Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1990/2024 26.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Ağstafa Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(015)-1067/2024 nömrəli qərardadından Ərizəçi Qəşəm oğlu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Vəliyev X1 Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivində “Həsən” kimi səhv qeyd edilmiş xx.xx.2023-cü il tarixli 505-saylı və xx.xx.2024-cü il tarixli 2/2-5640 saylı arxiv arayışlarının Ərizəçi Qəşəm oğluna məxsus olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(015)-1067/2024 nömrəli qərardadı ilə (hakim Z.Rəsulov) Ərizəçi Qəşəm oğlunun “sənədin şəxsə aid olması faktının müəyyən edilməsi barədə” ərizəsinin qəbul edilməsindən imtina edilməsi və ərizə və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılması qət edilmişdir. Ərizəçi Qəşəm oğlu həmin qərardaddan şikayət verərək, Ağstafa Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(015)-1067/2024 nömrəli qərardadının ləğv edilməsi və əks təqdirdə baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq düzgün qərar qəbul etməmişdir. Belə ki, o, xx.xx.1992-ci ildə isə hərbi xidmətə getmiş və xidmətini ən qaynar döyüş nöqtələrində çəkmişdir. Müharibədə iştirak etdiyi üçün, müharibə veteran adı və vəsiqəsinin alınması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin müraciətinə əsasən, ona gələn xx.xx.2023-cü il tarixli 505 saylı və xx.xx.2024-cü il tarixli 2/2-5640 saylı arxiv arayışlarında atasının əsl adı “Qəşəm” lakin “Həsən” kimi səhv qeyd edilmişdir. Bununla əlaqədar o, Ağstafa Rayon Məhkəməsinə müraciət etmiş, müraciət edilməsinə baxmayaraq onun müraciətinə baxılmasından Ağstafa Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(015)-1067/2024 saylı qərardadı ilə ərizə və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Hesab edir ki, onun müraciətinə məhkəmə qaydasında baxılmalı, yekun məhkəmə qərarı qəbul olunmalı və Ağstafa Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(015)-1067/2024 nömrəli qərardadı ləğv olunmalıdır. Ağstafa Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(015)-1067/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(015)-1067/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki ərizəçi xahişində onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivində qeyd edilmiş ata adının “Həsən” kimi qeyd olunmuş arxiv arayışının Ərizəçi Qəşəm oğluna məxsus olması faktının təsdiq edilməsini xahiş etsə də, hazırkı tələb əslində inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ərizəçiyə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina ilə bağlı olmuş və ərizəçinin marağı əslində ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı olmuşdur ki, o, bunun üçün Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən Komissiyanın məktubu ilə onun müraciətinin həll edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası 153.2.1-ci maddəsinə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 5.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə inzibati xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ında inzibati orqanların siyahısı verilmişdir. Həmin siyahıda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə, şöbə və xidmətləri inzibati orqan kimi göstərilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin: 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 31.1-ci maddəsinə, əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, qanunvericiliyin tələblərinə uyğundur və qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(015)-1067/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(015)-1067/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi gündən qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1990/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1990/2024
26.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver