Məhkəmə qərarları › İş №2(104)-1959/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1959/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1959/2024 19.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Gəncə şəhər 5 saylı notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə Açar sözlər: təmsilçi vasitəsilə bağlanmış əqd; etibarlı əqd; reyestrin həqiqiliyi va tamlığı prezumpsiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Gəncə şəhər 5 saylı notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(125)-2591/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X12 xx.xx.1977-ci ildə rəsmi nikaha daxil olmuşlar;

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Göygöl şəhəri, R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən ümumi sahəsi 124.7 kv/m olan fərdi yaşayış evi və və həmin evin mülkiyyətində olan 0.0392 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2016-cı il tarixdən qeydiyyata alınmışdır;

3. Göygöl rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, AR-İİ 312465 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı Göygöl şəhəri R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən fərdi yaşayış evini və həmin evin mülkiyyətində olan 0.0392 ha torpaq sahəsini idarə etmək və onun üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, notariat ofisində nümayəndəsi olmaq və digər səlahiyyətlər etibar edilmişdir (etibarnamə üzrə verilmiş səlahiyyətlərin başqa şəxsə ötürülməsi nəzərdə tutulmuşdur);

4. X7 notariat ofisində verdiyi xx.xx.2021-ci il tarixli, **********72 nömrəli ərizənin surətindən görünür ki, DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş 7827 qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən Göygöl şəhəri R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən fərdi yaşayış evini və həmin evin mülkiyyətində olan 0.0392 ha torpaq sahəsinin satılmasına etiraz etmir, müqavilədə nəzərdə tutulmuş müddətdə həmin fərdi yaşayış evini tərk etməyi öhdəsinə götürmüşdür;

5. Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı adından X1 şəhəri R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən ümumi sahəsi 124.7 kv/m olan fərdi yaşayış evini və həmin evin mülkiyyətində olan 0.0392 ha torpaq sahəsini 17000 manata alıcı Cavabdeh2 satmışdır;

6. "xxxx" ASC tərəfindən verilmiş çıxarışa əsasən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli reyestrə əsasən alqı-satqı müqaviləsi üzrə 17000 manat məxaric X4 adına qeydiyyata alınmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh2, Gəncə şəhər 5 saylı notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl şəhəri R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən xx.xx.2016-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********84-10301 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış, ona məxsus 0,0392 kv metr torpaq sahəsinə və üzərində olan 124,7 kv metr tikiliyə dair xx.xx.2024-cü il tarixdə cavabdeh X5 ilə onun imzası olmadan adından Gəncə şəhər 5 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2024-cü il tarixli 4Ə-809 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh X2 adına verilmiş mülkiyyət hüququna dair reyestrdən çıxarışın, qeydin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda Göygöl şəhərində yaşayır və onun adına Göygöl şəhəri, Rövşən Nəsibov məhəlləsi 40 ünvanında yerləşən 124,7 kvm yaşayış sahəsi olan və 0,392 hektar torpaq sahəsi olan əmlak olmuşdur. Həmin torpaq sahəsi və evi onun xəbəri və məlumatı olmadan icarə üçün etibarnamə verdiyi şəxs X8 tərəfindən o, aldadılaraq deməsinə görə başqa şəxsə satılmış və dəyərindən ən aşağı qiymətə satılaraq, ona evin qiymətindən heç nə ödənilməmiş, həmin alqı-satqı müqaviləsi onun iradə ifadəsi olmadığına görə bağlanıldığına və onun əmlakı və əmlaka dair hüquqları mənimsənildiyinə və başqa şəxsə ötürüldüyünə görə, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırır. İddia verməmişdən əvvəl həmin evin və torpaq sahəsinin başqa şəxsə satılmasını qadağan edilməsi üçün və başqa şəxslərə özgəninkiləşdirilməsinə dair hər hansı notariat əməliyyatının aparılmamasının qarşısının alınması üçün müəvvəqəti təminat tədbiri barədə məhkəməyə ərizə vermiş və ərizə artıq təmin edilmişdir. Həmin evin hazırda o, bu saxta alqı-satqı müqaviləsindən xəbəri olduğuna görə Cavabdeh2 əmlakı üçüncü şəxslərə satmaq istəyir və bu saxta işdən boyun qaçırtmaq istəyir. Onun 120000 manatlıq evi müqavilənin mətnindən görünür ki, cəmi 17 min manata satılıbdır. Əmlak dəyərindən 10 qat aşağı qiymətə satılıb və mənimsənilibdir.

9. Gəncə Şəhər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(125)-2591/2024 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) İddiaçı cavabdehlər Cavabdeh2, Gəncə şəhər 5 saylı Notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, qeydin və çıxarışın ləğv edilməsi” tələblərinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.2, 339.3, 347.1, 347.3, 347.4 və 347.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində müqavilədə olan imza nümunələrinin və eyni zamanda alqı-satqı müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin depozit hesabından kimin tərəfindən götürülməsinə dair qəbzdə olan imza nümunələri və həmin günə aid bankın video görüntülərinin yoxlanılması və tələb olunması təmin edilməli idi. Zərurət olduğu halda məhkəmə xəttşünaslıq və məhkəmə komputer texniki ekspertizaları təyin edilməli idi. Evin və torpaq sahəsinin qiymətləndirilməsi barədə müstəqil qiymətləndiricinin rəyi olmasına baxmayaraq, birinci instansiya məhkəməsi 120000 manat dəyərində olan evin hansı səbəbdən 17000 manata alqı-satqı edilməsinə hüquqi qiymət verməmişdir. Həmçinin cavabdehin etibarnamə üzrə nümayəndəsinin (vəkil) Vəkil məhkəmə baxışı zamanı video çəkilişlə olan iclas protokoluna düşən izahatına da hüquqi qiymət verməmişdir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, Rövşən Rüstəmov 57000 ABŞ dolları borcu olduğuna görə evin formal olaraq, cavabdehin adına rəsmləşdirmişdir. Bu fakt təsdiq edir ki, evə dair bağlanılmış alqı-satqı müqaviləsi mülkiyyətçiyə aid olmayan şifahi borc müqaviləsini pərdələmək üçün bağlanılmış əqddir və burada mülkiyyətçinin iradə ifadəsi yoxdur və borc münasibətlərindən onun məlumatı yoxdur. Həmçinin, etibarnamə üzrə nümayəndəsi (vəkil) məhkəmədə bildirmişdir ki, X15 Şəhər Məhkəməsinin foyesində gözləyir və onun şahid kimi dindirilməsi zəruridir. Ancaq, məhkəmə işi bir iclasa yekunlaşdıraraq, heç bir araşdırma aparmadan iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Digər tərəfdən, məhkəmə iclasında bilmişdir ki, mülki iş məhkəmə baxışına təyin edilmişdir və məhkəmə iclasının baxışa təyin edilməsi barədə nə vəkilinə, nə də ki, ona heç bir məlumat verilməmişdir. Ən əsas məsələlərdən biri budur ki, birinci instansiya məhkəməsində alqı-satqı müqaviləsində olan imza nümunələrinin və eyni zamanda alqı-satqı müqaviləsi üzrə ödənilmiş vəsaitin depozit hesabından kimin tərəfindən götürülməsinə dair qəbzdə olan imza nümunələri və həmin günə aid bankın video görüntülərinin yoxlanılması və tələb olunması təmin edilməli idi. Zərurət olduğu halda məhkəmə xəttşünaslıq və məhkəmə komputer texniki ekspertizaları təyin edilməli idi. Ancaq bu tələblərinin heç biri birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Nə hazırda, nə də alqı-satqı müqaviləsi bağlanan zaman ona məxsus evin dəyəri 17000 manat olmamışdır. Heç bir halda evin dəyəri ilə razı deyildir və evin bugünkü bazar qiymətilə bağlı ekspertiza təyin edilməli və qiymətləndirmə rəyi alınıb sübut olunmalıdır ki, əqd yalançı əqddir və etibarsız əqddir. Notariatda aparılan alqı-satqı prosesindən və orada olan görüntülərdən və bankda olan pulun alınıb verilməsini əks etdirən görüntülərdən də aydın olur ki, alqı-satqı müqaviləsi üzrə ödənilmiş pul vəsaitindən ona bir manat da olsun cavabdeh tərəfindən və ya da onun ətrafında olan dələduz şəxslər tərəfindən ödənilməmişdir. Rövşən adlı şəxs vasitəsi ilə aldadılaraq, notariat orqanına aparılmamışdır. Belə çıxır ki, həmin şəxs cavabdeh X3 adamı olmuşdur və onlar birgə qrup şəklində ona qarşı dələduzluq edərək notariat orqanında onun əmlakını alqı-satqı etdirib evini mülkiyyətlərinə keçirtmişlər. Bundan başqa, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilmədiyindən çəkişmə prinsipi də pozulmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mübahisələndirlən alqı-satqı müqaviləsi başqa əqdi pərdələmək məqsədilə bağlanmışdır. Əslində iddiaçı Rövşən Məmmədovun Cavabdeh2 borcu olmuşdur. Rövşən borcunu ödəyə bilmədiyindən mübahisə predmeti olan evi Cavabdeh2 adına keçirtmişdir. Nümayəndəsi olduğu şəxs ona görə Rövşən Rüstəmova etibarnamə vermişdir ki, sonuncu evi satsın və satışdan əldə olunan vəsaiti ona ödəsin. Həmin etibarnamə alqı-satqı müqaviləsi bağlanmamışdan 1 ildən çox müddət əvvəl verilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində icraat zamanı mübahisəsi gedən evin qiymətinin müəyyən olunması barədə ekspertiza təyin olunmasını xahiş etsə də, lakin vəsatəti təmin edilməmişdir. Halbuki, hazırda mübahisə həmin evin dəyəri ilə bağlıdır. Həmin əmlakın satış qiyməti çox aşagı olmuşdur. Realda həmin əmlakın bazar dəyəri xeyli yüksəkdir. Bundan başqa, mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə ödənilmiş 17000 manat vəsait satıcını təmsil edən Rövşən Rüstəmov tərəfindən qəbul edilməmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, İddiaçıla Rövşən Rüstəmov tanış olmuşlar, onların hər hansı qohumluq və yaxın münasibətləri olmamışdır. Mübahisəsi gedən evdə hazırda heç kim yaşamır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisə predmeti olan evə dair qanunvericiliyin tələblərinə uyğun olaraq alğı-satqı həyata keçirilmişdir. Həmin əqdin etibarsızlığı üçün heç bir qanuni əsas yoxdur. İddiaçı öz iradəsi ilə etibarnamə vermiş, təmsilçilik vasitəsi ilə də əmlaka dair sərəncam vermişdir. Həmin əmlakın satışından əldə olunan pulun təmsilçi tərəfindən iddiaçıya ödənilməməsi müqvilənin ləğvi üçün əsas ola bilməz. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Gəncə şəhəri 5 saylı notariat ofisi məhkəməyə ərizə göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı və Cavabdeh2 da məhkəmə iclasında nümayəndə (vəkil) vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

18. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

19. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

20. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

21. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

22. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

23. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

24. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

25. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

26. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışa əsasən Göygöl şəhəri R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən ümumi sahəsi 124.7 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.0392 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2016-cı il tarixdən qeydiyyata alınmışdır. Göygöl rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, AR-İİ 312465 nömrəli etibarnamə ilə İddiaçı həmin evi və evin yerləşdiyi torpaq sahəsini idarə etmək və onun üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, notariat ofisində nümayəndəsi olmaq və digər səlahiyyətlər etibar edilmişdir. Etibarnamə 3 il müddətinə verilmiş və etibarnamədəki səlahiyyətlərin başqa şəxsə ötürülməsi nəzərdə tutulmuşdur. Sözügedən etibarnamə verilən gün İddiaçı arvadı Arzu Məmmədova da notariat ofisində sözügedən evin satılmasına etiraz etməməsi və müqavilədə nəzərdə tutulmuş müddətdə həmin fərdi yaşayış evini tərk etməyi öhdəsinə götürməsi barədə notariat ofisində ərizə vermişdir. Bundan sonra Gəncə şəhəri 5 saylı notariat ofisində satıcı İddiaçı adından X8 ilə alıcı Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqısatqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Göygöl şəhəri R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən ümumi sahəsi 124.7 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0392 ha torpaq sahəsi 17000 manat müqabilində alıcıya satılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixli, AR-İİ 312465 nömrəli etibarnaməni mübahisəsi gedən evi Rövşən Rüstəmovun icarəsinə vermək üçün tərtib edildiyini, lakin sonuncunun onun iradəsinə zidd olaraq, eləcə də fərdi yaşayış evinin real qiymətindən dəfələrlə aşağı qiymətə evə dair alqı-satqı müqaviləsi bağladığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

38. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

39. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı).

40. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

41. Bununla belə mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin, əqdin təmsilçi vasitəsilə bağlanması üçün müvafiq qaydalar müəyyən edilmişdir.

42. Belə ki, Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

43. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normada deyilir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Bu Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

44. İşin mübahisəsiz hallarıdır ki, İddiaçı xx.xx.2021-ci il tarixli, AR-İİ 312465 nömrəli etibarnamə ilə Göygöl şəhəri R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən ümumi sahəsi 124.7 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.0392 ha torpaq sahəsini idarə etmək və onun üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, notariat ofisində nümayəndəsi olmaq və digər səlahiyyətləri X6 etibar etmişdir. Həmçinin, sözügedən etibarnamə verilən gün İddiaçı arvadı Arzu Məmmədova da notariat ofisində sözügedən evin satılmasına etiraz etməməsi və müqavilədə nəzərdə tutulmuş müddətdə həmin fərdi yaşayış evini tərk etməyi öhdəsinə götürməsi barədə notariat ofisində ərizə vermişdir. Bundan sonra həmin etibarnamə əsasında Gəncə şəhəri 5 saylı notariat ofisində satıcı İddiaçı adından X8 ilə alıcı Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqısatqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Göygöl şəhəri R.Nəsibov məhəlləsi 40 ünvanında yerləşən ümumi sahəsi 124.7 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0392 ha torpaq sahəsi 17000 manat müqabilində alıcıya satılmışdır.

45. İlk növbədə qeyd edilməlidir ki, mübahisələndirilən əqd səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Həmin əqdlə bağlı notariat ofisində açılmış notariat işinin sənədlərinə nəzər saldıqda satış predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi tərəfindən Rövşən Rüstəmova verilmiş etibarnamənin qüvvədə olduğu, mübahisələndirilən əmlak İddiaçıla arvadı Arzu Məmmədovanın birgə nikah dövründə (xx.xx.1977-ci il tarixdə nikaha daxil olmuşlar) əldə edildiyindən evin özgəninkiləşdirilməsinə dair sonuncunun notariat qaydada təsdiq edilmiş razılıq ərizəsinin alındığı müəyyən olunur. Mübahisələndirilən alqı-satqı müqaviləsinin mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığı öz təsdiqini tapdığından məhkəmə kollegiyası həmin müqaviləni etibarlı əqd olaraq qiymətləndirir.

46. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

47. Mülki Məcəllənin 339.3-cü maddəsində deyilir ki, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

48. Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi bu maddənin tətbiqedilən olması üçün kontragent, tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır. Hazırkı işdə iddiaçının iddiasına görə aldadılma ondan ibarət olmuşdur ki, o, mübahisəli əmlakı təmsilçi Rövşən Nəsibova başqa məqsədlə vermiş, lakin sonuncu ondan xəbərsiz torpaq sahəsini və üzərində yerləşən evi Cavabdeh2 satmışdır.

49. Kollegiya hesab edir ki, hətta Rövşən Rüstəmovun alqı-satqının predmeti olan əmlaklara dair ona verilmiş etibarnamədən sui-istifadə etdiyi qəbul olunsa belə, bu hal onun Cavabdeh2 bağladığı müqavilənin etibarsız hesab olunmasına səbəb ola bilməz. Çünkü işin hallarından görünür ki, Cavabdeh2 həmin müqaviləni bağladığı zaman etibarnamənin Rövşən Rüstəmova hansı məqsədlə verildiyini bilməmiş, müqavilə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun, onu bağlamış şəxslərin arasında iradə vahidliyi mövcud olmuşdur.

50. Eyni zamanda iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə iclasında verdiyi izahatında iddia tələbinin əsaslandırıldığı hallarla əhəmiyyətli dərəcədə ziddiyyət doğuran yeni dəlillər irəli sürərək (bax qətnamənin 14-cü bəndi) bildirmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi başqa əqdi pərdələmək məqsədilə bağlanmışdır; Nümayəndəsi olduğu şəxs ona görə Rövşən Rüstəmova etibarnamə vermişdir ki, sonuncu evi satsın və satışdan əldə olunan vəsaiti ona ödəsin; Hazırda mübahisə həmin evin dəyəri ilə bağlıdır; Əslində, təmsilçi Rövşən Rüstəmovun Cavabdeh2 borcu olmuşdur, həmin borcunu ödəyə bilmədiyindən evi Cavabdeh2 adına keçirtmişdir.

51. Mübahisələndirilən alqı-satqı müqaviləsi üzrə ödənilmiş vəsaitin ona verilməməsi, habelə həmin vəsaitin satıcını təmsil edən Rövşən Rüstəmov tərəfindən qəbul edilməməsi barədə apellyatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla iş materailları ilə xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 17000 manat məxaricin X4 adına qeydiyyata alındığı öz təsdiqini tapır. Digər tərəfdən isə, İddiaçı tərəfindən Rövşən Rüstəmova verilmiş xx.xx.2021-ci il tarixli, AR-İİ 312465 nömrəli etibarnamədə əqdlər üzrə haqq-hesab aparmaq səlahiyyətləri nəzərdə tutulmuşdur ki, bu halda satış predmeti olan əmlakın dəyərinin mülkiyyətçinin özünə deyil də, onu təmsil edən şəxsə verilməsi qanunazidd hesab edilmir.

52. Kollegiya həmçinin qeyd edir ki, mübahisəsi gedən əmlakın bazar qiymətinə uyğun və ya bu qiymətdən aşağı dəyərə satılması mülki qanunvericiliyin tələbləri baxımından əqdin etibarsızlığına dəlalət etmir. Çünki, Mülki Məcəllənin 6-cı maddəsinə əsasən, mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindədir.

53. Apellyatorun “təmsilçi Rövşən Rüstəmovun Cavabdeh2 borcu olmuşdur, həmin borcunu ödəyə bilmədiyindən evi Cavabdeh2 adına keçirtmişdir” barədə dəlilləri də, öz təsdiqini tapmadığından kollegiya tərəfindən əsassız hesab edilmişdir.

54. Qeyd edilməlidir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı əldə edənin əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyənin sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.

55. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını nəzərdən keçirərək qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçı tərəfin formal mülahizələrinə görə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi mübahisəsi gedən əmlakı qanuni əsaslarla əldə edən alıcı Cavabdeh2 da hüquqlarının əsassız olaraq pozulması ilə nəticələnər.

56. İşin sadalanan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğundur. Müqavilənin iddiaçının iradəsinə zidd bağlanmış olması barədə hazırkı iddia tələbi əsassızdır.

57. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, alqı-satqı müqavilələsinin etibarsızlığından irəli gələn digər tələb üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünkü alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.

58. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən çəkişmə prinsipinin pozulması barədə apellyatorun dəlili də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Çünki, mülki işin 112-ci səhifəsində olan “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən 23 iyul 2024-cü il tarixə təyin edilmiş iclasa dair 13 iyun 2024-cü il tarixli məhkəmə bildirişi həmin bildirişin tərtib edildiyi tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə elektron kabinetinə yerləşdirilmişdir.

59. Şərh olunan halları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(125)-2591/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar