Məhkəmə qərarları › İş №2(104)-1972/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1972/2024

19.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1972/2024 19.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Arif oğluna və Cavabdeh3 Cəbrayıl qızına qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: vərəsələrin miras payların müəyyən edilməsi ilə bağlı mübahisələri) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi Nümayəndə iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-314/2020 nömrəli, 19 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə 19 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Gəncə “ASAN xidmət” X10 tərəfindən 13 fevral 2020-cı il tarixdə verilmiş № 05/70-319 nömrəli arayışa əsasən X7 20 aprel 2017-ci il tarixdə Göygöl rayonunun Qızılca kəndində ölmüşdür. Azərbaycan SSR nümunəli 12 oktyabr 1989-cu il tarixdə verilmiş XİV-JQ seriyalı, 300960 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 30 aprel 1988-ci il tarixdə doğulmuşdur, atası X7, anası isə X3r. Gəncə şəhəri, Nizami rayonu VVADQ şöbəsi tərəfindən 01 iyun 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 748752 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 23 fevral 1991-ci il tarixdə doğulmuşdur, atası X7, anası isə X3r. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 313-2957-1217 saylı 10 iyun 2017-ci il tarixli məktubundan görünür ki, “QAZ-31029” markalı 25-BA298 nömrəli, “VAZ-21061” markalı, **-BA-*** nömrəli və “Nissan Patrol” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınlar X7 adına qeydiyyatdadır. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 313-9022- 1218 saylı 23 noyabr 2018-ci il tarixli məktubundan görünür ki, “QAZ-31029” markalı 25-BA298 nömrəli və “VAZ-21061” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşınlar X7 adına qeydiyyatdadır. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 313-3892-1219 saylı 09 oktyabr 2019-cü il tarixli məktubundan görünür ki, Nissan Patrolmarkalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək X7 adına qeydiyyatda olmuşdur. xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Göygöl rayonu, Yalqışlaq kəndində qeydiyyatda olan Cavabdeh3 adına rəsmiləşərək ona **-VS-*** dövlət qeydiyyat nişanı verilmişdir. “QAZ-31029” markalı **-BA-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomaşın X7 adına qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra - iddiaçılar) cavabdehlər Cavabdeh1 və X6 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, mərhum ataları X4 miras qalmış Göygöl rayonu, Sevinc qəsəbəsində yerləşən torpaq sahəsinin, Gəncə şəhəri, Abbas Səhhət və Sadılı qəsəbələrində yerləşən torpaq sahələri və fərdi yaşayış evlərinin, “QAZ 31029” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, “Vaz 21061” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, “Nissan Patrol” markalı, 25- BF-555 dövlət qeydiyyat nişanlı avtomobillər üzərində vərəsəlik hüquqlarının müəyyən edilməsi və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1645/2019 nömrəli 16 may 2019- cü il tarixli qərardadı ilə qeyd olunan iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçıların nümayəndəsi vəkil Nümayəndə iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, iddia tələbinə “QAZ 31029” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, “Vaz 21061” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı və “Nissan Patrol” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində iddiaçıların vərəsəlik hüquqlarının müəyyən edilməsi həcmində baxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfin ərizəsinə əsasən Cavabdeh2 Arif oğlu və Cavabdeh3 Cəbrayıl qızı cavabdehlər kimi işdə iştiraka cəlb edilmişlər İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X7 ilə X1 qeyri-rəsmi nikahlarından iddiaçılar İddiaçı1 və İddiaçı2 anadan olmuşdur. İddiaçıların doğum haqqında şəhadətnamələrinin ata qrafasında mərhum X7 qeyd olunmuşdur. X7 20 aprel 2017-ci il tarixdə Göygöl rayonunun Qızılca kəndində vəfat etmiş, onun ölümündən sonra “QAZ- 31029” markalı **-BA-*** nömrəli, “VAZ-21061” markalı, **-BA-*** nömrəli və “Nissan Patrol” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınlar X7 adına qeydiyyatda olmaqla ondan miras qalmışdır. İddiaçılar vərəsəlik haqqında şəhadətnamənin alınmasına görə notariusa müraciət etmiş, lakin onlara şifahi olaraq məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Göygöl Rayon Məhkəməsinin 2(066)-314/2020 nömrəli, 19 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia tələbi qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum X4 miras qalmış “QAZ 31029” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı və “Vaz” 21061 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillərə hər birinə 1/5 hissəsinə pay hüququnun tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mərhum Arif Məmmədovun vəfatından sonra onun birinci növbə vərəsələri kimi onun uşaqları İddiaçı1, İddiaçı2, Cavabdeh1, Cavabdeh2 Arif oğlu və arvadı Cavabdeh3 Cəbrayıl qızı qalmışdır. Belə olan halda mərhum Arif Məmmədovun mülkiyyətində olmuş “QAZ 31029” markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı və “Vaz” 21061 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hər birinə iddiaçıların 1/5 hissəsinə pay hüququ tanınmalıdır. Eləcə də “Nissan Patrol” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin avtomobil alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satılmış və adına rəsmiləşərək **-VS-*** dövlət qeydiyyat nişanı verilmişdir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1, 1147.1, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1247-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat: İddiaçılar (vəkil Nümayəndə) apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-314/2020 nömrəli, 19 mart 2020-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh3 “Nissan Patrol” markalı **- BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı hər hansı vərəsəlik işinin aparılmasını təmin etməmiş, varisləri gizlətməklə avtomobili birbaşa alqı-satqı etmişdir. Məhkəmə isə avtomobilin ölümdən sonra necə miras açılmadan alqı-satqı edilməsini araşdırmamış, birtərəfli qətnamə qəbul etmişdir. Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, “Nissan Patrol” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 20 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-163/2022 nömrəli 08 iyul 2022-ci il tarixli qərardadı ilə hazırki işin icraatı iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 Cəbrayıl qızına qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair işə baxılıb yekun məhkəmə aktı çıxarılanadək dayandırılmışdır. Göygöl Rayon Məhkəməsinin 2(066)-111/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Qələmdar Abbasov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, “Nissan Patrol” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2096/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: Rəhman Muradov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Fikrət Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(066)-111/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-39/2023 nömrəli, 12 dekabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılmağa başlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-24/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) Göygöl Rayon Məhkəməsinin 2(066)-314/2020 nömrəli, 19 mart 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən, iddianın təmin edilməmiş - X4 miras qalmış “Nissan Patrol” markalı **-BF-*** qeydiyyat nişanlı (hazırki qeydiyyat nişanı 10-VS100 olan) avtomaşın üzərində iddiaçıların paylarının müəyyən edilməməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbi mübahisələndirilən hissədə təmin edilərək, mərhum X5 qanun üzrə vərəsələri olan İddiaçı1 və İddiaçı2 hər birinin, mərhum X4 miras qalmış “Nissan Patrol” markalı **-BF-*** qeydiyyat nişanlı avtomaşının 1/5 (beşdə bir) hissəsi üzərində payları müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə icraat iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 Cəbrayıl qızına qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraat yekun məhkəmə aktı çıxarılanadək dayandırılmış və hazırda qeyd edilən mülki iş mahiyyəti üzrə həll edilmiş, yekun məhkəmə qərarı qəbul edilərək, qətnamə qanuni qüvvəsini almışdır. Odur ki, hazırki vəziyyətdə qeydiyyat nişanı **-VS-*** olan “Nissan Patrol” markalı avtomaşın əvvəlki qeydiyyat nişanı **-BF-*** olan avtomaşın kimi X4 miras qalmış əmlak kimi qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 1133, 1145, 1146, 1151, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1255; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində icraat Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 24/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2517/2024 saylı qərarı ilə (sədrlik edən və məruzəçi Vüqar Həsənov, hakimlər Əhməd Əhmədov və İspəndiyar Şəfiyevdən ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-24/2024 nömrəli iş üzrə 30 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, mübahisəli avtomaşın iddiaçıların atasının mülkiyyətində olmuş, mərhum atası birinci nikahdan olan oğlu Anara etibarnamə vermiş, sonuncu isə atasının vəfatından sonra avtomobili satmışdır. Mirasla bağlı iddia qaldırılan zaman avtomobilin satılması müəyyən olunmuşdur. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin 2(066)-314/2020 nömrəli, 19 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdi. İddiaçılar İddiaçı2 və cavabdehlər Cavabdeh1 və X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: ( 01 sentyabr 2000-ci ildən qüvvədə olan) Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2 Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-314/2020 nömrəli, 19 mart 2020-ci il tarixli qətnaməsi qismən, yəni X4 miras qalmış “Nissan Patrol” markalı **-BF-*** qeydiyyat nişanlı (hazırki qeydiyyat nişanı 10-VS100 olan) avtomaşın üzərində iddiaçıların paylarının müəyyən edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqim mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Məhkəmə kollegiyasında müəyyən edilmişdir ki, hazırkı iş üzrə tərəflər mərhumun qanun üzrə birinci növbə vərəsələridir. Baxılan iş üzrə iddiaçılar miras qalmış “QAZ 31029” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, “Vaz 21061” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı və “Nissan Patrol” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində vərəsəlik hüquqlarının müəyyən edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi miras kütləsinə daxil olan “QAZ 31029” markalı, 25- BA-298 dövlət qeydiyyat nişanlı, “Vaz 21061” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində iddiaçıların 1/5 hissədə paylarını müəyyən etmişdir. İşə baxılarkən miras aktivinə daxil olmadığına görə “Nissan Patrol” markalı, 25-BF555 dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə bölgü aparılmamışdır. Göygöl Rayon Məhkəməsinin qanuni qüvvədə olan 19 mart 2020-ci il tarixli qətnaməsi ilə sözügedən avtomaşına görə bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş və nəticədə həmin əmlak miras kütləsinə qaytarılmışdır. Göründüyü kimi, görə “Nissan Patrol” markalı, 25-BF555 dövlət qeydiyyat nişanlı avtomobil mərhum X7 ilə cavabdeh X2 birgə nikah dövründə əldə edilmiş əmlakdır. Məhkəmə kollegiyasında müəyyən edildi ki, hazırkı iş üzrə tərəflər mərhum X5 qanun üzrə birinci növbə vərəsələridir. Miras əmlak barədə vəsiyyətnamə qoyulmamış və qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. Nəzərə alınmalıdır ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquqlar (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və s. əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə müvafiq olaraq vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada miras qoyanın miras əmlakına daxil olanəmlakın həcminin, o cümlədən birgə nikah dövründə əldə edilmiş əmlakın hüquqi rejiminin (ümumi mülkiyyət rejimi) müəyyən edilməsi vərəsəlik institutunun vacib aspektlərindən biridir. Aydın olduğu kimi vərəsəlik hüququ daha çox ailə münasibətləri ilə əlaqəlidir. Konstitusiyanın 34-cü maddəsində nikah hüququ, o cümlədən ər ilə arvadın hüquqlarının bərabərliyi təsbit olunmuşdur. Ailə Məcəlləsinin 29.1-ci maddəsində isə ər və arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olmaları müəyyən edilmişdir. Bununla yanaşı, Ailə Məcəlləsinin 32-ci maddəsində nikah dövründə əldə edilən daşınmaz və daşınar əmlakın kim tərəfindən əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, ər-arvadın birgə mülkiyyətinə daxil edilməsi nəzərdə tutulmuşdur. Öz növbəsində, Mülki Məcəllənin 225.1-ci maddəsində göstərilir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi, ailə və mülki qanunvericiliyi ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakı onların ümumi mülkiyyəti hesab edir. Ər-arvadın ümumi əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsi Ailə Məcəlləsinin 33-cü maddəsi ilə tənzimlənir. Məhkəmə kollegiyası hesab edir ki, X7 xx.xx.2017-ci il tarixdə vəfat etdiyindən, yuxarıda qeyd edilən əmlakın ondan miras qalmış ½ hissəsinə vərəsəlik açılmalı və qeyd edilməlidir ki, mərhum X4 miras qalmış, “Nissan Patrol” markalı, 25-BF555 dövlət qeydiyyat nişanlı avtomobilinin ½ hissəsi üzərində isə 5 nəfər vərəsənin, yəni qanun üzrə birinci növbə vərəsələrin- iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Arif oğlunun və Cavabdeh3 Cəbrayıl qızının hər birinin bərabər payda, yəni ½ payın 1/10 hissəsində payları vardır. Miras əmlak birgə nikah dövründə əldə olunduğu üçün ½ hissəsi Cavabdeh3 Cəbrayıl qızının mülkiyyəti olduğundan, Cavabdeh3 Cəbrayıl qızının “Nissan Patrol” markalı, 25-BF555 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində payı 6/10 (1/2+1/10) hissədə payı müəyyən edilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, 20 aprel 2017-ci il tarixdə vəfat etmiş X4 miras qalmış “Nissan Patrol” markalı, 25-BF555 dövlət qeydiyyat nişanlı avtomobilinin 1/10 hissəsinə İddiaçı1, 1/10 hissəsinə İddiaçı2, 1/10 hissəsinə Cavabdeh1 və 1/10 hissəsinə Cavabdeh2 Arif oğlunun, 6/10 hissəsinə isə Cavabdeh3 Cəbrayıl qızının payı vardır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-314/2020 nömrəli, 19 mart 2020-ci il tarixli qətnaməsi qismən, yəni, X4 miras qalmış “Nissan Patrol” markalı **-BF-*** qeydiyyat nişanlı (hazırki qeydiyyat nişanı 10-VS100 olan) avtomaşın üzərində iddiaçıların paylarının müəyyən edilməməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilmiş, X4 miras qalmış “Nissan Patrol” markalı, 25-BF555 dövlət qeydiyyat nişanlı avtomobilinin 1/10 hissəsinə İddiaçı1, 1/10 hissəsinə İddiaçı2, 1/10 hissəsinə Cavabdeh1 və 1/10 hissəsinə Cavabdeh2 Arif oğlunun, 6/10 hissəsinə isə Cavabdeh3 Cəbrayıl qızının miras payları müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apllyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-314/2020 nömrəli, 19 mart 2020-ci il tarixli qətnaməsi qismən, yəni miras əmlaka payın müəyyən edilməsi iddiasının təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. X4 miras qalmış “Nissan Patrol” markalı, 25-BF555 dövlət qeydiyyat nişanlı avtomobilinin 1/10 hissəsinə İddiaçı1, 1/10 hissəsinə İddiaçı2, 1/10 hissəsinə Cavabdeh1 və 1/10 hissəsinə Cavabdeh2 Arif oğlunun, 6/10 hissəsinə isə Cavabdeh3 Cəbrayıl qızının miras payları müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar