Məhkəmə qərarları › İş №2(104)-2013/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2013/2025

02.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2013/2025 02.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə Açar sözlər: borcun silinməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli 2(076)-3071/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 dekabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2017-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii X3nın pozulması haqqında aktlardan görünür ki, İddiaçı Azad oğlunun yaşadığı evə baxış keçirilmiş və hər iki aktda abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan qanunsuz istifadə etməsi halı müəyyən edilməsi göstərilmişdir;

2. Abonent İddiaçı Azad oğlunun saldosundan görünür ki, onun abonent hesabına 2017-ci ilin mart ayında 1249.20 manat və 2023-cü ilin dekabr ayında 2073.60 manat borc hesablanmışdır;

3. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, abonent İddiaçı Azad oğlunun 360 gün kənar xəttə qoşulması nəzərə alınaraq onun cəmi 17280 kubmetr təbii qazdan istifadə etməsi göstərilmişdir;

4. xx.xx.2025-ci il tarixli məhkəmə sorğusundan görünür ki, İddiaçı barəsində tərtib edilmiş, xx.xx.2017-ci il tarixli ******* saylı akta münasibətdə kənar xəttə qoşulmasını təsdiq edən video və ya foto görüntülərin, xx.xx.2023-cü il tarixli, ******* saylı akta münasibətdə isə inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətinin xx.xx.2025-ci il tarixədək məhkəməyə təqdim edilməsi xahiş olunur. Eyni zamanda hər iki akt üzrə borcun hesablanması qaydasına dair (hansı müddət, saat və s.) müvafiq arayışın təqdim olunması xahiş edilsə də, cavab olaraq heç bir sübut təqdim edilməmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Azad oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən abonent İddiaçı Azad oğluna əsasız olaraq borc kimi yazılmış 3322.80 manat vəsaitin hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı Azad oğlu tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Şəmkir X4 İdarəsinin Şəmkir rayon xidməti satışın əməkdaşları tarixi dəqiq müəyyən etməsə də fərdi yaşayış evinə ishehlakçı İddiaçı adına abonent № **********00450-li kodu sayğac İtron g-4 zavod nömrəsi 16021246-li sayğac qaz xəttinə qoşularaq müqavilə əsasında istifadəyə verilmişdir. Üstündən illər keçdikdən sonra cavabdehin nümayəndələri yaşadığı Şəmkir şəhəri V.Xuluflu küçəsində olan fərdi yaşayış evində olan mülkiyyətində işlədilən cihazlara baxış keçirdilər. 01 yanvar 2017-ciil tarixində işlətdiyi cihazları Azəriqazın nümayəndələri Akt N 0111290-da PQ3 xörək peçi bir ədəd, Qaz sobası RP bir ədəd QSSQ bir ədəd qeyd etməklə işlədilən cihazların sərfiyyatın inanmıyaraq ona 1249.20 manat cərimə yazmışlar, akta imza atmaqdan imtina etmişdir. xx.xx.2023-cü il tarixdə sayğac dəyişirilərək zinner G4 **********178-li yenisi ilə əvəz olunmuş və yenidən evdə işlədilən cihazlara baxış keçirilmişdir. AktNo li 0399297-də qeyd olundu PQ 1 ədəd, QSSQ 1-ədəd, iran sobası 1ədəd, yazılaraq işlədilən cihazların sərfiyyatını m3 hesablamaqla əlavə xət qoşqusu kimi 2023-ci il də yenidən 2073.60 manat cərimə yazıblar ümumilikdə hesablamalarına görə 3322.8 manatdır. Abonent barədə baza məlumatları var Avtomatlaşdırılmış informasiya sisteminə daxil olub kimin nə vaxt, nə zaman qaz işlətdiyini, pulun ödənişini izləmək olur Cavabdeh nümayəndələri itirilmiş qazın dəyərini aradan qaldırmaq üçün istehlakçını borclu kimi yükləyirlər. Beləliklə, yaxınlaşaraq Cavabdeh Şəmkir X4 İdarəsinə fikrini bildirmişdir ki onun adına ümumilikdə 3322.8 qəpik borc göstərilir hazırda kartı bloklanıb nümayəndələr tərəfindən bildirilmişdir ki, sayğaca baxış Azərbaycan Respublikasının Dövlət X2 İstehsalat Birliyindən daxil olan informasiya Texnologiyaları rabitə-Metrologiya İdarəsinin rəyinə əsasən yazıblar. O, bunuların hərəkət və hərəkətsizlikləriylə razılaşmır pulu borc kimi qanunsuz və əsasız olaraq yazılmışdır, çünkü yer altı çəkilmiş qaz xəti illərə məxsus olduğundan Korruziya uğuramış bu Metalların dağılmasından şüpəlindikləri üçün illər keçdikdən sonra cərimə tətbiq olunmuşdur.

7. Şəmkir Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli 2(076)-3071/2025 nömrəli qətnaməsi ilə (hakim Seymur Yusifli) iddia qismən təmin edilərək, Şəmkir rayonu, Vəli Xuluflu küçəsində yerləşən yaşayış evi üzrə təbii X3nın pozulmasına görə abonent İddiaçı Azad oğluna (abonent kodu **********00450) hesablanmış 3305.52 (üç min üç yüz beş manat əlli iki qəpik) manat borcun silinməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə, «Qaz təchizatı haqqında» Qanunun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 3.1.10, 3.1.11, 6.5 və 8-1-ci bəndlərinə, habelə Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəfindən qaz xəttinə özbaşına müdaxilə edilməklə qazdan qanunsuz istifadə faktı işin mübahisəsiz halıdır və bu səbəbdən də xx.xx.2017-ci il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı “Təbii X3nın pozulması haqqında" aktlar əsasında 3322,80 manat itirilmiş qazın bərpası üçün dəymiş hesablanmışdır. Buna baxmayaraq, məhkəmə 3322,80 manat məbləğin hamısının silinməsini qət etmişdir. 2017-ci ilin mart və 2023-cü ilin dekabr ayında hesablanmış borc məbləği qaz xəttinə qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

13. Maddə 1. Qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.

14. Maddə 8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

15. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X3”

16. Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

17. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

27. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən olunur ki, qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Belə olan təqdirdə qətnamənin əsaslılığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni «Şəmkir rayonu, Vəli Xuluflu küçəsində yerləşən yaşayış evi üzrə təbii X3nın pozulmasına görə abonent İddiaçı Azad oğluna (abonent kodu **********00450) hesablanmış 3305.52 (üç min üç yüz beş manat əlli iki qəpik) manat borcun silinməsi» hissədə dəyişdirilməli, Şəmkir rayonu Vəli Xuluflu küçəsində yerləşən yaşayış evi üzrə təbii X3nın pozulmasına görə abonent İddiaçı (abonent kodu **********00450) hesablanmış 2804,4 manat borcun silinməsi müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

29. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, məişət abonenti olan iddiaçı yaşadığı evdə Cavabdeh İB-nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvana xx.xx.2017-ci il tarixdə baxış keçirilməsi və abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan qanunsuz istifadə etməsi halı müəyyən edilməsi barədə xx.xx.2017-ci il tarixli ******* nömrəli təbii X3nın pozulması haqqında akt tərtib edilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə onun yaşadığı ünvana baxış keçirilmiş və abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan qanunsuz istifadə etməsi halı müəyyən edilərək bu barədə müvafiq akt tərtib edilmişdir. Cavabdeh təşkilat da təbii X3nın pozulması haqqında akt əsasında 3322,8 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. İddiaçı (istehlakçı) özü də etiraf edir ki, kənar xətt vasitəsi ilə təbii qazdan sayğac göstəriciləri olmadan istifadə etmişdir. İstehlakçı qaz paylayıcı tərəfindən müəyyənləşdirilmiş ziyan məbləğinin həddən artıq hesablandığını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

30. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

31. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”-nın 6.5-1-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

32. Bu Qaydaların 6.5-2-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

33. Həmin Qaydaların 6.5-3-cü bəndinə görə, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

34. Kollegiyanın qənaətinə görə, cavabdeh təşkilat xx.xx.2023-cü il tarixdə qaz sayğacına qanunsuz qoşulma halını əsas tutmaqla abonentə itirilmiş qazın bərpası üçün dəymiş ziyan məbləği hesablamaqda haqlı olmamışdır.

35. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486- VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən, “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: 36.“Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanın və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir.”

37. Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir.

38. Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanın və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

39. Analoji norma, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 6.5-ci bəndində də müəyyən edilmişdir (həmin norma yeni redaksiyada verilmişdir).

40. Hazırkı işdə qaz xəttinə qanunsuz qoşulma barədə aktın bir nüsxəsinin müvafiq dövlət orqanına göndərilməsi, habelə istehlakçının qazın talanmasında təqsirli olması barədə həmin orqanın və ya məhkəmənin qərarı olması müəyyən edilmir ki, bu halda da cavabdeh təşkilatın qaz itkisinə məruz qaldığını əsas göstərməklə dəymiş ziyanın əvəzi qismində iddiaçının abonent hesabına borc hesablaması qanuni hesab edilə bilməz.

41. Eyni zamanda, xx.xx.2017-ci il tarixdə abonentin yaşadığı ünvana baxış zamanı qaz sayğacına qanunsuz qoşulma halı aşkar edilmiş, iddiaçı özü də bu barədə akta imza edərək xəttə qanunsuz qoşulduğunu etiraf etmişdir. Odur ki, həmin tarixdə tərtib edilmiş aktla itirilmiş qazın bərpası üçün dəymiş ziyan məbləği hesablanması qanuni və əsaslı olmuşdur.

42. Nəzərə almaq lazımdır ki, qanunvericilikdə qaz paylayıcısı tərəfindən 3 ayda bir dəfə istehlakçının sayğacına baxış keçirilməsi və sayğacla bağlı pozuntu aşkar olunarsa nəticəsini aktla rəsmiləşdirməli olması, eləcə də sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla dəymiş ziyanın hesablanması nəzərdə tutulmuşdur.

43. İş materiallarındakı dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçının (abonent kodu **********00450) sayğacdan kənar qeyri-qanuni əlavə xətt aşkar olunması ilə əlaqədar qaz işlədicilərdən qaz sərfi 4 m3/saat, iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 6246m3 dəymiş ziyan müəyyən olunmuşdur.

44. Bununla yanaşı, qaz paylayıcısı olaraq cavabdeh təşkilatın istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 ayda 1 dəfə, digər qaz sayğaclarına isə 3 ayda 1 dəfə baxış keçirilməlidir. İddiaçıya məxsus fərdi yaşayış evində kənar xətt xx.xx.2017-ci il tarixdə aşkar edilmişdir. Bu halda iddiaçının həmin xəttə 2016-cı ilin dekabr ayında qoşulması ağlabatandır ki, bu qənaətə uyğun olaraq da dəymiş ziyanın məbləği müəyyənləşdirilərkən 90 gün hesabat müddəti nəzərdə tutulması düzgün və əsaslıdır.

45. Lakin, dəymiş ziyan məbləği cavabdeh təşkilat tərəfindən müəyyən edilmiş məbləğdə cavabdehdən tutula bilməz; belə ki, 2017-ci ildə Azərbaycanda əhali üçün qaz tarifləri differensiallaşdırılmış tariflərlə tətbiq olunmağa başlanmış, bu qayda ilə ilk 1700 kubmetr üçün hər kubmetr 10 qəpik, bu həddən artıq istehlak edilən hər kubmetr isə 20 qəpiklə hesablanmışdır (bu yeni tariflər 2017-ci il yanvarın 1-dən qüvvəyə minmişdi).

46. Dəymiş ziyanın bərpasına dair xx.xx.2017-ci il tarixli tələbnamədən itirilmiş qazın bərpası üçün dəymiş ziyan məbləği hesablanarkən bu qyadada riayət edilmədiyi görünür. Odur ki, itirilmiş 6246m3 təbii qazın 1700 kubmetr üçün hər kubmetr 10 qəpiklə, bu həddən artıq istehlak edilən (6246-1700=4546) hər kubmetr isə 20 qəpiklə hesablanmalıdır (1700 x 10=170 manat; 4546 x 20=909,2 manat; 170+909,2=1079,2).

47. Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, dəymiş ziyanın məbləği 1079,2 müəyyən edilməklə 2243,6 manatın abonent İddiaçı (abonent kodu **********00450) hesabından silinməsi müəyyən edilməlidir.

48. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 10 sentyabr 2025-ci il tarixli 2(076)-3071/2025 nömrəli qətnaməsi yoxlanılan, yəni «Şəmkir rayonu, Vəli Xuluflu küçəsində yerləşən yaşayış evi üzrə təbii X3nın pozulmasına görə abonent İddiaçı Azad oğluna (abonent kodu **********00450) hesablanmış 3305.52 (üç min üç yüz beş manat əlli iki qəpik) manat borcun silinməsi» hissədə dəyişdirilsin. “Təbii X3nın pozulması haqqında” xx.xx.2017-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar əsasında qaz sayğacına qanunsuz qoşulma nəticəsində dəymiş ziyanın əvəzi olaraq Cavabdeh tərəfindən abonent İddiaçı (abonent kodu **********00450) hesablanmış 3322,8 manat borcun 2243,6 (iki min iki yüz qırx üç manat altmış qəpik) manat hissəsi silinsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar