Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2011/2025 01.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)- 2755/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. Cavabdeh Şəmkir Rayon Polis şöbəsinə izahat verərək bildirmişdir ki, İddiaçı tanıyır. Belə ki, onun işlədiyi “Aygün” cehizlik mağazasından alver etmişdir. Belə ki, həmin mağazadan Sevincin qızı Ayparaya cehizlik üçün müxtəlif vaxtlarda nağd və nisyə şəkildə alış-verişi olmuşdur. Onlara olan borcunu danmır. Belə ki, bacısı Sevincin əri yol nəqliyyat hadisəsində xəsarət aldığı üçün pulu verə bilməmişdir. Hazırda bildirmək istəyir ki, onun Baharın qeyd etdiyi 5930 manatı aylıq 200-300 manat olaraq verməyinə söz verir. Həmin pulu bir dəfəlik verməyə imkanı yoxdur.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5930 (beş min doqquz yüz otuz) manat pulun, 86+1 manat dövlət rüsumunun, 600 manat vəkil xidmət haqqının, 17 manat etibarnamayə görə ödəmiş olduğu dövlət rüsumunun – cəmi 6547 (altı min beş yüz qırx yeddi) manat pulun alınıb ona verilməsinə dai qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh təsadüf nəticəsində tanımışdır. Belə ki, o, Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Aygün” cehizlik mağazasında satıcı işləyirdi. Cavabdeh də həmin mağazadan alver edirdi. Cavabdeh müxtəlif vaxtlarda həmin mağazadan nisyə mal götürmüş və aldığı həmin əşyalara görə ödənişlər etmişdir. Lakin bu günə cavabdehin 5930 (beş min doqquz yüz otuz) manat borcu yaranmışdır. Hazırda həmin borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Buna görə də o hazırki iddia ilə məhkəməyə müraciət edir. İstəyir ki, məhkəmə cavabdehdən 5930 manat pulun alınıb ona verilməsinə dair qərar qəbul etsin.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbini müdafiə edərək əlavə izahatında bildirmişdir ki, mübahisə ilə bağlı polis orqanlarında da araşdırma aparılmış və cavabdeh borcunun olmasını etiraf edib, bundan başqa mağaza sahibi Aygün Hüseynova da cavabdehlə aralarında bu barədə danışdıqda yenə də borcun olmasını cavabdeh etiraf etmişdir, İddiaçı mağaza sahibi Aygün Hüseynovanın işçisidir. Satılan malları mağaza sahibi almışdır, iddiaçı isə satıcı olmuşdur, yaranmış borc mübahisəsinə görə mağaza sahibi Aygün Hüseynova hazırda iddiaçının əmək haqqından pul tutur, lakin, mübahisə, alğı-satqı və borc barədə danışıqlar Aygünlə Lalə arasında olmuşdur. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdeh izahatında bildirmişdir ki, İddiaçı mağaza sahibi Aygün Hüseynovanın işçisi kimi tanıyır, buna baxmayaraq onun pul mübahisəsi Aygün Hüseynova ilə olmuşdur, belə ki, o həmin mağazadan bir sıra məişət əşyaları almışdır və Aygün Hüseynovaya ödənişlər etmişdir, son olaraq onun təxminən 2-3 min manat borcu yaranmışdır, iddia tələbini qismən qəbul edir, qalan borcunu isə hissə-hissə ödəməyə razıdır, hazırda maddi vəziyyəti borcunu tam bağlamağa imkan vermir, lakin Aygün Hüseynova borcun hamsını tələb edir. Odur ki qərar qəbul edərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında şahid qismində izahat vermiş X3 izahatında bildirmişdir ki, Cavabdeh ilə aralarında mütəmadi olaraq alğı-satqı münasibətləri olmuşdur, sonda isə Lalə aldığı 5930 manat dəyərindəki malın pulunu ona qaytarmır, onun mağazasında İddiaçı satıcı işləyir, İddiaçı Cavabdeh satılan malı hesab-kitab dəftərində qeyd etmişdir, bundan başqa Cavabdeh ilə aralarında bu barədə də danışıqlar olmuşdur, lakin Lalə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınır eyni zamanda o ifadəsində qeyd etmişdir ki, mağazaya malları alan zaman İddiaçı iştirakı olmadan öz vəsaiti hesabına malları alaraq mağazaya satılması üçün gətirdirmişdir.
7. Məhkəmə iclasında şahid qismində izahat vermiş X4 izahatında bildirmişdir ki, onun arvadı Aygün Hüseynova icarə əsasında mağaza işlədir, Cavabdeh onun daimi müştərisi olmuşdur, lakin hazırda nisyə aldığı malın pulunu qaytarmır, o, arvadı Aygün ilə Cavabdeh evinə də gedib danışıqlar aparıb lakin yenə pulu ala bilməyiblər.
8. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2(076)-2755/2025 nömrəli qətnaməsi (hakim Seymur Yusifli) ilə, iddianın təmin edilməməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 86 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən iddiaçı ilə cavabdeh arasında hazırki mübahisədə qeyd olunan məbləğə münasibətdə alqı-satqı müqaviləsi bağlanmamışdır. Belə ki, İddiaçı, sahibkar X1, Cavabdeh ilə alqı-satqı əməliyyatının aparılmasında sadəcə olaraq Aygün Hüseynovanın işçisi olmaqla onun adından və razılığı və tapşırığı ilə müvafiq malların satılmasında iştirak etmişdir. Halbuki, işin hallarından və işdə olan materillardan aydın olur ki, satılan əşyalar sahibkar X1 mülkiyyətində olmuş və Cavabdeh öhdəliyi məhz onun qarşısında yaranmışdır.
10. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi məhkəmə iclası zamanı mağaza sahibi Aygün Hüseynovanın aralarında əmək münasibətləri olan satıcı işləyən hazırki iş üzrə İddiaçı, nisyə satılmış maların dəyərinin ona verilmiş əmək haqqına yönəldildiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
12. İstinad olunan maddi hüquq normasının məzmunundanda görünür ki, pərakəndə ticarət zamanı satıcı satış əməliyyatlarını təmsil edilənin adından edir və yekunda bağlanmış əqdlərə münasibətdə təmsil edən deyl təmsil edilən mükəlləfiyyətli olur yəni təmsil edilənə münasibətdə hüquq və vəzifələr yaranır və dəyişir.Nəticə etibarı ilə hazırki iş üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış pərakəndə alqı satqı müqaviləsi zamanı həmin əqdlərə münasibətdə İddiaçı deyil malların sahibi X2 münasibətdə hüquqlar əldə edilmiş və vəzifələr yaranmışdır.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 359.3, 567, 614.1, 614.3 və 615-ci maddələrinə, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”, Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına, Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2014-cü il tarixli Nazirlər Kabinetinin qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220 və 357-361-ci maddələrinə istinad etmişdir.
14. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-2755/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
15. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Cavabdeh məhkəmə iclas zalında öz ifadəsində ona borcunun olduğunu etiraf etmişdir. Eyni zamanda şahid qismində dindirilmiş X3 öz izahatında bildirmişdir ki, Cavabdeh adlı şəxsi əvvəllər tanımamışdır. Cavabdeh onun mağazasında işləyən İddiaçı müətəmadi olaraq nisyə mallar almış və sonradan həmin malların ödənişini etməkdən yayınmışdır. Bu səbəbdən də o, iddiaçıdan həmin borcun ödənilməsini tələb etmişdir. İddiaçı da öz növbəsində həmin pulu Cavabdeh adından mağaza sahibi Aygün Hüseynovaya ödəmişdir. Bu səbəbdəndə hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət etmiş, cavabdehdən mağazaya yaranmış borcunun ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçıya borcunun olmasını etiraf etmiş və həmin məbləğin hissə-hissə ödənilməsinə dair qərar qəbu olunmasını xahiş etmişdir. Həmçinin qeyd edir ki, cavabdeh votsab yazışmalarında və Şəmkir Rayon Polis Şöbəsində verdiyi izahatda da ona olan borcunu etiraf etmiş və borcunu hissə-hissə ödəcəyini bildirmişdir. Mübahisəni araşdıran məhkəmə qəbul etmiş olduğu məhkəmə qətnaməsində cavabdehin izahatını təhrif etmişdir. Belə ki, məhkəmə iclası audio-vidyo yazı ilə aparılmış və cavabdeh iddiaçıya borcunun olmasını etiraf etməsinə, həmin borcun ayda 200-300 manat məbləğində ödənilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə öz qəbul etmiş olduğu qərarda həm cavabdehin, həm də şahidlərin ifadəsini təhrif etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, o Şəmkir şəhərində yerləşən mağazada satıcı olaraq işləmişdir. Cavabdeh də həmin mağazadan ticarət edirdi. Cavabdeh müxtəlif vaxtlarda həmin mağazadan nisyə mal götürmüş və aldığı həmin əşyalara görə ödənişlər etmişdir. Lakin, daha sonra aldığı mallarıın pullarını qaytarmamışdır. Cavabdehin malların pullarını vermədiyi üçün onun əmək haqqısından ödənişlər tutulmuşdur. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
18. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.
30. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
31. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır
32. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
37. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
42. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
43. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
44. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
45. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
49. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə əsassız və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
51. Mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığı üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, apellyasiya instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.
52. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, pərakəndə ticarət zamanı satıcı satış əməliyyatlarını təmsil edilənin adından edir və yekunda bağlanmış əqdlərə münasibətdə təmsil edən deyl təmsil edilən mükəlləfiyyətli olur yəni təmsil edilənə münasibətdə hüquq və vəzifələr yaranır və dəyişir. Nəticə etibarı ilə hazırki iş üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanmış pərakəndə alğı satqı müqaviləsi zamanı həmin əqdlərə münasibətdə İddiaçı deyil malların sahibi X2 münasibətdə hüquqlar əldə edilmiş və vəzifələr yaranmışdır.
53. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən proesessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilməsi nəticəsinə gəlmiş, lakin iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi məsələsinə qiymət verilməmişdir.
54. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələb hüququ olmayan şəxs tərəfindən verilməsi məsələsinə münasibətdə MPM-in 54-cü maddəsinin tələblərinin pozulması ilə məhkəmə aktı qəbul etmişdir.
55. Çünki, MPM-in 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
56. Mülki dövriyyə iştirakçılarının subyektiv hüquq və vəzifələri qarşılıqlı münasibətlər əsasında yaranır. Bu münasibətlər müqaviləyə, qanunla müəyyən olunan əsaslara, ailə üzvü olaraq müəyyən olunan öhdəliklərə və s. əsaslanmış ola bilər. Hər bir halda iddiaçı ilə cavabdeh arasında hüquq münasibəti olmalıdır. Mülki proses iddiaçı ilə cavabdehin toqquşan hüquqlarının araşdırılması üzərində qurulur və onların qanuni hüquq və mənafelərinin təsdiq edilməsinə xidmət edir. Buna görə də məhkəmə işə baxılarkən, mühakimənin doğru istiqamətdə getməsini təmin etmək üçün, ilk növbədə iddiaçı və cavabdehin müvafiq prosessual statusda tanınması üçün zəruri şərtlərin mövcudluğunu müəyyən etməlidir. Məhz buna görə də MPM-nin 167.1.4-cü maddəsində deyilir ki, hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir.
57. Tərəflərin əsl tərəf olması məsələsi məhkəmə tərəfindən onların arasında yaranmış mübahisənin maddi-hüquqi əsasını təşkil edən hüquq normasının təhlili əsasında həll olunur. Əgər, iddiaçı qanuna əsasən tələb hüququna malik olmayan şəxsdirsə, məhkəmə MPM-in 54.1-ci maddəsinə əsasən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçını əsl iddiaçı ilə əvəz edə bilər.
58. Baxılan işdə də birinci instansiya məhkəməsi gəldiyi nəticəyə münasibətdə iddiaya tələb hüququ olan şəxslərin əhatəsini düzgün müəyyən etməmiş, iddianın dəlillərinə formal qiymət qiymət vermiş və iddiaçıya onun əsl iddiaçı ilə əvəz olunmasını təklif etməyərək iddia tələbinə mahiyyəti üzrə baxmışdır.
59. Halbuki, Azərbaycan Respublikası MPM-in imperativ xarakterli 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir.
60. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 2.2-ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir.
61. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslardan biridir.
62. Birinci instansiya məhkəməsinin tətbiq edilməli olan qanunu tətbiq etməməsi, Azərbaycan Respublikası MPM-in 386-cı maddəsinə görə, maddi hüquq normalarının pozulması sayılır.
63. Qeyd olunanlara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmalıdar.
64. İddia tələbinin hüquqi mahiyyəti ilə bağlı kollegiya aşağıdakıları qeyd edir.
65. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Aygün” cehizlik mağazasında satıcı işləyən zaman cavabdehlə əlaqələri yaranmışdır. Cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan nisyə mal götürmüş və aldığı həmin əşyalara görə ödənişlər etmişdir. Bundan sonra cavabdeh sonuncu dəfə iddiaçıdan nisyə cehizlik mallar götürmüş, lakin həmin malların ödənişlərini etməmişdir. Sonuncu həqiqətən də nisyə cehizlik əşyalar aldığını, amma həmin əşyaların dəyərini hamısını birdəfəlik ödəməyə maddi imkanının olmadığını bildirmişdir.
66. Məhkəmənin qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
67. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
68. Həmin Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
69. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır.
70. Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
71. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
72. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
73. Mübahisənin predmeti cavabdehin nisyə qaydasında əldə etdiyi mallara görə yaranmış pul öhdəliyinin icra edilməməsi ilə bağlıdır. İşin faktiki hallarından müəyyən olunur ki, cavabdeh uzun müddət ərzində Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Aygün” cehizlik mağazasından müxtəlif məişət və cehizlik əşyaları almış, həmin mallar iddiaçı tərəfindən birbaşa cavabdehə təqdim edilmiş və malların verilməsi iddiaçı tərəfindən aparılmışdır.
74. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəyə hüquqi qiymət verərkən yalnız formal mülkiyyət münasibətlərini əsas götürmüş, lakin tərəflər arasında faktiki mövcud olan hüquqi münasibətləri, habelə mülki dövriyyədə qəbul edilmiş davranış modelini nəzərə almamışdır.
75. Hazırki iş üzrə müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə birbaşa ünsiyyətdə olmuş, malları faktiki olaraq ona təqdim etmiş, borcun məbləğini qeydiyyata almış, cavabdeh isə məhz iddiaçı qarşısında 5930 manat məbləğində borc öhdəliyinin mövcudluğunu etiraf etmişdir. Bu hal həm cavabdehin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatlardan, həm də polis orqanlarında aparılmış araşdırma zamanı verdiyi ifadələrdən aydın görünür. Cavabdeh yalnız borc məbləğinin hamısının eyni zamanda ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Göründüyü kimi, cavabdehin borcunun mövcudluğunu etiraf etməsi də iddia tələbinin faktiki əsaslarının mövcudluğunu təsdiq edir.
76. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının malların hüquqi mülkiyyətçisi olmaması onun cavabdehə qarşı tələblə çıxış etməsini istisna etmir. Çünki, mübahisə yalnız mülkiyyət hüququndan deyil, faktiki pul öhdəliyinin mövcudluğundan və həmin öhdəliyin icra edilməməsindən irəli gəlir. Mülki dövriyyədə - faktiki icra edən, zərərə məruz qalan və borcun nəticələrini daşıyan şəxs kimi iddiaçının hüquqi marağı mövcuddur.
77. Nəzərə alınmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
78. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.
79. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”, Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında da qeyd edildiyi kimi, subyektiv hüququn mövcudluğu yalnız formal hüquqi statusla deyil, həm də şəxsin hüquqi marağının real və faktiki mövcudluğu ilə müəyyən edilir.
80. Hazırki iş üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddiaçıdan həmin malların dəyəri əmək haqqısından tutulduğundan maddi zərərə məruz qalmış, cavabdeh isə həmin zərərin yaranmasına səbəb olmuşdur.
81. Belə ki, satılmış malların dəyəri ondan tutulduğundan o, artıq həmin əşyaların mülkiyyətçisinə çevrilmişdir.
82. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı 5930 manat məbləğində cavabdehə nisyə mal vermiş, cavabdeh isə aldığı malların dəyərini ödəməmişdir. Buna görə də iddia tələbi təmin edilməli və cavabdehdən 5930 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir.
83. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən cavabdehdən hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 600 (altı yüz) manat məbləğində hüquqi yardıma görə vəkilə ödənilmiş xidmət haqqının tutulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.1.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə məsrəflərinə aiddir.
84. Qeyd edilməlidir ki, vəkil xidmət haqqının cavabdeh tərəfdən tutulması avtomatik xarakter daşımır və təqdim edilmiş məbləğin faktiki olaraq ödənilməsi ilə yanaşı, onun zəruriliyi, ağlabatanlığı və işin həcminə mütənasibliyi də məhkəmə tərəfindən qiymətləndirilməlidir.
85. Belə ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
86. Hazırki iş üzrə müəyyən edilir ki, iddiaçı tərəfindən vəkilə ödənilmiş 600 manat məbləğində xidmət haqqını təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi işin faktiki və hüquqi mürəkkəblik səviyyəsini, iş üzrə aparılmış prosessual hərəkətlərin həcmini, mübahisənin xarakterini, iddia tələbinin məbləğini, habelə işə baxılmasının müddətini və mərhələlərini nəzərə alaraq hesab edir ki, göstərilmiş hüquqi yardımın dəyəri baxımından tələb edilən məbləğin tam həcmdə cavabdehdən tutulması ağlabatanlıq prinsipinə tam uyğun gəlmir.
87. Bu baxımdan, məhkəmə hesab edir ki, hüquqi yardım üçün çəkilmiş xərclərin yalnız işin mahiyyəti və həcmi ilə birbaşa əlaqəli olan, zəruri və ağlabatan hissəsi cavabdehin üzərinə qoyula bilər. İşin mahiyyəti üzrə hüquqi mövqenin formalaşdırılması, məhkəmə iclaslarında iştirak və prosessual sənədlərin hazırlanması nəzərə alınmaqla, 300 (üç yüz) manat məbləğin hüquqi yardım xərci kimi cavabdehdən iddiaçıya tutulması ağlabatan, ədalətli və əsaslandırılmış hesab edilir.
88. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin, o cümlədən hüquqi yardıma görə xidmət haqqının tutulması zamanı məqsəd tərəfin digər tərəfi əsassız maliyyə yükü altına salmaq deyil, hüququ pozulmuş şəxsin çəkdiyi zəruri xərclərin kompensasiya edilməsidir. Bu prinsipin təmin edilməsi baxımından vəkil xidmət haqqının qismən tutulması prosessual ədalət və tərəflərin hüquqlarının balansı baxımından məqsədəuyğundur.
89. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, iddiaçının vəkil xidmət haqqının 600 manat məbləğində cavabdehdən tutulması arzu etsə də bu xidmət üçün cavabdehdən 300 manat tutulması ağlabatanlıq və mütənasiblik prinsiplərinə uyğundur.
90. Bundan başqa qeyd edilməlidir ki, işə baxılması ilə bağlı məsrəflərə aid olan 17 manat etibarnamənin verilməsinə görə yaranmış xərc də cavabdehdən tutulmalıdır (MPM maddə - 115.0.9).
91. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
92. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
93. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
94. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməlidir.
95. Eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddianın məbləğinə (5930 manat) münasibətdə 79,30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, artıq ödənilmiş 7.70 manat isə iddiaçının özünə aid edilməlidir.
96. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.
97. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382.1, 384.0.2, 386, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-2755/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh 5.930 (beş min doqquz yüz otuz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olan 79,30 (yetmiş doqquz manat otuz qəpik) manat, etibarnamənin verilməsinə görə 17 manat xərc və hüquqi yardıma görə 300 (üç yüz) manat olmaqla, cəmi 6.326,30 (altı min üç yüz iyirmi altı manat otuz qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində cavabdeh X5 tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.