Məhkəmə qərarları › İş №2(104)-1966/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1966/2024

08.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1966/2024 08.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: aliment tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (anası) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(066)-336/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 04 dekabr 2023-cü il tarixdə anadan olmuşdur. Onun atası kimi X13, anası kimi isə X8 qeyd edilmişdir;

2. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 29 yanvar 2024-cü il tarixli 00081 nömrəli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır;

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafə Fondunun X1 26 fevral 2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2026-cı il tarixədək ikinci dərəcə əlilliyə görə 220 manat sosial müavinət təyin edilmişdir;

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tibbi-sosial eksperti komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Cavabdeh ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnoz – ağciyər vərəmi, bakteroloji və ya histoloji təsdiq olunması sol ağciyərin infiltrativ vərəmi dağılma və sağa səpgi mərhələsində ET X3 xx.xx.2020-ci il tarixli 3746 saylı tibbi rəyi Ağırlaşma R04.2 Qanhayxırma. Cavabdeh yalnız ictimai-iaşə müəssilərdən kənar yüngül işlərdə işləyə bilər.

5. Daşkəsən Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(030)-72/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, 17 aprel 2015-ci ildə anadan olmuş X9 və 21 sentyabr 2016-cı ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi maddi təminatı üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hesablanmaqla hər ay Cavabdeh hər uşağa 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X10 ödənilməsi qət edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə ər-arvad münasibətlərindən 04 dekabr 2023-cü il tarixdə doğulmuş X6 atasının Cavabdeh olması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ildə Cavabdeh ilə nikahlarını rəsmiləşdirmədən ailə qurmuşlar. Onların birgə ailə münasibətlərindən 07 avqust 2020-ci il təvəllüdlü X20 və 04 dekabr 2023-cü il təvəllüdlü X16 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ərizəsinə əsasən 07 avqust 2020-ci il təvəllüdlü X14 atalığı müəyyən edilmiş məhkəmə qətnaməsinə əsasən, həmin uşağın saxlanılması üçün aliment də müəyyən edilmişdir. Cavabdeh 04 dekabr 2023-cü il təvəllüdlü X11 aliment verməmək üçün atalığın könüllü etirafına dair ərizə verməkdən yayındığına görə uşağın doğum haqqında şəhadətnaməsində onun soyadı qeyd olunmuşdur.

8. Məhkəmə iclasında şahid qismində dindirilən X21 ifadəsində bildirmişdir ki, İddiaçı xalasıdır. İddiaçı 2019-cu ildə Cavabdeh ilə nikahlarını rəsmiləşdirmədən ailə qurmuşlar. Onların birgə yaşayışlarından 07 avqust 2020-ci il təvəllüdlü X20 və 04 dekabr 2023-cü il təvəllüdlü X16 adlı uşaqları olmuşdur. Son vaxtlar aralarındakı narazılıqlara görə onlar ayrılmışlar.

9. Məhkəmə iclasında dindirilən şahidlər X15 və X17 da digər şahid X21 ilə eyni məzmunlu ifadə vermişlər.

10. Göygöl Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(066)-336/2024 nömrəli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddiaçı X4 Cavabdeh qarşı «atalığın müəyyən edilməsi və aliment tələbinə dair» iddiasının qismən təmin edilməsi; 04 dekabr 2023-cü il təvəllüdlü X6 atasının Cavabdeh olmasının müəyyən edilməsi; 04 dekabr 2023-cü il təvəllüdlü X6 doğum akt qeydində soyadının “Abbasov”, adının “İmran”, ata adının isə “Tural”, ata qrafasına “Cavabdeh” olaraq qeyd edilməsinin Göygöl rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi; Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq 04 dekabr 2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi; Alimentin bu qaydada tutulmasının 06 fevral 2024-cü il tarixdən hesablanması; Cavabdeh ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumuna görə pulun İddiaçı ödənilməsi; Qətnamənin alimentin ödənilməsi hissədə dərhal icra edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1, 46.1, 46.2, 46.3, 75.1, 78.1, 78.2, 100.2 və 186-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İmran adlı uşağın atası olmağına dair etirazı qəti deyildir, amma analiz edilsəydi əminliyi olardı. Odur ki, bu halı hələlik qəbul edə bilmir. Həmçinin, işin hallarında müəyyən edilmiş guya ekspertiza üçün getməməyi doğru olsa da, üzrlü səbəbdən, yəni xəstəxanada müalicədə olduğundan gedə bilməmişdir. Həmçinin, onun Tuncay adlı uşağın saxlanması üçün 150 manat aliment ödəməsi, ailə vəziyyəti, Tuncaydan başqa daha iki övladının olması və onların saxlanması üçün də hər birinə görə 125 manat aliment ödəməyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan başqa, onun gəliri də araşdırılmamış və təyin edilən aliment məbləği gəlirinə uyğun olmamışdır. Halbuki, ikinci qrup əlildir və qanuni əsaslarla işləməsinə məhdudiyyət vardır. Bu halın araşdırılmaması doğru olmayan nəticəyə səbəb olmuşdur. Bundan başqa, məhkəmə iddiaçının 365 manat pensiya almasını da nəzərə almamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (anası) X7 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il təvəllüdlü İmran adlı uşağın dünyaya gəlməsindən ümumiyyətlə xəbərləri olmamışdır. Çünki, Tuncay adlı uşaq dünyaya gəldikdən sonra iddiaçı yaşadıqları evdən çıxıb öz atası evinə getmişdir. Apellyasiya şikayətini ona görə vermişlər ki, oğlu Tural həm iddiaçı ilə birgə ailə münasibətlərindən anadan olmuş Tuncay adlı uşağa, həm də əvvəlki nikahdan olan iki uşağının saxlanılmasına görə aliment ödəyir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, oğlu Cavabdeh vərəm xəstəliyinə görə ikinci qrup əlildir və 220 manat müavinət alır. Qətnaməni aliment tələbinə dair hissədə mübahisələndirirlər. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayəti üzrə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, o da xəstədir və pensiya alır. Həmçinin cavabdehlə birgə ailə münasibətlərindən dünyaya gəlmiş uşağında ciyərində xəstəlik vardır. Uşaqlar üçün yaşayış minimumu qanunla 230 manat müəyyən edilmişdir. Cavabdeh hər ay hər uşağa görə 200 manat versə razı olar. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, Tuncay adlı uşağın saxlanılmasına görə cavabdeh 150 manat aliment ödəyir. Cavabdeh heyvandarlıq təsərrüfatı ilə məşğul olur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Sonuncu məhkəmə iclasında nümayəndə (anası) vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

19. Maddə 34. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

20. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

21. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

22. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

23. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

24. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

25. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

26. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaq üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

36. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin məzmunundan və nümayəndənin (anası) apellyasiya baxışı zamanı verdiyi izahatından görünür ki, apellyator qətnaməni aliment tələbinə dair hissədə mübahisələndirir. “Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni “Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq 04 dekabr 2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi” hissədə dəyişdirilməli, tərəflərin birgə ailə münasibətlərindən anadan olmuş xx.xx.2023-cü il təvəllüdlü Abbasov (Abdullayev) İmran Tural oğlunun yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 150 manat sabit məbləğdə aliment Cavabdeh alınaraq İddiaçı verilməsi müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

38. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər 2019-cu ildə faktiki ailə qurmuşlar, lakin onlar arasında nikah bağlanmamışdır. xx.xx.2020-ci il təvəllüdlü X20 və xx.xx.2023-cü il təvəllüdlü X16 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və uşaqlar iddiaçı (ana) İddiaçı yanında qalmışdır. Məhkəmə qətnaməsinə əsasən tərəflərin birgə ailə münasibətlərindən anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh (ata) Cavabdeh 150 manat sabit məbləğdə aliment tutulmuşdur. İddiaçı xx.xx.2023-cü il təvəllüdlü X6 atalığının müəyyən olunması və adı qeyd olunan uşağın saxlanılması üçün aliment tutulması barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı müəyyən olunur ki, Cavabdeh vərəm xəstəliyinə görə ikinci qrup əlildir və aylıq 220 manat pensiya alır. Bundan başqa, Cavabdeh əvvəlki nikahından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X18 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmasına görə məhkəmə qətnaməsi əsasında hər ay hər uşaq üçün 125 manat, cəmi 250 manat sabit məbləğdə aliment ödəyir.

39. Bu qətnamənin 36-cı bəndində qeyd olunduğu kimi birinci instansiya məhkəməsinin qətnaməsi alimentə dair hissədə yoxlanılır və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır.

40. Belə ki, birinci instansiya məhkəməsinin tərəflərin birgə ailə münasibətlərindən anadan olmuş xx.xx.2023-cü il təvəllüdlü İmran adlı uşağa görə təyin etdiyi 180 manat sabit aliment məbləği cavabdehin maddi vəziyyətinə uyğun deyildir.

41. Nəzərə almaq lazımdır ki, alimentin miqdarının təyin olunması üçün əsas meyarları müəyyən edən Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

42. Tərəflərin maddi vəziyyəti onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sairlə qanunvericiliyə müvafiq olaraq müəyyən edilir.

43. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir.

44. Diqqətəlayiq digər hallar dedikdə isə tərəflərin əmək qabiliyyəti və sağlamlıq vəziyyəti, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmaması və s. məsələlər başa düşülür.

45. Bu baxımdan işin halları təhlil olunduqda müəyyən olunur ki, həm iddiaçı, həm də cavabdeh ikinci qrup əlildir. İddiaçı əlilliyə görə 363 manat, cavabdeh isə 220 manat pensiya alır. Eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh vərəm xəstəliyindən əziyyət çəkir və bu xəstəlik onun işləmək imkanlarını məhdudlaşdırır.

46. Diqqət yetirilməli hallardan bir də həmçinin odur ki, Cavabdeh əvvəlki nikahından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X18 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmasına görə məhkəmə qətnaməsi əsasında hər ay hər uşaq üçün 125 manat, cəmi 250 manat, eləcə də iddiaçı ilə birgə ailə münasibətlərindən anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü Tuncay adlı uşağın saxlanılmasına görə 150 manat, ümumilikdə isə hər ay 400 manat sabit məbləğdə aliment ödəyir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin ikinci qrup əlil olması, vərəm xəstəliyindən əziyyət çəkməsi, ayda 220 manat pensiya alması, işləyib gəlir əldə etmək imkanlarının məhdud olması, eləcə də başqa məhkəmə qətnamələri əsasında ümumilikdə hər ay 400 manat sabit məbləğdə aliment ödəməsi hazırkı işin həllindən təsirsüz ötüşmür və göstərilən hallar uşağın saxlanılması üçün nisbətən az aliment təyin olunmasına əsas verir.

48. Ona görə ki, aliment təyini zamanı tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar nəzərə alınsa da, lakin uşağın da mənafeləri diqqətdən kənarda qalmamalıdır. Tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.

49. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən uşağın saxlanılması üçün təyin edilmiş aliment miqdarının 180 manat məbləğində müəyyən edilməsi, tərəflərin maddi vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar baxımından düzgün hesab oluna bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri məcmu halında nəzərə alaraq alimentin 150 (bir yüz əlli) manat məbləğdə müəyyən edilməsini uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq hallarla müqayisədə yolverilən hesab edir.

50. Məhkəmə kollegiyası həmçinin izah edir ki, yoxlanılan hissədə alimentin bir il ərzində məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(066)-336/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni “Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq 04 dekabr 2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi” hissədə dəyişdirilsin. Tərəflərin birgə ailə münasibətlərindən anadan olmuş xx.xx.2023-cü il təvəllüdlü Abbasov (Abdullayev) İmran Tural oğlunun yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 150 (bir yüz əlli) manat sabit məbləğdə aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar