən irəli sürülən tələb əsaslıdır və birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir.

51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli 2(125)-5737/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar