Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1972/2023 13.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (arvadı) X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(076)-110/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə 13 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evinə quraşdırılmış Elster tipli, zavod nömrəsi ******* nömrəli qaz sayğacının hesablama mexanizminin plastmas qapağının üst hissəsinin deşici alətlə deşildiyi aşkar olunmuşdur.
2. Abonentin Saldosundan görünür ki, İddiaçı 2022-ci ildə akt üzrə 518.40 manat borc hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş akt əsasında yaranmış 520 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən onun adına ünvanına bildiriş xəbərdarlıq göndərilərək, qazdan istifadəyə görə “Azəriqaz” İstehsalat Birliyinə 520 manat ziyan borcu yarandığı bildirilmişdir. Ona həmin borcu ödəməsə təbii qazın təminatının dayandırılacağı bildirilmişdir. Yaşayış sahəsində ******* nömrəli sayğac quraşdırılmışdır. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları həmin sayğaca ******* saylı aktla müdaxilə etdiyini bildirmişlər. Lakin, həmin sayğaca heç bir müdaxilə etməmişdir. Belə ki, aktda sayğacın üst hissəsində deşici alətlə deşildiyi göstərilmişdir. Lakin, həmin deşik evin dam örtüyündə gedən işlər zamanı qaynaq işlədən zaman qığılcımın düşməsi nəticəsində yaranmışdır. “Azəriqaz” İB tərəfindən yeni sayğac quraşdırıldıqdan sonra onun köhnə sayğaca müdaxilə etməsini müəyyən etmişlər. Lakin, həmin müdaxilə ilə bağlı hər hansı bildiriş olmamışdır. Bu baxımdan onunla həmin xidmət arasında sayğaca cavabdehlik hər hansı bir öhdəçilik mövcud olmamışdır və o, sayğaca müdaxilə etməmişdir. Sayğaca müdaxilə olunub-olunmaması müəyyən edilmədən olunubsa həmin müdaxilənin onun tərəfindən və ya başqa bir şəxs tərəfindən olunub-olunmaması müəyyən edilməmişdir. Odur ki, həmin akt əsasında yazılmış borcla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(076)-110/2023 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddianın qismən təmin edilməsi, cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi tərəfindən İddiaçı məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış təbii qaz sayğacı üzrə xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında itirilmiş qaza görə hesablanmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borc silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7, 4.8 və 4.9-cu bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 6, 9 və 13-cü bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 213-214, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(076)-110/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, göründüyü kimi iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2022-ci ilin mart ayında iddiaçının abonent hesabına işlənilmişdir. Məhkəmə İnformasiya Texnologiyaları və rabitə İdarəsinin nümayəndələrinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Belə ki, sayğacın hesablama mexanizminin plastmas qapağının üst hissəsinin deşici alətlə deşilməsi aşkarlanmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
10. İş üzrə cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları
13. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
14. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
15. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
21. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
22. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
25. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı ünvan 1ində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin iddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktda göstərilən qüsur cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edərək sonuncuya əlavə sərfiyyat hesablasın.
29. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna görə sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və iddiaçının abonent hesabına işlənilmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən sayğac sərfiyyatının düzgün qeyd etməməsinə səbəb olan qanunsuz müdaxilə edilməsi öz təsdiqini tapmamışdır.
30. Odur ki, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırki işin hallarına münasibətdə əsassız olmaqla təsdiqini tapmamışdır.
31. Hazırki iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(076)-110/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .